cümə, 20 May, 00:50

Baku Bakı 16°C

Ordu quruculuğunda yeni mərhələ - ŞƏRH

icon 488 icon 30 dekabr 2021 | 09:00 Ordu quruculuğunda yeni mərhələ - ŞƏRH

Millət vəkilləri deyirlər ki, Komando Briqadalarının yaradılması əhalinin təhlükəsizliyinin təmini, torpaqlarımızın etibarlı müdafiəsi üçün vacib addımdır. Bütün bunlar Azərbaycana qarşı ola biləcək hər hansı təhdidin qarşısını almağa hesablanıb.
Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə yaşayacaq vətəndaşların qorunması, torpaqlarımızın etibarlı müdafiəsi, həmçinin sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi addımlar atır. Təkcə 2021-ci il ərzində Şuşa, Laçın, Kəlbəcər, Xocavənd, Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissələri açılıb. Dekabrın 24-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iştirakı ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində Komando Briqadasının xidmət keçəcəyi yeni hərbi hissənin açılışı olub.


Ordu quruculuğu prosesi dayanmayacaq

Öz ənənəsinə sadiq qalaraq ad gününü – 60 illik yubileyini əsgərlərlə birlikdə keçirən Prezident İlham Əliyev hərbçilər qarşısında çıxış edib. O, Hadrut döyüşlərini, bu yaşayış məntəqəsinin strateji əhəmiyyətini xüsusilə vurğulayıb. Bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxarıb. Ali Baş Komandan bir daha bəyan edib ki, əgər Ermənistan yenidən Azərbaycan üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onun axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq. Prezident vurğulayıb ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılmasına imkan verilməyəcək: "Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir. Ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır. Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi qoruyacaq. Digər tərəfdən Hadrut azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Hərbi texnikanın alınması, hərbi xərclərin, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq”.


Ərazi bütövlüyünün qorunması

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevbildirib ki, Azərbaycanın daxili və xarici siyasətində ölkənin müstəqilliyinin gücləndirilməsi, ərazi bütövlüyünün qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sabitlik şəraitində yaşaması, rifahı prioritetdir. Deputatın sözlərinə görə, xüsusi təlim keçmiş, istənilən hərbi vəzifəni yerinə yetirməyə qadir Komando Briqadalarının yaradılması da məhz bu məqsədə xidmət edir: "Əldə olunmuş nailiyyətlərin qorunması, əhalinin təhlükəsizliyinin təmini, torpaqlarımızın etibarlı müdafiəsi üçün Komando Briqadaları yaradılır. Cənab Prezidentin vurğuladığı kimi, Ordu quruculuğunda yeni mərhələ sayılan bu briqadalar Azərbaycanın strateji əhəmiyyət kəsb edən bütün ərazilərində mövcud olacaq, yeni hərbi hissələr yaradılacaq, zəruri hərbi texnika, silah-sursatla təmin ediləcək. Bütün bunlar ölkəmizə qarşı ola biləcək hər hansı təhlükənin, təhdidin qarşısını almağa hesablanıb”.


Ermənistan reallıqla barışmalıdır

Millət vəkili söyləyib ki, Müzəffər Ali Baş Komandanın öz ad gününü Hadrutdakı Komando briqadasının açılışında qeyd etməsi həm Ermənistandakı revanşistlərə, həm də dünyaya mühüm mesajdır: "Cənab Prezident bir daha bəyan etdi ki, Azərbaycana qarşı hər hansı təhdid, təhlükə olarsa, onun qarşısı dərhal alınacaq. Ölkə başçısının Hadrutda səsləndirdiyi fikirlər Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər üçün də ciddi mesajdır. Onlar anlamalıdırlar ki, gələcəkdə normal həyat yaşamaq istəyirlərsə, bu, yalnız Azərbaycanın tərkib hissəsində, ölkəmizin Konstitusiyasının tələblərinə riayət etməklə mümkündür. Dünya Xankəndini və ətraf əraziləri Azərbaycanın tərkib hissəsi kimi tanıyır, Ermənistanın yox. Bu reallıqla barışmalıdırlar. Sərhədlər müəyyənləşəndən, kommunikasiyalar açılandan sonra Azərbaycan öz daxilində də müəyyən addımlar atacaq. Bizim üçün ərazi bütövlüyü başlıca şərtdir”.


Bölgə separatçı-terrorçu tör-töküntülərdən təmizlənəcək

Milli Məclisə Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilən Elman Məmmədovqeyd edib ki, ilk Komando Briqadasının məhz Hadrut qəsəbəsində yaradılması mühüm əhəmiyyət kəsb edir. Millət vəkilinin fikrincə, Ermənistanda bəzi siyasətçilər, revanşist qüvvələr hələ də Hadrut xülyası ilə yaşayır, nə vaxtsa ora qayıdacaqlarına ümid edirdilər. Lakin Hadrutda Azərbaycan Ordusunun yeni tipli birləşməsinin yerləşdirilməsi ermənilərin bu ümidlərini növbəti dəfə puça çıxarıb: "Hadrut qəsəbəsi keçmiş muxtar vilayətin tərkibində ayrıca bir rayon idi, ermənilər üçün strateji və mənəvi əhəmiyyət kəsb edirdi. Ona görə də şanlı Ordumuz Hadrutu azad edəndə Ermənistan rəhbərliyi böyük sarsıntı keçirdi. Cəmiyyətin də bu sarsıntını yaşamaması üçün məğlubiyyətlərini gizlətməyə çalışdılar. Yalandan elan etdilər ki, taktiki gediş edib geri çəkiliblər və yeni hücumla Hadruta nəzarəti bərpa edəcəklər. Amma onların bu istəyi və yalanı həyata keçmədi. Vətən Müharibəsinin gedişində 10 mindən çox fərarisi olan Ermənistan ordusu darmadağın edildi. Hazırda Hadrut Xocavənd rayonunun tərkib hissəsində çox mühüm, hərbi-strateji bir qəsəbədir. Burada üçrəngli Azərbaycan bayrağı dalğalanır, Azərbaycanın Komando Briqadası keşik çəkir. Xankəndi, Xocalı, Xocavəndin digər əraziləri, keçmiş Ağdərə rayonunun yaşayış məntəqələri də yaxın gələcəkdə separatçı-terrorçu tör-töküntülərdən təmizlənəcək, o torpaqların əsl sahibləri öz dədə-baba yurdlarına geri dönəcəklər”.

Rufik İSMAYILOV