• cümə axşamı, 25 aprel, 19:05
  • Baku Bakı 21°C

Orduda gender bərabərliyi və milli-mənəvi dəyərlərin təbliği diqqət mərkəzində saxlanılır

22.01.22 13:00 528
Orduda gender bərabərliyi və milli-mənəvi dəyərlərin təbliği diqqət mərkəzində saxlanılır
Gender anlayışı kişi və qadınların cəmiyyət həyatında sosial statusunu, funksiya və rolunu ifadə edir. Yəni, qadınlar və kişilər cəmiyyət həyatında eyni sosial rola, funksiyalara malikdirlər. Bu gün Azərbaycanda gender məsələləri ilə bağlı dövlət siyasəti qadınlara kişilərlə bərabər imkanların yaradılmasına yönəlib. Azərbaycan Ordusunda da gender bərabərliyinin təmin olunması diqqət mərkəzində saxlanılır.Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd SəmədovaAZƏRTAC-a müsahibəsində bu barədə ətraflı söhbət açıb. Müsahibəni təqdim edirik.
- Zümrüd xanım, mövzumuz gender bərabərliyi olduğundan əvvəlcə məsələnin təsviri ilə başlayaq. Qadınlarla bağlı bu məsələnin əsas mahiyyəti nədən ibarətdir?
- Azərbaycan qadını tarixin bütün mərhələlərində mənəvi-əxlaqi keyfiyyətləri ilə seçilib və xalqın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Bu mühüm missiya Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra da cəmiyyətin inkişafı baxımından davam etdirildi. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə, beynəlxalq münasibətlərdə yeni nailiyyətlərin əldə olunmasında qadınlarımız da yüksək təşəbbüskarlıq və fəallıq göstərdilər. Bu fəallıq tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyəti - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılması ilə bağlıdır. Bu şəraitin əsasını böyük tarixi şəxsiyyət Heydər Əliyev qoyub. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan qadınının cəmiyyətdə nüfuzu da yüksəldi, gender bərabərliyi üçün nəzəri-real zəmin yarandı. Ulu Öndər milli maraq və mənafelər müstəvisində qadınlarla bağlı dövlət siyasətini təmin edərək Azərbaycan qadınının şərəfli adının daim uca tutulmasına çalışıb. "Adın şərəflidir sənin, ey qadın!” səmimi müraciəti cəmiyyətdə real əksini tapmışdı.
- Gender bərabərliyi məsələsi daim ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub. Ölkəmizdə gender siyasətinin həyata keçirilməsi və inkişafı üçün daha hansı işlər görülüb?
- 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması barədə, "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamları, 2000-ci ildə "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman Ulu Öndərin Azərbaycanda gender bərabərliyinin təminatçısı olduğunun zəmanətidir. 2006-cı ildə ölkəmizdə qəbul edilən "Gender bərabərliyinin təminatı haqqında” qanuna görə, Azərbaycanda cinsi mənsubiyyətə görə ayrı-seçkilik qadağan olunub. Ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq, qadınlarla kişilərin hüquq bərabərliyi təmin edilib. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda gender bərabərliyi istiqamətində atılan addımlar, görülən işlər ölkəmizdə demokratik cəmiyyətin qurulmasında mühüm arqument oldu.
- Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanda gender məsələləri ilə bağlı dövlət siyasəti qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Bəli, günümüzdə dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə bölgənin lider dövlətinə çevrilmiş Azərbaycanda gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklər dünyanın diqqətini çəkib. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban xanım hüquqi bazanın təkmilləşdirilməsi, bərabər hüquqların təmin edilməsi istiqamətində genişmiqyaslı fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Dünya ictimaiyyəti onun timsalında dərin bilikli və intellektli ziyalı, peşəkar siyasətçi, humanist qadın obrazı görür. Görür və sevir. Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman Azərbaycan qadınlarının cəmiyyətin ictimai-siyasi və mədəni həyatında mühüm fəaliyyətə və mövqeyə malik olduğunu xüsusi vurğulayır. Mehriban xanımın çoxşaxəli fəaliyyəti cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi baxımından müstəsna dəyərləndirilməlidir.
- Hazırda fəaliyyət göstərdiyiniz Müdafiə Nazirliyində gender siyasəti məsələləri hansı səviyyədə tənzimlənir? Bu istiqamətdə hansı işlər görülür?
- Azərbaycan qadını ictimai həyatın bütün sahələrində fəaldır, ictimai rəyin yaranmasında və formalaşmasında da iştirak edir. Qadınların məşğulluq səviyyəsi Müdafiə Nazirliyində də yüksəkdir.Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində gender bərabərliyi, şəxsi heyətin insan hüquq və azadlıqlarının təminatı sahəsində görülən işlər Azərbaycan Respublikasının Konstitusiyası əsas götürülərək demokratik dövlətlərin təcrübələri öyrənilməklə daha da təkmilləşdirilir. Məsələnin əhəmiyyətini nəzərə alaraq bu işlərin fasiləsiz həyata keçirilməsini təmin edirik. Son illərdə Azərbaycan Ordusunda gender bərabərliyinin təmin olunması istiqamətində ciddi addımlar atılıb. Birlik, birləşmə, hərbi hissələrdə qadın hərbi qulluqçularla mülki işçilərin hüquqlarının daha etibarlı müdafiəsi və təbliği, o cümlədən onların hərbi hissənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadınlar və kişilər arasında bərabər imkanlara nail olunması istiqamətində davamlı, əhatəli və sistemli tədbirlər həyata keçirilir. Belə ki, Müdafiə Nazirliyində 2019-cu ildən qadınların hüquqlarının müdafiəsi, sosial və ailə-məişət problemlərinin həlli ilə yaxından məşğul olan şöbəmiz gender bərabərliyinin təmin edilməsi, qadın zorakılığının bütün formalarının qarşısının alınması üzrə mütəmadi tədbirlər həyata keçirir. Belə tədbirlər sisteminə şəxsi heyətin maddi-məişət şəraiti, sağlamlığı və mövcud nöqsanların aradan qaldırılması üçün görüşlərin keçirilməsi də daxildir. Bu, problemlərin vaxtında aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır.
- Növbəti illərdə hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır? Rəhbərlik etdiyiniz şöbənin qarşısında duran prioritet məsələlər hansılardır?
- BMT-nin 1325 saylı qətnaməsinə əsasən, Azərbaycanda gender bərabərliyi üzrə 2019-2024-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib. Mən bu qətnamənin Müdafiə Nazirliyi üzrə komissiyasının üzvüyəm. Şöbə olaraq gender məsələləri ilə bağlı keçirilən konfranslarda iştirak edirik. Keçən ilin oktyabrında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində 70-ə yaxın dövlətin iştirakı ilə təşkil edilmiş təlimdə baş məsləhətçimiz, dövlət qulluqçusu Sairə Rəsulovaya "Dövlət qulluğunda gender bərabərliyi: mövcud vəziyyətlər və çağırışlar” mövzusunda uğurlu iştirakına görə sertifikat təqdim olunub. Həmçinin NATO-nun Beynəlxalq Hərbi Qərargahının gender məsələləri üzrə müşavir ofisi Alyansa üzv və tərəfdaş ölkələrin gender perspektivlərinin milli hesabatlarına dair konfransda iştirak etmişik.Qadın hərbi qulluqçuların və mülki işçilərin ailə münaqişəsi zəminində baş verən problemlərin, xidmət yerində yaranan və yarana biləcək neqativ halların aradan qaldırılması, boşanma hallarının qarşısının alınması məqsədilə şikayətlərin dinlənilməsi və lazımi dəstəyin göstərilməsi, gənc və çoxuşaqlı hərbçi ailələrinə mənəvi yardımın göstərilməsi, qadın hərbi qulluqçuların ailələri ilə aparılan işin səmərəliliyini və ümumi vəziyyətin öyrənilməsi qarşımızda duran prioritet məsələlərdəndir.İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bilavasitə əməkdaşlıq edirik. Bu əməkdaşlıq səmərəli fəaliyyətimiz üçün geniş zəmin yaradır.
- 2020-ci il dövlətçilik tariximizdə Zəfər ili kimi əbədiləşdi. Bu mühüm tarixin yazılmasında qadın hərbi qulluqçular da fəaliyyət göstəriblər. Onların fəaliyyətini necə qiymətləndirirsiniz?
- Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, dövlətinin gücünü təsdiqlədi, nüfuzunu artırdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfər heç vaxt unudulmayacaq."Aslanın erkəyi, dişisi olmaz” deyib atalarımız. Bu Zəfərin qazanılmasında ordunun bütün sahələrində fəaliyyət göstərən qadınlarımızın da rolu danılmazdır. Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirən Azərbaycan qadını ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyümüzün bərpasında yaxından iştirak etdi. Vətən müharibəsində hərbi tibb ocaqlarında xidmət edən qadın həkim və tibb bacıları könüllü surətdə döyüş zonalarına ezam olunaraq yaralılarımızın öz sağlamlığına qovuşması üçün əllərindən gələni əsirgəmədilər. Həmçinin Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində və digər sahələrdə xidmət edən yüzlərlə hərbi qulluqçu və mülki işlərdə çalışan qadınlarımızın da əməyi daim yüksək qiymətləndirilir.
- Şöbə olaraq, şəhid ailələri və qazilərlə görüşləriniz olur, onların sosial-məişət şəraiti ilə yaxından maraqlanırsınız. Bu barədə nə deyə bilərsiniz?
- Respublikamızda son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da ərazi bütövlüyümüz uğrunda şəhid olanların ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə qayğısı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, onların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək ehtiramla qarşılanır.Şöbəmizin əməkdaşları davamlı olaraq Vətən müharibəsi iştirakçılarının, şəhid və qazi ailələrinin yanında olur, onların tibbi müayinə və müalicəsi üçün aksiyalar həyata keçirir, əlamətdar günlərdə xüsusi tədbirlər təşkil edir, problemlərinin həllinə çalışır, ziyarət edərək hər ailəyə mənəvi dəstək olurlar. Vətən müharibəsində qazanılan Zəfərin ildönümündə Müdafiə Nazirliyinin rəhbər heyəti ilə birlikdə şəhid anaları ilə görüş keçirdik.Şöbəmiz ötən il birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Qadın Şurasının iclaslarını keçirib. Bundan əlavə, gender bərabərliyinə dair 18, şəhid və qazi ailələri ilə 21 tədbir keçirib, 78 şəhid ailəsini qəbul olunub, 57 şəhid ailəsi ziyarət edilib.Şəhid və qazi ailələri ilə aparılan işləri daha da inkişaf etdirib təkmilləşdirmək məqsədilə ötən il dekabrın 15-dən 18-dək Ankarada Müdafiə Nazirliyinin bir qrup zabiti ilə birlikdə işgüzar səfərdə olduq. Səfərimizin məqsədi şəhid və qazi ailələrinə yanaşma, münasibət, görülən işlər haqqında fikir mübadiləsi, ortaq bilgilər əldə etmək idi. Səfər müddətində şəhid məzarlarını ziyarət edib, ailələri ilə görüşdük. Mustafa Kamal Atatürkün və Məhəmməd Əmin Rəsulzadənin məzarlarını da ziyarət etdik.Ümumiyyətlə, gender bərabərliyi fəaliyyətimizin prioritetlərindən biridir. Azərbaycan Ordusunda gender bərabərliyinin və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən işlər strateji məqsədlər nəzərə alınmaqla bu gün də yüksək səviyyədə davam etdirilir.
banner

Oxşar Xəbərlər