• cümə axşamı, 28 mart, 19:18
  • Baku Bakı 13°C

“Onun yolunu bizi tanıyan hər kəs bizim qədər həsrətlə gözləyib” - Fotolar

20.07.19 11:00 41216
“Onun yolunu bizi tanıyan hər kəs bizim qədər həsrətlə gözləyib” - Fotolar
Uzun illərdi övlad həsrəti çəkirmiş. Amma çevrəsində kifayət qədər uşaq olduğu üçün həyatındakı bu boşluğu sanki hiss etmirmiş. Nəhayət, övlad sahibi olduqda necə böyük sevinc yaşamasını ilk növbədə gözləri söyləmişdi. Tam əminliklə "bu övlad ətrafımızdakı insanların duası ilə Tanrı tərəfindən bizə verilən bir bəxşişdir” deyir."Mənim balam” rubrikamızda müsahibimiz Milli Məclisin Mətbuat Xidmətinin Akkreditasiya və kütləvi informasiya vasitələri ilə iş sektorunun baş məsləhətçisi, dövlət qulluğunun baş müşaviriQərənfil Mansurovadır. 5 aydır ki, dünyaya gələn oğlu Fəxran həyatına əlavə bir rəng qatıb, onu ana adı ilə mükafatlandırıb. Biz də Qərənfil xanımın fəxr mənbəyi olan Fəxranla tanış olmaq fürsətini əldən vermədik. Evlərinə qonaq olduq. Onunla söhbətimizə də elə analıq hisslərindən, bu duyğunu necə yaşamasından başladıq:

- Çevrəmiz həmişə uşaqla dolu olub. Biz heç vaxt özümüzü uşaqsız ailə kimi hiss etməmişik. Fəxranı qucağıma alana qədər düşünürdüm ki, övladım olsa, o, qardaşımın, bacımın balalarından mənə doğma olmayacaq. Həyat yoldaşım ailənin tək övladıdır. Ən çox da onun valideynlərinin nəvə görə bilməsi üçün övlad sahibi olmağımızı istəyirdim. Övlad həsrətim onların gözləntilərinin fonunda yaranmışdı. Mənim hesablamalarım analıq hissinin bu qədər möhtəşəm olduğundan xəbərsiz idi. Fəxranı ilk dəfə qucağıma alanda, başa düşdüm ki, indiyə qədər yaşadığım bütün sevinclər bunun yanında çox cılız və xırda imiş.

- Ana olduqdan sonra həyatınızda nələr dəyişdi?
- Ana olduqdan sonra bütün həyatım dəyişdi. Bu hiss insanı şair, bəstəkar etmək qüdrətinə sahibmiş. İndi baxıram ki, övladıma anamdan, nənəmdən eşitdiyim o ənənəvi laylalardan əlavə özümün müəllifi olduqlarımı da əlavə edirəm:

- Lay-lay Fəxranım laylay,
Dinim, imanım laylay,
Bircə gümanım laylay.
Sənsən həyanım laylay.
Aman-zamanım laylay,
Olan-qalanım laylay
Nəfəsim, qanım laylay,
Həyatım, canım laylay...

Fəxranı yatızdıranda hətta mahnılar qoşuram və özümü bəstəkar kimi hiss edirəm:
Günəş qədər istin olsun,
Günəş sənin dostun olsun,
Günəş olmaq qəsdin olsun,
Günəşə bax, mənim balam.
Heç vaxt əlimə qələm alıb rəsm çəkmək haqda düşünməmişəm. Ancaq indi fikirləşirəm ki, oğlum məktəbə gedəndə mən onunla bərabər rəsm çəkməyə başlayacağam. Artıq beynimdə müəyyən naxışlar, ağaclar, heyvanların eskizini qururam ki, birdən məktəbdə ondan bunu tələb etsələr və o da evdə məndən soruşsa ki onu necə çəkim, mən bunun qarşısında aciz qalmayım. Onun gəlişi həyatımızdakı hər şey kimi, düşüncələrimi də dəyişməyə başlayıb...

- Uşaqsız ev necə görünürdü?
- Boş... Dediyim kimi, bizim çevrəmizdə, evimizdə hər zaman uşaqlar olub. Qardaşlarımın, bacımın, xalamın, dayımın övladları, nəvələri həmişə ətrafımızdadırlar. Hətta valideynlərindən gizli sirlərini, istəklərini ilk olaraq bizə etibar ediblər. Həmişə onların qayğıları ilə yüklənmişik, "uf” demədən hamısının dalınca qaçmışıq. Ona görə "övladsızıq nədir” bilməmişik, bunun fərqində olmamışıq. Amma Fəxranı qucağımıza alandan sonra anladıq ki, sən demə evimiz bomboş imiş.

- Övladınızı ilk dəfə qucağınıza alanda, onun qoxusunu içinizə çəkəndə, hansı hissləri yaşadınız?
- İnanın ki, onu ilk dəfə qucağıma alanda da özümlə bağlı heç nə düşünmədim. Valideynlərimin hər ikisi dünyasını dəyişib, onların ən böyük arzusu mənim övlad sahibi olmağımı görmək idi. Ana olduğum an düşündüm ki, görəsən valideynlərim bu günü görsəydi, daha çox yaşayardılarmı? Qaynanam Mələk xanım gəlib Fəxranı görəndə hansı hissləri keçirər? Çünki Mələk xanım ağır seyid nəslindəndir, onun ən böyük arzusu nəvə sahibi olmaq idi.Xəstəxanada Fəxranı ilk dəfə otağıma gətirmək istəyən tibb bacılarına bir az ləngimələrini, həyat yoldaşımın gəlişini gözləmələrini dedim. Fəxranla ilk tanışlığımız onunla birlikdə olmalı idi. Düşünürdüm ki, Fəxranla ilk görüşdə tək olsam, onu qucağıma ala bilmərəm, həyəcandan ürəyim dayanar, dözə bilmərəm. Xəstəxanada həkimlər də təəccüb etdilər ki, niyə ana övladını görmək üçün tələsmir?

- Fəxranı necə bir övlad kimi yetişdirməyi arzulayırsınız?
- İlk növbədə onu sağlam və xoşbəxt görmək istəyirəm. Çox istərdim ki, o, müharibələrsiz, savaşlarsız, sülh dolu, təmiz bir dünyada böyüsün. Fəxran dünyaya gəldikdən sonra dünyadakı bu qeyri-sabitliklərin aradan götürülməsini daha çox istəyirəm. Bizim gəncliyimiz Azərbaycanın ən məşəqqətli illərinə, keçid dövrünə təsadüf etdi, hər şey alt-üst oldu. Yaşanan bütün bu proseslərin hamısını mətinliklə keçsəm də, etiraf edirəm ki, bu gün qorxuram. Baxmayaraq ki, mən hər zaman həyatda qorxmaz, cəsarətli və məğrur qadın olmuşam. Bu gün həmin hadisələr baş verərsə, oğlum bunlara tab gətirə bilərmi - deyə düşünürəm. Eyni zamanda onu tam qayğısız, rahat bir şəkildə də böyütmək istəmirəm. İstəyirəm ki, həyatda oğlum nailiyyətlərini öz gücünün, əməyinin hesabına qazansın. Uzun illərdən sonra bu övladı tapmışıq deyə istəmərəm onu ərköyün, tənbəl böyüdək. Ən böyük arzum isə oğluma özünün istədiyi təhsili verməkdir. Çünki özüm istədiyim şəkildə təhsil ala bilməmişəm. Mənim orta məktəbi bitirdiyim il, dediyim kimi, ölkənin keçid dövrünə təsadüf edirdi. Çox qısa zaman kəsiyində hər şey bir-birinə qarışdı, iş yerləri bağlandı, bölgələrlə rabitə kəsildi. Atam pensiyaya çıxmışdı, anam işdən ayrılmış, qardaşlarımın üçü də - böyük qardaşım könüllü, digər ikisi isə çağırışla müharibəyə getmişdi. Bir qardaşım 5 il 6 ay, digər qardaşlarım isə bir neçə il fasiləsiz olaraq döyüş bölgələrində oldular. O hadisələrdən sonra həyatım sıfırlandı və hər şeyi yenidən başlamalı oldum. Köməksiz, dəstəksiz... Mənimsə tamam başqa arzularım vardı. İstəyirdim ki, xaricdə oxuyum, işləyim, müxtəlif dilləri öyrənim. Bunların heç birini etmək imkanım olmadı...

- Yarımçıq qalmış arzularınızı övladınızın üzərində tətbiq etmək istəyəcəksinizmi?
- Mən Fəxranın seçimlərinə qarışmayacam. Özü hansı istiqaməti seçsə, sadəcə ona kömək olmağa çalışacağıq. Misal üçün, mən orta məktəbi qurtaran zaman Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə sənəd vermək üçün iki il istehsalatda iş stajı tələb olunurdu. Sırf bu səbəbdən başqa bir ali məktəbə getdim. Sonra tələbə qəbulu zamanı imtahanlar testlə keçirilməyə başlandı. O zaman mən də imtahanda iştirak etdim, istədiyim ixtisasa yiyələndim. Sonradan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi” fakültəsinə daxil olub, oranı da qırmızı diplomla bitirdim. Baxmayaraq ki bu qədər təhsil almışam, ancaq içimdə öz istədiyim yerə çatmaq, təhsil almaq istəyi yarımçıq qaldı. Ən böyük arzum Moskva Dövlət Universitetinin Ədəbiyyat fakültəsində oxumaq idi. Həyat yoldaşımın da iki ali təhsili var. Amma o da istədiyi peşənin arxasınca getməyib. Çalışacağıq ki, Fəxranın üzərində seçimlə bağlı heç bir tələb qoymayaq. Sadəcə olaraq onun istədiyi sahədə dünyagörüşünün inkişafı üçün əlimizdən gələni edək. İndi bəzi valideynlər övladı dünyaya gəldikdə, onun gələcəkdə sahib ola biləcəyi hər bir şəraiti yaratmağa - evini, bankda hesabını, maşınını - gələcəyi üçün hər bir şeyi hazırlamağa çalışır. Mən onun tərəfdarı deyiləm. Övladım üçün ən vacib olan detalların əskik olmamasını, yaşayışı üçün zəruri olan ehtiyaclarını ödəməyi yetərli hesab edirəm. Necə ki, biz həyatda hər şeyi çətinliklə qazanmışıq, o da müəyyən şeyləri qazanmaq üçün özü əziyyət çəkməlidir.

- Hər bir valideynin öz tərbiyə metodikası var. Bəs sizin tərbiyə metodikanız necə olacaq?
- Bir gün Məhəmməd Peyğəmbərdən soruşurlar ki, artıq 3 gündür övladım dünyaya gəlib, onun tərbiyəsi ilə nə vaxt məşğul olum? O isə cavabında deyir ki, sən artıq 3 gün gecikmisən. Mən də o 3 günü gecikməməyə çalışdım. Uşaq yeri gələndə ağlamalı, yeri gələndə yıxılmalıdır. Fəxranın hələ çox kiçik olmasına baxmayaraq, ona xüsusi rejim tətbiq etmişik və yemək, yatmaq, oynamaq vaxtları saatla müəyyən edilib.

- Sizcə, cəmiyyətə yararlı övlad yetişdirmək üçün haradan başlamaq lazımdır?
- Hər bir valideyn cəmiyyətə yararlı övlad yetişdirmək istəyirsə, ilk növbədə dəyişməyə özündən başlamalıdır. Bəzən yoldaşım Kamranın hər zaman aramızda zarafatla işlətdiyi ifadələri də qadağan edirəm ki, uşağın yanında işlədəcəyi hər bir kəlmədə diqqətli olmağa çalışsın. Çünki evdə uşaq böyüyür. Çevrəmizdə olan dostlarımızın övladları uğur qazananda, onların tərbiyə metodikası ilə maraqlanmağa başlamışıq. Özümüz üçün yaddaşımızda toplamağa çalışırıq ki, bunu gələcəkdə öz övladımıza da tətbiq edək. Yaxın bir rəfiqəm var, kifayət qədər də maddi imkanları var. O deyir ki, uşaqlar məktəbi qurtarana qədər onlara kamerası olan telefon almadıq. Kompüterdən, planşetdən ancaq dərsləri üçün lazım olan zaman istifadəyə icazə verdik. Ali məktəbə çox yaxşı balla qəbul olunandan sonra istədiklərini aldıq. Biz də hələ çox tez olsa da, artıq belə olaylardan dərs almağa çalışırıq. Çünki indi texnoloji vasitələr uşaqların həyatında ciddi təsirə malikdir və bir çox hallarda da bu, xoşagəlməz nəticələr verir, ən azından vaxt itkisinə səbəb olur.

- Bəzən ailələrdə valideynlərin evdə uşaqları ilə rus dilində danışdığının şahidi oluruq. Övladlarını rusdilli kontingentə yönləndirir və elə hesab edirlər ki, belə olduğu təqdirdə, onların övladı həyata bir addım öndə başlayacaq.
- Rus bölməsində təhsil alan uşaqların IQ-sünü mifə çeviriblər. Rus bölməsini bitirən şagirdlərin intellektual səviyyəsinin, dünya görüşlərinin daha geniş, daha məntiqli olduğunu çox eşitmişəm. Amma bu fikirlə qətiyyən razı deyiləm. Mən qəbul edə bilmərəm ki, mənim ailəmdə böyüyən uşaq Səməd Vurğunu, Nizamini, Füzulini tanımasın, amma Lermontovdan şeir əzbərləsin, Puşkindən sitatlar gətirsin. Mənə lazım deyil, böyütdüyüm övlad horranın, südlü aşın, xəşilin nə olduğunu bilməsin, məndən "kaşa” tələb etsin. Düzdür, rus bölməsində təhsil alan şagirdin bilik səviyyəsi bir qədər artıq ola bilər. Ancaq uşağın azərbaycançılıq psixologiyası, milli-mənəvi dəyərləri zəif qalmamalıdır. Təbii ki, rus dili də beynəlxalq dillər səviyyəsindədir. Azərbaycan bölmələrində bu dillər tədris olunur. İstəsə, ən yaxşı səviyyədə öyrənə bilər... Tanıdığım bir ailə var. Nə ata, nə ana rus bölməsində təhsil almayıblar, amma uşaqlarını rus bölməsinə qoydular. Əvvəla, onun dərs hazırlamasına yardım edə bilmədilər, əlavə müəllimlər tutmalı oldular. İkincisi də, uşaq qonşuda Azərbaycan bölməsində oxuyan bir uşaqla dostluq edirdi deyə, bütün günü ağlayırdı ki, mən də Uğur kimi "Heydər baba” şeiri öyrənmək istəyirəm, Azərbaycan bayrağı istəyirəm... Məcbur olub bölməni dəyişdirdilər və bu da onun dərslərində geri qalmasına səbəb oldu. Mən belə şeyləri görmək istəmirəm. Mənim övladım azərbaycanlıdı, Azərbaycan dilində də təhsil almalıdır.

- Bəs Fəxranın tərbiyə metodikasında dədə-baba üsulundan faydalanırsınızmı, yoxsa sizin öz metodikanız var?
- Mən dədə-baba üsulunu doğru metodika hesab edirəm. Böyüdüyümüz ailələrin tərbiyə üsulu əslində bizim cəmiyyətdəki bugünkü yerimizdir. İnsan özü necə tərbiyə alırsa, övladına da o cür tərbiyə verir. Həyat yoldaşım ziyalı ailədəndir. Qaynanam Mələk xanım tanınmış ingilis dili mütəxəssisidir. Qayınatam Akif müəllim indi təqaüddə olsa da, zamanında tanınmış mühəndis kimi ad-san qazanıb. Fəxran elə öz soy-kökünə layiq, nəsil ənənələrinə sadiq bir insan kimi yetişsə, bəsimizdir. Amma indi gör-götür dünyasıdır, zəmanə insanlara çox şey aşılayır. Oğlumu böyüdərkən yararlandığımız o dədə-baba metodikasına qismən də olsa "müasir” əlavələrimiz olacaq.

- Bəzən valideynlər övladlarının şəklini paylaşmırlar və hesab edirlər ki, övladları gözə gələr. Ancaq siz uzun müddətdən sonra valideyn olmağınıza baxmayaraq, rahatlıqla oğlunuzun şəklini paylaşırsınız. Ümumiyyətlə, gözə, nəzərə inanırsınızmı?
- Əzəldən belə şeyə inanmamışam. Ancaq düzünü deyim ki, buna görə çox qınanıram. Hamı məni danlayır. Qaynanam bu məsələlərdə xüsusilə mühafizəkardır. Vallah, mən heç kəsdən bu sahədə təhlükə gözləmirəm. Bilirsiz niyə? Mənim doğmalarım, kollektivim, Kamranın dostları, iş yoldaşları, doğmalarımız, çevrəmiz, qohumlarımız, qonşularımız bizim üçün nə qədər sevindilər... Fəxran doğulanda nə qədər qurbanlar kəsildi, nəzir-niyaz paylandı. Ona kimin gözü dəyəcək? Onun yolunu bizi tanıyan hər kəs bizim qədər həsrətlə gözləyib... Göz dəyməz, inşallah, Allah özü qorusun hamının balasını, içində də bizim övladımızı.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər