AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Omikron” ştamı peyvənd olunmayan insanlar arasında xəstəxanaya yerləşdirilən insanların sayını artırır

Təfsilat
03 Dekabr 2021, 17:14 141
Koronavirusun "omikron” ştamı, koronavirusa qarşı peyvənd olunmuş insanlarda xəstəliyin yüngül formasına səbəb olur, lakin peyvənd olunmayanlar xəstəxanaya yerləşdirmə təhlükəsi ilə qarşılaşa bilər. AZƏRTAC "TASS” Agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının səhiyyə naziri Co Paahla bildirib.
"Omikron” ştamı peyvənd edilmiş şəxslərdə xəstəliyin yüngül formasına səbəb olur, lakin peyvənd olunmayanlar arasında xəstəxanaya yerləşdirilənlərin sayını artırır", deyə o, Cənubi Afrika Respublikasının Səhiyyə Nazirliyinin portalında yayımlanan brifinqdə bildirib.
Co Paahla deyib ki, Cənubi Afrika Respublikası koronavirus pandemiyasının dördüncü dalğasının astanasındadır. "Son yeddi gündə COVID-19-a yoluxma hallarının sayı kəskin artıb", - deyə o vurğulayıb. - Mövcud dalğada artım əvvəlki üç dalğadan qat-qat kəskindir". Onun sözlərinə görə, paytaxt Qauteng əyaləti "omikron” ştamının yayılması episentri olaraq qalır, lakin infeksiya ölkənin digər bölgələrində də yayılır.
"Omikron” ştamının insandan-insana asanlıqla ötürüləcəyi barədə təsdiqlənmiş məlumatlarımız var", - deyə Co Paahla bildirib. – Koronavirus əleyhinə peyvənd vurdurmayanların hamısı özlərini ondan qorumaq üçün mümkün qədər tez vaksinasiyadan keçməlidir".
"Omikron” ştamının mənşəyinə toxunan Co Paahla qeyd edib ki, koronavirusun bu variantı ilk dəfə olaraq Botsvanada aşkar edilib. "Lakin bunun necə və harada yarandığını hələ bilmirik", - deyə nazir qeyd edib.
Cənubi Afrika Respublikasında son 24 saat ərzində koronavirusa yeni yoluxma hallarının sayı ötən gün 8561 ilə müqayisədə 11535 təşkil edib. Yoluxanların sayında ən böyük artım paytaxt Qauteng əyalətində qeyd olunmaqda davam edir – ötən gün 6168 ilə müqayisədə 8280 təşkil edib. Xəstələrin böyük əksəriyyəti "omikron” ştamına yoluxub.
Keçən həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda aşkar edilən B. 1.1.529 koronavirus ştamını "omikron” yunan hərfi ilə adlandırıb. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında, bu növün "çoxlu sayda mutasiyaya uğradığı, onlardan bəzilərinin isə narahatlıq doğurduğu" deyilirdi. Bu günə qədər dünyanın 30-a yaxın ölkəsində "omikron” ştamının mövcudluğu aşkar edilib.