• cümə, 29 Mart, 12:57
  • Baku Bakı 14°C

Orqanlarımızı bağışlayaqmı? - Polemika

16.09.17 11:30 3084
Orqanlarımızı bağışlayaqmı? - Polemika
Birinin həyatını xilas etmək, onu yenidən yaşama qaytarmaq, heç bir qarşılıq gözləmədən onunla qanını bölüşmək insanlığın çata biləcəyi ən yüksək zirvədir. Hazırda bir damla qana ehtiyacı olan o qədər xəstə insan var ki, onlar üçün qan əvəzolunmaz yaxşılıqdır. Düzdür, hazırda insanlar qan donorluğu edirlər, amma bu kifayət etmir. Hər gün nə qədər qan köçürülmələri edilir. Qan Bankında isə bütün xəstələrə çatacaq qədər qan olmur. Ona görə, bacardığımız qədər daha çox şəxsi bu işə cəlb edib, onların verəcəkləri qana xəstə insanların nə qədər ehtiyacı olduğunu izah etmək lazımdır.
Digər bir məsələ isə orqan donorluğu ilə bağlıdır. Dünyanın bir sıra ölkələrində artıq bu praktika geniş şəkildə tətbiq olunmağa başlayıb. Belə ki, insanlar hələ yaşayarkən, öldükdən sonra sağlam orqanlarını ehtiyacı olan insanlara "vəsiyyət” edirlər. Yəni insan düşünür ki, onsuz da öldükdən sonra orqanları ona lazım olmayacaq, heç olmasa kiminsə həyatını xilas etsin. Beyin ölümü keçirən, amma digər orqanları sağlam qalan insanlar çox olur. Onların orqanları donorluq üçün çox lazımlıdır. Təbii ki, vəfat etmiş bir insanın yaxınlarının razılığı olmadan bu işi etmək olmaz. Ona görə də əksəriyyət hələ sağ olan zaman orqanlarının götürülməsini vəsiyyət edir. Və beləcə neçə nəfərin həyatı xilas edilir, neçə ailəyə xoşbəxtlik bəxş olunur. Məncə, bu barədə bizim də düşünməyə və bu istiqamətdə bəzi işlər görməyə ehtiyacımız var. Maraqlıdır, gənclərimiz donor olmaq barədə nə düşünür, onlar orqanlarını kiməsə bağışlamağa razıdırlarmı?
"Qan verən insan başqalarına nisbətən daha sağlam olur”
Günel Rüstəmova - televiziya redaktoru
Günelə görə, donor olmaq möhtəşəm bir hissdir. Çünki insan digər bir insana Allahın ona verdiyi nəfəsdən, qandan, candan pay verir: "Bu iradi əməl isə insan amilinin nə dərəcədə dəyərli olduğunu insanlığa hiss etdirir. Doğrudur, qan xəstəliyi olan insanlarda ciddi problemlər müşahidə olunur. Lakin, bu onların həyat motivasiyasını aşağı salmamalıdır. Bunun üçün də biz onlara donor kimi dəstək olmalıyıq. Qan köçürülməsində heç bir problem yoxdur. Əksinə, qan verən insan başqalarına nisbətən daha sağlam olur. Mən düşünürdüm ki, qan verdikdən sonra baş gicəllənməsi kimi hallar ola bilər, əksinə, özümü daha gümrah hiss etdim. Məsələn, çox adam qan verməkdən qorxur. Lakin bu, qorxudan çox ehtiyatdır. Sırf distillə olunmamış alətlərin sağlam insan orqanizminin məhvinə səbəb olması kimi faktlar tibb tarixində, dünya səhiyyəsində yer alan və xəstəliklərin ötürülməsinə şərait yaradan həkim nadanlıqlarının nəticəsi olub. Zaman keçdikcə isə bu kimi amillərin qarşısı alınmaqdadır. Müasir tibbi texnologiya dəqiqlik, nizam-intizam tələb edir”.
Günel orqan donorluğundan da danışdı: "Bütün insanlar öləcəyini bilərək yaşayır. Yəni, aldığımız nəfəsi belə geri veririk. Bu halda insan niyə bir başqasının yaşama səbəbi olmasın? Həyatda ola-ola öldükdən sonra başqalarına faydalı ola biləcək orqanlarımızı bağışlamaq çox yaxşıdır. Bu işdə maarifləndirmə böyük rol oynayır”.
"Orqan Bankı da olmalıdır”
Ayaz Hüseynov - Pasient Təşkilatları İttifaqının sədri
Ayaz düşünür ki, bu sahədə bir sıra işlərin təkmilləşməsinə ehtiyac var: "Keçən əsrin 90-cı illərində insanlar qan verməyə qorxurdular və bunun ziyanlı olduğunu zənn edirdilər. Uzun illər davam edən təbliğat nəticəsində cəmiyyətin fikrini qan donorluğu haqda dəyişmək mümkün oldu. Qeyd edim ki, qan köçürülməsi nəticəsində bir çox insan yaşama şansı əldə edir. Əlbəttə ki, qan donorluğunun təbliğatı və donorun qan verdikdən sonra özünə nə qədər faydası olması hər zaman aşılanmalıdır. Çalışdığım Pasient Təşkilatları İttifaqının üzv təşkilatları olaraq əhalini könüllü qan donorluğuna çağırırıq və hər bir insan qan verməklə bir başqasını həyata qaytara bilər. Amma məncə, qan donorluğu ilə bağlı bir çox işlərin daha da təkmilləşdirilməsi vacibdir. Daimi qan donorlarının məlumat bazasının yaradılması, alınan qanın təhlükəsizliyi məsələsinin daha da təkmilləşdirilməsi və qan donorluğu mədəniyyəti haqqında geniş təbliğat aparılmalıdır”.
Ayaz qeyd etdi ki, bir çox xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz qana hər zaman ehtiyacı var. Bu insanların çox faizi də uşaqlardır: "Hazırda elə xəstələr var ki, hər ay onlara qan vurulmalıdır və bizim daim qana ehtiyacımız var. Ona görə də, bu iş təbliğ olunmalı və insanları donor olmağa səsləməliyik. Orqan donorluğuna qalanda isə, Qan Bankı olduğu kimi, ilk növbədə Orqan Bankı da olmalıdır. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda Orqan Bankı təşkil olunacaq və mən də bu işdə sevə-sevə iştirak edərəm”.
"Torpağın altında çürüməkdənsə, kiməsə həyat versə..”
Nurlan Ağa - jurnalist
Nurlana görə, donorluq insanın başqa birinə fayda verməsidir: "İnsanın həyatda yaşama məqsədi ətrafdakılarına xeyir vermək, onları maarifləndirməkdir. Məncə, bu haqda həm maarifləndirmə işi çox aparılmayıb, həm də insanlarda müəyyən bir stereotip formalaşıb. Donor olmaq, nəyinisə bağışlamaq qorxulu bir şey kimi qəbul olunur. Bunun təkcə insanlardan yox, qarşı tərəflərdən də asılı olan səbəbləri var. Məsələn, xəstəxanaların təmizlik problemlərindən, qan təmasından narahat olurlar. Yaxud da "bizim bağışladığımız qan, orqan ehtiyac sahibinə həqiqətənmi heç bir qarşılıq gözlənilmədən çatdırılacaq, satılmayacaq ki?" sualı insanları düşündürür. Ona görə də bu bir az qarışıq məsələdir. Son zamanlar insan öldükdən sonra orqanlarından istifadə olunması ilə bağlı müzakirələr gedir. Səhv etmirəmsə, Azərbaycanda ölüdən orqan nəqli hələ mümkün deyil. Lakin bu olsa və insanlar buna qarşı çıxmasa, çox gözəl olar. Qan vermək də insana zərərli bir şey deyil, tam tərsinə, xeyirlidir, bədəndə qan dövranı yeni nəfəs alır”.
Müsahibimiz deyir ki, sağkən nələrdənsə ehtiyat edə bilərik, amma ürəyimiz dayandıqdan və ya beyin ölümü keçirdikdən sonra orqanlar torpağın altında çürüməkdənsə, kiməsə həyat versə, daha yaxşı olar: "Bu sahədə də müəyyən stereotiplər var. Bəzi insanlar elə düşünür ki, öldükdən sonra bütün orqanları özü ilə aparmalıdır və s. Lakin bu kimi fikirlərdən qaçmaq lazımdır. Azərbaycanda bu mümkün olsa, öldükdən sonra istifadəyə yararlı bütün orqanlarımın bağışlanması ilə bağlı sənəd imzalayardım”.
Günel Azadə
banner

Oxşar Xəbərlər