Otellərdə qiymət yüksəkdirsə, turist də “yer yoxdur” cavabı alırsa...
Hər Yeni il ərəfəsində
insanların, istirahətlərini təşkil etmək üçün müxtəlif planlar qurmaları təbiidir.
Kimisi bayram tətilini yaxın və uzaq xarici ölkələrdə keçirməyə üstünlük verirsə,
kimisi də seçimini ölkə üzərində saxlayır. Yeni il bayramı ilə bağlı
regionlarda istirahətin və bayram şənliklərinin təşkili üçün otellərin təklif
etdiyi qiymətlər bahalılığı ilə müştəriləri bir qədər çaşbaş salsa da, otellərin
yer sifarişi bəs qədər oldu. Sosial şəbəkələrdə paylaşılan statusların çoxu
regionlarda otellərin qiymətinin kəlləçarxa çıxmasına həsr olundu. Məsələn, 31 dekabr-1 yanvar tarixlərinə "Qafqaz Tufandag Mountain
Resort Hotel”də qiymət 1804 AZN idisə, Quba Palace oteldə qiymət 1699-5199 AZN
arasında dəyişib. Ölkə əhalisinin bütün təbəqələrinin büdcəsinə uyğun olmasa
belə, otellər qabaqcadan sifariş olunduğundan, müştərilərin çoxu "yer yoxdur”
cavabını alıb. Qiymətin bahalılığına baxmayaraq, otellərin sifarişi əsasən
daxili turizm hesabına baş tutub.
Hələlik Yeni illə
bağlı bölgələrə istirahətə yollanan turistlərin sayı haqqında dəqiq statistika
olmasa da, otellərin «yer yoxdur» cavabı, turistlərin az olmadığına dəlalət
edir. Yeni il ərəfəsində ölkənin turizm mənzərəsi qiymətlərin bahalığı, otellərdə
yer məhdudluğu və daxili turizmin üstünlük təşkil etməsi və s. kimi nüanslarla
yadda qalıb.
Turizm obyektlərinin sayı artdıqca...
Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan
Quluzadə otellərin qiymət
siyasətinin Agentliyə heç bir aidiyyəti olmadığını deyir. Belə ki, otellərin
qiymətləri ilə bağlı suala Agentliyin cavabı birmənalıdır: "Otellərin qiymət siyasətinin bizim quruma heç bir
aidiyyəti yoxdur». K.Quluzadə bu il xarici turistlərin az yer alması ilə bağlı
sosial şəbəkələrdə yayılan fikirləri düzgün hesab etmir: "11 ayın statistikası
xarici turistlərin ölkə üzrə 6 faiz artımını göstərir. O cümlədən, gəlmə
turizmi Yeni il ərəfəsində də aktivliyi ilə fərqlənib. Xarici turistlər əsasən
regionlara üz tutmuşdular». K.Quluzadə otellərdə yerlərin məhdud olmasını
bayram və istirahət günlərində xarici turistlərlə yanaşı, daxili turistlərin də
aktiv olması ilə əlaqələndirir: «Belə günlərdə otellərin üzərinə yük düşür. Yəni
xüsusi günlərdən öncə insanlar qabaqcadan yerləri sifariş edirlər. Bu, normal
dünya təcrübəsidir. Çünki son günlərə qalanda yer tapmaq mümkün olmur».
İnfrastrukturun genişlənməsinə gəlincə, K.Quluzadə hesab edir ki, turistlərin
sayı artdıqca yeni turizm obyektlərinin tikintisinə ehtiyac yaranır: «Həm
xarici, həm də daxili turistlərin sayı artdıqca infrastrukturun genişlənməsi zərurətdən
doğur. Təbii ki, hər bir büdcəyə uyğun olan infrastruktur genişlənəcək. Orta və
aşağı büdcəli otellərin yaradılması istiqamətində investisiyaların cəlb edilməsi
ilə bağlı dövlət müvafiq işləri görür. Özəl sektor üçün həm daxili, həm də
xarici investisiyalar olmalıdır». K.Quluzadə infrastrukturun genişlənəcəyi təqdirdə,
qiymətlərin aşağı düşəcəyini istisna etmir: «Təbii ki, insanların büdcəsinə
uyğun otellərin və digər turizm obyektlərinin sayı artdıqca, bu, qiymətlərin
aşağı düşməsinə də təkan verəcək. Rəqabət mühiti formalaşdıqca qiymətlər də
bazar iqtisadiyyatının qanunlarına uyğun olaraq tənzimlənəcək».
Qiymət siyasəti düzgün qurulmalıdır
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri
Müzəffər Ağakərimov hesab
edir ki, otellərdə qiymətlərin baha olması və yerlərin çatışmaması ilə bağlı
araşdırma aparılmalıdır: "Hələ ki, belə bir araşdırma dəqiq aparılmır. Çünki hər
sahədə olduğu kimi, turizm sahəsi də elmdir. Bu istiqamətdə də dəqiq araşdırma
aparılmalıdır. «Daha çox turist cəlb etmək üçün nə etmək olar?» sualı üzərində
düşünülməlidir. Əgər yerlər yoxdursa, bu o deməkdir ki, insanlar istirahət etmək
istəyir və yer də çatışmır. Bu, ilk növbədə mövcud yerlərin insanlar tərəfindən
alınması ilə bağlıdır. İş ondadır ki, bu yerlərdə yalnız imkanlı insanlar
istirahət edir. İnsanların «Yer yoxdur» cavabı ilə qarşılaşmamaları üçün həmin ərazilərdə
bir, iki və üçulduzlu otellərin də inşası aparılmalıdır. Onda daxili turizm
daha sürətlə inkişaf edər. Ancaq təəssüf ki, «Quba Palace», «Qafqaz Resort»
kimi beşulduzlu otellərin yerləşdiyi ərazilərdə 1-2-3 ulduzlu otellər yoxdur».
M.Ağakərimovun fikrincə, yüksək qiymətlər təklif edən otellərdə xidmət heç də yüksək səviyyədə deyil: "Sadəcə məqsəd fürsətdən
istifadə edib insanlardan çox pul qazanmaqdır. Resort otellər xüsusən bayram
günlərində qiyməti qaldırır ki, əvvəlki ayların əvəzini çıxsınlar. Ancaq bu,
otel siyasəti deyil. Yaxşı otel siyasəti 365 gün ərzində daha çox turist cəlb
etməkdir. Bunun üçün Azərbaycanın iqlimi və şəraiti imkan verir. Menecment
siyasəti bu istiqamətdə düzgün qurulmalıdır ki, il ərzində ölkəyə daha çox
turist cəlb olunsun və həm gəlmə, həm də daxili turizm inkişaf etsin. Təəssüf
ki, otellərin bayram günlərində təklif etdiyi yüksək qiymətlərə imkansız
insanlar gedib istirahət edə bilmirlər”.
M.Agakərimov hesab edir ki, turizm
infrastrukturunu genişləndirib bütün sosial təbəqələrə uyğun otellərin
tikintisi bu istiqamətdə müsbət addım olar. O mənada ki, təqaüdçülər, tələbələr,
imkansız insanların da Yeni il şənliklərini və ya digər bayramları həmin ərazilərdə
keçirmək imkanları olsun: "Biz xidmət məsələsində də geri qalırıq. Məsələn,
müştərilər oteldə Yeni il şənliyi keçirmək üçün ödədiyi məbləğin müqabilində
lazımi xidmət görməməkdən də şikayətlənirlər. Aidiyyəti qurumlar bu barədə
düşünməlidirlər”. M.Ağakərimovun söylədiyinə görə, Azərbaycan Turizm
Assosiasiyası ictimai təşkilat olduğundan, tövsiyə xarakterli fikirlərini
bildirir: «Qurumun məsələyə müdaxilə edəcək başqa imkanları yoxdur. Təəssüf ki,
bir sıra sahibkarlar və menecerlər bu tövsiyələrə əməl etmirlər. Onlar öz
tutduqları yolu düzgün hesab edirlər. Nəticədə müştərilərin müəyyən
narazılıqları ortaya çıxır. Bu isə onların otelçilik marketinqində hiss olunur.
Əgər səriştə olarsa, hər il eyni narazılıqlar səslənməz”.
ATA müşaviri hesab
edir ki, otellərin təklif etdiyi xidmətlər hər il dəyişməli və rəngarəng
olmalıdır: «Otellər hər il eyni xidmətləri təklif edirlər. Türkiyə, Fransa,
İtaliya və turizmin inkişaf etdiyi bir sıra ölkələrdən çox şeylər öyrənilməlidir.
Biz onlardan öyrənə-öyrənə turizmi inkişaf etdirə bilərik”. M.Ağakərimov hesab
edir ki, ölkə ərazisində turizm infrastrukturunu genişləndirməklə daxili
turizmi daha da inkişaf etdirmək olar. Məsələn, Şahdağda, Tufandağda və s.
turistik məkanlarda ucuz otellər tikilərsə, bu, daxili turizmi ikiqat və ya
üçqat artıra bilər: "Onda bizim əhali qış turizmi üçün Gürcüstana və ya başqa
ölkələrə üz tutmaz Eyni zamanda, xarici turistləri cəlb etmək üçün də 2 və ya 3
ulduzlu otellərin inşasına ehtiyac var. Bəzən bizdə hesab edirlər ki, turist
xaricdən gəlirsə, demək, onun geniş imkanları var. Bu, səhv konsepsiyadır.
Xaricdən gələn turistlərin əksəriyyəti aşağı seqmentə daxildir. Biz xarici
turistləri ölkədə qəbul etmək imkanları yaratmalıyıq. Onlar internet vasitəsilə
maraqlanıb qiymətləri baha görəndə geri çəkilirlər. Ona görə, ölkəyə turist cəlb
etmək üçün müxtəlif tipli otellər və xidmətlər təşkil etməliyik. Bu istiqamətdə
qiymət siyasəti düzgün qurulmalıdır».
Hər bir otelin öz məsrəfi
«Luna Travel» Turizm Agentliyinin direktoru Rəhman
Quliyev bayramlar ərəfəsində otellərdə yerin olmamasını turistlərin
çoxluğu ilə əlaqələndirir: "Xaricdən turistlərin az gəlməsinin səbəbi əsasən
hava şəraiti ilə bağlıdır. Yəni turistlər bir ölkəyə getməmişdən öncə oranın
hava proqnozunu öyrənirlər. Qarlı havanı, dağ-xizək kurortlarını sevənlər
olduğu kimi, sevməyənlər də var. Fikrimcə, bu il Azərbaycanda qar az olduğundan
xarici turistlər ölkəyə gəlmək istəməyiblər». R.Quliyev otellərin təklif etdiyi
qiymətləri normal hesab edir: «Bu qiymətə uyğun olaraq otellərin xidmətləri də
kifayət qədər yüksək idi. Çünki otellərin təklif etdiyi paketə 3 günlük gecələmə,
gündə 3 dəfə yemək, Yeni il şousu daxil idi. Yeni il şousu üçün təşkil olunan
şou-proqramda isə müxtəlif müğənnilər iştirak edirdilər. Yemək çeşidləri də
müxtəlif olur. Müğənnilər həmin şou-proqramlarda iştirak etmək üçün ucuz qiymətə
gəlmirlər. Təbii ki, hər yerdə müştərilərin kateqoriyasına görə otel və
restoranlar fəaliyyət göstərir. «Quba Palace», «Şamaxı Palace», «Qafqaz Resort
hotel» də üst kateqoriya müştərilərə xidmət göstərməyə üstünlük verir. Bu da çəkilən
xərcin yüksək olması ilə bağlıdır. Aşağı büdcəli müştərilər də həmin ərazilərdəki
ucuz qiymətli otellərdən istifadə edə bilərlər. Təbii ki, onların servisi də
nisbətən aşağıdır. Əgər onların da servisləri yüksək olsa, qiyməti qaldırmaq məcburiyyətində
qalacaqlar. Ona görə də, müştərilərin imkanlarını nəzərə alıb qiymətləri
normallaşdırmağa üstünlük verirlər ki, orta büdcəli müştərilər də bundan bəhrələnə
bilsinlər”.
R.Quliyev infrastrukturun genişlənməsi, büdcəyə uyğun otellərin
sayının artmasının qiymətlərin aşağı düşməsinə təsir edəcəyini düşünmür: «Əgər
bu gün ölkədə «Quba Palace» kimi 20 otel də olsa, qiymətlər eyni olacaq. Əgər məsrəflər
yüksək olacaqsa, təbii ki, qiymət də yüksək olacaq. Çünki hər bir otelin öz məsrəfləri
var. Otel fürsətdən istifadə edib, "rəqabət yoxdur” deyə qiymət qaldırmır.
Bütün qiymətlər otellərin məsrəfinə uyğun müəyyənləşdirilib. Sadəcə, aşağı
kateqoriyalı otellərin sayını çoxaltmaq lazımdır. Çünki hər kəs imkanlı ola
bilməz. Orta və aşağı təbəqənin sayı yuxarı təbəqədən çoxdur. Aşağı
kateqoriyalı otellər nə qədər çox inşa olunsa, həmin təbəqənin də maraqlarını o
qədər qarşılaya bilər. Əgər bu otellər öz təbəqələrinə uyğun insanların
marağını qarşılasalar, onlar da yuxarı qiymətli otellərlə maraqlanmayacaqlar və
hər kəs öz cibinə uyğun hərəkət edəcək. Bu, dünya təcrübəsində belədir. Keyfiyyət
qiyməti tənzimləyir».
Nəzərə alaq ki,
qarşıdan Novruz bayramı gəlir və istirahət etmək istəyənlər eyni problemlə
qarşılaşacaqlar. Yaxın illər üçünsə aşağı və orta büdcəli turistik obyektlərin
inşasına ümid görünmür. Daha doğrusu, illərdən bəri deyilsə də, vədlər olsa da,
hələ ki, nəticə yoxdur...
Təranə Məhərrəmova