• cümə, 19 Aprel, 04:18
  • Baku Bakı 18°C

Obyektivlikdən uzaq dezinformasiya qəhrəmanı - Fotolar

08.11.19 18:15 1923
Obyektivlikdən uzaq dezinformasiya qəhrəmanı - Fotolar
Sevinc Osmanqızının yaydığı yalanlar bumeranq effekti verərək onun özünü ifşa edir
Müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınan "müxalifətçi”, "jurnalist”, "bloqer”, "hüquq müdafiəçisi” və sair bu kimilərin ölkəmiz, o cümlədən ayrı-ayrı vətəndaşlar barədə yanlış rəy formalaşdırmaq cəhdləri dəfələrlə isbat olunub. Nəyinsə müqabilində, üzərinə götürdüyü hansısa öhdəliyə görə Azərbaycanı hədəfə alan bu şəxslər okeanın o tayında, eləcə də Avropada oturub dezinformasiya, yalan, şər-böhtan yaymaqla məşğuldurlar. Onlar heç bir dəlilə, sübuta əsaslanmadan Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq olan, milli maraqlarımızı hər şeydən üstün tutan məmurları, jurnalistləri internet üzərindən, xüsusən də sosial şəbəkələrdə mənəvi terrora məruz qoyurlar. Özlərini demokrat, haqq-ədalət carçısı kimi qələmə verən bu şəxslər əsl reallıqda obyektivlikdən çox uzaq, mən deqradasiyaya uğramış, radikal təfəkkür sahibləridirlər. Əgər kimsə onların "Facebook”da paylaşdığı hər hansı statusun altına obyektiv rəyini yazır, əks mövqe bildirir, yaxud yalanlarını ifşa edirsə, dərhal həmin profil sahibinin rəyi silinir, profili "bloka” atılır. Ardınca həmin "Facebook” istifadəçisi yaltaqlıqda ittiham edilir, barəsində birtərəfli qaydada müzakirələr açılır, ünvanına söyüş və təhqirlər yağdırılır. Belə davranışları onların nə dərəcədə həqiqətpərəst, əks fikrə dözümlü olduqlarını gün işığına çıxarır.

Bu günlərdə belə bir xoşagəlməz situasiya ilə Real TV-nin əməkdaşı Mahir Məmmədli qarşılaşıb. Vaxtilə ANS TV-də çalışmış həmkarı, hazırda ABŞ-da yaşayan Sevinc Osmanqızı M.Məmmədli barəsində yalan və təhqirdən ibarət status paylaşıb. Əvvəlcə onu qeyd edək ki, S.Osmanqızı qaranlıq şəkildə, yəni uşaqlarını qeyri-qanuni yolla, həyat yoldaşının xəbəri və razılığı olmadan ölkədən çıxarıb, hansısa naməlum qüvvənin himayəsi altında okeanın o tayına köç edib. ABŞ-da lüks şəraitlə təmin olunan, telestudiya yaradan S.Osmanqızının işi-gücü Azərbaycan dövləti, xalqı, iqtidarı barəsində dezinformasiya yaymaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməkdir. Nəzərə alsaq ki, ABŞ-da yaşamaq, mənzillə təmin olunmaq, uşaqları oxutmaq, onların hərtərəfli qayğısını çəkmək, özəl studiya yaratmaq, avadanlıqlar almaq böyük maliyyə vəsaiti tələb edir, o zaman S.Osmanqızının təkbaşına bu imkana necə yiyələnməsi böyük sual doğurur. Görünür, bəlli mərkəzlər Azərbaycanı söymək, aşağılamaq, ölkə vətəndaşlarına qara yaxmaq üçün S.Osmanqızına yaxşı sponsorluq edirlər ki, o, yuxarıda sadalananları heç bir yerdə işləmədən, sığortası, rəsmi iş yeri və qazancı olmadan əldə edə bilir.

Jurnalist M.Məmmədli də vaxtilə bu sualları, həmçinin bir sıra məqamları özündə əks etdirən süjet hazırlayıb, çalışdığı "RealTV”də efirə verib. Təkzibedilməz faktlar, haqlı suallar qarşılığında deməyə söz tapa bilməyən S.Osmanqızı həmin andan etibarən M.Məmmədlini hədəfə alıb, şəxsi səhifəsində onun barəsində absurd ittihamlar irəli sürüb. Buna qarşılıq verən, dezinformasiyalara rəy yazaraq S.Osmanqızının yalanını üzə çıxaran M.Məmmədli dərhal "bloka” atılıb. Beləliklə də özünü demokrat, həqiqət çarçısı hesab edən S.Osmanqızı qarşı tərəfin söz demək hüququnu əlindən alıb, birtərəfli müzakirə açmaqla onun barəsində təhqirlər, haqsız tənqidlər yazılmasına səbəb olub.

Prezident İlham Əliyevin noyabrın 6-da "Azərbaycan televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında” sərəncam imzalaması ilə M.Məmmədliyə "Əməkdar jurnalist” fəxri adının verilməsi S.Osmanqızını dəhşətli dərəcədə qıcıqlandırıb. Əsəbini klaviaturadan çıxan S.Osmanqızı "Facebook” səhifəsində status yazaraq iddia edib ki, Prezident İlham Əliyev jurnalist M.Məmmədliyə "xidmət”ləri üçün qarajlı, dəniz görüntülü 4 otaqlı mənzil hədiyyə edib, ardınca da "Əməkdar jurnalist” adı verib. S.Osmanqızı bu faktı "başıbəlalı mətbuatımızın vəziyyəti” kimi qələmə verərək, səhifəsinin izləyicilərinə belə bir çağırış edib: "Mirşahinlərin əsli-nəcabətini "tərif"ləyəndə bu cür xırda buynuzluları (M.Məmmədlini nəzərdə tutur) da unutmayaq”.

M.Məmmədli ünvanına səslənən təhqirə və yalana S.Osmanqızının səhifəsində cavab verə bilmədiyi üçün şəxsi profilində belə bir məzmunda status paylaşıb: "Budur bunların "obyektivliy"i, "düzgünlüy"ü. Sevinc Osmanqızının statusuna rəy yaza bilmirəm. Amma bilirəm ki, ya özü oxuyacaq, ya da dostları çatdıracaq. Özü okeanın o tayında olsa da, inandığı adamını "evim"ə dəvət edirəm. Gəlsin, Yeni Yasamalda 350 manata kirayədə qaldığım mənzili göstərim, ev sahibi ilə tanış edim. Mənzilin də mənzərəsi dənizə yox, Xocasən gölünədir. Nəinki, Bakıda, respublikanın ucqar kəndində belə evim yoxdur. O ki qaldı, dövlətin mənə mənzil verməsinə, iki binanın heç birində mənzil üçün müraciət etməmişəm. Etsəydim və dövlətim mənə mənzil versəydi, bundan utanmazdım. Çünki başqa ölkələrin nökəri olmaqdansa, öz dövlətimin yanında olmağı şərəf bilirəm. Sevinc Osmanqızı bu ststusu ilə bir daha nümayiş etdirdi ki, bundan əvvəl yazdıqları və bundan sonra yazacaqları heç bir fakta əsaslanmır, qırmızı yalanlardır”.
Beləliklə dezinformasiya qəhrəmanı, AXCP sədri Əli Kərimlinin mətbuat katibliyini edən S.Osmanqızının həqiqətdən, obyektivlikdən, demokratiyadan nə qədər uzaq olduğu bir daha əyan olub.

Alpər TURAN


banner

Oxşar Xəbərlər