• cümə axşamı, 28 mart, 16:05
  • Baku Bakı 16°C

“Onları Mehmanın taleyi zərrə qədər narahat etmirdi”

22.01.19 19:00 2048
“Onları Mehmanın taleyi zərrə qədər narahat etmirdi”
Özlərini demokratik qüvvələr adlandıranların Milli Şurası və AXCP-nin birgə təşkil etdiyi mitinq radikal müxalifətin ciddi elektoratının olmadığını, sosial bazalarının dağıldığını növbəti dəfə ortaya qoydu. Həmin gün bütün müxalifət partiyalarının, onların ətrafında olan müxtəlif təşkilatların birgə keçirdiyi mitinqdə cəmi-cümlətanı 2800 nəfər iştirak etdi. Əvvəlcədən gözlənildiyi kimi, mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. 25 ildən çoxdur dəyişməyən simalar, şüarlar, populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. 10-a yaxın adam çıxış etməsinə baxmayaraq, heç bir real təklif səslənmədi, konstruktiv ideya irəli sürülmədi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı. Beləliklə də Ə.Kərimli və dəstəkçilərinin bu dəfə də Mehman Hüseynov üzərindən oyun qurmaq, baş vermiş hər hansı hadisəni şişirdərək şəxsi maraqlarını təmin etmək cəhdi uğursuzluqla sona çatdı. Məhz buna görə də mitinqdə iştirak edən "liderlər”, eləcə də onların ətrafında toplaşanlar 20 Yanvar şəhidlərinin anım günündə Şəhidlər xiyabanının qarşısında qarşıdurma yaratmaqla ölkə ictimaiyyətinin diqqətini öz üzərlərinə cəlb etməyə çalışdılar. Lakin onların Şəhidlər xiyabanını öz siyasi oyunlarının meydanına çevirmək cəhdi də uğursuzluqla nəticələndi. Asayiş keşikçiləri 20 Yanvar şəhidlərinin anım günündə ölkədə ictimai-siyasi sabitliyi pozmağa hesablanmış bütün addımların qarşısını zamanında aldı. Milli Şura və AXCP-nin mitinqi, radikal müxalifətçilərin Şəhidlər xiyabanında qarşıdurma yaratmaq cəhdi, xarici qüvvələrin Mehman Hüseynov üzərində qurulan oyunları və sair məsələlərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin deputatı, siyasi şərhçi Sahib Alıyev cavablandırır.
- Sahib müəllim, yanvarın 19-da özünü demokratik qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Daha bir aksiyanın yanvarın 26-da keçiriləcəyi gözlənilir. Sizcə, belə mitinqlər sosial sifarişdirmi və ya cəmiyyətdə etiraz aksiyalarının keçirilməsi üçün tələbat varmı?
- Bu sifariş olmağına sifarişdir, təbii ki. Amma sosial, yəni cəmiyyətin tələbindən doğan sifariş deyil. Milli Şuranın yaradılması kimi bu yığınağın keçirdiyi etiraz aksiyası da geosiyasi sifarişdən qaynaqlanır. Azərbaycanın güclənməsini istəməyən, bizim təkcə sözdə deyil, əməldə də müstəqil olmamızdan, öz milli maraqlarımızdan çıxış etməyimizdən qıcıqlanan güclərin sifarişidir.
- Müxalifətin "liderləri” əvvəldən verdikləri bəyanatlarda geniş xalq kütləsinin mitinqdə iştirak edəcəyini söyləsə də, rəsmi məlumata görə aksiyada Milli Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. Müxalifətin elektoratının, tərəfdarlarının bu cür az olması, onların keçirdikləri mitinqlərə vətəndaşların maraq göstərməməsinə səbəb nədir?
- Azərbaycan vətəndaşları ölkə daxilində aksiyalar keçirmək üçün xaricdən sifariş verənləri və bu sifarişi yerinə yetirənləri yaxşı tanıyırlar. Cəmiyyətin gözündə onlar rüşvətxor məmurlardan heç nəylə fərqlənmirlər. Rüşvətxor məmur üçün dövlətin deyil, öz şəxsinin maraqları ön planda olduğu kimi bunlarda da belədir. Bunlar meydana rüşvətə qarşı olduqları üçün deyil, qrant adı altında rüşvət aldıqları üçün çıxırlar. Bunlar haqsızlığa qarşı deyillər. Daha çox haqq yemək niyyətindədirlər, o üzdən qışqırıb-bağırırlar. Bunlar anlayırlar ki, cəmiyyətdə arzuladıqları mövqedə olmaları üçün intellektləri, bacarıqları, təcrübələri yoxdur. Amma ən pisi budur ki, bunların heç birində milli təəssüb hissi də yoxdur. Xarici qüvvələrin gözündə onları cəlbedici edən də əsas budur – milli təəssübün yoxluğu, iddianın isə çoxluğu. Bilirlər ki, belələri dərə bəyləridir, dərəbəylik peşinədirlər. Ona görə də belələrini lider, jurnalist, bloqer, hüquq müdafiəçisi düzəldib atırlar ortaya. Baxın görün lider dediklərindən hansı birində liderlik keyfiyyəti var, hüquq müdafiəçisi adlandırdıqlarının hansı biri erməni girovluğunda olan soydaşlarımız haqda bir kəlmə deyib. Jurnalist kimi təqdim etdiklərindən hansı biri indiyədək jurnalistikanın tələblərinə cavab verən hansısa bir yazısını ortaya qoyub?
- AXCP sədri Əli Kərimli və tərəfdarlarının mitinqin səhəri günü Şəhidlər xiyabanında qarşıdurma yaratmaq cəhdini, digər insanlar kimi keçid qaydalarına riayət etməməsini, hətta bəzi müxalifətçilərin ictimai asayişi kobud şəkildə pozmasını, şou yaratmasını necə dəyərləndirirsiniz? Müqəddəs ruhların uyuduğu Şəhidlər xiyabanında belə hərəkətlərə yol verilməsi siyasi əxlaqa uyğundurmu?
- Əli Kərimli üçün müqəddəs heç nə yoxdur. Bunu hamı bilir. Onun bu hərəkəti təbii ki, əxlaqdan kənardır. Amma beləsindən bundan artıq nə gözləyirsiniz ki? Bu o adamdır ki, onu 27 yaşında dövlət katibi, sonra da özünə partiyada birinci müavini təyin edən adam- rəhmətlik Əbülfəz Elçibəy ölüm ayağında olanda haqqında böhtan dolu, heç bir əxlaqa və mənəviyyata sığmayan yazılar yazdırırdı. Beləsindən şəhidlərimizə nə sayğı gözlənilir? Siz yəqin fikir verdiniz, elə həmən günü şəhidlərimizin ziyarətinə gələn bir nəfər əlilimizi polislərimiz necə əllərində aparırdılar. Çünki onu oraya Vətən sevgisinin, şəhid sevgisinin gətirdiyini hiss etməmək mümkün deyildi. O əlilimizdə olan hiss Kərimli və yandaşlarında yoxdur, ola da bilməz. Əgər olsaydı, anındaca qrantları kəsilər, necə deyərlər, krantları quruyardı.
- Belə bir fikir var ki, Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar. Bu baxımdan keçirilən etiraz aksiyasını həm də son vaxtlar ölkədə aparılan islahatlara qarşı formalaşdırılan müqavimətin ilk təzahürü kimi dəyərləndirmək olarmı?
- Mən sizə dedim, bunlar rüşvətxor məmurlardan heç nə ilə fərqlənmirlər. Yeganə fərqləri təcrübə və bacarığın azlığı, iştahanın isə çoxluğundadır. Bir-birinə bənzədikləri, bir-birinin işlərinə yaradıqları səbəbindən bunların bir çoxunu elə həmən rüşvətxor məmurların yemlədikləri haqda deyilənlər təzə xəbər deyildi. Bəli, ola da bilsin ki, bu aksiyaların təşkilində komandadan uzaqlaşdırılmışların müəyyən maliyyə və sair dəstəkləri var. Amma bu dəstəksiz belə, onlar hakimiyyətin apardığı hazırkı islahatlardan narazıdırlar, həm də həmin məmurlardan daha çox narazıdırlar. Çünki bu islahatlar artıq bu cür adamların hakimiyyətə gəlmək yolunu birdəfəlik kəsir.
- Ötən həftə, daha dəqiq desək yanvarın 17-də Avropa Parlamentində ölkəmizlə bağlı müzakirələr aparıldı və bloger kimi qələmə verilən Mehman Hüseynov barəsində tələsik, hüquqi prosedurların sonunu gözləmədən, Azərbaycan tərəfinin mövqeyini öyrənməyə cəhd etmədən qərəzli qətnamə qəbul olundu. Azərbaycana qarşı belə qeyri-obyektiv, dəqiqləşdirilməmiş və qərəzli münasibətin arxasında nə dayanır?
- Mənim fikrimcə, Mehman aclıq yox, acıq edirdi. Azərbaycanı regiondakı digər ölkələr kimi öz asılılıqlarında saxlaya bilməyən, bundan qıcıqlanan və acıqlanan güclər də Mehmandan faydalanıb ölkəmizdən acıq çıxmağa çalışırdılar, çalışırlar. Yoxsa Mehman aclıq etdi, ya toxluq etdi onların nə vecinə? Belə aclığa qarşıdırlarsa, onda hər gün dünyada aclıqdan 40 min adam ölür. Toxluqdan ölənlərin sayı isə nə qədər qəribə də olsa ondan da çoxdur. Çalışıb bu məsələni yoluna qoysunlar da. Bu ki, onların əlindədir. Bəs niyə etmirlər? Əksinə, bir çox ölkələrdə xaos yaratmaqla dünyaya getdikcə daha çox aclıq toxumu səpirlər.
- Ötən gün bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün Prezident İlham Əliyevə müraciət edib. Dövlət başçısı bu müraciətləri nəzərə alıb, cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Baş prokurora tövsiyə edib. Nəticədə M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib. Bu hadisəni necə qiymətləndirirsiniz?
- Bir qədər əvvəl vurğuladığım kimi, Mehman aclıq yox, acıq edirdi. Bunun anlamsızlığını, bu cür hərəkətlərlə məqsədinə çatmayacağını, doğma qardaşı Emin Hüseynovun belə ondan faydalanmağa çalışdığını anlayıb, sonda Prezident İlham Əliyevə üz tutdu. Cənab Prezident də humanistlik etdi, öz vətəndaşının müraciətinə operativ reaksiya verdi. Ümid edirəm ki, son olaylarla Mehman kimin kim olduğunu bir daha gördü. O gördü ki, doğma qardaşı başda olmaqla guya onun "aclıq aksiyası”ndan hiddətlənənlər, əslində onu aclığa sövq edirdilər. Onları Mehmanın taleyi zərrə qədər narahat etmirdi. Əksinə, Mehmanın vəziyyəti nə dərəcədə dramatik olardısa, bundan daha çox faydalana biləcəklərini düşünürdülər. Lakin alınmadı. Mehman acıqla yox, açıq məktubla, sayğılı bir dillə istəyini yazaraq öz dövlətinin başçısının lütfünə sığındı. Cənab Preizdent İlham Əliyev də böyük humanistlik göstərdi. Kaş ki, onun humanistliyinin yüzdə biri Mehmanın acıq aksiyasına dəstək verənlərdə də olardı.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər