• şənbə, 20 Aprel, 16:17
  • Baku Bakı 23°C

Onu məhkəmə hökmü verilən gün güllələyiblər: CÜMHURİYYƏT-100

12.12.18 15:00 624
Onu məhkəmə hökmü verilən gün güllələyiblər: CÜMHURİYYƏT-100
"Cümhuriyyət xadimlərinin çox böyük tarixi xidməti bu idi ki, onlar yurdun şimalında Rusiya işğalından sonrakı dövrdə unutdurulmuş müqəddəs "Azərbaycan” möhürünü xalqa qaytardılar. Onların arasında Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Cümhuriyyətinin əmək və əkinçiliknaziri Əhməd bəy Pepinovun da böyük əməyi var idi”.
Tədqiqatçı alimlərin yazdığına görə, Əhməd bəyin əsl soyadı Ömərbəyov olub. 1917-ci ildə Gürcüstanda əhalinin siyahıya alınması keçirilir və ümumi say 3 milyondan artıq olur. Ümumi sayın içində azərbaycanlıların sayını azaltmaq üçün azərbaycanlılara, özlərinin xəbəri olmadan gürcü və yaxud başqa familiya verilir. Bu zaman Ömərbəyovlar dönüb olur Pepinov. Nəslin görkəmli nümayəndələrindən biri də Əhməd bəy Ömər oğlu Pepinov olub. Əhməd bəy Azərbaycan milli mətbuatının inkişafında mühüm xidmətləri olan görkəmli publisist, mollanəsrəddinçi, xalqının milli dirçəlişi, azadlığı, xoşbəxtliyi uğrunda ömrünün sonuna kimi cəsarətlə mübarizə aparan ictimai xadim Ömər Faiq Nemanzadənin bacısı oğlu idi. Əhməd 1893-cü ildə Gürcüstanın Axalkalaki mahalının Bolacur kəndində anadan olub. Anası tez-tez xəstələndiyi üçün dayısı Faiq əfəndi bacısını müayinə etdirmək üçün Tiflisə aparsa da, təəssüf ki, bu müayinələr bir nəticə vermir. İki qardaşı, iki bacısı olan Əhməd çox erkən yaşda anasını itirir. Hələ bacısı sağ olarkən, balaca Əhmədi himayəsinə götürən Faiq əfəndi, ona öz övladı kimi baxır. Ona görə də, Əhmədin uşaqlıq illəri Şamaxıda (Nemanzadə bir necə il Şamaxıda müəllim işləyib) və Tiflisdə keçib.
İlk təhsilini dayısı Faiq əfəndidən alan Əhməd bəy, sonra Tiflis Gimnaziyasını qızıl medalla bitirib. Dayısı onun, daha mükəmməl təhsil alması üçün bütün varlığı ilə çalışırdı və buna nail də oldu. 1912-ci ildə Əhməd bəy Moskva Universitetinə daxil olaraq eyni vaxtda iki - hüquq və iqtisadiyyat fakültələrində təhsil almışdı. Əhməd bəy universitetdə yalnız yaxşı oxumaqla kifayətlənmir. O, universitetin bütün ictimai işlərində, mədəni tədbirlərində yaxından iştirak edir. Xüsusən də azərbaycanlı tələbələrlə bağlı olan bütün tədbirlərdə Əhməd bəy ya təşkilatçı, ya da aparıcı rəhbərlərdən biri olub. "Azərbaycan Həmyerlilər Təşkilatı”nın əsas rəhbərlərindən biri olan Əhməd bəyin yaxından köməkliyi və iştirakı ilə Moskvada keçirdiyi "Azərbaycan etnoqrafik konsert gecələri” uzun illər tələbələrin yaddaşında qalmışdır. Əhməd bəyin mətbuatda ilk çıxışı da Moskvada oxuduğu illərə təsadüf edir. "Axalkələkli Əhməd Cövdət” imzası ilə ilk dəfə "Açıq söz” qəzetində çap olunan Əhməd bəy, sonra digər mətbu orqanları ilə də əməkdaşlıq edib.
1918-ci ilin əvvəllərində Əhməd bəy Moskvada təhsilini başa vuraraq Tiflisə qayıdır. Moskva mühiti, aldığı təhsil onun daha çox siyasi hadisələrə meyillənməsinə səbəb olur. Tiflisdə "Hümmət” təşkilatının üzvü olan Əhməd bəy, parlamentdəki sosialist fraksiyasının orqanı olan "Zarya” qəzeti ilə əməkdaşlıq da edir ("Zarya” rusdilli gündəlik ictimai-siyasi qəzet idi və 1919-cu il yanvarın 29-dan sentyabrın 15-dək Tiflisdə çap olunub).
1918-ci ilin fevralında Tiflisdə fəaliyyətə başlayan Zaqafqaziya Seyminin üzvü olan Əhməd bəy Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra dövlət quruculuğunda gənc hökumətə çox yaxından dəstək olur. Azərbaycan Milli Şurasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü və katibi olan Əhməd bəy, bir çox mühüm məsələlərin həllində, qanun layihələrinin hazırlanmasında yaxından iştirak edir. Əhməd bəyin istedadına və bacarığına inanan M.Ə.Rəsulzadə, onu 1918-ci ilin 17 iyununda Azərbaycan Cümhuriyyətinin İstanbula göndərilən nümayəndə heyətinə daxil edir.
Azərbaycan Parlamentində Sosialistlər fraksiyasını təmsil edən Əhməd bəy, yalnız parlamentdə deyil, dövləti, xalqı üçün əhəmiyyətli olan bütün işlərdə yaxından iştirak edib, fəallıq göstərib. 1918-ci ilin 10 dekabrında Azərbaycan parlamentinin 2-ci iclası keçirilir. Əhməd bəy burada Sosialist fraksiyası adından çıxış edir. O, parlamentdəki ilk çıxışını belə başlayır: "...Gələcək Hökumətin əvvəlinci vəzifəsi Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün qüvvəsi ilə müdafiə etməkdir. Biz inanırıq ki, Azərbaycan türklərinin istiqlalı təyin və təsdiq olunandan sonra "yalançı millətçilik” ortadan çıxar və indiki əsrin məhsulu olan sinif ayrılığı və sinif mübarizəsi asanlıqla bizim də camaatın içinə girər ki, bu da ümumi demokratiyanın xeyrinədir”. Çıxışlarının əksəriyyətində istiqlalın qorunub saxlanmasının vacibliyini tövsiyə edən Əhməd bəy, 1919-cu ilin 12 mayında parlamentdəki çıxışını belə yekunlaşdırmışdı: "Parlaman və Hökumət vaxtın əhəmiyyətini dərk edib, bütün varlığı ilə istiqlalımızı müdafiə və təmin etməyə çalışmalıdır. Çar əsarətindən yeni qurtarmış Azərbaycan xalqı yeni əsarətə, Avropa əsarətinə girə bilməz!” Adətən çıxışlarını mühüm məsələlərin həllinə yönəldən Əhməd bəy, parlamentdə qadın azadlığından, Bakıda açılacaq Darülfündən (universitetdən), Bakı neftinin ixracından və s. vacib məsələlərdən bəhs edərdi.
Ə.Pepinov Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni tədbirlərin keçirilməsində çox yaxından iştirak edib. Tələbəlik illərində yiyələndiyi mədəni tədbirlərin təşkilini 1918-1920-ci illərdə Bakıda davam etdirmişdi. Bakıda təntənəli şəkildə keçirilən "Azərbaycan gəncləri”, "Türk gecələri” konsertləri, tədbirləri birbaşa onun nəzarəti altında təşkil olunurdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Şurasının Sədri N.Yusifbəylinin təşkil etdiyi ikinci kabinədə (24 dekabr 1919-cu il) əmək və əkinçilik naziri vəzifəsinə təyin edilən Əhməd bəy, bu vəzifəni 1920-ci ilin aprel işğalına kimi icra edib. Əslində aprel işğalında Əhməd bəy Bakıda deyildi. O, 1920-ci ilin aprelin əvvəllərində parlamentin digər üzvü Rəhim bəy Vəkilovla birlikdə Azərbaycan Parlamentinin tapşırığı əsasında Sovet Rusiyası ilə danışıqlar aparmaq məqsədilə Vladiqafqaza getmişdi. Bu danışıqlarda məqsəd Samur körpüsünün şimalında dayanmış XI Qırmızı Ordunun Bakı üzərinə hücumunu gecikdirmək və nizami Azərbaycan ordusu hissələrinin Dağlıq Qarabağdan Bakıya təcili qayıdışını təmin etmək idi. Məlum olduğu kimi, 1920-ci ilin martında ermənilər Dağlıq Qarabağda Azərbaycan əleyhinə üsyan qaldırdığından, Milli ordu hissələri ora göndərilmişdi.
Təəssüf, çox təəssüf ki, nümayəndə heyəti bu işi görə bilmədi. Artıq onlar Bakıya qayıdanda Qırmızı Ordu Azərbaycan ərazisinə daxil olub ölkəni silah gücünə işğal etmişdi. Lakin Əhməd bəy Bakıya qayıdarkən Serjo Orcenikidzenin zəmanət məktubu ilə qayıdır. Orcenikidze məktubda yeni hökumətə Əhməd bəydən savadlı kadr kimi faydalanmağı məsləhət bilir. Elə bu məsləhətin nəticəsi olaraq Əhməd bəy 1920-ci ilin mayından 1930-cu ilin dekabrına kimi müxtəlif təşkilatlarda işləyir. Xüsusən də 1922-ci ildən 1930-cu ilin dekabrına kimi Dövlət Nəşriyyatında texniki şöbənin müdiri, nəşriyyat direktoru, komissarlığın plan şöbəsinin müdiri və s. vəzifələrdə çalışır.
8 dekabr 1930-cu il. Şura "hökuməti”nin yadına düşür ki, Əhməd bəy bir zaman Azərbaycan Parlamentinin üzvü olub və onun fəaliyyətində yaxından iştirak edib. Vəssalam. Deməli, sovetlərin düşmənidir. Bu "düşmən” elə həmin gecə saat 1-də evindən aparılaraq həbs edilir. Üç gün sonra "hökumət” nümayəndələri Əhməd bəyin ailəsini (cavan arvadını və körpə qızını) evindən çıxararaq bütün əmlakını müsadirə edərək, mənzilini KQB müstəntiqi Xoren Qriqoryana verirlər. Əhməd bəy Azərbaycan SSR Siyasi İdarəsi Kollegiyasının məhkəməsi tərəfindən Milli Mərkəzin üzvü kimi güllələnməyə məhkum edilsə də, dörd ay sonra bu cəza 10 il işlə əvəz edilir. Amma "hökumət”in məqsədi Azərbaycanın tanınmış maarifpərvər ziyalısını bağışlamaq deyildi. Ona illərlə əzab-əziyyət vermək, şəxsiyyətini alçaltmaq, ailəsini dağıtmaq, mənliyini, qürurunu sındırmaq və sonra öldürmək idi məqsəd. Əslində Əhməd bəy həbs ediləndən - 1930-cu ilin dekabrından 1933-cü ilin iyununa qədər Bakıda Xalq Daxili İşlər Komissarlığının həbsxanasında aldığı işgəncələrdən, təhqirlərdən "ölmüşdü” və hər gün, hər an fiziki ölümünü arzulayırdı... Ağır işgəncələrdən sonra 9 ay həbsxananın xəstəxanasında yatan Əhməd bəy, nə bir protokola imza atır, nə də özünü günahkar bilir...
1933-cü ilin iyunun 8-də Əhməd bəyin işinə yenidən baxılır qalan həbs müddətinin Ulyanovskda çəkilməsinə qərar verilir və elə həmin gün ora sürgün edilir. Əhməd bəyin sürgün müddəti 1935-ci ilin sonlarında başa çatsa da, onun sənədlərini 1936-cı ilin əvvəllərində verirlər. O, 1936-cı ilin mayında Bakıya gəlir. Sağlamlığı və bütün arzuları məhv olmuş Əhməd bəyin bircə arzusu var idi. Yeganə övladı Sevdanı görmək...
Əhməd bəy 1924-cü ildə Xurşud xanımla Bakıda ailə qurmuşdu. Xurşud xanım Azərbaycan parlamentinin sədr müavini Həsən bəy Ağayevin qızı idi. Əhməd bəy həbs edildikdən sonra ailəsinə təzyiq göstərilməməsi üçün Xurşud xanıma boşanmaq təklifi etmiş, o da bu təklifi qəbul etmişdir. Xurşud xanım boşanaraq Əhməd bəyin Xalq Maarif Komissarlığında katibi olan Bahadur Eyvazova ərə gedir. Bahadur da Xurşud xanıma, "xalq düşnəni”nin qızı olan 7 yaşlı qızı Sevda ilə görüşməyi qadağan edir. Beləliklə, Sevdanın təlim-tərbiyəsi ilə nənəsi Xədicə xanım məşğul olur. Deyilənə görə, kürəkəninə böyük hörməti olan Xədicə xanım, qızı Xurşudun yenidən ailə qurmasına razı olmayıb və həmişə onu məzəmmət edərmiş. Bu haqda Əhməd bəyin qızı Sevda xanım söyləyir: "Mən atamı bir insan kimi nənəmin danışıqlarından tanıyıram. Nənəm atamı çox istəyirdi. Deyirdi ki, atam yalnız anama yaxşı ər olmayıb, həm də anamın bacıları Gülxura və Nəzakətə də atalıq edib”.
Bakıda qalmasının mümkün olmadığını hiss edən Əhməd bəy, Qazaxıstana gedir. Amma burada da onu sakit buraxmırlar. İkinci dəfə 7 iyul 1937-ci ildə həbs edilir. 1937-ci il 7 iyuldan 1938-ci ilin 3 iyuluna kimi KQB zirzəmisində yenidən cəhənnəm əzabını "yaşamalı” olur. Artıq işgəncələrə dözümü qalmayan (istintaq sənədlərindən belə aydın olur ki, əsəbləri tamamilə pozulub) Ə.Pepinov "etraf”lar etməyə də məcbur qalır. Həbsxana zirzəmilərində illərlə "gözlədiyi” ölüm, onu 1938-ci ilin 3 iyulunda haqlayır. Bu tarixdə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının qapalı iclası Kolpakov və Kulikinin sədrliyi altında keçirilir. 15 dəqiqə davam edən məhkəmə prosesi Ə.Pepinovu ən ağır cəzaya-güllələnməyə məhkum edir. Hökm elə həmin gün yerinə yetirilir.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər