• cümə axşamı, 18 aprel, 10:20
  • Baku Bakı 12°C

Oqtay Eloğlu. Üsyankar meditasiya

08.05.15 09:17 2968
Oqtay Eloğlu. Üsyankar meditasiya
...Bu sanki bir meditasiya idi - Oqtay Eloğlunun meditasiyası. Dahi Cəfər Cabbarlı qəhrəmanı teatrlarımızın səhnəsində bu cür çılğın və eyni zamanda məsum görünməmişdi.
Milli teatr tariximizdə dahi Cəfər Cabbarlı dramaturgiyasının özünəməxsus yeri var. Teatr tarixində ad qoymuş sənətkarlar daima bu nəhəng dramaturqun yaradıcılığından bəhrələniblər. Dramaturqun qəhrəmanları isə neçə illərdən bəri sanki hayqırır, üsyan edir, öz daxili “mən”ini meydana çıxarmaq üçün yollar axtarırlar. Və Oqtay Eloğlu da hayqırdı. Oqtay Eloğlu da üsyan etdi. Sənət yolunda yenicə addımlayan gənc rejissor xanımın öz dünyasında, öz daxilində üsyan etdi və bununla mənim düşüncəmə hopmuş, möhürlənmmiş Cəfər Cabbarlı fəlsəfəsini tamamilə alt-üst etdi. Və ilk dəfədir ki, mən fikir dünyamda nələrinsə toz-dumana çevrilməsinə bu qədər sevindim...
May ayının 6-da Akademik Milli Dram Teatrının kiçik səhnəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr rejissoru ixtisası üzrə təhsil alan dördüncü kurs tələbəsi Nuranə Zeynalabdiyevanın Cəfər Cabbarlının eyniadlı pyesi əsasında “Oqtay Eloğlu” adlı diplom tamaşası nümayiş olundu. İlk növbədə tamaşanın afişası diqqətimi çəkdi. Afişada sadəcə iki qəhrəmanın - Oqtay Eloğlu (Şamil İbrahimov) və Firəngiz (Şəhla Əliqızı) adlarını oxuduqda bir qədər tərəddüd etdim. Düşündüm ki, yəqin Firəngizlə Oqtayın dialoqlarından ibarət bir kompozisiyadır. Ancaq deyir sən düşünməyində ol, fələk səni təəccübləndirməyə hazırlaşır. Tamaşanın janrı xəyali-faciəvi oyun kimi müəyyənləşdirilmişdi və bu mənim marağımı birə-on artırdı və beləcə üz qoydum Akademik Milli Dram Teatrına. İzlədiklərim məni heyrətə gətirdi. Sanki tamaşa deyil, meditasiyanın şahidi oldum, Oqtay Eloğlunun üsyankar meditasiyasının. Dahi Cəfər Cabbarlı qəhrəmanı teatrlarımızın səhnəsində bu cür çılğın və eyni zamanda məsum görünməmişdi. Sanki, Cabbarlı qəhrəmanlarını eyni şəkildə möhür effektində görməkdən yorulmuş gözlərimizə işıq gəldi.
Tamaşanın məzmununu bilirsiz: ...Firəngizin həsrətindən və Sibirdə keçirdiyi sürgün həyatı sayəsində mənəvi sarsıntılar və iztirablar keçirən gənc və istedadlı aktyor Oqtay Eloğlu ağlını itirir, artıq özünə hakim ola bilmir və Şillerin “Qaçaqlar” pyesinin tamaşasında Firəngizi bıçaqlayaraq öldürür... Artıq Oqtay Eloğlu dəlixanadadır və tamaşa gənc aktyorun həyatının bu dövrünü tamaşaçılara nümayiş etdirir. Oqtay Eloğlu (Şamil İbrahimov) tamaşaçılara Firəngizə (Şəhla Əliqızı) olan məhəbbətindən danışır və xatirələri canlanır. Oqtay (Şamil İbrahimov) danışdıqca keçirdiyi acı və iztirab dolu günlərə, teatra, onu Firəngizdən ayıran Aslan bəyə (Elşən Rüstəmovun səsləndirməsi) və hətta Firəngizə belə nifrətini çatdırır. Və sonda bu çılğınlıq onu intihara sürükləyir.
... Oqtay Eloğlunu canlandıran Şamil İbrahimov (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu ixtisası üzrə təhsil alan üçüncü kurs tələbəsi ) obrazın daxili sarsıntılarını tamaşaçıya çatdırmağa müvəffəq olmuşdu. Bəzi məqamlarda tələskənliyə və həddən ziyadə emosiyaya yer versə də, ümumi kontekstdə oyununa heç bir xələl toxunmayıb. Oqtay Eloğlu (Şamil İbrahimov) Firəngizdən (Şəhla Əliyeva) danışarkən biz aktyorun gözlərində eyni zamanda həm nifrəti, həm də məhəbbəti görürük. Aktyor ölümə addımlayanda belə sanki, geri dönmək, Firəngizə qovuşmaq arzusu ilə alışıb yanır. Firəngiz rolunun ifaçısı Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliyeva qüsursuz oyun nümayiş etdirərək obrazı yeni bir mərhələyə ucaltdı. Oqtaydan ayrılarkən onun gizlətməyə çalışdığı iztirablar, Oqtayı itirmək qorxusu aktrisanın ifasında mükəmməl şəkildə öz əksini tapmışdı. Tamaşada Firəngizin dilindən səslənən şeir onun daxili aləminin açılmasında önəmli rol oynayıb. Bu rolun məhz Şəhla Əliyeva tapşırılması gənc rejissorun artıq obrazı duymaq, aktyoru düzgün seçmək yönündə məharəti olduğunu açıq-aydın göstərir.
Tamaşa diplom tamaşası idi. Əlbəttə səhvlər də yox deyildi. Lakin gənc bir xanımın belə bir cəsarətli addım atması, tərifəlayiq bir haldır. Cəsarətlə deyə bilərəm ki, bu diplom işi Cəfər Cabbarlı yaradıcılığına yeni bir nəfəs gətirmək iqtidarında olan bir tamaşadır. Nə mutlu Azərbaycan teatrına ki, onun yolunda belə fərqli düşünə bilən gənc kadrlar yetişir. Nə mutlu bizə ki, qısa da olsa zövqümüzü oxşayan tamaşa izləyə bilirik. Sonda biz belə gözəl tamaşanı ərsəyə gəlməsində xidməti olan hər kəsə - rejissor Nuranə Zeynalabdiyevaya, aktrisa Şəhla Əliyeva, aktyor Şamil İbrahimova, əməkdar artist Elşən Rüstəmova (Aslan bəyin səsi), aktyor Ənvər Məmmədova (suflyorun səsi), kurs rəhbəri Hafiz Quliyevə, diplom rəhbəri Fikrət Soltanova, işıq üzrə rəssam Binyamin Sailova, musiqi tərtibatçısı Orxan Murtuzova və rəssam Rəmziyyə İsmayılovaya dərin təşəkkürümüzü bildiririk və inanarıq ki, bu tamaşa axarıncı olacaq. Həqiqətən Azərbaycan səhnəsinin belə tamaşalara çox ehtiyacı var.
Niyaz Cəfərov
teatrşünas
banner

Oxşar Xəbərlər