• cümə, 29 Mart, 14:45
  • Baku Bakı 14°C

“Od nə çəkdi, küldən soruş...”

19.05.20 12:00 1214
“Od nə çəkdi, küldən soruş...”
Bu gün Rəsul Rzanın anadan olmasından 110 il ötür
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xalq şairi Rəsul Rza özünün hüdudsuz istedadı, zəngin bədii təfəkkürü ilə dəyərli əsərlər yaratmış ustad sənətkardır. O, yüksək bədii zövqü, milli və bəşəri dəyəri, poetik rəngarəngliyi özündə ehtiva edən gözəl əsərləri ilə həyat həqiqətlərini incəliklərinə qədər əks etdirib. Şairin yaradıcılığı və çoxşaxəli irsi Azərbaycan poeziyasına, xalqımıza misilsiz sənət inciləri bəxş edib. Bu gün şairin anadan olmasının 110-cu ildönümü tamam olur. Bu münasibətlə filologiya üzrə fəlsəfə doktoru, yazıçı, publisist Şəfəq Nasir unudulmaz şairin ömür yoluna və yaradıcılığına bir bədii ekskurs edərək, əsərlərinin ideya və mahiyyəti ilə bağlı fikirlərini paylaşıb.AZƏRTAC-ın sifarişi ilə qələmə alınmış yazını təqdim edirik.
XX əsr Azərbaycan ədəbiyyatı tarixinin görkəmli ədəbi şəxsiyyətlərindən olan Xalq şairi Rəsul Rza milli, ictimai şüurun inkişafına, poetik düşüncənin yenilənməsinə çoxşaxəli, çoxistiqamətli yaradıcılığı ilə güclü təsir etmişdir. Eləcə də əsərlərindəki bədii kəşfləri, yenilikləri ilə çağdaş poeziyamıza yeni nəfəs gətirmiş, onu özünün poetik ziyası ilə rövnəqləndirmişdir. Ömrünün mənəvi davamı da əsərlərinin ideya və məzmununun milli-bəşəri mahiyyət kəsb etdiyinin, yeni yaradıcı nəsillərin yetişməsində bir məktəb yaratdığının bariz nümunəsidir. Bu gün şairin milyonlarla oxucusundan biri olaraq, həm də qələm sahibi kimi, haqqında söz demək istəyində olduğumdan vaxtilə, elə indinin özündə də oxuduğum əsərlərini göz önündə canlandırdım. Açığı, bu yaradıcılığın nəhrində onun poeziyasından, tərcümə, publisistika və pyeslərindən ətraflı bəhs etmək, bütövlükdə irsinə nəzər salmaq yığcam bir yazının imkanı xaricində olduğundan fikrimdə başqa bir yol aradım. Rəsul Rza elə bir nəhəng ədəbiyyat adamıdır ki, onun yaradıcılığı, ümumən irsi bir baxışda, yaxud da hər bir əsəri ayrılıqda, yenicə nəşr etdirdiyi bir kitab, bir şeiri belə yarandığı zamanda rezonans doğurmuş, ədəbi mühitdə böyük heyrət və maraqla qarşılanmışdır.
Burda onu deməliyəm ki, R.Rzanı olduğu kimi, daha aydın və dolğun, həm yaradıcılığını, şəxsiyyətini, insana, milli ideallara münasibətini, həm də əsərlərinin yaranma tarixini, dünya ədəbiyyatına bələdliyini, görkəmli ədəbi simalarla dostluğunu, bir sözlə, olum tarixindən fiziki yoxluğunadək, ondan sonra davam edən həyatını dərindən bilən, müşahidə edən, bir çox məsələlərdə də ədəbi intuisiyası ilə duyan övladı, məsləkdaşı Anardır. Yazıçının Rəsul Rzanın həyatı və yaradıcılığından bəhs edən "Mübarizə bu gün də var...” monoqrafik əsəri hələ nəşr olduğu zamanda məndə böyük təəssürat yaratmışdı. Şairi yenidən oxumaq, yaradıcılıq yolunu izləmək, onun məsləkinə bələd olmaq, ədəbi şəxsiyyətin görünməyən tərəflərini dərk etmək məqsədilə bu kitabı qısa bir vaxtda vərəqləməyi məqsədəuyğun bildim. İndiki halda şairlə bağlı nələrisə öyrənmək, bildiklərimə xatirələr işığında qayıtmaq istəyəndə Anarın böyük vətəndaş şairə həsr etdiyi adıçəkilən əsərinə yığcam şəkildə münasibət bildirməyi vacib sanıram.
Əlbəttə, ədəbi şəxsiyyətin keçdiyi ömür yolunun, yaradıcılığının bütün istiqamətlərdən araşdırılması, tədqiqi, onun fiziki yoxluğundan sonra daha ətraflı, yeni faktlar, dəlillər və yeni düşüncənin işığında böyük məsuliyyətlə araşdırılır. Əks təqdirdə, faktlara və hadisələrə yanlış münasibət, şişirtmə və ya ideyanı doğru mövqedən təqdim etməmək, yaradıcılıq yolunu aydınlığı ilə göstərməmək, ən əvvəl tədqiqatçının özünə, onun qələminə hörmətsizlikdir, sonra da yazıçının şəxsiyyətinə, ədəbi-bədii irsinə xəyanətdir. Mənin "Mübarizə bu gün də var...” monoqrafik əsər haqqında ilk fikrim belədir ki, Anar bu əsərini yazarkən ona doğma, yaxın olan mövzuya böyük məhəbbət və məsuliyyətlə yanaşıb, həm də bəzi yanlış münasibətlərə aydınlıq gətirib.
Bu əsərdə böyük bir ictimai-siyasi, ədəbi mühit var, bu mühitin bir neçə nəslinin ədəbi simaları, dövrün ziddiyyətləri olduqca həssaslıqla, doğru mövqedən araşdırılıb, təhlil olunub. Özü də bu təhlil elmi-nəzəri-metodiki istiqamətdə deyil, ədəbi-publisistik formada, hissiyyat və duyumun ən yüksək məqamlarının təsiri altında işlənib. Belə bir əsəri Anardan savayı kim yaza bilərdi? Başqa bir tərəfdən, Anar bu əsərində ona, eləcə də ədəbiyyat tariximizə doğma və gərəkli olan bu mövzunu bir vətəndaş, ziyalı düşüncəsi ilə, azərbaycançılıq məfkurəsinin işığında arayıb-toplayıb, böyük bir ədəbi arxivin bütün sənədlərini (yaddaş arxivi də ilk sırada olmaqla!) araşdırmış, ən başlıcası da tərəfsiz, qərəzsiz münasibət bildirməklə təqdirəlayiq bir əsərin ərsəyə gətirilməsinə nail olub. Bu fikrin barizliyinə bir nümunə: "Rəsul Rza Azərbaycan ədəbiyyatına danılmaz yeniliklər gətirmiş, çağdaş şeirimizdə tamamilə yeni bir yol açmış və bu yolla ömrünün sonuna qədər ardıcıl addımlamış şairdir.
Təbii ki, bu yolu bəyənmək də olar, bəyənməmək də. Bu, zövq məsələsidir. Bu yolu qəbul etmək də olar, etməmək də. Bu da meyl, səviyyə, marağın yönüylə bağlıdır. Bu yolla getmək də olar, getməmək də. Bu da istək, şübhəsiz bacarıq məsələsidir. Çünki tək istək azdır, bu yolla getməyi bacarmaq da lazımdır. Hətta bu yolla gedib, bu yolla getdiyini inkar etmək də mümkündür. Bu da insaf məsələsidir. Amma istər məzmun zənginliyi, mövzuların üfüq genişliyi, istər forma, vəzn, ritm, intonasiya, obrazlar sistemi, deyim tərzi, söz təzəliyi, ifadə orijinallığı, qafiyələrin, təşbehlərin bənzərsizliyi baxımından Rəsul Rza yaradıcılığının unikallığını ədəbi vicdanı olan heç kəs inkar edə bilməz...”
Əslində yazıçııının bu mövqeyi, bir ziyalı olaraq həqiqi ədəbiyyatın keşiyində durmaqdır, şairi anlamayanların yersiz hücumlarından, qarayaxmalarından qorumaqdır. Anar R.Rzanı, onun ömür-sənət yoldaşı, ilham pərisi Nigar xanımı bir övlad məhəbbətilə, yaddaşında şırım açmış xatirələrin izi ilə, digər tərəfdən də əvvəldə qeyd etdiyimiz kimi, ədəbi şəxsiyyətlərin arasında və yaratdığı əsərlərin fonunda təqdim edib. Burda mövzu birdir, amma onun şaxələndiyi hadisələr, istiqamətlər, mövzu içində mövzuların, müxtəlif məqamların əhatə dairəsi genişdir. Onlara ayrılıqda nəzər salmaq, ümumilikdə xırda çayların axıb-töküldüyü dənizə "baş vurmaq” növbəti bir yazımızın qayəsi olacaq.
Rəsul Rzanın yaradıcılığı çoxşaxəli, çoxçeşidli, eyni zamanda, özünün dərin, fəlsəfi çalarları, ideya-məzmunu ilə nəhəng bir düzənlikdə çəmənzarı, gülzarlığı xatırladır. Hər birinin öz biçimi, öz rəngi, nəfəsi və ən ümdəsi ideyası var. Şairin ilk kitabı "Çapey”dən sonra bir-birinin ardınca çoxlu sayda əsərləri işıq üzü görmüş, ədəbi ictimaiyyətə təqdim olunmuş, oxucuların ixtiyarına verilmişdir. Onların sırasında "Mən torpağam”, "İnsan”, "İşıqlar üşüyəndə”, "Etiraf”, "And”, "Mirzə Cəlilin nisgilləri”, "Təyyarədə düşüncələr”, "Dəniz haqqında nəğmələr”, "Rəngli yuxular”... şeir topluları, "Poeziya zəhmət və ilhamdır”, "O gün-bu gün”, "Ötən günlər”, "Milli şüur və milli iftixar”, "Uzaq ellərin yaxın töhfələri”... publisistik kitabları, "Ağ rəngin simfoniyası”, "Azərbaycan elmi”, "Bəxtiyar”, "Böyük ömrün anları”, "Eldən soruş”, "Kəndlilər, "Qız qalası”, "Qızılgül olmayaydı”, "Tikdim ki, izim qala”, "Üzeyir ömrü”, "Yaşıl rəngin qamması”, "Yuva qurdum söz içində”... filmləri, "Vəfa”, "Görüş” pyesləri yaradıcılığının geniş üfüqlərindən xəbər verir.
Azərbaycan oxucusu Rəsul Rzanın tərcüməsində Fransua Viyon, Robert Berno, Henrix Heyne, Mixail Lermontov, Nikolay Nekrasov, İvan Turgenev, Taras Şevçenko, Emil Verxarn, Artur Rembo, Vladimir Mayakovski, Marina Svetayeva, Rabindranat Taqor, Federiko Qarsiya Lorka və onlarla dünya ədəbiyyatının görkəmli şair və yazıçılarının əsərlərindən nümunələri dilimizə çevirmişdir. Bununla şair həm də xalqlar ədəbiyyatının bir-birinə yaxınlaşmasının, təbliğinin və təəssübünün də qayğısına qalıb. Bu əsərlərin hər biri onun tərcüməçilik səriştəsi, orijinal üslub və dəst-xətti haqqında da layiq olduğu fikirləri söyləməyə əsas verir.
Deyilənə görə, Rəsul Rza cod, sərt adam olub. Amma onun bir çox şeirlərini oxuyanda bu fikrə birmənalı yanaşmaq olmur. İnanıram ki, indi "Məndə ixtiyar olsa” şeirindən gətirəcəyim nümunə oxucuların də ürəyindən olacaq:
Mən istəyirəm:
buludlar ağlasın,
uşaqlar ağlamasın,
analı, ya anasız.
Mən istəyirəm:
güllər açılsın,
Güllələr açılmasın.
... Hər şey insana baxsın,
İnsan ələ baxmasın.
Axsın bulaqlar gözyaşı kimi
torpağın üzərində
Göz yaşı bulaq kimi axmasın
dünyanın heç bir yerində
- deyən şair, körpələrin taleyindən yana nigarançılığını, İnsan oğlunun qürurunun, qeyrətinin təəssübkeşi kimi ürəyinin istəklərini dilinə gətirir. Əslində, Rəsul Rza ədalətsizliyə, yalana, xəyanətə qarşı coddur, sərtdir, barışmazdır. O, həmişə həqiqətin, haqsız yerə incidilənin yanında olub, istedadlılara qayğı göstərib.
Bir haşiyə: Heykəltəraş Münəvvər Rzayevanın məndə olan gündəliyində onun Rəsul Rza ilə bağlı qeydlərini oxumuşam. Münəvvər xanım yazır ki, Mikayıl Müşfiqin heykəlini işləmişdim. Rəsul Rza Cəfər Cəfərovla emalatxanama gəlib hələ üzə çıxarmadığım heykəli görmüş və ikisi də onu çox bəyənmişdi. Şair 20 günə bu işi böyütməyi məndən xahiş etdi, daha doğrusu, mənə ictimai tapşırıq verdi. O vaxt R.Rza Yubiley Komitəsinin sədri idi. Müşfiqin heykəlini doğum gününə çatdırmağımı istəyirdi. İşi deyilən vaxta qədər tamamladım. Lakin bədii şura işimi qəsdən gözdən salır, qəbul etmək istəmirdi. Bir gün Rəsul müəllim mənə zəng etdi, xəbər aldı ki, niyə səsin çıxmır? Mən vəziyyəti olduğu kimi dedim. Rəsul müəllim əsəbiləşdi, mənə tapşırdı ki, Şuranın növbəti yığıncağında mənə xəbər elə. O, Bədii şuranın yığıncağına gəlib çatdı. Şuranın üzvləri bir-bir çıxış edib, deyirdilər ki, burda obrazlılıq yoxdur. Rəsul Rza onları təmkinlə dinləyib, çıxış üçün söz aldı. Üzünü çıxış edənlərə tutub hamısına müraciətlə dedi ki, Müşfiqdən bir şeir söyləsinlər. Heç birindən səs çıxmadı. Rəsul müəllim belə olanda dedi: "Amma biz Müşfiqlə yaxın olmuşuq, günlərlə bir-birimizə şeirlərimizi oxumuşuq, baş-ayaq yatmışıq, deməli, mən sizdən yaxşı bilərəm ki, burda obrazlılıq var, ya yox. Münəvvər Rzayevanın heykəli Müşfiqin xatirəsinə dəyərli bir töhfədir”. Rəsul Rza heykəlin yerini seçdiyim məkana narazılıq edənlərə də sərt cavab verdi. Bu işdə axıra qədər məni müdafiə etdi...
Rəsul Rzanın yaradıcılığı haqqında bir çox ədiblərimiz dəyərli fikirlər söyləmişlər. Burda onlardan ikisini xatırlatmağı zəruri hesab edirəm: "Rəsul Rza daha ziyada lirik, xitabətçi və inqilabi romantizmə malikdir. Onun şerlərində real hadisələrdən çox real həyəcanlar, canlı xarakter və obrazlar təsvirindən çox canlı təşbeh və məcazlar, canlı, həyati hissiyyat və idrak məfhumları vardır” (Əli Nazim), "Rəsul Rzanın şerləri bəzən son dərəcə incə, həssas, zərif, bəzən də amansız dərəcədə sərtdir. O, yalnız həyat hadisələrini deyil, rənglərin, səslərin, işığın, suyun, dalğaların ifadə etdiyi sevinci, kədəri duymağı və onları duyğular, düşüncələr, xəyallar və xatirələrlə bağlamağa çalışır” (Əhməd Cəmil).
Rəsul Rzanın təbi həmişə bulaq kimi çağlamışdır. Bu bulağın gətirdiyi poetik incilər ədəbi cəmiyyətdə böyük coşqu ilə qarşılanan, ictimai şüura, düşüncəyə yenilik gətirən, səs salan yaradıcılığına həmişəyaşar bir ömür vermişdir. Şair yaşam boyu həyatın hər üzünün gerçək mənzərəsini, eyni zamanda hər biri bir bədii lövhə təsiri yaradan həyat məqamlarını, insanların ovqatını, təbəddülatlarla zəngin təbiətini bir rəssam, nəqqaş məharətilə, bəzən sözün qatı, bəzən də açıq rəngləri ilə çəkmişdir.
Rəsul Rzanın bütün həyatı, ömrü mükəmməl, fəlsəfi yaradıcılığı ilə yanaşı, mübarizələr içində keçib. O, bu mübarizələrin bitmədiyini, həyatı boyu davam edəcəyini bildiyi üçün yazırdı ki: Mübarizə bu gün də var, yarın da, Mən də onun ən ön sıralarında... Bu mübarizələr mərhələ-mərhələ şairin həyatına özünün təzadlı təsirini göstərmiş yaradıcılığında açıq-aşkar ifadə olunmuşdur... Hər dəfə şairin yaşadığı həyatın izini, əksini gördüyüm əsərlərini xatırlayanda gözümün qarşısında R.Rzanın əzəmətli, bir qədər də sərt görkəmi canlanır. Onun ədəbi irsi ilə bütövlükdə tanış olanda bu böyük əqidə sahibinin, şair-vətəndaşın özünün obrzını duymamaq mümkün deyil. Bu yaradıcılığın mərkəzində onun sanki qranitdən yonulmuş heykəlinin ucaldığını görürük. Mənə görə şairin həyatı boyu yaşadığı ağrı-acılarının istiqamətverici ünvanı onun "Soruş”şeiridir...
Od nə çəkdi, küldən soruş!
Baş nə çəkdi, dildən soruş!
...Ömrün çətin yollarında
daşa ləpir salsa ayaq,
gün nə çəkdi, ildən soruş!
Zülmətlərin möhnətini kor söyləsin!
Bəm xalların fəryadını zildən soruş!
Zənnimcə, bu şeir Rəsul Rzanın qovğalar, mübarizələr dolu bir həyat yaşadığının aydın göstəricisidir. Bütün bunlar imkan verir deyək ki, özünəməxsus yaradıcılıq yolu olan və hələ sağlığında özünün məktəbini yaradan şairin ədəbi-bədii irsi Azərbaycan ədəbiyyatının, ictimai fikir tariximizin mükəmməl bir səhifəsidir.
banner

Oxşar Xəbərlər