• cümə, 29 Mart, 15:34
  • Baku Bakı 14°C

Onlar üçün zaman, məkan anlayışı, milli qürur hiss olmayıb

27.02.19 10:30 513
Onlar üçün zaman, məkan anlayışı, milli qürur hiss olmayıb
Görkəmli fransız yazıçısı Viktor Mari Hüqo yazırdı: "Cəmiyyətdə yaxşılıq və pislik fərdlərlə ortaya çıxır”. Sovet dövründə də belə oldu. O, fərdlər ki, "yeni hökumət qururuq” adı ilə minlərlə insanların ailələrini, ocaqlarını tar-mar etdilər. Dağıdılan o ocaqlardan biri də İsgəndər xanla Şəhrabani xanımın ocağı oldu.
İsgəndər xan əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olub. 1820-ci ildə Gəncədə anadan olan İsgəndər xan uzun illər Çar ordusunda vuruşub, general-leytenant rütbəsinə kimi ucalıb. İsgəndər xan iki dəfə ailə qurub. İkinci nikahı Şəhrabani xanımla olub və bu nikahdan Hüseynqulu, Fətəli, Abbasqulu və Rüstəm xan dünyaya gəlib. Qardaşlardan üçü - Hüseynqulu, Fətəli və Rüstəm xan Azərbaycan milli istiqlal hərəkatının ən fəal iştirakçıları kimi adlarını tarixə həkk etdilər. Elə sovetlərin onlara yaşatdıqları cəhənnəm əzabı da buna görə idi.
Ailənin başçısı İsgəndər xan bir müddət Şəkidə yaşayıb və 1894-cü ildə vəfat edib. Ailənin bütün çətinlikləri Şəhrabani xanımın üzərinə düşüb. Çox çətin də olsa, ana, Fətəli ilə Rüstəmin ali təhsilli hüquqşünas, Hüseynqulunun isə mükəmməl hərbiçi təhsili almasına nail olub. Hər üçü təhsilini başa vuraraq vətənə qayıdıb. Xalqının, millətinin xoşbəxtliyi, inkişafı naminə çalışıblar. Amma çox təəssüf ki, bu, uzun sürməyib.
1920-ci ilin aprel işğalı nəinki onları, hətta, ömrünün ahıl çağında anaları Şəhrabani xanımı da qapılara saldı, bir tikə çörəyə möhtac qoydu. Lakin bununla da kifayətlənmədilər. Sinəsinə övlad dağı çəkdilər. Elə bir dağ ki, ananın ürəyi buna dözməyib partladı...
Şura "hökumət”i Şəhrabani anaya ilk zərbəni sonbeşiyi Rüstəm xanı həbs edən günü vurdu (Rüstəm xan Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət kabinetində dəftərxana rəisi və sosial təminat naziri vəzifələrini icra edib). Bolşeviklər 1920-ci ilin iyunun 5-də Rüstəm xan Xoyskini həbs edirlər. Oğlunu azad etdirmək üçün bolşevik gədaların qapılarına düşən ana, iki həftə sonra aldığı dəhşətli xəbərdən, sanki Rüstəmin həbsini "unudur”.
Fətəli Xan Xoyski 1920-ci ilin iyunun 19-da Tiflisdə bolşeviklərin əli ilə erməni qatilinin arxadan atdığı güllə ilə öldürülür (Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Hökumətin təşkilini həyata keçirən Fətəli Xan Xoyski bu dövrdə həm də Hökumət kabinetində Nazirlər Şurasının sədri və xarici işlər naziri vəzifələrini icra edib).
Bu dəhşətli hadisədən sonra qardaşların böyüyü Hüseynqulu xan da çox böyük məşəqqətlə vətəni tərk etməyə məcbur qalır. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir müddət Gəncə şəhər qubernatorunun müavini işləmiş və 1920-ci ilin mayında Sovet işğalına qarşı baş verən Gəncə üsyanında yaxından iştirak etmişdir.
Şəhrabani xanım həbsdə olan oğlu Rüstəm xanı bolşevik güllələnməsindən xilas etmək üçün od içində qovurulurdu. Günlərlə bolşevik "başbilən”lərinin qapıları ağzında gözlədi, yalvardı, yaxardı, alçaldı, göz yaşları tökdü... Ümidi yalnız Nəriman Nərimanova qalan ana, ona məktub ünvanladı: "Mənim oğlum Rüstəm artıq beş aydır ki, Azərbaycan Fövqəladə Komitəsi tərəfindən həbs edilib və indiyə qədər həbsdədir. ...Sizdən acizanə xahiş edirəm, yoldaş Nərimanov, şəxsən, yaxud mənim xahişimi müzakirəyə qoyaraq, Azərbaycan İnqilab Komitəsi oğlumu, mənim yeganə ümidimi mənə qaytarsın və onu layiq olmadığı ləkədən xilas etsin. Mən əminəm ki, bədbəxt ağbirçək ananın xahişi Sizin tərəfinizdən cavabsız qalmayacaq. Şəhrabani xanım Xoyski”.
Təəssüf, çox təəssüf ki, bir çox ziyalılarımızı repressiyanın məngənəsindən qurtaran N.Nərimanov, Rüstəmin azad edilməsinə nail ola bilmir. 1920-ci ilin 31 avqustuna qədər həbsxanada saxlanılan R.Xoyski sürgün edilir və 1939-cu ildə vəfat edir.
Rüstəm xan Xoyskinin ögey qardaşı Cahangir xan Xoyski də Azərbaycan ordusunun zabiti olub və qardaşı Hüseynqulu xanla birlikdə Gəncə üsyanında bolşeviklərə qarşı igidliklə vuruşub. 1920-ci ilin iyunun son günlərində onu da ailəliklə həbs edib Sibirə sürgünə göndərirlər.
Bu da sovetlərin yüzlərlə, minlərlə azərbaycanlı anaya yaşatdığı faciədən biri. Bu da uzun illər şairlərimizin, yazıçılarımızın vəsfinə saysız-hesabsız şeirlər, poemalar, romanlar həsr etdiyi, xalqımıza "xoşbəxtlik” gətirən Şura hökuməti. O, hökumət ki, imperiya niyyətini həyata keçirmək üçün erməni və rus bolşeviklərinin əli ilə hər cür dona girdi. Amma bu da danılmaz bir faktdır ki, imperiya siyasətini silah gücünə davam etdirən (özü də çox amansız şəkildə, qəddarcasına) Əliheydər, Çingiz, Həmid, Qəzənfər, Dadaş kimi vəzifə düşkünlərimizin də "əməyi” az olmayıb bu işdə.
Hörmətli oxucum! Elə düşünmə ki, "Mərkəz sevdalılar”ımız yalnız Şura hökuməti yeni qurulanda olub. Yox, "ölkədəki siyasi hakimiyyətin dinamikliyi” onu yola salanda da hiss edilib və onların milli mentalitetə, milli ruha, klassikaya "nihilist münasibəti hələ də özünü əks etdirib.
...1984-cü ilin sonları idi. Görkəmli yazıçımız Manaf Süleymanlıdan "Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsəri ilə bağlı müsahibə götürürdüm. Manaf müəllim söhbət zamanı bildirdi ki, məni, "zəhmətkeşlərin qanını sormuş istismarçı” Hacı Zeynalabdin Tağıyevi tərənnüm etdiyimə görə məni ifşa edirlər, gərək Yazıçıları İttifaqından xaric olunam...
Yenə təəssüf! Min təəssüf ki, Manaf müəllimin Yazıçılar İttifaqından xaric edilməsini istəyənlərin, Şəhrabani xanım kimi yüzlərlə anaları oğulsuz, ağlar günə qoyanların arasında öz soydaşlarımız da var idi. Sadəcə, tarix üçün o qədər də çox olmayan zaman keçmişdi. 1920-ci il - 1984-cü il. Dəyişməyən yalnız "Mərkəz sevdalı” vəzifə düşkünlərimiz idi.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər