• cümə axşamı, 25 aprel, 13:44
  • Baku Bakı 23°C

Opera səhnəmizin Koroğlusundan Vaqifinədək

28.02.19 09:30 852
Opera səhnəmizin Koroğlusundan Vaqifinədək
Bu günlərdə fəlsəfə doktoru İmran Axundovun "Adil Məlikov” adlı monoqrafiyası ilə tanış oldum. Monoqrafiya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, görkəmli vokalist, lirik-dramatik tenor, respublikanın əməkdar artisti, prezident təqaüdçüsü Adil Məlikovun ifa etdiyi partiyaların tədqiqinə həsr edilib.
İmran Axundov monoqrafiyada ilkin olaraq Azərbaycanda opera sənətinin yaranma tarixinə nəzər salmaqla, burada böyük şəxsiyyətlərin, sənət fədailərinin yaradıcılığına ilkin mərhələdə azacıq da olsa diqqət yetirir və mahiyyət etibarı ilə onların geniş səhnə fəaliyyətini oxuculara təqdim edir. Monoqrafiya iki fəsildən ibarətdir. Birinci fəsil aktyor-vokalist və tarixi qəhrəmanlar fonunda təhlil edilməklə, əməkdar artist Adil Məlikovun böyük məharətlə yaratdığı Koroğlu obrazı haqqındadır. Müəllif məhz Adil Məlikovun bu obrazını böyük Bülbülün yaratdığı Koroğlu obrazı arasında olan fərqin baxışında təhlil edərək, maraqla baxıldığını və izləndiyini söyləyir. Müəllif həmçinin böyük Bülbülün bu gün də əvəzsiz bir yaradıcılıq yolu olduğunu xatırlatmaqla, Adil Məlikovun da bu obrazdan bəhrələndiyini deyir. Daha sonra İmran Axundov sənətkarın həyatına qısa da olsa ekskurs etməklə yazır: "Adil Məlikovun uşaqlıq illəri çox əziyyətli keçib. Onun altı yaşı olanda atası dünyasını dəyişib. Səkkiz yaşında müharibənin ağır illərinin şahidi olub, bacı və qardaşı acından tələf olublar. Balaca Adil ağır işlərdə çalışaraq, qazandığı cüzi əmək haqqı ilə ailənin ehtiyacını az da olsa, ödəyirdi. İllər bir-birini əvəzlədikcə o da böyüyürdü. Doğulduğu rayonun dar, dolanbac, daşlı-torpaqlı küçələrində kos-kos oynayanda heç kimin ağlına gəlməzdi ki, bu gəncin qarşısında iki cığır açılacaq: biri futbolçu, digəri isə aktyorluq”.
Adil Məlikov bir müddət futbola həvəs göstərsə də, onu daha çox teatr sənəti maraqlandırırdı. Aktyor öz xatirələrində bildirir ki, futboldan ayrılandan sonra yaxşı səsi olduğu üçün onu Konservatoriyaya gətirirlər. Konservatoriyanın zirzəmisində musiqi məktəbi yerləşirdi. Bu illərdə musiqi məktəbinin rəhbəri mərhum Süleyman Ələsgərov idi. Burada bir il oxuduqdan sonra hərbi xidmətə yollanaraq beş il donanmada xidmət edib. Qayıtdıqdan sonra hər şeyi təzədən başlamalı olub. Əvvəlcə A.Zeynallı adına Musiqi məktəbində Firudin Mehdiyevin sinfində təhsil alıb. Daha sonra Konservatoriyada Bülbülün sinfində oxumaq qismətinə nəsib olub. O illəri xatırlayan müəllif İmran Axundov, Adil Məlikovun xatirələrindən misallar gətirərək yazır: "Bülbül səsimə qulaq asdı və xoşuna gəldi. Sevincimin həddi-hüdudu yox idi. Belə bir sənətkarın sinfində oxumaq böyük xoşbəxtlik idi. Hansı ki, mən həyatımda onu təkcə bircə dəfə görmək arzusunda olmuşdum ki. Bülbül səsimi dinlədikdən sonra dedi ki, səndən Koroğlu hazırlayacağam. Təxminən bir il ərzində o, məni Koroğlu roluna hazırladı. Hətta Polad mənə danışdı ki, onda atam evə sevinə-sevinə gəlirdi. Səbəbini soruşduqda deyirdi ki, sinfimə bir rayonlu oğlan gəlib, onu Koroğlu kimi səhnəyə çıxaracağam. Sonra qismət elə gətirdi ki, bir il sonra Bülbül dünyasını dəyişdi. Mənimlə Şövkət Məmmədova məşğul oldu. İnstitutu qurtarıb təyinatımı Opera Teatrına aldım”.
Bu gün xüsusi olaraq qeyd etmək lazımdır ki, opera səhnəmizin ən mükəmməl Koroğlularından biri kimi yaddaşlarda yaşayan Adil Məlikov fəaliyyəti müddətində Ramiz Mustafayevin "Vaqif”ində Vaqifi, Süleyman Ələsgərovun "Bahadur və Sona”sında Bahadırı, Fikrət Əmirovun "Sevil”ində Balaşı, Şəfiqə Axundovanın "Gəlin qayası”nda Xanı və onlarca digər obrazları yaradaraq milli operamıza öz qiymətli töhfələrini verib. Onun ifasında təbiilik və obrazın xarakterik xüsusiyyətlərinə malik olan inandırıcılıq əsas şərtlərdən biri hesab edilirdi. Bu baxımdan Adil Məlikov oxuduğu hər hansı bir əsərin məzmununu və mənasını dərindən başa düşürdü, ifa etdiyi musiqiyə hansı münasibətlə yanaşmağı tamlığı ilə dərk edirdi. Buna görə də onun ifa etdiyi, mahnılar, romanslar, opera əsərlərindəki məşhur partiyalar mənalı və məlahətli görünürdü. Məhz bu xüsusiyyətlərinə görə, Adil Məlikovun ifasından zövq almamaq mümkün deyildi. Onun oxumağı, danışığı qədər səmimi və ürəyəyatımlı idi. Bu xüsusiyyətlərinə görə, hər zaman səhnədən onunla - yəni ifaçı ilə dinləyici arasında bir istilik, səmimiyyət yaranırdı.
Müəllif monoqrafiyada "Koroğlu” operası və aktyor ifası haqqında yazır: "Tamaşaçılara təqdim olunan "Koroğlu” hər zaman olduğu kimi yenə də Azərbaycan operasını yeni zirvələrə qaldırdı. Bu opera böyük həyat və sənət təcrübəsi keçmiş, neçə on illiklər davam edən bir yaradıcı şəxsiyyətin təfəkkürünün məhsulu idi. Əsərin süjet xətti xalqın keçmişindən götürülmüşdürsə, ruhu və əsas ideyası müasir zamanla səsləşirdi. Muğam kökü üstə bəstələnmiş bu operada xalqın azadlığı, səadəti, qəhrəmanlığı yüksək bədii səviyyədə tərənnüm edilirdi. Bu bənzəri olmayan sənət nümunəsində sənətkarlıq, bəstəkarlıq texnikası, musiqimizin orijinallığı, melodik çalarlar, operanın ahəng və ritminin rəngarəngliyi elə dəqiq uyğunlaşdırılmışdır ki, əsəri dinləyən insanlar sənətin qüdrətinə və bəstəkarın dahiliyinə valeh olurdular. Bu operadakı musiqi parçaları dərya kimi çalxalanır, çay kimi çağlayır bəzən də lirik ariyalar insanın ruhunu titrədirdi. Uvertüra, hər pərdədən əvvəlki müqəddimələr, ariyalar, ariozolar, kəndlilər və Çənlibel xoru, reçitativ və ansambllar, balet nömrələri bəstəkar tərəfindən böyük məharətlə işlənilib. Bu opera kamil və bitkin sənət nümunəsi olduğu üçün onun insana təsiri də güclüdür, dərindir. Azərbaycan milli operalarında üslub problemini, opera sənətinin yeni mərhələsini və əlçatmaz yaradıcılıq zirvəsini "Koroğlu” operası həll edib. Əməkdar artist Adil Məlikov operanın baş qəhrəmanı olan Koroğlu obrazını dinamik inkişafda təqdim edir. Onun ifa etdiyi partiyaların əsasını təşkil edən ariya, ariozolar, mahnılar obrazın ardıcıl və hərtərəfli açılmasına xidmət edir. Məhz aktyor Adil Məlikovun ifasında artıq birinci pərdədəki "Səni gördüm” ariozosunda Koroğlu sevən aşiq kimi canlandırılır”.
Daha sonra müəllif Adil Məlikovun Vaqif partiyası üzərində böyük əzmkarlıqla çalışmasından söhbət açır. İmran Axundov aktyorun ifasında böyük mütəfəkkir olan şairin həyatındakı çətinlikləri dolğun göstərməyə müvəffəq olduğunu vurğulayır: "A. Məlikovun ifasında Vaqif təbiətə və gözəlliyə vurğun, düşmənə isə amansız olan dövlət xadimi idi. Vaqif - Adil Məlikovun uvertüradan sonra təbiətin qoynunda "Mən cahan mülkündə mütləq doğru halət görmədim” başlığı ilə ifa etdiyi şikayətnaməsində haqsızlığı qamçılayır. Səhnədə baş verən hadisələrin dinamikası musiqi sədaları altında pik nöqtəyə çatır. Adil Məlikovun ifa etdiyi Vaqif partiyasının ariya, arioza, reçitativlər, dialoqlar gözəl musiqi sədaları altında insanı düşüncələrə qərq edirdi. Burada musiqinin təsir qüvvəsi nə qədər xoş idisə, kədərli məqamlarda bəstəkarın uğurundan xəbər verirdi. Adil Məlikov Vaqif partiyasını ifa edərkən səsinin rəng çalarlarından və aktyorluğundan məharətlə qaynaqlanırdı. Vaqif onun yaradıcılığında yeni bir səhnə qəhrəmanı idi. O da Koroğlu kimi xalqını düşünür. Lakin bu düşüncələrdə fərq vardır. Koroğlu zülmə qalib gəlməyi silahda, Vaqif isə elmdə görürdü. Vaqif - Adil Məlikov ciddi, təmkinli, qəddarlığa nifrət bəsləyən insan idi”.
Qeyd etmək lazımdır ki, həqiqətən də Adil Məlikovun səhnədə yaratdığı Vaqif obrazı onun ifasında yeni yaradıcılıq forma və üslubu idi. O, bu obrazı yaradıcılıq süzgəcindən keçirərək daha dərin çalarlarla ifa edirdi. Aktyor səhnədə hər an obrazın bütün iç dünyasını hiss edirdi, xarakterindəki ən incə nüansları, müəllifin musiqi ruhunu, Vaqifin psixoloji xarakterini dərindən hiss edərək göstərirdi.
Adil Məlikovun vokal və aktyorluq qabiliyyəti xüsusi bir fitri istedad idi. Onun səsinin tembri zəngin boyalara malik olan, opera artistindən tələb olunan səs çalarlarından biri kimi qəbul edilirdi. O, dramatik nüansları, obrazın xarakterinə uyğun olaraq səsi ilə xarakteri və hissləri ifadə etmək qabiliyyətinə malik idi. Opera solistlərindən fərqli olaraq Adil Məlikovda aktyorluq qabiliyyəti daha çox özünü büruzə verirdi. Bu baxımdan müəllif İmran Axundov monoqrafiyanın ikinci fəslini "Aktyor, vokalist və müxtəlif xarakterli partiyalar” adlandırıb. Müəllif monoqrafiyanın bu fəslində qeyd edir ki, Adil Məlikov Azərbaycan operalarında (Koroğlu, Vaqif, Balaş və b.) daha uğurlu addımlar atıb. Onun bir vokalist kimi yüksək peşəkarlığı bu operalarda daha aydın nəzərə çarpırdı: "O, hər zaman Bülbül məktəbinin layiqli davamçısı olduğunu ifası ilə hiss etdirirdi. Böyük novator Bülbülün ifaçılıq üslubunu, oxuma texnikasını, təcrübəsini, musiqini milli koloritlə bəzəmə ustalığını, bütün bunları vəhdətdə birləşdirməyi öyrənmişdi və öz ifasında bacarıqla istifadə edirdi”.
Adil Məlikovun yaradıcılığına nəzər salarkən tarixi faktlardan aydın olur ki, o, 1965-ci ildə Konservatoriyanı bitirərkən, dövlət imtahanında Fikrət Əmirovun "Sevil” operasında Balaşın partiyasını uğurla ifa edib və təyinatı Azərbaycan Dövlət Opera və Balet Teatrına verilib. F.Əmirovun "Sevil” operası 1953, 1955, 1980 və 1998-ci illərdə müxtəlif quruluşlarda tamaşaya qoyulub. İlk dəfə bu opera Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində 1953-cü il dekabr ayının 25-də Akademik Milli Dram Teatrından dəvət olunan Mehdi Məmmədov tərəfindən tamaşaya qoyulub. Qeyd etmək lazımdır ki, operanın librettosunu Tələt Əyyubov ölməz dramaturq Cəfər Cabbarlının "Sevil” pyesinin motivləri əsasında yazıb. Bu zaman operanın dirijorluğu Əfrasiyab Bədəlbəyliyə, bədii tərtibatı Ənvər Almaszadə və İzzət Seyidovaya, rəqslərin quruluşu isə Qəmər Almaszadəyə tapşırılıb.
Adil Məlikovun ifa etdiyi Balaş surəti səmimi hisslərlə zəngin idi. O, Balaşı mənfi və müsbət cəhətləri ilə göstərməyə çalışıb və buna müvəffəq olub. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Adil Məlikov səhnədə Balaşın xarakterini incə ştrixlərlə aça bilirdi. Onun ifa etdiyi Balaş qəddar deyildi, burnundan uzağı görməyən, məhdud düşüncəyə, zəif xarakterə malik idi.
İmran Axundov monoqrafiyanın sonunda aktyor Adil Məlikov yaradıcılığı haqqında maraqlı bir nəticəni də böyük ustalıqla təqdim edir. Müəllif yazır: "Adil Məlikov təkcə böyük partiyaları deyil, kiçik həcmli, zəngin xarakterli partiyaları da böyük həvəslə ifa edirdi. Və zəhmət hesabına bu kiçik obrazları da bitkin rollar səviyyəsinə qaldıra bilirdi. O, oxumadığı, susduğu səhnələrdə belə, özünün səhnə plastikası ilə tamaşaçıları düşündürürdü. Adil Məlikov ixtiyarında olan bütün vasitələrdən - susmaq, oxumaq, plastikadan məharətlə istifadə edərək kiçik partiyanı da bitkin obraz səviyyəsinə qaldıra bilirdi. Adil Məlikov Azərbaycan, Rus və Avropa operalarında müxtəlif xarakterli partiyalar ifa edib. Onun yaradıcılıq əhatəsi geniş və zəngin idi. Belə bir səviyyədə ifaçı olmaq, Adil Məlikovun vokal sənətinin mürəkkəb texnikasına mükəmməl sahib olmasını göstərirdi”.
K. S. Stanislavski yazır: "Operalarda təkcə yaxşı xanəndə deyil, həm də yaxşı aktyor olmaq lazımdır. Burada dramatik və vokal-musiqi uyğunluğu zəruridir”. Ömrünün böyük bir hissəsini Azərbaycan opera sənətinə həsr edən istedadlı aktyor, respublikanın əməkdar artisti Adil Məlikov da bu silsilə yaradıcı şəxslər siyahısına daxildir. Fəlsəfə doktoru İmran Axundovun qələmə aldığı "Adil Məlikov” monoqrafiyası sənətkarın səhnə fəaliyyətinin daha dərindən öyrənilməsi və növbəti tədqiqat işlərinin aparılması baxımından təqdirəlayiqdir.
Anar Burcəliyev,
teatrşünas
banner

Oxşar Xəbərlər