• şənbə, 20 Aprel, 00:26
  • Baku Bakı 15°C

Onlar idarəetməyə yeni nəfəs gətirəcəklər - Araşdırma

31.10.19 18:20 2915
Onlar idarəetməyə yeni nəfəs gətirəcəklər - Araşdırma
Təhsil almağın, özünüinkişafın məntiqi sonluğu iş tapmaq, karyera qurmaq və müəyyən vəzifələrdə çalışmaqdır. Təhsil və bacarıq üst-üstdə düşdükdə isə bu, gəncin uğurlu vəzifələrdə çalışacağından xəbər verir. Azərbaycanda aparılan gənclər siyasətinin nəticəsində bu gün ölkədə savadlı, istedadlı, intellektual gənclik kifayət qədərdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də yaşlı nəslə yerlərini gənc nəsilə verməyi tövsiyə edib. Prezident gənclərə meydan verir. Bəs gənclər necə? Onlar dövlətin yükünü çiyinlərinə almağa qadirdirmi?

"Onların böyük bir hissəsi dünyanın ən öndə gedən təhsil ocaqlarının məzunlarıdır”

Azərbaycan İnsan Resursları Assosiasiyasının İdarə heyətinin üzvü, Karyera Planlama üzrə ekspert İlkin Məcidovdeyir ki, ölkədə müasir dövrdə gənc kadrlar korpusunun formalaşmasında gəncliyin təhsili ilə bağlı zamanında atılmış addımlar öz sözünü deyir: "Diqqət yetirsək, görərik ki, rəhbər vəzifələrə irəli çəkilən gənclərin böyük bir hissəsi dünyanın ən öndə gedən təhsil ocaqlarının məzunlarıdır. Deməli, gəncliyin beynəlxalq standartlara cavab verən, yüksək səviyyəli təhsilə yiyələnməsi istiqamətində qarşıya qoyulan məqsədlər bu gün öz bəhrəsini verir. İrəli çəkilən gənclərin əsasən xaricdə təhsil alması və ya xaricdə təcrübə keçməsinə böyük önəm verilməsi idarəçilik sistemində beynəlxalq təcrübədən istifadə və innovativliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, xaricdə təhsil alan və ya təcrübə keçən həmin gənc kadrlar əldə etdikləri müasir bilikləri tətbiq etməklə təmsil olunduqları sahənin inkişafına töhfə verirlər”.

"Gəncliyin potensialı daha çoxdur”

Həmsöhbətimiz deyir ki, idarəetmə sistemində müasir yanaşmaların tətbiqi üçün gənclərin rəhbər vəzifələrdə işləməsi vacibdir: "Gənclərin mükəmməl xarici dil biliklərinə yiyələnməsi də təmsil etdikləri sahələr üzrə müasir yenilikləri əyani şəkildə izləmək imkanı verir. Hər şeydən öncə isə idarəetmə sistemində müasir yanaşmaların tətbiqi baxımından qabaqcıl ölkələrdə təhsil almış və təcrübə keçmiş gənclərdən istifadə edilməsi öz müsbət nəticəsini qısa müddət ərzində verəcək. Ümumilikdə, gənclərin rəhbər işlərdə irəli çəkilməsi digər aspektlərdən də təqdirəlayiq hesab oluna bilər. İlk növbədə o qeyd edilməlidir ki, gəncliyin potensialı daha çoxdur və o, özünü reallaşdırmağa meyllidir. Gənclər mütəmadi olaraq, yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərir. Bu isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Digər tərəfdən, yeni nəsil yaşlı nəsillə müqayisədə müasir dövrün tələblərinə daha tez uyğunlaşır, elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir, onun tətbiqinə üstünlük verir. Bu baxımdan, yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verə bilər”.

İ.Məcidov deyir ki, hazırda gənc kadrların rəhbərlik etdiyi və ya rəhbərliyində təmsil olunduğu qurumların fəaliyyətində nəzərə çarpan innovativlik və məhsuldarlıq aparılan siyasətin uğurunu göstərir: "Sevindirici hal odur ki, bu siyasət daha öncədən planlı şəkildə həyata keçirilir. Bariz nümunə kimi ilk nazirliklərdə biri olan Gənclər və İdman Nazirliyinin misal göstərmək olar. Bütün görülən işlər bu gün öz bəhrəsini verir”.


"İnsan yaşlandıqca təbii olaraq daha stabil həyat tərzinə keçmək istəyir”

Yuxarıda da qeyd etdiyimiz kimi, uğurlu gənclər siyasəti nəticəsində bir qisim gənclik xaricdə işləyir və ölkəmizi təmsil edir. O gənclərdən biri də "Uğur hekayəsi” rubrikamızın qəhrəmanı, Lüksemburqda "Vodafone” şirkətinin qlobal satınalma üzrə meneceri Emin Quluyevdir. Emin deyir ki, dövlət gəncliyin enerjisindən müsbət mənada istifadə etməlidir: "Düşünürəm ki, gənc dedikdə, insanın ağlına gələn ilk fikir "yenilikçi”dir. İngiltərədə aparılmış araşdırma göstərir ki, bir insanın ən çox enerjiyə sahib olduğu yaş çağı 30-35-dir. Enerjiyə sahib gənclər normalda ailədəki sistemi, işlədikləri şirkətdəki sistemi və dövlətdəki sistemi sorğulayıb analiz edirlər. Nəyin doğru işlədiyini qeyd edib, nəyin daha effektiv işləməli olduğunu deyirlər. İnsan yaşlandıqca təbii olaraq, daha stabil həyat tərzinə keçmək istəyir. Ona görə də bir çox hallarda innovativ fikirləri dəyərləndirmək həvəsində olmurlar”.

Həmsöhbətimiz deyir ki, hətta əsası 19-cu əsrdə qoyulan şirkətlər var ki, onlar maliyyə baxımından hazırda stabil olsalar da innovasiya və yüksək gəlirlilikdə çox geri qalırlar: "Onlar çıxış yolunu şirkətin korporativ mədəniyyətini dəyişməkdə görürlər. Bunun da yeganə və ideal yolu gəncləşdirmə siyasətidir. Ford, IBM, Vodafone kimi şirkətlər korporativ mədəniyyəti gənclərə uyğunlaşdırmaq üçün xüsusi araşdırma aparıb, şöbələr yaradırlar. Mən daxil, ətrafımda sayılı gənc var ki, dövlətimizə xidmət etmək, töhfə vermək istəyir. Təəssüf ki, rəhbər vəzifələr üçün iş elanları ictimai paylaşılmır. Bu illərdə bizim dövlət qurumlarında bəzən rəhbər vəzifələrə gənclərin təyin olunması xoş haldır. Onların gətirdiyi yenilik və müsbət dəyişiklər hamıya bəllidir”.
Gənc menecer onu da vurğuladı ki, rəhbər vəzifələrə yaş limiti qoymaq diskriminasiya əlaməti ola bilər: "Məsələyə digər tərəfdən yanaşsaq, o demək deyil ki, gənc kadr gəlsə, o sahə mütləq dəyişəcək, yaxud rəhbərlikdə yaşlı birisi olsa dəyişməyəcək. Azərbaycan yaşlı amma innovativ, mühüm işlər görən insanlar var. Belə peşəkarların sırf yaşına görə bir gənclə əvəzlənməsi haqsızlıq olar. Ümumilikdə, vəzifələrə yaş limiti qoymaq diskriminasiya əlaməti olar. Rəhbər vəzifələrə yaşından asılı olmayaraq, yenilikçi, innovativ şəxslər dəvət olunmalıdır”.


"Onlar yeni nəfəs gətirə bilərlər”

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov da gənclərin idarəçiliyə yeni nəfəs gətirəcəklərini vurğulayır: "Prezidentin gənc kadrlara müraciətinin kökündə o dayanır ki, prezident dövlət idarəçiliyinə yeni nəfəsin gəlməsini istəyir. Artıq Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə apardığı gənclər siyasətinin bəhrəsi olaraq yeni kadrlar formalaşır. Onlar dövlət idarəçiliyində təmsil olunub yeni nəfəs gətirə bilərlər. Dövlət hər zaman gənclərə önəm verib və bununla bağlı ciddi işlər həyata keçirilib. Artıq həmin gənclik formalaşıb və indi onların bəhrəsini görməyin vaxtıdır. Azərbaycanda milli dəyərlərə bağlı savadlı, bilikli, intellektual gənclik formalaşıb. Azərbaycan gəncliyinin səsi dünyanın ən mötəbər qəzetlərindən gəlir. Azərbaycanın etibar edəcəyi gənclər var və bu gənclərin idarəçiliyə cəlb etməklə effektiv nəticələri almaq mümkündür. Prezident enerjili, potensiallı, dünyada gedən prosesləri yaxşı bilən, işinin peşəkarı kadrları idarəçilikdə görmək istəyir. Yaşlı nəslin nümayəndələri öz yerlərini cavan nəsilə verməlidir”.

Ekspert vurğuladı ki, bu gün adi ağıllı telefondan istifadə etməyi bilməyən yaşlı nəslin rəhbər vəzifədə olması düzgün deyil: "Yaşlı nəsillə cavan nəsil arasında olan gərginliyi hər zaman hiss etmişəm. Bu, elmdə, təhsildə də belədir. Kadr islahatlarına getmək olduqca vacibdir. Dünyanın çağırışları, tələbləri dəyişib. Adi smartfondan istifadə edə bilməyən bir adam böyük quruma rəhbərlik edə bilməz. Əlbəttə, gənclərin belə vəzifələri icra etməsi perspektivlidir. Məsələn, Təhsil Nazirliyində gənc bir oğlan islahatlar apararaq ciddi bir dönüş yaratdı. Həmçinin Vergilər Nazirliyində illərlə yığılmış problemlərini qısa müddətdə aradan qaldırdı. Ölkənin vacib sütunu normal fəaliyyət göstərdi. Gənclərin işlərindəki peşəkarlığını görməmək ədalətsizlik olar”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər