Orelia Buşez: Məqsədimiz sülh, rifah və tərəqqi üçün çalışmaqdır - Fotolar
Fransanın Azərbaycandakı səfiri: "Əminəm ki, Prezident İlham Əliyevin iradəsi ilə başlayan islahatların davam etməsi dinamik, davamlı və balanslı iqtisadi artım üçün ən yaxşı imkanları verəcək
Azərbaycanla Fransa arasında
diplomatik əlaqələrin yaradılmasının 30 ilə yaxın tarixi var. Bu dönəm ərzində
ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq yaranıb.Fransanın Azərbaycandakı səfiri
xanım Orelia Buşez "Kaspi”yə müsahibəsində ikitərəfli münasibətlərin get-gedə
inkişaf etdiyini vurğulayıb.
Birgə fəaliyyət üçün imkanlar
-
Xanım səfir, yaxın illərdə Azərbaycanla Fransa arasındakı münasibətlərdə hansı
yeniliklərin şahidi olacağımız gözlənilir?
- Fransa ilə Azərbaycan
arasındakı münasibətlər möhkəmdir, yüksək keyfiyyətlidir və son illərdə bu
əlaqələr şaxələnərək daha da möhkəmlənib.
Ölkələrimizin prezidentləri və nazirlikləri arasında müntəzəm görüşlər
keçirilir və siyasi dialoq dövlətin ən yüksək səviyyəsində yer tutur.
Bildiyiniz kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 11-13 mart
tarixlərində Baş nazir Eduard Filipin dəvəti ilə Parisə səfər edib. Bu səfər
zamanı xanım Mehriban Əliyeva Baş nazir ilə, Birinci xanım Brijit Makronla,
Orsey muzeyinə fərdi ziyarət zamanı mədəniyyət naziri Frank Riester ilə, iqtisadiyyat
və maliyyə naziri Brüno Lö Mer ilə, Milli Assambleyanın sədri Rişar Ferand və
Senatın sədri Jerar Larşerlə görüşüb. Xanım Mehriban Əliyeva, həmçinin
Fransa Respublikanın keçmiş prezidenti Nikola Sarkozi ilə görüşüb. Xanım
Mehriban Əliyeva və onun nümayəndə heyəti bir neçə fransız şirkətlərinin
başçıları ilə də görüşlər keçirib.İkitərəfli münasibətlərimizin ən mühüm məqamı kimi Prezident İlham
Əliyevin 2018-ci il 19-20 iyul tarixlərində Parisə səfərini yada salmaq
istərdim. O zaman Fransa və Azərbaycan prezidentlərinin ilk görüşü baş tutdu və
bu görüş çoxlu ikitərəfli və regional məsələlər barəsində danışmağa imkan
yaratdı. Minsk Qrupunun həmsədri kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin
siyasi həllinə tamamilə sadiq qalır.Bütün mövzulara, xüsusilə terrorist riski də daxil
olmaqla, regional və beynəlxalq əhəmiyyətli məsələlərə dair inamlı və açıq
siyasi dialoqu və yüksək texnologiyalara geniş şəkildə yönəlmiş iqtisadi
əlaqələrimizlə yanaşı, mədəni və təhsil əməkdaşlığımızı uğurla inkişaf
etdirdik. İqtisadiyyat, təhsil, turizm sahəsində
də mübadilələr aparmağa imkan verən Fransa və Azərbaycan əməkdaşlığına dəstək
göstəririk. Xüsusilə akademik mübadilələrin necə aktiv və dinamik olduğunu
vurğulamaq istərdim. Bir çox fransız universitetləri Azərbaycan universitetləri
ilə əməkdaşlıq edir: məsələn, Strasburq və Ren 1, Monpelye 3, Tuluz 1 Lotrek, Sorbon, İNALKO və
Parisdə Ticarət və Marketinq məktəbi, Lion-da Fransa-ABŞ Biznes məktəbi
(CEFAM), Lil şəhərində yerləşən Biznes Ali Təhsil məktəbi (EDHEC) kimi biznes
məktəbləri və s. Məzun (Alumni) şəbəkəsimiz də artıq zəngindir! Biz bu
əməkdaşlıq üçün Azərbaycandan tərəfdaşlarımızın verdiyi dəstəyi yüksək
qiymətləndiririk və bu, ölkənin gənc nəslinin gələcəyi üçün birgə fəaliyyət
göstərməyə imkan verir. Bizim məqsədimiz sülh, rifah və tərəqqi üçün
çalışmaqdır.
Dinamik, davamlı və balanslı
iqtisadi artım
- Sizə məlumdur ki,
ölkəmiz iqtisadi islahatları həyata keçirərkən qeyri-neft sektorunun kənd
təsərrüfatı sahəsinə xüsusi önəm verir. Azərbaycan iqtisadiyyatında mühüm yer
tutan bir sıra fransız şirkətlərinin ölkəmizdəki fəaliyyətini nəzərə alsaq,
Fransa hökuməti bu inkişafa təkan üçün daha hansı təşəbbüsləri irəli sürmək
niyyətindədir?
- Azərbaycan Cənubi
Qafqazda bizim əsas iqtisadi tərəfdaşımızdır. Fransız şirkətləri təkcə enerji
sahəsində yox (TOTAL və SCHNEIDER ELECTRIC), həmçinin sürətlə inkişaf edən
nəqliyyat (ALSTOM, THALES, IVECO, SYSTRA), kənd təsərrüfatı və qida sənayesi
(LACTALIS, DANONE), otel sənayesi (ACCOR), ətraf mühit (SUEZ, CNIM),
aeronavtika və kosmik (AIRBUS, THALES) və ya investisiya bankı (SOCIETE
GENERALE) kimi sektorlarda mühüm mövqe tuturlar.
Beləliklə də fransız şirkətləri Azərbaycan iqtisadiyyatının uğurlu
diversifikasiyasına öz töhfələrini verirlər.Qeyd etmək istərdim ki, Parisdə xanım Mehriban
Əliyevanın Baş nazir Filip Eduardla görüşündən sonra aşağıdakı sahələrə dair
dörd müqavilə imzalandı: Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə
Fransanın İnkişaf Agentliyi arasında Şimal-Cənub dəmir yolu xəttinin
müasirləşdirilməsi (Bakı-Yalama), Bakı Metropoliteni ilə Thales şirkəti
arasında "Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin
reallaşdırılması və Əməliyyat Nəzarəti Mərkəzinin yaradılması, "Azərbaycan
Mərkəzi Bankı ilə "Rothschild & Co” Bankı arasında Strateji Əməkdaşlıq sazişləri.Fransa Azərbaycan üçün mühüm ticarət tərəfdaşıdır
və həm də ölkədə ilk on xarici investorlardan biridir: bizim investisiyalarımız
əsasən karbohidrogenlər və daha az dərəcədə tullantıların təmizlənməsi
sahələrində cəmləşib (Bakı Bərk
Məişət Tullantılarının Yandırılması Zavodu). Fransa da iqtisadiyyatın şaxələndirilməsi üçün vacib
olan yüksək texnologiyaların daşıyıcısı olan bir ölkədir: məsələn, Bakı-Tbilisi-Qars
dəhlizi üzrə Alstom lokomotivləri və ölkənizin bütün aeroportlarında Thales
radarlarının Azərbaycanın bölgədə əlaqələndirici mərkəz olmasına verdiyi
töhfəni görməkdən məmnunam.Qaz sektorunda Abşeron qazının istismarı üçün ARDNŞ
və TOTAL arasında böyük tərəfdaşlıq olduğunu bilirsiniz. TOTAL şirkəti yeni qaz
yataqlarının gələcəkdə istismarı ilə maraqlanır. Azərbaycanın qaz hasilatının
gələcəyinə qatılmaqdan məmnunuq və biz həm də Avropa üçün enerji təhlükəsizliyi
və təchizatın şaxələndirilməsi amili olan "Cənub Qaz dəhlizi” layihəsini dəstəkləyirik.
Azərbaycan
Respublikası Energetika Nazirliyi və "Total Eren” şirkəti arasında fevral
ayında bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədi ilə Anlaşma
Memorandumu (AM) imzalanıb.Həmçinin qeyd etmək istərdim ki, Prezident İlham Əliyev
tərəfindən iqtisadi islahatların başlanmasından sonra, daha çox kiçik və orta
fransız şirkətləri Azərbaycan bazarının inkişaf imkanları ilə maraqlanırlar və
bu baxımdan biznes mühitinin yaxşılaşdırılması mühüm bir amildir.Fransada inkişaf edən iqtisadiyyatın xüsusi ehtiyaclarına - xüsusilə
də kənd təsərrüfatı sektoruna uyğunlaşdırılmış xidmət və məhsullar təklif edən
bir çox kiçik və orta müəssisələr var. Fransa kənd və qida təsərrüfatı kimi bir çox
sahələrdə beynəlxalq tanınmış təcrübəyə malikdir. Azərbaycanın
kənd təsərrüfatı naziri İnam Kərimov Parisdə keçirilmiş 56-cı Beynəlxalq Kənd
Təsərrüfatı Sərgisinə qatılıb və Lyon şəhərində şirkətlər və kooperativlərlə
tanış olub.Əminəm ki, Prezident İlham Əliyevin iradəsi ilə başlayan iqtisadi
islahatların davam etməsi qeyri-neft sektorunda xarici investisiyanı təşviq
edəcək və Azərbaycana dinamik, davamlı və balanslı iqtisadi artım üçün ən yaxşı
imkanları verəcəkdir.
Təhsildə əməkdaşlıq
- Azərbaycan
dilinin Şərq Dilləri İnstitutunda (İnalco) tədrisi, Bakı Fransız Liseyinin,
Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyəti, Strasburq Universiteti və
Azərbaycan Dillər Universitet arasında əməkdaşlıq ölkələrimiz arasında təhsil
əlaqələrinin inkişafından məmnunluqla danışmağa imkan verirmi?
- Təhsil sahəsində ikitərəfli tərəfdaşlığımız uğurludur və
nümunəvi bir dəyərə malikdir. Tərəfdaşlığımız poliqlot və yüksək səviyyəli
azərbaycanlı məzunların nəslinin üzə çıxmasına töhfə verir və bu, ölkə
iqtisadiyyatının şaxələnməsinin uğuru üçün zəruridir. Bu cür gənc oğlanlar və
qızlar Azərbaycan şirkətlərinin gələcək mühəndisləri və digər kadrlarıdır.2017-ci ilin sentyabrında Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni
binasının Avropa və Xarici İşlər Nazirliyi yanında dövlət katibi Jan-Batist
Lömuən və o dövrün təhsil naziri olmuş Mikayıl Cabbarovun iştirakı ilə
təntənəli açılışı baş tutmuşdur. UFAZ ikili diplomlar təklif edir və artıq 400-dən
çox tələbə orada təhsil alır, biliklərinin yüksək səviyyədə olması tələbələrə
beynəlxalq turnirlərdə ilk uğurlara imza atmağa imkan verib. UFAZ-ın yaranması
Azərbaycan və Fransa prezidentləri tərəfindən 2014-cü ilin may ayında rəsmən
elan edilmiş, bir tərəfdən Strasburq və Ren universitetləri, digər tərəfdən
Bakı Dövlət Neft və Sənaye Universitetinin tərəfdaşlığından yaranıb. Kimya,
geofizika, kompyuter və neft mühəndisliyi fənləri UFAZ-da tədris olunur və
tələbələrə iki ölkə tərəfindən tanınan diplomlar verilir. Bir neçə şirkətlər - Thales,
Bakı Metropoliteni, Schneider Electric və Schlumberger artıq UFAZ-ın bir sıra tədris
işlərinə kömək edirlər və bu da iqtisadi dairələrin təhsilə olan marağının
artmasını göstərir.2014-cü ildə iki ölkə prezidentləri tərəfindən
açılışı edilən Bakı Fransız Liseyi (LFB) Fransa Dünyəvi Missiya və ARDNŞ
arasında olan tərəfdaşlığın nəticəsidir. Fransanın Milli Təhsil Nazirliyi
tərəfindən təsdiqlənmiş və müəllimləri əsasən fransızlardan ibarət olan bu
lisey azərbaycanlı və xarici ailələrin övladlarına fransız dilində və Fransanın
milli tədris planına əsasən yüksək səviyyəli təhsil verir.Azərbaycanda fransız təhsil sistemi şagirdlərə
maksimum seçim təklif etmək imkanı vermək üçün hazırlanmışdır. Bu Azərbaycanın
ali təhsil sistemində (UFAZ da daxil olmaqla) və ya Fransada, fransızdilli bir
ölkədə və ya Anglo-Saks ölkələrində təhsilin davam etdirilməsinə imkan verir:
dünyadakı 500 Fransız liseyi, o cümlədən də Bakı liseyi yüksək dərəcədə bir çox
xarici dillər tədris olunan nüfuzlu qurumdur. Fransız liseyi Azərbaycanın
təhsil sistemində artıq yaxşı nüfuza malikdir və şagirdlərin sayı daima artmaqdadır.Həmçinin Azərbaycandakı Fransız İnstitutunun (İFA) fəaliyyətini qeyd
etmək lazımdır. Onun vəzifəsi fransız dilini inkişaf etdirmək, Azərbaycanla
Fransa arasında tədbirlər təşkil etmək və mədəniyyət sahəsində mübadilələr
aparmaqdır. Azərbaycanda fransız dilinin tədrisi sahəsində İFA aparıcı
qurumdur. O, eyni zamanda fransız dili (DELF, DALF, TCF) sertifikatlarını almaq
üçün imtahan keçirən yeganə qurumdur.
Bu tədbirlər bir-birimizi kəşf
etmək imkanları yaradır
- Fransa ilə Azərbaycanın mədəni əlaqələrinin inkişafı istiqamətində
də müxtəlif layihələrə imza atılır. Fransanın Azərbaycandakı səfirliyi və
Azərbaycandakı Fransız İnstitutuhər il Frankofoniya tədbirinin qeyd
edilməsində fəal iştirak edirlər. BeynəlxalqFrankofoniya Gününün
əhəmiyyətini necə qeyd edərsiniz?
- Fransanın Azərbaycandakı səfirliyi və mədəniyyət
mərkəzimiz olan Azərbaycandakı Fransız İnstitutu mədəniyyətimizi və dilimizi
daha da yaxından tanıtmaq və Azərbaycan ictimaiyyətinə Fransanı turistik ölkə
kimi təbliğ etmək istiqamətində bir sıra təşəbbüslər həyata keçirir.Beynəlxalq Frankofoniya Günü hər il 5 qitədə və 220 milyon frankofon
(fransız dilli) üçün keçirilir. Beynəlxalq
Frankofoniya Təşkilatına müşahidəçi və üzv olan ölkələrin səfirliklərinin
təşəbbüsü ilə təşkil olunmuş bu tədbirlər Azərbaycanda
aprel ayının əvvəllərində keçirilir. Bu il
də 30 mart - 15 aprel tarixlərində 14 iştirakçı səfirliklər tərəfindən
iyirmiyə yaxın (konsertlər, sərgilər, konfranslar, film nümayişləri) tədbirlər
Azərbaycan ictimaiyyətinə təqdim olundu.Hər il iyun ayında Azərbaycanda Beynəlxalq Musiqi Festivalını qeyd
edirik. Dünya miqyasında populyar olan, fransız mənşəli bu təşəbbüs artıq Bakı
şəhərinin mühüm mədəni tədbirləri siyahısında yer tutur. Bütün bu tədbirlər
bir-birimizi kəşf etmək imkanları yaradır və daha çox tamaşaçının bu tədbirləri
izlədiklərini görməkdən məmnunuq.
Fransız yaşam tərzi
- Biz Azərbaycana gələn qonaqlara adətən İçərişəhəri, Qobustanı,
Lahıcı, Şəkini və ölkəmizin digər tarixi məkanlarını gəzməyi tövsiyə edirik. Bəs
Siz Fransaya ilk dəfə getmək istəyən turistə nələri məsləhət görərdiniz?
- Fransaya turistləri cəlb edən dayaqlardan biri qastronomiyadır.
Turistlərin üçdə biri milli mətbəx üçün Fransaya gəldiklərini bəyan edirlər və
beləliklə, dünya miqyasında ölkənin nüfuz qazanmasında fəal iştirak edirlər.Mətbəximizin zənginliyi və özünəməxsusluğu, yerli məhsullarımızın
müxtəlifliyi, həm də "Fransızların qastronomik yeməyi"nin YUNESKO-nun
qeyri-maddi mədəni irs siyahısına salınması Fransanın dünyanın turizm
marşrutlarının önündə qalmasına yardım edən üstün cəhətlərdir. "Goût de France/Good France” ("Fransa dadı”) məşhur fransız
aşbazı Alən Dükas (Alain Ducasse) və Fransanın Avropa və Xarici İşlər
Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir, fransız yaşam tərzini və qastronomiyasının
müxtəlifliyini daha yaxşı tanıtmasını qarşısına məqsəd qoyur.Turizm
sahəsində inkişaf edən və dadlı ənənəvi mətbəxini təqdim edən Azərbaycanın qastronomiyası
xarici qonaqlar üçün ölkənin cazibədarlığını artıra bilər.
- Ölkəmizdə olduğunuz müddətdə təbii ki, bölgələrə də səfər
etmisiniz. Azərbaycanda daha haraları gəzmək, nələri görmək planınız var?
- Mən Azərbaycan regionlarının gözəlliyinə və
müxtəlifliyinə valehəm. Məsələn, Şəkinin meşə və saraylarını, habelə zəngin
mədəni irsi olan Qəbələ və Gəncə şəhərlərini, dadlı mandarinləri olan
Lənkəranı, qədim məscidli Şamaxını, füsunkar peyzajı olan Naxçıvan kimi
bölgələri kəşf etmək sevincini yaşamışam. Bir sıra regionlar var ki, üzümçülüyə
sevgini Fransa ilə bölüşdürürlər. Şahdağdakı qış idman komplekslərinin
çox uğurlu olduğunu bilirəm və üzgüçülük həvəskarı olduğum üçün təşkil olunmuş
bir neçə çimərliklərdən zövq almaq imkanlarından dəfələrlə istifadə etmişəm.
Lahıc və Leriyin kəndləri də çox cazibədardır.
- Dünya siyasətində qadınların yerini necə dəyərləndirirsiniz?
- Qadınların dünyada rolu vacibdir, ancaq bu amil
daha yaxşı tanınmalı və daha da dəstəklənməlidir: ölkələrdən və dövrdən asılı
olaraq böyük inkişafı, bəzən də narahatlıq doğuran prosesləri müşahidə edirik.
Fransada gender bərabərliyinin prioritetlərdən biri olduğunu vurğulamaq
istərdim, bu, bizim üçün ümummilli bir məsələdir. Mənim
üçün sevindirici haldır ki, ötən ilin may ayında Azərbaycan Cümhuriyyətinin 100
illiyini qeyd etmək üçün Bakıya səfər etmiş Fransanın Avropa və xarici işlər
naziri Cənab Lö Drianın 1918-ci ildə Azərbaycanda qadınlara səs vermək hüququnun
verildiyini xatırlatmaq imkanı da oldu.
Söhbətləşdi
Təranə Məhərrəmova