“Omikron”un yaratdığı təlaş - ARAŞDIRMA
İnfeksionist həkim deyir ki, bu gün xəstəliyi ağır keçirənlər, reanimasiya
tədbirlərinə ehtiyacı olanların əksəriyyəti vaksinasiya olunmayan şəxslərdir. Əhalinin
peyvəndləmədə aktiv iştirakı xəstəliyin ağır gedişlərindən qoruya bilər.
"Omikron” artıq ölkədə təlaş yaratmağa başlayıb.
Yoluxanların sayının sağalanları üstələməsi, yoluxma sayının pik həddə qalxması,
demək olar ki, hamının evində xəstələrin olması cəmiyyəti narahat edir. Bəs bu
şəraitdə nə etməliyik?
Xəstəliyin yüngül olması o demək deyil ki...
Həkim infeksionist Süleyman Kamilov deyir ki, xəstəliyin kliniki gedişinin əvvəlki
ştammlara nisbətən yüngül olması o demək deyil ki, ağırlaşmalara səbəb
olmayacaq: "Yeni "omikron” variantından sonra bütün ölkələrdə olduğu kimi Azərbaycanda
da yoluxma sayında ciddi artım müşahidə olunur. Yoluxduruculuq qabiliyyəti digərlərindən
çox olsa da, xəstəliyin kliniki gedişi əvvəlki ştammlara görə daha yüngüldür.
Amma yenə bəzi fərdlərin, xüsusilə, risk qrupunda olanların xəstəliyi ağır
keçirmə ehtimalı var. Nəzərə almalıyıq ki, bu variantda təkrar yoluxma nisbəti əvvəlki
mutasiyalarla müqayisədə çox yüksəkdir”.
"Peyvənd olunanlar da xəstəliyə yoluxa bilər”
Həkim infeksionist vurğulayır ki, virusun yeni və
sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu
vaksinasiyadır: "Əhalinin vaksinasiyada aktiv iştirakı xəstəliyin ağır gedişlərindən
qoruya bilər. Bəzən insanlar düşünür ki, vaksinasiya olunanlar xəstəliyə
yoluxmamalıdır. Kimsə yoluxanda da vaksinasiyaya qarşı sərt mövqe bildirirlər.
İnsanlar bilməlidir ki, peyvənd olunanlar da xəstəliyə yoluxa bilər. Amma bu
peyvənd sayəsində xəstəliyi yüngül və ya asimptomatik keçirirlər”.
Kimlər reanimasiyaya düşür?
Həmsöhbətimizin sözlərinə görə, reanimasiya tədbirlərinə
ehtiyacı olanların əksəriyyəti vaksinasiya olunmayan şəxslərdir: "Peyvəndlənmədə
iştirak etmək, 2 dozadan sonra "buster” dozanın icrası xəstəliyə qarşı immun səviyyəsini
daha da qüvvətləndirir. Bu gün xəstəliyi ağır keçirənlər,
reanimasiya tədbirlərinə ehtiyacı olanların əksəriyyəti vaksinasiya olunmayan şəxslərdir.
Stasionar bölümdə vaksin olunanların digərlərinə nisbətən xəstəliyi çox
yüngül keçirdiklərini müşahidə etmişəm. Vaksin bütün illərdə infeksion xəstəliklərdən
qorumaq və həyat qurtarmaqda ön planda olub. Bu, COVID əleyhinə də əsas
silahdır”.
Normal həyata qayıtmağın yeganə yolu
İnfeksionist bildirir ki, virusa qalib gəlmək,
yoluxma sayında artımların qarşısını almaq üçün vaksinasiya ilə yanaşı, xüsusi karantin
rejiminin qaydalarına da ciddi şəkildə riayət olunmalıdır: "Fiziki məsafənin
saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar virusun
variantından asılı olmayaraq bizi qoruyur. Vaksinasiya və karantin qaydaları xəstəlikdən
qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur”.
"İnsanlar qaydalara əməl etmir”
Həkim Elvin Hüseynov deyir ki, insanlar qaydalara əvvəlki kimi əməl
etmirlər: "Omikron” variantı aşkarlandığı ölkələrdə "delta” variantını
sıxışdırdı. Bu gün aparıcı ştamm "omikron”dur. Azərbaycanda da sürətli artım
gözlənilən idi. Çünki "omikron” yuxarı tənəffüs yollarında inkişaf edir, sürətlə
artır. Virus yükü artdığına görə də, həddindən artıq yoluxdurucudur. Digər tərəfdən
insanlar qaydalara əvvəlki kimi əməl etmirlər. Əsasən də, maskadan istifadə
olunmaması, ara məsafəsinin gözlənilməməsi, "lokdaun” tədbirlərinin, demək olar
ki, ləğvi, karantin müddətinin aşağı salınması yoluxmaların artmasında rol
oynayır”.
"Yoluxma yüksək olsa da...”
Həmsöhbətimizin sözlərinə görə, yoluxma yüksək olsa
da, təşvişə düşməməliyik: "Əsas narahatedici məqam xroniki xəstəliyi olan
insanların yoluxma ehtimalının çox olması və səhiyyə sisteminin yüklənməsi
ehtimalıdır. Normal, yanaşı xəstəliyi olmayan cavan insanlarda "omikron” "delta” variantına nisbətən daha yüngül
keçir. Ona görə də, bunu təhlükəli, qorxulu hesab etmirəm. Digər tərəfdən, əksəriyyət
artıq yoluxub və sürətli peyvəndləmə aparılıb. Zənnimcə, bu variant
pandemiyanın sonunu gətirəcək. Çox güman ki, yay aylarına qədər xəstəliyə qalib
gələcəyik. Amma qışda tənəffüs yollarının istənilən virus infeksiyasına həssas
olduğu bir dönəmdə, karantin tədbirlərinə əməl etmək lazımdır ki, yaşlı və xroniki
xəstəliyi olan əhali yoluxmasın. Çünki cavan və yanaşı xəstəliyi olmayan
insanda virusun hər hansı ağırlaşmaya səbəb olması ehtimalı aşağıdır”.
"Qaydalara ciddi şəkildə riayət etmək lazımdır”
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
açıqlayıb ki, "omikron” xüsusilə peyvənd olunmuşlarda, "delta” ilə müqayisədə
daha təhlükəsiz görünsə də, bu, onun mülayim kateqoriyalara aid edilməsi demək
deyil: "Əvvəlki variantlar kimi, "omikron” da insanların xəstəxanaya
yerləşdirilməsinə səbəb olur, öldürür. Əslində, yoluxmaların dalğası o qədər
böyük və sürətlidir ki, bütün dünyada sağlamlıq sistemlərini sıxışdırır. Ona
görə də, qaydalara ciddi şəkildə riayət etmək lazımdır”.
Aygün ƏZİZ