• cümə axşamı, 28 mart, 21:56
  • Baku Bakı 13°C

“Oğlumun arzularını reallaşdırıram” - Mənim balam

05.04.19 13:40 4113
“Oğlumun arzularını reallaşdırıram” - Mənim balam
Müsahibimin iki övladı var – bir-birindən fərqli. Fərq ondadır ki, birinin adı çox uzundur. O, övladlarına öz əməyini, sevgisini, qayğısını, həyatının ən gözəl illərini verib. Oğlu Musa anadan olduqdan sonra onun adını ləqəb olaraq götürüb, Dilşad Musa kimi tanınıb. İndi oğlu Musanın 11, təsisçisi olduğu "Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin isə 9 yaşı var. Dilşad Musa deyir ki, "Dəcəl Balam” onun qızı, Musa isə oğludur.

Eyni zamanda Ailə, Qadın və Uşaqlara Dəstək İctimai Birliyinin sədri olan D.Musa "Mənim balam” rubrikamızda iki dəcəllə necə yola getdiyindən danışdı. Deyir ki, Musa onun iş həyatının əsas qayəsidir:
- Musa məni işə həvəsləndirən bir stimuldur. O olmasaydı, mən bu səviyyəyə qədər gəlib çatmazdım. Bilirsiniz ki, ixtisasca ingilis dili üzrə tərcüməçiyəm. İxtisasımla əlaqədar olaraq tamam başqa bir sahədə də işlərimi qura bilərdim. Ancaq bütün planlarımı Musanın üzərindən qurdum. Əvvəllər beynəlxalq bir təşkilatda işləyir, səhər gedir, axşam gəlirdim. İş xanımı olduğum üçün övladımla çox az təmasda olurdum. Mən Musadan, o da məndən ötrü darıxırdı. Gördüm ki, övladım ətrafındakı insanlara məndən daha çox öyrəşir və bu məndə bir qısqanclıq hissi yaradır. O an qərar verdim ki, gələcəkdə işlərimi elə qurmalıyam ki, oğlum yanımda olsun. Bütün həyatımı bunun üzərinə köklədim. "Dəcəl Balam” adında foto-müsabiqəyə başladıq və ilk dəfə 150 foto qəbul etdik. Onların içərisindən yalnız 10 uşağı qalib seçdik. Daha sonra foto-müsabiqədə iştirak edənləri bir araya toplayıb, uşaq yığıncağı keçirdik. Gördüm ki, valideynlər arasında bu sahəyə böyük maraq var. Üzvlük kartları yaratdıq. 150 ailə bizim üzvümüz oldu. Həftə sonları görüşlər keçirdik, ancaq bununla da kifayətlənmədik. Valideynlər təklif etdilər ki, işi bir az genişləndirək və onlar uşaqlarını mənə etibar etsinlər, belə bir layihə ilə yola davam etməyimi istədilər. O zaman mənim 26 yaşım vardı. Sözün açığı, bir az çəkinirdim. Çevrəmdəkilər mənim yaxşı işim olduğunu, "Dəcəl Balam” kimi bir layihəyə başlayaramsa, məni çox çətinliklərin gözləyəcəyini dedilər. Hətta gözümü qorxutmaq üçün borca düşəcəyimi, kredit götürəcəyimi, bəzən zəhmətlə qazandığım uğuru sıfıra endirəcəyimi, bəzən hər şeyi batıracağımı, çox çətinliklə yenidən qalxacağımı, arxamca hər sözün deyiləcəyini bildirmişdilər. Bunların hamısı həqiqətən başıma gəldi. Düzdür, çətin oldu. Ancaq mən bacardım.

- Musanın 11, "Dəcəl Balam”ın 9 yaşı var. Demək, işiniz də övladınızla bərabər böyüdü.
- Musa ilə "Dəcəl Balam” mənimlə bərabər böyüdülər. Əvvəl mən Musa üçün çalışırdımsa, indi biz çiyin-çiyinə çalışırıq. Bu günə qədər həyata keçirdiyim layihələrin ideya müəllifi məhz Musadır. Musanın gözü ilə dünyaya baxdım və onun gözündə uşaqların nə istədiyini görə bildim. Oğlumun sayəsində bilirəm ki, bu gün uşaqlar nə istəyir. Hərdən mənə deyirlər ki, oğlun böyüdükcə hədəflərin dəyişir. Ancaq, əksinə, biz "Dəcəl Balam”ın televiziya variantını etdik, bir sıra uşaq filmlərində tərəfdaşlıq etdik, hər il yeni layihələr etdik və beləliklə, komandamız da, özümüz də böyüdük.
- Bəs hazırda hansı layihələr üzərində çalışırsınız?
- Hazırda Musanın təklifi ilə "YouTube” kanalı açmışıq. Dövrün tələbi ilə hərəkət edirik. İşlərimi asta-asta görürəm. Birdən-birə yüksəlməyə imkanım yoxdur. Öz yükümü özüm çəkirəm. Hər zaman özümü tısbağaya bənzədirəm. Mən də tısbağa kimi təhlükə hiss edəndə, qınıma çəkilirəm və düşünməyə başlayıram ki, görəsən harda səhv etdim?

- Çox zaman valideynlər övladları üzərində öz arzularını tətbiq edirlər. Bəs siz necə?
- Mən Musanın arzularını reallaşdırıram. Oğlumla bərabər özüm də uşaqlıq illərimə qayıdıram. Biz onunla ana-bala deyil, əsl dostuq. Nəyisə bəyənmirsə, açıq şəkildə deyir ki, sən bunu düz etmədin. Hərdən görürəm ki, mənim ağlıma gəlməyənlər onun ağlına gəlir. İndi 11 yaşı var, hər hansı bir tədbirə gediriksə, mənim fotolarımı, videolarımı Musa çəkir. Hərdən zarafatla deyirəm ki, artıq sən mənim şəxsi prodüserimsən. Musaya şəxsiyyət kimi yanaşıram. Onunla söhbətimdə "uşaqsan, otur yerində”, "sən bilməzsən” kimi ifadələr işlətmirəm. Hərdən valideynlər gileylənirlər ki, uşaq onların sözünü eşitmir. Çünki bir çox valideynlər uşağa şəxsiyyət kimi yanaşmır. İndi valideynlərin çoxu sosial şəbəkədədir, bu da onların əksər zamanlarını alır, uşağa zaman çatanda isə, aqressiyalarını onların üzərinə tökməyə başlayırlar.

Mən uşaqların uşaq yaşından bağçaya göndərilməyinin tərəfdarıyam. Uşaq kiçik yaşlarından valideynindən ayrı qalmalıdır ki, valideyni üçün, valideyn də uşağı üçün darıxsın. Valideyn işdən çıxıb evə gedəndə bütün gününü övladı ilə keçirir və uşaq nə deyirsə, anasına xoş gəlir. O zaman uşaqla ana arasında bir mehribançılıq, bağ yaranır. İşləməyən valideynlər isə səhərdən axşamacan uşağın yanında olurlar. O da bir qadındır, o da diqqət istəyir. Belə olanda uşaq ananı, ana da uşağı sıxır. Uşaq da, valideyn də özlərinə diqqət istəyirlər. Uşaq ağladıqda, ana daha da aqressivləşməyə başlayır. Onun üçün işləməyən valideynlər də uşaqlarını bağçaya qoymalıdırlar. Əgər bağçaya qoya bilmirlərsə, 2-3 saatlıq dərnəklərə yazdırsınlar.

- Övlad yetişdirərkən ən çox nəyə diqqət yetirmək lazımdır?
- Bizim evdə bir qayda-qanun var. Misal üçün, səhər Musanı məktəbə yola salıb, ev işlərini görüb işə gedirəm. Oğlum artıq sərbəst uşaqdır, gəlib qapını açacaq, yeməyini yeyəcək, əynini dəyişib futbola gedəcək və günün sonunda yorulub yatacaq. Axşam mən işdən gələndə onunla birlikdə dərslərini oxuyacağıq. Evi də necə qoymuşamsa, gələndə elə də görürəm. Heç bir dağınıqlıqdan söhbət gedə bilməz. Bizim evə gələnlər deyirlər ki, elə bil evinizdə uşaq yaşamır. Uşaq niyə evi dağıtmalıdır ki? Uşağa məsuliyyət vermək, məsuliyyətini öz üzərinə qoymaq lazımdır. Əgər uşaq öz oyuncaqlarını evə dağıdıbsa, onunla birlikdə bu tör-töküntünü yığışdırmalısınız. Beləliklə, özü tökdüyünü özü yığmağı bacaracaq. Düzdür, bəzən mənə deyirlər ki, uşaqla çox sərt davranırsan, ancaq zamanında elə etməsəydim, bu gün Musanı evdə tək qoyub çıxa bilməzdim.

- Hansı övladınız sizə daha əzizdir: "Dəcəl Balam”, yoxsa Musa?
- Hər ikisi. Elə bilirəm ki, biri qızım, digəri oğlumdur. "Dəcəl Balam”ı böyütmək mənim üçün daha çətin oldu. Hazırda Musa mənə "Dəcəl Balam”ı böyütməkdə kömək edir.
- Siz özünüz də "Dəcəl Balam”la böyüdünüz. Özünüzdə ən çox hansı sahəni inkişaf etdirdiniz?
- Səbrli olmağı, özümə güvənməyi, heç kimə inanmamağı, öz ayaqlarım üzərində durmağı, heç kəsdən kömək gözləməməyi öyrəndim. İnsan nə qədər kənardan ümid gözləsə, bir o qədər geri gedir. Kiminsə kölgəsindəsənsə, gün batan kimi kölgə gedir və sən yox olursan.
- Artıq sizə Dilşad və Musa cütlüyü deyənlər də az deyil.
- Elədir. Biz Musa ilə ayrılmaz cütlüyük. Bütün seminar və tədbirlərə bir yerdə gedirik. Musa yanımda olmayanda, məndən onu soruşurlar.

- Musanın dərsləri ilə siz, yoxsa müəllimləri məşğul olur?
- Onun dərsi ilə özüm məşğul oluram. Bu məsələyə çox həssas yanaşıram. Musaya boş-boş hekayələri, şeirləri əzbərlətdirmirəm. Bilirəm, yaddaşı var, istəsə öyrənəcək. Ancaq buna ehtiyac yoxdur, çünki artıq məlumat beyni doldurur. Necə ki kompyuterə çox məlumat yükləyirsən, beyni dolur. Sonra da başlayırıq onu format etməyə. Axı insan beynini format edib, təmizləmək mümkün deyil.
- Hesab edirsiniz ki, şeir və nağıllar uşaqların beynini doldurur?
- Təkcə şeirlər deyil, əlavə məlumatlar uşaqların beynini doldurur.
- Belə çıxır ki, siz dərsliklərdən narazısınız?
- Əlbəttə ki, narazıyam. Düzdür, o dərsliklərin hazırlanmasında bilavasitə mənim də rolum az olmayıb. Belə ki, kurikulumun hazırlanmasında Azərbaycandan Xorvatiyaya gedən ilk nümayəndələrdən biri də mən idim. 2008-ci ildə bizi göndərmişdilər ki, bu sistemi öyrənib onu Azərbaycanda tətbiq edək. Biz gəldikdən sonra bu sistemə öz töhfəmizi verdik. Ancaq biz müəllimlərə kurikulumun bu cür izahını verməmişik. Əgər kurikulum sistemi ilə çalışırsınızsa, gərək siz evdə dərs oxumayasınız və hər sinifdə 10-12 şagird olsun. Şagirdlər dəyirmi masa ətrafında oturub, müzakirələr etməlidir. Ancaq indi siniflərdə 38 uşaq var. 45 dəqiqə bir dərsin vaxtıdır. Onda belə çıxır ki, müəllim hər uşağa 1 dəqiqə yarım vaxt sərf etməlidir. Kim qabaqda oturubsa, onlar cavab verir, arxada oturan uşaqlar dərsdə iştirak etmirlər. Elə olur ki, günlərlə o uşaqları dindirən olmur. Müəlliməni də qınamıram, çünki bir sinifdə çox uşaq olur.

- Övladınızın gələcəyini necə görmək istəyirsiniz?
- Hansı peşə ilə məşğul olursa-olsun, işinin peşəkarı olmasını istəyərəm. Misal üçün, o, futbolla məşğuldur. Hər dəfə idman meydançasına çıxanda, həyəcan keçirirəm. Bu izaholunmaz bir hissdir. Çox istəyərəm ki, futbolçu olsun. Həyatdır, bilmək olmaz. Musa jurnalistikanı da çox sevir, yaxşı danışıq qabiliyyəti var. Həddən artıq çox suallar verir. Jurnalist də olsa, etiraz etmərəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər