• çərşənbə, 17 Aprel, 00:12
  • Baku Bakı 14°C

Oruc Allahın bəyənmədiyi bütün şeylərdən uzaq durmaqdır

09.07.13 07:50 1755
Oruc Allahın bəyənmədiyi bütün şeylərdən uzaq durmaqdır
Allahın buyuruqları və yasaqları, əlbəttə ki, qulların yaxşılığı üçündür. İslam alimləri vahid rəyə gəlmişdirlər ki, Allahın bütün hökmləri insanların mənafeyinə xidmət edir. Qurani-Kərimdə ağla zidd heç bir əmr və yasaq yoxdur. Bununla yanaşı, bütün əmr və yasaqların fayda və hikmətlərini bilmək də mümkün deyildir. Keçmişdən bəri İslam alimləri müxtəlif ibadətlərin yarar və hikmətləri mövzusunda baş sındırmış, bu ibadətlərin şəxsi praktik yararlarından çox, insan nəfsinin təmizlənməsi və kamala çatması yolundakı funksionallığına çalışmışdırlar. Ali bir məqsədə çatmanın yolu kimi qəlbən edilən ibadətlər insanı mənən saflaşdırır, kamilləşdirir və ilahi fitrətə yaxınlaşdırır. İbadət, əsasən, Haqqın əmrinə riayət olduğu kimi, nəticə etibarilə, xalqın haqqına da riayətdir. Buna görə də ibadətdə Haqqın və xalqın hüququna riayət etmə yanaşı qeyd olunur.
İslam dini fərdin cəmiyyətdə ahəngdar, təhlükəsiz və tolerant olmasını təmin edən prinsiplər gətirdiyi kimi, onun yaradıcısı ilə olan rabitəsini daha dərindən hiss etməsinə, davam etdirməsinə və inkişafına xidmət edən tənzimləmələr də gətirmişdir. Hüquqa riayət baxımından xalqı və Haqqı bir-birindən ayırmaq isabətli (münasib) olmadığı kimi, xalq ilə münasibətlərin Haqqı maraqlandırdığını qulaq ardına vurmaq da mümkün deyildir. Peyğəmbərimizin “İnsanlara təşəkkür etməyən Allaha şükr etməz”, “Mərhəmət etməyənə mərhəmət olunmaz”, “Haqqında üç qonşusunun müsbət şahidlik etdiyi şəxsi Allah bağışlamışdır” kimi ifadələri bu əlaqəyə işarə edir.
İnsanlar arasındakı çəkişmələrin, qovğaların başlıca səbəblərindən biri onların iştah və şəhvətlərini ölçüsüz təmin etməyə çalışması və bəlkə də bu məqsədi reallaşdırmaqdan doğan mal-dövlət ehtiraslarıdır. Oruc təkcə iştah və şəhvəti cilovlamaq olmayıb, ayrıca ağzını və dilini pis və çirkin söz söyləməkdən qorumaqdır.
Oruc fars dilindəki “ruzə” kəlməsinin türkcələşmiş variantıdır. Ərəbcəsi “saum” və “sıyəm”dir. Bu söz “bir şeydən uzaq durmaq, özünü bir şeydən saxlamaq, mane olmaq” mənasında işlədilir. Fiqh termini olaraq imsak vaxtından iftar vaxtına qədər bir məqsəd uğrunda şüurlu olaraq yemək-içməkdən uzaq durmaq deməkdir.
İmsak ərəb dilində “özünü saxlamaq, mane olmaq” mənasına gəlir. Orucun təməl ünsürü də (rüknü) bu mənadır. “İmsak vaxtı” təbiri dilimizdə oruc yasaqlarından uzaq durma vaxtının başlanğıcı anlamında işlədilir. İmsak vaxtı dan yerinin ağarması (fəcri-sadiq) vaxtıdır. Bu andan etibarən axşam namazının vaxtı çıxır, sübh namazının vaxtı başlayır. Bu vaxt eyni zamanda səhurun sona çatıb orucun başlaması vaxtıdır. İftar vaxtı isə oruc yasaqlarının sona çatdığı vaxt anlamında olub günəşin batma vaxtıdır. Bu vaxtla yanaşı axşam namazının vaxtı girir.
Ayədə orucun başlanğıc və bitiş vaxtı məcazi bir ifadə ilə belə bildirilir:
Sübh açılarkən sizin üçün ağ sap qara sapdan (dan yerinin ağartısı gecənin qaranlığından) fərqlənincəyə qədər yeyin-için; sonra gecəyə (günəş batana) qədər orucunuzu tamamlayın! ( əl-Bəqərə, 2/187)
Oruc Peyğəmbərimizin hicrətindən bir il yarım sonra şaban ayının onuncu günü fərz qılınmış və İslamın beş şərtindən biri sayılır. Orucun fərz qılındığını bildirən ayələr mövcuddur:
Ey iman edənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib buyurulduğu kimi sizə də vacib buyuruldu ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan günlərdir. (Bu günlərdə) sizdən xəstə və səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (bir günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmq sizin üçün nə qədər xeyirlidir! (əl-Bəqərə, 2/183-184).
Oruc tutmaq digər ibadətlərə nəzərən bir az daha sıxıntılı olduğu üçün Uca Allah orucun fərz qılındığını bildirərkən, psixoloji rahatlığı təmin edən bir üslub işlətmiş, oruc tutmanın öncəki ümmətlərə də fərz qılındığını bildirməklə yanaşı, ayrıca orucu daha sıxıntılı hala gətirməsi ehtimal edilən iki durumu (xəstəlik və səfərdə olma) üzürlü saymışdır.
Oruc riyakarlıqdan uzaq bir ibadət olduğu üçün savabı ən çox olan ibadətlərdən sayılmışdır. Oruc tutanların cənnətin “rəyyan” adlı qapısından girmə haqqı bu mükafatın müqəddiməsi sayılmışdır.
Allahın bizim yemək-içməyi tərk etməyimizə heç bir ehtiyacı yoxdur. Bütün ibadətlərin hədəfi insanı mənən saflaşdırmaqdan ibarətdir. Hz.Əli (ə.s.) buyurmuşdur: “Oruc yalnız yemək-içməyi tərk etmək demək deyildir. Oruc Allah-Təalanın bəyənmədiyi bütün şeylərdən uzaq durmaqdır” (Nəhcu-l-bəlağə, cild, 20, s.299).
Oruc nəfsin istəklərindən uzaq durma cəhəti ilə bir iradə təliminə, aclıq və susuzluğun verdiyi sıxıntıya dözmə cəhəti ilə də bir səbir təliminə dayanır. İnsanın həyatda uğur qazanması üçün iradə möhkəmliyi və çətinliklər qarşısında dayana bilmə gücü çox önəmlidir. Oruc insanı maddi zövq və şəhvətlər ardınca süründürən, Allahın haqlarına riayət edə bilmədiyi üçün özünə zülm etməsinə, insanların haqlarına riayət edə bilmədiyi üçün onlara zülm etməsinə səbəb olan nəfsi-əmmarəni təskin etmənin bir əlacı, ifratçılıqları səngitmənin bir çarəsidir.
banner

Oxşar Xəbərlər