Onunla bərabər qəlbimi, ruhumu itirdim
Serbiyanın
dünyaca məşhur, "Xəzər sözlüyü” romanı 36 dilə çevrilmiş böyük yazıçısı və
şairi Milorad Paviçin həyat yoldaşı Yasmina Mixayloviçlə müsahibə etmək Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin xəttiylə Dünya Yazıçılarının 53-cü Belqrad Görüşünə
gedəndə ürəyimdəki arzuların ümdələrindən idi.
Bu il Dünya Yazıçılarının
53-cü Belqrad Görüşünün gündəliyi bir-birindən maraqlı tədbirlər, dəyirmi
masalar, kitab təqdimatları və s. ilə bəs deyincə zəngin idi. Tədbirlərdən
sonrasa artıq gecənin elə vədəsi yetişirdi ki, o vaxt tanımadığın ölkədə kiminsə
qapısını döymək etik deyildi. Ancaq "çövkənbaz fələyin” öz oyun qaydası, "dəftərxana
qanunları” var, bir iş ki yuxarıdan istənib, başa gəlməsi üçün göylərin
razılığı alınıb, əlbəttə ki, dadına yetişən, əl uzadan tapılacaq...
Milorad
Paviçin həyat yoldaşı Yasmina xanımla müsahibəmizi, sağ olsunlar, təşkil etdilər.
Azərbaycandan gəldiyimi ona çatdıranda demişdi ki, axşam tərəfi saat altı üçün
gəlsin... Yaşadığı binanın qənşərində Paviçin büstünü və xatirə lövhəsini görəndə
elə bil öz dilimizdə danışan bir simsarla üzləşmişdim və ona güvənib, binada yaşayanların soyadı həkk olunmuş zəng
düymələri içindən "Paviç” yazılmış düyməni basdım...
Yasmina xanım
qonağını olduqca səmimi qarşıladı və "qırmızı, ya yaşıl çay” təklifinə nədənsə
"qara çay” deyə razılıq verdim... Çay gətirməkçün otaqdan çıxarkən dedi ki, nə
qədər istəsəniz, şəkil çəkə bilərsiniz və özünüzü burda tam rahat hiss edin. Oxumuşdum
ki, Paviçin evində üç yazı masası var, onlardan biri xanımının, ikisi isə
Paviçindir... Yazı masalarından biri kasıb günlərinin yadigarıdır deyə
saxlayırlar, o birində isə daim çalışırmış... Düzü, Paviçin yazı masasının
üstündə "Kitabçı” jurnalının Serbiya ədəbiyyatına həsr edilmiş xüsusi nömrəsini
görəndə təəccübləndim, qara bir şübhənin təlqini ilə içimdən keçdi ki, yəqin Yasmina
xanım gələcəyimi biləndə Azərbaycanca materialları əl altına qoyub, ancaq
sonradan bildim ki, birgəlik şəkilləri üz qabığına vurulmuş "Kitabçı” jurnalı
artıq 2 ildir Paviçin yazı masasındadır.
Paviçin 4
otaqlı mənzili olduqca xoş təsir bağışlayır... Yataq otağı kiçikdir və döşəmədən
tavanacan divar üç tərəfdən boya-baş kitab şkafıdır. Qonaq otağında şairin yazı
masası, şəxsi əşyaları, müxtəlif dillərdə çap olunan kitablarının yığıldığı
ayrıca kitab şkafı var. Digər otaqda isə 2 yazı masası var, onlardan biri
yazıçı Yasmina xanıma aiddir, digəri isə Paviçindir. Yazı masasının üstünə
baxanda elə bilirsən ki, bu dəqiqə kimsə hansısa əsəri yazırmış, sadəcə, beş-on
dəqiqəlik harasa çıxıb. Ümumiyyətlə, bu evdə Paviçə məxsus əşyalar vəfat etmiş
adamın yadigarları kimi görünmür, sanki Paviç sağdır və onlardan hər gün
istifadə edilir. Yerdəki Quba xalçasını isə naxışlarından, üslubundan tanısam
da, dərinə getmədim, ancaq nəzərim Yasmina xanımın diqqətindən yayınmamışdı,
gülə-gülə dedi ki, Bakıda bağışlayıblar. Daha sonra Bakı səfərindən, Azərbaycan
dövlətinin onlara olan münasibətindən ürəkdolusu danışdı, ölkəmizin onunçün
ikinci vətən olduğunu vurğuladı...
Bakıdaykən bilmirdim,
niyyətində olduğum müsahibə alınacaq ya yox, ancaq hazırlamışdım... Sualları
yazdığım qələm olduqca böyük olduğundan sözlər dəftərimdə çox yer tutmuşdu, bir
neçə vərəq idi... Üç-dörd sualdan sonra Yasmina xanım dəftərimə diqqətlə baxdı,
yarızarafat dedi ki, siz o sualların hamısını bu gün vermək fikrindəsiniz? Gülüşdük...
Toxtaq olması üçün dedim ki, sizə aid olmayan yazılar da var dəftərdə, söhbət
qızışandan sonrasa, gözündən yayınaraq, aram-aram səhifələri çevirib bütün
suallarımı ünvanladım... Vaxtdan xəbər tutandasa, artıq bir saat yarım idi ki,
söhbətləşirdik:
– Milorad
Paviç dünyaca məşhur yazıçıdır, amma o, həm də gözəl şeirlər müəllifidir. Onun
şair kimi şöhrətlənə bilməməyinin başlıca səbəbi nə idi?
– Böyük şair – bu, XX əsrin yarısına qədər daha dəbdə
olan ifadə idi, insanlara xoş təsir bağışlayırdı, amma sonralar roman ədəbiyyatda
başlıca janr olmağa başladı. Və Paviç də kiçik hekayələr yazmağa girişdi, amma
həmin illərdə onun qələmə aldıqları heç kimin marağına səbəb olmurdu. O, "Xəzər
sözlüyü”nü yazmağa başlayanda fikirləşirdi ki, əsərini heç kim oxumayacaq. Fəqət
məhz bu əsər ona uğur qazandırdı. Paviç qəlbən şair idi. Əslində, o, həm alim,
həm də şair idi. Hətta hekayələrini, romanlarını yazarkən belə şair idi. O, sanki
yazdıqlarının içərisində dəniz qulduru idi, gözəgörünməz şəkildə bildiyini yeridirdi:
gizli-aşkar şeirlərini romanlarında, hekayələrində ifadə edirdi...
– Siz də
yazıçısınız, Paviçlə ailə qurmamışdan əvvəl də ölkənizdə tanınırdınız. Adətən
şairlərin, yazıçıların ailələrində ikinci bir yazıçı olanda, o qədər də şöhrətlənə
bilmir, daha çox həmin ailənin nümayəndəsi kimi yadda qalırlar. Sizcə,
yaradıcılığınız Paviçin məşhurluğunun kölgəsində qalmadı ki?
– Yox, çünki biz bir-birimizlə bəhsə girməmişdik. Münasibətlərimiz
qadın və kişi arasında olan adi münasibətlərlə eyni tutulmamalıdır, sanki biz bir
bütöv insan idik, bir-birimizi tamamlayırdıq. Amma mən həyat yoldaşı kimi güclü
olmaq istəyirdim və bu, çox normal idi. Mən həyat yoldaşım Milorad Paviçin
"muzası” – ilham pərisi idim. O da yazıçı idi və o da mənim ilham pərim idi. Və
bizim aramızdakı münasibətlər intellektual məhəbbət oyunu idi.
– Sizin Milorad
Paviçlə bağlı yazdığınız xatirələri oxudum. Şairlərin, yazıçıların xanımlarının xatirələrini oxuyanda
həmişə bir məqama diqqət etmişəm ki, ancaq xoşbəxt günlərindən yazırlar və ona
səadət bəxt edən insanı – ərini yalnız günəşin doğduğu tərəfdən göstərirlər. Bu isə, elə bilirəm,
həqiqəti öz rəngində əks etdirmir…
– Paviçlə yaşamaq çətin idi. Amma buna baxmayaraq,
çox yaxşı idi, mənə xoş idi. Özümüzəməxsus yumorumuz var idi. Sanki bir adam
idik, fərqlərimiz itmişdi. Baxmayaraq ki, bizim aramızda 31 yaş fərq var idi, fəqət
fiziki və intellektual baxımdan biz bərabər idik. Mən indi "indi” deyirəm, amma
vaxt o qədər tez dəyişir ki... Bilirəm, o indi istəyərdi ki, mən deyim: Mənim ərim
dünyaca məşhur və çox evcanlı biri kişi idi və həm də bilirəm ki, o, bu sözləri
eşitsəydi nə deyərdi və məni gülmək tutur...(gülür)
– "Xəzər dənizinin sahillərində” adlı
kitabınızdan görünür ki, Bakıya yaman vurulmusunuz...
– Mənim Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovla
tanış olmağım xoş təsadüf oldu. Sonra Azərbaycanda oldum, bu, Paviç üçün də
sürpriz idi. Çünki biz bilmirdik ki, Kaspi dənizi Xəzər adlanır və Azərbaycanda
yerləşir. Bakıda özümü tamamilə öz evimdəki kimi hiss edirdim. Bu, təkcə Xəzər
dənizi, neft və qazla bağlı deyildi. Bu, adət-ənənə, təbiət, dağlara vurğunluqla
əlaqəli idi, qeyri-adi mənzərələri hələ də unuda bilmirəm. Mən Paviçin ölümündən
sonra Xəzərin peyzajı ilə tanış oldum. Təbii ki, o məkanlar həmişə olub, Xəzər,
Qafqaz tarixi yerlərdir. Mən Azərbaycana 2 yazıçı kimi səfər etdim – həm öz
yerimə, həm de Paviçin əvəzinə. Mən orada həm de Paviç idim. Azərbaycan hökuməti
Belqradın mərkəzində Paviçin heykəlini ucaltdırdı. Ciddi mədəni münasibətlər yarandı və bu gün də davam
edir. Paviç öləndən sonra mən bilmirdim nə necə olacaq, çünki onun ölümü məni
sarsıtmışdı, amma onun heykəlinin ucaldılmasını mənə göydən göndərilən hədiyyə
kimi qəbul etdim.
– Adi
insanlar öləndən sonra onlara qarşı paxıllıq hissi, həsəd bitir. Amma şöhrətli insanlara
qarşı olan paxıllıq onların ölümündən sonra daha da kükrəyir, artır. Ölümündən
sonra Paviçə qarşı belə bir münasibət hiss etmisinizmi?
– Bəli, ona qarşı da paxıllıq hələ də bu və ya
başqa formada davam edir. Ancaq bu, təkcə Serbiyada belədir. Paviçin ölümündən
sonrakı ilk illər paxıllığı başa düşə bilmirdim. Anlamırdım ki, bu insanlar
Paviçi niyə görə sevmir. İnsanlar deyərkən mədəni elitanı nəzərdə tuturam –
onları deyirəm, oxucuları yox. Sonradan başa düşdüm ki, bütün dahilərə, böyük
insanlara qarşı öz ölkəsində münasibət həmişə belə olub. İndi bunu daha yaxşı anlayıram
və onları bağışlayıram. Bu münasibət indi mənimçün adiləşsə də, əvvəllər bu
fikirləri ürəyimə yaxın buraxmaq çətin idi.
– Sizcə, vətənində
ona qarşı belə münasibətin kökündə nə dayanırdı?
– Bu, adi insanların qorxusundan irəli gələn
münasibətdir. Paviç fərqlidir. Bəzi insanlar fərqlilikdən, fərqli insanlardan
qorxurlar.
– Sizi
anlayıram, ancaq bir tərəfdən də baxanda daha Paviçə nə paxıllıq eləmək olar ki?
Onun əsərləri göz qabağındadır, oxunur, sevilir, dünyanın ən müxtəlif ölkələrində
ardıcıl nəşr olunur...
– Əslində, absurddur. Bütün dünya dahilərinə qarşı
münasibət belə olub. Hər yerdə çoxlu istedadsız insanlar var və onlarla mübarizə
üsulu yoxdur. Yaşadığımız III minillik, XXI əsr sanki zombi kimidir. Bu,
reallıqdır.
– Sizcə,
Paviçə münasibət necə olmalıydı, yəni sizin gözləntiləriniz nədən ibarət idi?
– Mən
indi narazı deyiləm. Paviçin kitabları serb dilində çap edildi. Çünki onun
kitabları müxtəlif dillərdə çap olunurdu (alban, Koreya, Azərbaycan və s.),
amma öz doğma dilində kitablarının azlığı problem idi. Və mən indiki vəziyyətdən
məmnunam. İkinci problem isə yaşadığı mənzilin qarşısında xatirə lövhəsinin
olmaması idi. Sonralar evin qarşısına vurdular. Amma xatirə lövhəsinin
vurulması üçün 6 il gözləmək lazım gəldi. Bu xatirə lövhəsini ruslar qoyub,
serblər yox. Küçədə, binanın (evin) qarşısındakı xatirə lövhəsi Moskvada olanla
eynidir. Rusiyalı heykəltəraş cənab Potovski 6 il Serbiya hakimiyyəti ilə danışıqlardan
sonra hazırladığı lövhəni Belqrad bələdiyyəsinə göndərdi və yalnız bundan sonra
xatirə lövhəsi binanın önündə vuruldu. Əslindəsə belə olmalı deyildi.
– Paviçin "Xəzər
sözlüyü”nəcən də yazdığı qalıcı əsərlər var idi, amma "Xəzər sözlüyü” ilə qəfil
şöhrət tapdı, dünyada tanındı. Şöhrət də elə bir ağır imtahandır ki, xasiyyətdə
dəyişikliyə səbəb ola bilir. Əksər əsərlərinə qarşı oxucu biganəliyi ilə üzləşən
bir yazıçının "şöhrətlə davranışı” necə oldu?
– O deyirdi
ki, məşhurluq elə bir haldır ki, ya onun təsirində olmalısan, ya da ona qarşı
soyuqqanlı davranmalısan. Paviç isə çox soyuqqanlı idi. İndi, yəni ölümündən
sonra Milorad Paviç dünyada daha məşhurdur. Yaşayarkən əsərləri bu qədər dillərə
çevrilməmişdi. Bu mənim üçün çox həssas məqamdır. Onun əsərlərinin dünyada
yayılması üçün əlimdən gələni edirəm, sözsüz ki, bu mənim işimdir, amma bu, təkcə
mənim işim deyil. Bu, həm də bir maraqdır. Paviç təkcə yazıçı deyildi, o, həm də
ədəbiyyatçı, tarixçi idi. O, çoxlu yazıçıları, rəssamları tanıyırdı. Paviç
yaşasaydı, bəlkə də indiki şöhrətindən təsirlənər, soyuqqanlı olmaya bilərdi...
– Sağlığında
Paviçin Nobel mükafatı almağıyla bağlı müəyyən səs-küy yaranırdı, sonra səngidi.
Nobel mükafatı almaq yaşadığı dönəmdə Paviçin özünə nə dərəcədə real görünürdü
və buna maneələr nə idi?
– Bu, siyasi bir situasiya ilə bağlı idi. Çünki
müharibə məsələləri vardı, Nobel mükafatı həm də xalqlara münasibətlə verilir.
Bu isə həmin dövrdə siyasi cəhətdən mümkünsüz idi. Amma Paviç mükafatı almaq
istəyirdi. O bilirdi ki, yazdıqları çox dəyərlidir. Paviç siyasi yazıçı
deyildi. Paviçin mövqeyi və Balkanların siyasi durumu ilə bu mükafatı almaq,
laureat olmaq həmin vaxt mümkünsüz idi.
– Paviçin
sizinlə birgə yazdığı əsərləri var. Həmmüəllif olduğunuz mətnlərdə Paviçin
yaradıcı prinsipləri nədən ibarət idi, hansı məqamlarda sizinlə razılaşırdı,
hansı məqamlarda yox?
– Biz birgə 2
kitab yazmışıq. Amma onları tam mənada həmmüəllif əsərlər hesab etmək olmaz,
çünki yazdıqlarımızın, sadəcə, mövzuları eynidir. Yazı tərzi tamamilə fərqlidir.
Biz birlikdə yazmırdıq. Bu mümkün deyildi. Biz yazı yazarkən, o, bu otaqda
otururdu, mən də o biri otaqda. Çünki onun enerjisi o qədər böyük idi ki, onlar
hər məqamda cümlə halına düşə bilmirdi. Yazıçı olmaq tənha olmaq deməkdir,
yazıçılıq tənhalıqdan başlayır. Biz bir-birimizin yazılarını oxuyurduq, amma təklikdə
yazırdıq. Yalnız eyni mövzu, eyni emosiyalar əsas aspektimiz idi, yazı tərzimiz
isə tamam fərqli idi. Mən ona görə yazıçı olmaq istəyirdim ki, gələcəyi görüm,
ancaq Paviç tarixçi idi, o, keçmişi görmək istəyirdi. Bunlar isə kifayət qədər
fərqli məsələlərdir. Biz yaradıcılıq baxımdan eyni evdə yaşayan iki tənha idik.
– Bir sıra əsərlərinizin
epiqrafının Paviçin əsərlərindən götürülməsinin səbəbi nədir?
– Mən hələ də bu yazıçını sevirəm. Başqa nə səbəb
ola bilər? (gülür)
– Xatirələrinizdə
qeyd edirsiniz ki, ailə quranda Paviçin məşhurluğundan qorxurdum. Bu, hamıya
tanış olan qadın qısqanclığı idi, yoxsa bu qorxunun altında başqa səbəb yatırdı?
– Sizin düşünməyəcəyinizdən də artıq mənası vardı
bu qorxunun və mən bunu heç kəsə izah edə bilmirdim. Bəli, mən güclü qadınam,
ancaq eyni zamanda qısqanc qadınam. Həyat yoldaşımı sevirdim, həm həyat
yoldaşı, həm yazıçı, həm sevgili, həm də uşaqlarının atası kimi, mənim uşağımın
atası kimi. Bunlar sevginin müxtəlif tipləridir. Bunu izah etmək çox çətindir.
Yəni sözlə ifadə etmək mümkün deyil. Bu, sevgidən də ötə bir duyğu, enerji idi.
– Paviç sizdən
31 yaş böyük idi. Həyat yoldaşınızla bağlı xatirələrinizi oxuyanda Paviçi itirməyin
sizin üçün necə ağrılı olması aşkar görünür. Ancaq yaş nisbətini nəzər alanda,
onun sizdən irəlicə dünyadan köçəcəyi gözlənilən idi. Bu təqdirdə onun ölümüylə
barışa bilməməyinizin ümdə səbəbini necə ifadə edərdiniz?
– Paviçlə birgə mən öz qəlbimi, ruhumu itirdim. Bədənimin
yarısını, ürəyimin, ruhumun bir hissəsini itirdim. Bu itkilərlə barışmaq çətindir...
– Paviç sizə
evdəki əşyalarla bağlı deyərmiş ki, çox təmizləmə, onsuz da bizdən çox
yaşayacaqlar, yəni onların qayğısına qalmağa dəyməz, əsas özümüzük. Bu evdəki əşyalardan
hansı sizə Paviçi daha çox xatırladır?
– "Xəzər sözlüyü”nün ilk nəşri və ona yazdığı avtoqraf...
– Hər ikiniz ikinci dəfə ailə həyatı
qurmuşdunuz. Ayrılmış adamlar, xüsusən uşaqlar da varsa, az-çox keçmişlə
yaşamağa məcburdurlar. Hər iki tərəfin keçmişlə yaşadığı anlar çox idi, yoxsa
bu ailə bütün yaşananları unudaraq qurulmuşdu?
–
Keçmişlə yaşamaq... Bu, normaldır. Bir nikah baş tutursa, uşaqlar dünyaya gəlirsə,
bu münasibət, o məsələ haqqındakı düşüncələr heç vaxt tamamilə bitə bilməz və
bitmir. Bu, keçmiş arvad, ər, uşaqlarla birgə həyat idi. Ailə idi. Yəni əvvəlki
ailəmizi birdəfəlik atmaq, həyatımızdan çıxarmaq kimi bir düşüncəmiz yox idi. Bizim
yeni həyatımız var idi. Doğrudur! Ancaq buna baxmayaraq, keçmişlə bağlı da həyatımız
var idi və bunun belə olması çox normaldır.
– Siz nikaha
girəndə Serbiyada yazır və danışırmışlar ki, Paviçlə onun şöhrətinə, puluna görə
ailə qurmusunuz. Bu dedi-qodulara Paviçin və sizin münasibətiniz necə idi?
– Söz-söhbətlərə
reaksiya vermirdik. Çünki bu, axmaqlıq, ağılsızlıq olardı. Axı bizim həyatımız,
işimiz və mənim bugünkü həyatım həmişə göz qabağında olub. Bizim başqalarından
kənar, heç kəsin varlığını-yoxluğunu düşünmədən qayğısız sevgimiz vardı...
– Xatirələrinizdə bir ifadə diqqətimi çəkdi:
"Yaddaş şeytanları”. Yazırsınız ki, yaddaş şeytanları ilə mübarizə aparıram, Paviçi
unutmaq olmur...
– Deyirlər insanı unutmağa zaman lazımdır, amma bu
fikirlə razı deyiləm. Paviç mənim qəlbimdədir, yaddaşımdadır, hər günümdədir.
Çünki bizim uşaqlarımız var – bu, kitablardır. Kitablar bədii bağdır. Onun
yazdıqları bizim aramızdakı körpüdür, o körpü isə dağılmır. Ona görə də Paviçi
unutmaq mümkün deyil.
– Başqa bir
dünyanın, ölümdən sonrakı həyatın mövcudluğuna inanırsınız?
– Bəli.
– Heç o biri
dünyada özünüzü Paviçlə birgə təsəvvür edirsiniz?
– Əlbəttə, o biri dünyaya çox inanıram və Paviçlə
görüşümü təsəvvür edirəm. Paviçlə görüşəcəyim həmin anı ağ enerji kimi təsəvvür
edirəm və biz o biri dünyada da bir yerdə olacağıq... Sanki bir tezlikdə
olacağıq, işıq kimi, amma bədənsiz, cisimsiz, telepatik...
Fərid Hüseyn