AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Onların üzü torpaqlarımız işğaldan azad edildikdən sonra güləcək"

Təfsilat
31 May 2020, 12:45 150
"Bu günlər xalqımız öz tarixinin ən gözəl günlərindən birini - Respublika Gününü qeyd etdi. Artıq neçə illərdir ki, Azərbaycanda əlamətdar hadisələrin bayram edildiyi bir vaxtda dövlət başçısının iştirakı ilə sosial, ictimai əhəmiyyət kəsb edən obyektlərin istifadəyə verilməsi ənənəyə çevrilib. Koronavirusla mübarizə fonunda bu ənənənin davam etdirilməsi, cəmiyyətə, insanlara sevinc hissləri yaşatmaq istəyi vətəndaşlarımızda ruh yüksəkliyi yaratmışdır". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Partiya sədrinin sözlərinə görə, Respublika Günü Prezident İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə məcburi köçkünlər üçün salınmış "Qobu 3" yaşayış kompleksinin açılışı həyata keçirildi: "Burada normal həyat şəraitinə ehtiyacı olan 1336 məcburi köçkün ailəsi yerləşəcək. Yüksək təhsil üçün hər cür komfortu olan 960 şagirdlik məktəb və böyük uşaq bağçası da öz istifadəçilərini gözləyir.
"Qobu 1" və "Qobu 2" layihələri hələ ötən illərdə istifadəyə verilmişdir. 2300-dən çox köçkün ailəsi xeyli müddətdir ki, hər cür sosial infrastruktura malik həmin yaşayış kompleksində yaşayır. Xüsusi vurğulamaq istəyirəm ki, bu şəhərciklərin tikintisinin təşəbbüskarı Mehriban xanım Əliyevadır. Ümumiyyətlə, qaçqın, köçkün yurddaşlarımızın problemlərinin həllində ölkəmizin birinci xanımının böyük əməyi vardır.
Yadınızdadırsa, illər öncə Azərbaycanımızın hər yerində addımbaşı doğma el-obasından qovulmuş bacı-qardaşlarımızın məskunlaşdığı çadır şəhərciklərinə rast gəlmək olurdu. İndi onlardan əsər-əlamət qalmayıb.O,ağır çadır həyatı köçkün həmvətənlərimizin xatirələrində və röyalarında qalıb. Əlbəttə, bütün bunlar dövlətimizin, prezidentimizin diqqət və qayğısı ilə əhatə olunmuş yurd nisgilli həmvətənlərimizi sevindirir. Lakin onların üzü gerçəkdən torpaqlarımız işğaldan azad edildikdən sonra güləcək. Hamı inanır ki, o gün uzaqda deyil!".