• çərşənbə axşamı, 23 aprel, 23:25
  • Baku Bakı 20°C

“Çox qazanmaq istəyirsənsə, çox dəyiş”

01.03.19 10:00 1716
“Çox qazanmaq istəyirsənsə, çox dəyiş”
"Odunçular arasında keçirilən yarışda finala iki nəfər qalır. Sonda yarış ikisi arasında keçirilir. İkisi də fiziki cəhətdən eyni gücdədirlər. Final günü səhər 8-də möhtəşəm iş başlayır, meşəni odun doğramaq səsi götürür. Biri meşənin bir tərəfində işləyir, o biri digər tərəfində. Bir-birini görmürlər. 9-a 5 dəqiqə qalmış odunçunun biri görür ki, o biri odunçu tərəfdən səs gəlmir. Deyir ki, yəqin istirahət edir, mən o dayandığı müddətdə işləsəm, daha çox odun doğrayaram. 5 dəqiqə sonra artıq o biri odunçunun da səsi gəlir. 1 saat keçəndən sonra görür ki, odunçu yenə dayandı, bu yenə dayanmır. 8 saatlıq iş günü boyunca hər saatın başında 5 dəqiqəlik o odunçunun odun doğramağının səsi gəlmir. Yarış bitir, nəticələr elan olunan an gəlir. Dayanmadan işləyən odunçu artıq özünü qalib bilir. Lakin sonda qalib o biri odunçu olur. Uduzan qalibdən soruşur ki, mən səndən 40 dəqiqə çox işləmişəm, necə olur ki, mən daha az odun doğramışam? Qalib olan odunçu deyir ki, mən dayananda istirahət etmirdim, balta və mişarları itiləyirdim”.

KarnegiKlub Treninq Mərkəzi tərəfindən keçirilən "Uğur Forumu"nu mərkəzin rəhbəri Nəcəf Allahverdiyev bu ibrətamiz hekayə ilə açıq elan etdi. Bildirdi ki, balta, mişar burda o anlam daşıyır ki, yəni təkcə işləmək kifayət deyil, həm də balta və mişarı itiləmək lazımdır. Uğura gedən yolda isə bunları itiləməyin yolları çoxdur, onlar sırasında təlim və treninqlərin payı önəmlidir.


"Qazanmaq istəyirsənsə, dəyiş”

Ardınca ilk çıxışçını olan gənc sahibkar, "Panda School” şirkətinin rəhbəriElvin Dadaşsoyu dəvət etdi. "Uğur təkcə bizneslə, çox pul qazanmaqla ölçülmür. Bu, sadəcə, uğurun bir hissəsidir” – deyən E.Dadaşsoya görə əslində, biznes qurmaq çox sadədir, amma insanlar onu qəlizləşdirirlər. Bunun üçün isə o, pula olan yanaşmanın dəyişilməsini vacib hesab etdiyini bildirdi: "Stalin zor gücünə diktatura quraraq sovetlər birliyinə daxil olan xalqlarda hər kəsin əmlakını, biznesini dövlətin elan edirdi. Babam deyirdi ki, saxladığım inəyi yemləmək üçün əkdiyim otun 3 tayasını dövlətə verirdim, 1 tayası bizə qalırdı. Bu yanaşma bütün sovetlər birliyindəki xalqların geninə işlədi. Bizdə belə deyimlər yarandı: "Pulu çox olanın dərdi çox olar”, "Varlılar rahat yatmır”, "Az aşım, ağrımaz başım”. Bu alqoritm avtomatik beynimizə təsir etməyə başladı. Biznes qurmaq üçün bu alqoritm dəyişməlidir. Ümumiyyətlə isə, qazanmaq istəyirsənsə, dəyiş, tez qazanmaq istəyirsənsə, tez dəyiş. Çox qazanmaq istəyirsənsə, çox dəyiş”.


..."mən” deyəndə insanlarda qıcıq yaranır

Biznes təlimçi, yalan üzrə ekspert Təbriz Hacınski danışıqların idarə olunması məsələsinə toxundu: "Danışıqlar üç strategiyada qurulur. Birincisi, "öz” mövqeyidir. "Mən belə fikirləşirəm”, "Mənim düşüncələrim budur” və s. Yəni bütün danışıqları "mən” üzərində qurur. Bu gözəldir, amma həddindən artıq "mən” deyəndə insanlarda qıcıq yaranır. Ona görə "öz” mövqeyini düzgün qurmaq önəmlidir.

İkincisi, "başqaları” mövqeyidir. Burada danışığın sistemi başqaları üzərində qurulur. "Siz necə düşünürsünüz?”, "Sizin yanaşmanız necədir?”, "Sizinlə hər cür əlaqəyə getməyə hazıram” və s. bunları çox istifadə etmək özgüvən hissinin aşağı olduğunu göstərir. Yəni "mən” yoxdur, əsas məzmun qarşı tərəf üzərində qurulub.
Üçüncüsü, məzmundur. Yəni qayda, məzmun nə tələb edirsə, o cür danışırsan.

Hər üçündə danışmağı bacarmaq lazımdır. Sadəcə, harda hansı mövqedə olacağını bilmək önəmlidir”.


"Təcili ilə əhəmiyyətli arasındakı fərqi bilmək önəmlidir”

Beynəlxalq təlimçi Rəşad Bayramovun çıxışında diqqət çəkən məqam prioritetlər mövzusu oldu. O bildirdi ki, hər kəs öz prioritetlərini bilməli və onları öndə saxlamalıdır: "Təcili ilə əhəmiyyətli arasındakı fərqi bilmək önəmlidir. Adətən, iş saatı 09:00-18:00 arası olur. İşdən çıxanda özümə sual verirəm ki, bu gün nə etdim? Təbii ki, iclasa getdim, iş görüşlərim oldu, e-mail yazdım. Amma böyük bir işin öhdəsindən gəldim, vacib bir işi yerinə yetirdim? Əgər bu suala "hə” cavabı verə bilmirəmsə, deməli, xırda, təcili işlər əhəmiyyətlilərin vaxtını alıb. Tutaq ki kimsə zəng edir, cavab verirəm, bu, təcilidir. Əhəmiyyətli zəng də ola bilər, amma əksər hallarda zəng edən üçün önəmli olur. Yaxud, e-mail gəlib. Ona cavab yazmaq təcilidir, amma əhəmiyyətliliyi səndən çox yazan üçündür. Nə qədər təcili işlərin arxasınca qaçsanız, əhəmiyyətlilər arxada qalacaq. Ona görə özünüz üçün prioritetləri müəyyənləşdirin və onları önə salın”.

R.Bayramov onu da əlavə etdi ki, prioritetləri önə salmaq, vaxtı səmərəli istifadə etmək üçün "yox” deməyi bacarmaq lazımdır.

"Sən belə etməzdin, nə əcəb səhv etmisən?”

Nitq təlimçisi Cəlalə Nəzəroğlunun çıxışından liderlərin danışıq qabiliyyətlərinin inkişaf etdirməsi məsələsini vurğulayaq: "Bizim nitq təlimlərimizə gələnlərin bir qismi lider olan şəxslərdir. Onsuz da rəhbərdirlər, əməkdaşları sözlərinə qulaq asır. Niyə onlar bu təlimi almaq, özlərini inkişaf etdirmək istəyirlər? Düzdür, əvvəllər personalın motivasiyası məsələsinə cəfəngiyat kimi baxırdılar, amma son vaxtlar rəhbər şəxslər bu haqda düşünməyə başlayıblar. Eyni iradı iki fərqli formada demək mümkündür. Birində onun qürurunu qırırıq, başqalarının yanında alçaldırıq. İkincidə siyasi gedişlər edirik. Kobud davranış görmüş əməkdaş bəlkə də o an üçün işini itirməməkdən ötrü deyiləni əlindən gələn qədər edəcək. İkinci halda əməkdaş əlindən gələnin artığını edəcək. Misal üçün, bir hadisə baş verib, rəhbər şəxs olaraq əsəbiləşmisiniz. Birinci variantda "əşi, sən onsuz da fərasətsiz birisən, ona görə belə oldu” deyirsən, ikincidə isə "Sən belə etməzdin, nə əcəb səhv etmisən?”. Bunların nəticələri arasında böyük fərq olur”.


"Ən böyük istəyim 11000 gənci bir yerə yığmaq idi”

"Azersun”Şirkətlər Qrupunun Marketinq şöbəsinin müdiri Şəmsi Bayramzadə isə öz xəyalından danışdı: "Antarktida, çox nadir insanların kəşf etdiyi yer. Heç vaxt ora getməmişəm, çünki mənim belə bir xəyalım olmayıb. Mənim xəyalım başqa idi. Azərbaycan gəncliyi üçün fayda vermək kimi arzular edirdim. 2010-cu ildən gənclər istiqamətində nə isə işlər görməyə fokuslandım. Ən böyük istəyim 11000 gənci bir yerə yığmaq idi. Bu xəyalımı gerçəkləşdirmək üçün 11001 nəfər gənci bir araya gətirdim. Həmin tarixdə kimsə öz arzusunu gerçəkləşdirmək üçün Antarktidaya gedirdisə, mən 11001 azərbaycanlı gənci stadiona topladım. Niyə 11001? Çünki 11 mindən sonrakı o bir nəfər də mən idim. Yaşım çox deyil, hələ də gəncəm və gənclər üçün nələrsə etmək üçün yenə çalışıram. "Gənc üçün varam” aksiyasına başlamaq qərarı vermişəm. Yaxın zamanlarda bunun təqdimatını edəcəyik. Gənc üçün varam” deyənləri bir araya toplayacağıq”.

İki fərqli baxış

İqtisad Universitetinin Karyera Mərkəzinin direktoru Ramil Cabbarov uğur qazanmaq üçün baxış formasının önəmli olduğunu vurğuladı: "Bunu dəyişmək lazımdır. Bir misal çəkim. Məşhur ayaqqabı istehsalçılarından biri bazar araşdırması etməsi üçün Afrika ölkələrinin birinə öz əməkdaşını göndərir. Üç gün sonra əməkdaş zəng vurub deyir ki, bu ölkənin bazarına girməyə dəyməz, burada potensial yoxdur, çünki burada insanlar ayaqqabı geyinmirlər. Sonra şirkət ora başqa əməkdaşını göndərir. O, isə zəng vuranda deyir ki, burada inanılmaz dərəcədə potensial var, hətta biz istehsalı 3-4 dəfə artıra bilərik. Çünki burada insanların ayağında ayaqqabı yoxdur. İki fərqli baxış”.


"İnsanın özünə inamı olmalıdır”

Həkim-implantoloq, "Estetik Diş" klinikasının təsisçisi Xəqani Hüseynov hədəfə çatmaq mövzusunda danışdı: "Tələbə vaxtı elə də yaxşı oxumamışam, etiraf edirəm, amma hər zaman fərqli olmağa çalışmışam. Tələbə yoldaşlarım oxumağa gedəndə mən sənəti öyrənməyə çalışırdım, pul qazanmaq üçün vuruşurdum. Əzm, heç zaman əlimdəki ilə barışmamaq, daha da irəli getmək istəyi məni bugünkü yerə gətirib çıxarıb. Tibb Universitetini bitirəndən sonra Şərur rayonunun Muğanlı kəndində öz sahəm üzrə işlədim, amma ən böyük arzum Bakı şəhərində klinikamın olması idi. Gün gəldi, Bakıda 2 kabinetdən ibarət bir yer aça bildim, amma bununla da kifayətlənmirdim. İlk vaxtlar 3 həkimdən ibarət bir klinika idi, sonra böyüdü, filialımızı açdıq. Respublikamızda brend olan diş klinikalarından biri olduq. Artıq 11 ildir fəaliyyət göstərir. Nəhayət 900 kv metr ərazidə yerləşən bir klinikanın açılışı oldu, 4 aydır fəaliyyət göstərir. Bu hədəfə çatmağımıza yardım olan faktorlar çoxdur. Dürüst olmalı, daim öz üzərində çalışmalı, özünə sərmayə yatırmalı və s. Bir də insanın özünə inamı olmalıdır, bu, irəli getməyə çox kömək edir”.

"Bu ay da 600 manat alım, gələn ay çıxaram” deyirdim”

"15 illik iş təcrübəm var, onun cəmi 3 ilini xoşbəxt olmuşam. Çünki o müddətdə sevdiyim işlə məşğul oldum”. "YÜZproduction”un rəhbəri, aktyorTaleh Yüzbəyov çıxışına bu fikirlə başladı. Bildirdi ki, o, komfort zonadan çıxmaq qorxusu üzündən uzun illər sevmədiyi sahədə çalışıb: "Universiteti bitirəndən sonra müxtəlif işlərdə çalışdım. Amma hər zaman bir arzum var idi, o da aktyor olmaq. Fərqli sektorlarda işlədim və kommunikasiya sahəsinə gəlib çıxdım. Orda işə düzələndə deyirdim ki, müvəqqətidir, 3 ay işləyib çıxacam. Teatrda 150 manat alırdımsa, orada 600-700 manat maaş verirdilər. Bir növ həmin gəlir məni orada saxlayırdı. "Bu ay da 600 manat alım, gələn ay çıxaram” - deyirdim. Belə-belə 6 il orada işlədim. Düzü, çıxmağa qorxurdum, çünki komfort zonada idim. "Birdən buradan işdən çıxaram, alınmaz” deyirdim. Bir gün o cəsarəti özümdə tapdım. Çalışdığım şirkətdən kiçik bir şirkətə daha çox maşa işimi dəyişdim. Çünki o mənim sahəmə daha yaxın idi. Bir il orada işlədikdən sonra gördüm ki, bu da tam istədiyim deyil, o zövqü ala bilmirəm. O cəsarətli addımı da atdım və bəxtəbəxt işdən çıxdım. Subay olsaydım, daha az risk edərdim, amma iki övladım var idi. Ancaq işdən çıxıb sevdiyim işlə məşğul olmağa başladım. O zamandan sonrakı 3 ildə xoşbəxt oldum. Özünüzə inanırsınızsa, qorxmayın. Düzdür, qərarımı bir az gec verdiyim üçün gənc sevgililəri oynamaq şansını itirdim (Gülür). İndi daha çox ata rollarında oynayıram, amma yenə də sevdiyim sahədəyəm. Onu da deyim ki, artıq bu da mənə maraqsızdır, çünki növbəti mərhələyə keçmək istəyirəm. Yenə o qorxaqlıq var, amma məqsədim böyükdür. Ona görə cəsarətli bir qərar vermək lazımdır”.

Və "Uğur forumu” bitdi. Amma tədbirdə uğurlu olmaqla bağlı kifayət qədər faktorlar qeyd olundu. Forum bitsə də, yəqin ki orda səsləndirilən fikirlər kimlərinsə uğuruna vəsilə olacaq.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər