“Oğlumun arzularını reallaşdırıram” - Mənim balam
Müsahibimin iki övladı var – bir-birindən
fərqli. Fərq ondadır ki, birinin adı çox uzundur. O, övladlarına öz əməyini,
sevgisini, qayğısını, həyatının ən gözəl illərini verib. Oğlu Musa anadan olduqdan
sonra onun adını ləqəb olaraq götürüb, Dilşad Musa kimi tanınıb. İndi oğlu
Musanın 11, təsisçisi olduğu "Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin isə 9 yaşı var. Dilşad Musa deyir
ki, "Dəcəl Balam” onun qızı, Musa isə oğludur.
Eyni zamanda Ailə, Qadın və Uşaqlara
Dəstək İctimai Birliyinin sədri olan D.Musa "Mənim balam” rubrikamızda iki
dəcəllə necə yola getdiyindən danışdı. Deyir ki, Musa onun
iş həyatının əsas qayəsidir:
- Musa məni işə həvəsləndirən bir stimuldur. O olmasaydı,
mən bu səviyyəyə qədər gəlib çatmazdım. Bilirsiniz ki, ixtisasca ingilis dili üzrə
tərcüməçiyəm. İxtisasımla əlaqədar olaraq tamam başqa bir sahədə də işlərimi
qura bilərdim. Ancaq bütün planlarımı Musanın üzərindən qurdum. Əvvəllər beynəlxalq
bir təşkilatda işləyir, səhər gedir, axşam gəlirdim. İş xanımı olduğum üçün övladımla
çox az təmasda olurdum. Mən Musadan, o da məndən ötrü darıxırdı. Gördüm ki, övladım ətrafındakı
insanlara məndən daha çox öyrəşir və bu məndə bir qısqanclıq hissi yaradır. O
an qərar verdim ki, gələcəkdə işlərimi elə qurmalıyam ki, oğlum yanımda olsun. Bütün
həyatımı bunun üzərinə köklədim. "Dəcəl Balam” adında foto-müsabiqəyə başladıq və
ilk dəfə 150 foto qəbul etdik. Onların içərisindən yalnız 10 uşağı qalib seçdik.
Daha sonra foto-müsabiqədə iştirak edənləri bir araya toplayıb, uşaq yığıncağı keçirdik.
Gördüm ki, valideynlər arasında bu sahəyə böyük maraq var. Üzvlük kartları yaratdıq.
150 ailə bizim üzvümüz oldu. Həftə sonları görüşlər keçirdik, ancaq bununla da
kifayətlənmədik. Valideynlər təklif etdilər ki, işi bir az genişləndirək və onlar
uşaqlarını mənə etibar etsinlər, belə bir layihə ilə yola davam etməyimi
istədilər. O zaman mənim 26 yaşım vardı. Sözün açığı, bir az çəkinirdim. Çevrəmdəkilər
mənim yaxşı işim olduğunu, "Dəcəl Balam” kimi bir layihəyə başlayaramsa, məni çox
çətinliklərin gözləyəcəyini dedilər. Hətta gözümü qorxutmaq üçün borca düşəcəyimi,
kredit götürəcəyimi, bəzən zəhmətlə qazandığım uğuru sıfıra endirəcəyimi, bəzən
hər şeyi batıracağımı, çox çətinliklə yenidən qalxacağımı, arxamca hər sözün deyiləcəyini
bildirmişdilər. Bunların hamısı həqiqətən
başıma gəldi. Düzdür, çətin oldu. Ancaq mən bacardım.
- Musanın 11,
"Dəcəl Balam”ın 9 yaşı var. Demək, işiniz də övladınızla bərabər böyüdü.
- Musa ilə "Dəcəl Balam” mənimlə bərabər böyüdülər.
Əvvəl mən Musa üçün çalışırdımsa, indi biz çiyin-çiyinə çalışırıq. Bu günə qədər
həyata keçirdiyim layihələrin ideya müəllifi məhz Musadır. Musanın gözü ilə dünyaya
baxdım və onun gözündə uşaqların nə istədiyini görə bildim. Oğlumun sayəsində bilirəm
ki, bu gün uşaqlar nə istəyir. Hərdən mənə deyirlər ki, oğlun böyüdükcə hədəflərin
dəyişir. Ancaq, əksinə, biz "Dəcəl Balam”ın televiziya variantını etdik, bir
sıra uşaq filmlərində tərəfdaşlıq etdik, hər il yeni layihələr etdik və
beləliklə, komandamız da, özümüz də böyüdük.
- Bəs hazırda
hansı layihələr üzərində çalışırsınız?
- Hazırda Musanın təklifi ilə "YouTube” kanalı açmışıq.
Dövrün tələbi ilə hərəkət edirik. İşlərimi asta-asta görürəm. Birdən-birə yüksəlməyə
imkanım yoxdur. Öz yükümü özüm çəkirəm. Hər zaman özümü tısbağaya bənzədirəm. Mən
də tısbağa kimi təhlükə hiss edəndə, qınıma çəkilirəm və düşünməyə başlayıram ki,
görəsən harda səhv etdim?
- Çox zaman valideynlər
övladları üzərində öz arzularını tətbiq edirlər. Bəs siz necə?
- Mən Musanın arzularını reallaşdırıram. Oğlumla bərabər
özüm də uşaqlıq illərimə qayıdıram. Biz onunla ana-bala deyil, əsl dostuq. Nəyisə
bəyənmirsə, açıq şəkildə deyir ki, sən bunu düz etmədin. Hərdən görürəm ki, mənim
ağlıma gəlməyənlər onun ağlına gəlir. İndi 11 yaşı var, hər hansı bir tədbirə gediriksə,
mənim fotolarımı, videolarımı Musa çəkir. Hərdən zarafatla deyirəm ki, artıq sən
mənim şəxsi prodüserimsən. Musaya şəxsiyyət kimi yanaşıram. Onunla söhbətimdə "uşaqsan,
otur yerində”, "sən bilməzsən” kimi ifadələr işlətmirəm. Hərdən valideynlər
gileylənirlər ki, uşaq onların sözünü eşitmir. Çünki bir çox valideynlər uşağa şəxsiyyət
kimi yanaşmır. İndi valideynlərin çoxu sosial şəbəkədədir, bu da onların əksər
zamanlarını alır, uşağa zaman çatanda isə, aqressiyalarını onların üzərinə tökməyə
başlayırlar.
Mən uşaqların uşaq yaşından bağçaya göndərilməyinin
tərəfdarıyam. Uşaq kiçik yaşlarından valideynindən ayrı qalmalıdır ki, valideyni
üçün, valideyn də uşağı üçün darıxsın. Valideyn işdən çıxıb evə gedəndə bütün gününü
övladı ilə keçirir və uşaq nə deyirsə, anasına xoş gəlir. O zaman uşaqla ana arasında
bir mehribançılıq, bağ yaranır. İşləməyən valideynlər isə səhərdən axşamacan uşağın
yanında olurlar. O da bir qadındır, o da diqqət istəyir. Belə olanda uşaq ananı,
ana da uşağı sıxır. Uşaq da, valideyn də özlərinə diqqət istəyirlər. Uşaq ağladıqda,
ana daha da aqressivləşməyə başlayır. Onun üçün işləməyən valideynlər də uşaqlarını
bağçaya qoymalıdırlar. Əgər bağçaya qoya bilmirlərsə, 2-3 saatlıq dərnəklərə yazdırsınlar.
- Övlad yetişdirərkən
ən çox nəyə diqqət yetirmək lazımdır?
- Bizim evdə bir qayda-qanun var. Misal üçün, səhər
Musanı məktəbə yola salıb, ev işlərini görüb işə gedirəm. Oğlum artıq sərbəst uşaqdır,
gəlib qapını açacaq, yeməyini yeyəcək, əynini dəyişib futbola gedəcək və günün sonunda
yorulub yatacaq. Axşam mən işdən gələndə onunla birlikdə dərslərini oxuyacağıq.
Evi də necə qoymuşamsa, gələndə elə də görürəm. Heç bir dağınıqlıqdan söhbət
gedə bilməz. Bizim evə gələnlər deyirlər ki, elə bil evinizdə uşaq yaşamır. Uşaq
niyə evi dağıtmalıdır ki? Uşağa məsuliyyət vermək, məsuliyyətini öz üzərinə qoymaq
lazımdır. Əgər uşaq öz oyuncaqlarını evə dağıdıbsa, onunla birlikdə bu tör-töküntünü
yığışdırmalısınız. Beləliklə, özü tökdüyünü özü yığmağı bacaracaq. Düzdür, bəzən
mənə deyirlər ki, uşaqla çox sərt davranırsan, ancaq zamanında elə etməsəydim, bu
gün Musanı evdə tək qoyub çıxa bilməzdim.
- Hansı övladınız
sizə daha əzizdir: "Dəcəl Balam”, yoxsa Musa?
- Hər ikisi. Elə bilirəm ki, biri qızım, digəri oğlumdur.
"Dəcəl Balam”ı böyütmək mənim üçün daha çətin oldu. Hazırda Musa mənə "Dəcəl Balam”ı
böyütməkdə kömək edir.
- Siz özünüz də
"Dəcəl Balam”la böyüdünüz. Özünüzdə ən çox hansı sahəni inkişaf etdirdiniz?
- Səbrli olmağı, özümə güvənməyi, heç kimə inanmamağı,
öz ayaqlarım üzərində durmağı, heç kəsdən kömək gözləməməyi öyrəndim. İnsan nə qədər
kənardan ümid gözləsə, bir o qədər geri gedir. Kiminsə kölgəsindəsənsə, gün batan
kimi kölgə gedir və sən yox olursan.
- Artıq sizə
Dilşad və Musa cütlüyü deyənlər də az deyil.
- Elədir. Biz Musa ilə ayrılmaz cütlüyük. Bütün seminar
və tədbirlərə bir yerdə gedirik. Musa yanımda olmayanda, məndən onu soruşurlar.
- Musanın
dərsləri ilə siz, yoxsa müəllimləri məşğul olur?
- Onun dərsi ilə özüm məşğul oluram. Bu məsələyə
çox həssas yanaşıram. Musaya boş-boş hekayələri, şeirləri əzbərlətdirmirəm. Bilirəm,
yaddaşı var, istəsə öyrənəcək. Ancaq buna ehtiyac yoxdur, çünki artıq məlumat beyni
doldurur. Necə ki kompyuterə çox məlumat yükləyirsən, beyni dolur. Sonra da başlayırıq
onu format etməyə. Axı insan beynini format edib, təmizləmək mümkün deyil.
- Hesab edirsiniz
ki, şeir və nağıllar uşaqların beynini doldurur?
- Təkcə şeirlər deyil, əlavə məlumatlar uşaqların beynini
doldurur.
- Belə çıxır ki,
siz dərsliklərdən narazısınız?
- Əlbəttə ki, narazıyam. Düzdür, o dərsliklərin hazırlanmasında
bilavasitə mənim də rolum az olmayıb. Belə ki, kurikulumun hazırlanmasında Azərbaycandan
Xorvatiyaya gedən ilk nümayəndələrdən biri də mən idim. 2008-ci ildə bizi göndərmişdilər
ki, bu sistemi öyrənib onu Azərbaycanda tətbiq edək. Biz gəldikdən sonra bu sistemə
öz töhfəmizi verdik. Ancaq biz müəllimlərə kurikulumun bu cür izahını verməmişik.
Əgər kurikulum sistemi ilə çalışırsınızsa, gərək siz evdə dərs oxumayasınız və hər
sinifdə 10-12 şagird olsun. Şagirdlər dəyirmi masa ətrafında oturub, müzakirələr
etməlidir. Ancaq indi siniflərdə 38 uşaq var. 45 dəqiqə bir dərsin vaxtıdır. Onda
belə çıxır ki, müəllim hər uşağa 1 dəqiqə yarım vaxt sərf etməlidir. Kim qabaqda
oturubsa, onlar cavab verir, arxada oturan uşaqlar dərsdə iştirak etmirlər. Elə
olur ki, günlərlə o uşaqları dindirən olmur. Müəlliməni də qınamıram, çünki bir
sinifdə çox uşaq olur.
- Övladınızın
gələcəyini necə görmək istəyirsiniz?
- Hansı peşə ilə məşğul olursa-olsun, işinin peşəkarı
olmasını istəyərəm. Misal üçün, o, futbolla məşğuldur. Hər dəfə idman meydançasına
çıxanda, həyəcan keçirirəm. Bu izaholunmaz bir hissdir. Çox istəyərəm ki, futbolçu
olsun. Həyatdır, bilmək olmaz. Musa jurnalistikanı da çox sevir, yaxşı danışıq qabiliyyəti
var. Həddən artıq çox suallar verir. Jurnalist də olsa, etiraz etmərəm.
Xəyalə Rəis