Onkoloji xəstəliklərin müalicəsində yeni metodun hansı əhəmiyyəti var?
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutu Səhiyyə Nazirliyinin
Milli Onkologiya Mərkəzi ilə birgə süni intellekt vasitəsilə onkoloji xəstələri
müəyyən edə bilən yeni metod hazırlayıb. Trend-in məlumatına görə, AMEA-nın
Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov deyib ki,
onkoloji və neyrodegenerativ xəstəliklər müasir biotibbin ən prioritet
istiqamətlərindəndir.
İqtisadi
cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm səbəblərinin strukturunda
bədxassəli şişlərin 18-23 faizlə ikinci yeri tutduğunu deyən natiq dünya
əhalisinin təxminən 10 faizinin yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən
əziyyət çəkdiyini əlavə edib: "Bu xəstəliklərin hər birində genetik,
stress və başqa amillər mühüm rol oynayır. Bu çoxamilli xəstəliklərin yaratdığı
tibbi-sosial problemləri həll etmək üçün yeni innovativ, multidissiplinar
yanaşmaların tətbiqinə böyük ehtiyac var".
Məruzəçi
xəstəliklərin başlanğıc mərhələsini aşkar edə bilən yeni skrininq metodların
tətbiqinin vacib olduğunu xüsusi qeyd edib. Vurğulayıb ki, bu yanaşma həm
xəstələrin yaşama müddətinin və sağalma ehtimalının artması, həm də iqtisadi
səmərəlilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.
O.Qasımov
Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzinin birgə işləyib hazırladığı
süni intellekt vasitəsilə ağciyər xərçənginin proqnozu üzrə aparılan işlərin
uğurlu nəticələr verdiyini söyləyib: "Maşın öyrənməsi" fazasında
sağlam və xəstə insanların qan plazmaları Furye Çevirici İnfraqırmızı
spektrləri multivariat statistika vasitəsi ilə təsnif olunub, onun icrası
yoxlanılıb, lazım gəldikdə optimallaşdırılıb. Maşın bu biliklərdən istifadə
etməklə naməlum nümunələri multivariat statistika vasitəsi ilə təsnif edib
proqnoz verir. İşlənib hazırlanan sistem sağlam insanları 80 faizə, ağciyər
xərçəngi olan xəstələri isə 90 faizə qədər dəqiqliklə təyin edə bilir. Bu
tədqiqatları davam etdirmək və maşın biliyinin həcmini artırmaqla təsnifatı
daha da təkmilləşdirmək zəruridir".
O.Qasımov
bildirib ki, bu gün tibdə müasir çağırışlara cavab olaraq, fərdi təbabət
istiqamətini inkişaf etdirmək üçün AMEA-nın Biofizika İnstitutunda hüceyrə
texnologiyaları bazasının yaradılmasına ehtiyac var.
Günümüzdə
xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı durmadan artır. Ölkəmizdə hər il
1100-ə yaxın insana xərçəng diaqnozu təyin edilir. Əlbəttə, ilkin diaqnoz
xəstəliyin müalicəsi baxımından çox önəmlidir. Amma təəssüflər olsun ki, hər
kəs bu xəstəliklə sonuna qədər mübarizə aparmağı bacarmır. Bəs görəsən yeni
metod xəstəliyin müalicəsində hansı töhfələri verəcək?
Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, onkoloji xəstəlikləri müəyyən edən müjdəçi simptomlar
hələlik konkret deyil: "Halsızlıq, qanda hemoqlobinin aşağı düşməsi, müxtəlif
dərəcəli ağrılar onkoloji xəstəliklərin simptomları kimi qeyd olunur. Amma bu, dəqiq
diaqnoz qoymaq üçün kifayət etmir. Çünki sadaladığım simptomlar başqa
xəstəliklərin də əlaməti ola bilər. Yəni bu elə bir xəstəlikdir ki, birmənalı
olaraq onun əlamətlərini təyin etmək olmur. Spesifik zülallar və proteinlər var
ki, onkoloji xəstəliklər zamanı onların miqdarı artır. Onların monitorinqinə
əsasən xəstəliklərin dinamikası ilə bağlı nəzarət həyata keçirilir. Amma hətta
bu da dəqiq göstərici demək deyil. Təəssüflər olsun ki, hələlik bu xəstəliyin
birmənalı həlli yoxdur. Tibb sahəsində bununla bağlı böyük tədqiqatlar və
araşdırmalar edilir. Bədəndə onkoloji fona gətirib çıxaran səbəblərin müəyyən
edilməsi, xərçəng əleyhinə müdafiə sisteminin pozulması səbəbləri, eyni zamanda
ilkin əlamətlərin müəyyənləşdirilməsi sahəsində müxtəlif işlər görülür.
Təəssüflər olsun ki, ən müasir metodlar belə bəzi onkoloji xəstəliklərin
qarşısında çarəsizdir. Vaxtında aşkar edilə bilməyən onkoloji xəstəliklər
çoxdur. Bu mənada yeni yaradılan və təklif edilən müalicə metodları xüsusi
əhəmiyyətə malikdir. İstər diaqnostikada, istərsə də monitorinqdə yeni metodlardan
istifadə böyük əhəmiyyət daşıyır. Ona görə də hesab edirəm ki, bu sahədə
yaradılan istənilən metod mühüm addım kimi qiymətləndirilməlidir. Xərçəng
xəstəliyinə orqanizmin hər yerində təsadüf etmək olar. Biz həmişə dolayı
əlamətlərə əsasən diaqnoz qoyuruq. Bəzən hətta ən sadə üsullar da xəstəliyin müalicəsində
mühüm rol oynayır”.
Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlıbildirdi ki, yeni metod bu sahədə müxtəlif irəliləyişlərə səbəb ola bilər: "Hazırda
onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Bölgələrdə
yaşayan insanlar isə hər dəfə mərkəzə gedə bilmirlər. Amma onkoloji xəstələr
daim nəzarətdə olmalıdır. Xəstəliyin gedişatından asılı olaraq 3, 6 aydan bir, yaxud
ildə bir dəfə mütləq həkim müayinəsi olmalıdır. Bu xəstəliyin ən əsas problemi
gecikmə ilə bağlıdır. Erkən diaqnoz xəstəliyin müalicəsində böyük əhəmiyyət
daşıyır. Yəqin ki, süni intellektlə müalicə metodu həkimlə xəstə arasındakı
münasibətləri daha yaxşı nizamlayacaq. Bu elə bir xəstəlikdir ki, ilk
aşkarlandığı dövrdən sonrakı bir neçə il ərzində daimi nəzarətdə olmalıdır. Ümid
edirəm ki, yeni metod laborator müayinələr və digər məsələlərlə bağlı daha sadə
həll yolları təklif edir. İstənilən halda xərçəng xəstəliyinin müalicəsi ilə
bağlı yeni metodun kəşf edilməsi müsbət addım kimi qiymətləndirilməlidir”.
Şəbnəm