Çobanı ulduz edən “O səs Türkiyə” - Fotolar
Musiqi könülləri
oxşayan, insanların birbaşa qəlblərinə xitab edə bilən bir qüvvədir.
Musiqisevərlər bir çox məqamlarda musiqinin sərhədi olmur - deyirlər. Bəzi
məqamlarda bu deyimə haqq qazandırmamaq mümkün deyil. Elə götürək qonşu ölkədə keçirilən,
əks-sədası dünyaya yayılan "O səs Türkiyə” adlı musiqi yarışmasını. Verilişin
layihə rəhbəri olan Acun Ilıcalı bu layihəsi ilə böyük bir auditoriyanı öz ətrafına
cəm edə bilib. Bir çox hallarda bizim ölkənin ifaçıları da özlərini realizə
etmək üçün meydanı ideal variant kimi görür və oraya üz tuturlar. Buna onların əsasları
da var.
Xəyalındakı
səhnəyə qovuşan çoban ifaçı
Sözügedən yarışma
başlar-başlamaz, həmvətənimiz Pərvin Səfərovun ifasında "Nazəndə sevgilim”i
dinlədik. Sosial şəbəkələr, özəl səhifələr, elə Acun Ilıcalının rəsmi
səhifəsində də bu paylaşımı görmək mümkündür. Rayonların birində qoyun otaran çoban
ifaçı bu mahnını ifa edərək sosial səhifədə paylaşmışdı. Bu paylaşım onu elə
ölkəmizdə də az-çox tanıtmışdı. Bu dəfə isə "O səs Türkiyə” verilişinin layihə
rəhbəri Acun Ilıcalı özü onu verilişə dəvət edərək münsiflərin qarşısında çıxış
etməsini istəmişdi. Onun bu çıxışı böyük səda doğurdu. Pərvin özü deyir ki, avqust
ayında Türkiyə mediasında videoları, xüsusən də onun ifasında "Nazəndə sevgili”
nümayiş olunub. Onun paylaşım etdiyi bu video ifaçının tanınmasında böyük rol
oynayıb: "Bu video ondan sonra televiziyalarda göstərildi, türk məşhurlar bu
barədə paylaşımlar etdilər. "Acunmedia”nın əməkdaşları sosial şəbəkə vasitəsilə
mənimlə əlaqə saxlayıb dedilər ki, sizin"O səs Türkiyə”də iştirakçı
olmağınızı istəyirik. Mən də onların təklifini dəyərləndirdim”.
Teleqraf.com
saytına müsahibə verən Pərvin deyib ki, onun bu layihədə iştirakı gözlənilməz
olub: "Aprel ayında videolarımı paylaşmaq qərarına gəldim. Gözləməzdim ki, belə
nəticəsi olar. Rusiyanın, Azərbaycanın televiziya və saytlarında videolarım
yayıldı. Bir müddət sonra Türkiyə televiziyaları da videoma maraq göstərdi.
Halbuki, mən o videoları öz dost-tanışlarım üçün paylaşmışdım. Qismət elə
gətirdi ki, bu layihədə iştirak etdim. Hər kəs istəyər ki, qatıldığı yarışda
finalçı olsun. Düzü, yarışda finala kimi gedəcəyimə ümidim yoxdur. Çünki daha
güclü səslər var. Yarımfinala qədər getsəm, mənim üçün böyük uğur olacaq”.
Münsif kürsüsündə
əyləşən ifaçıların içərisindən seçim edən Pərvin deyib ki, Murat Bozun vokal
təhsili olduğu üçün ona üstünlük verib. Qeyd edib ki, sözügedən yarışda
iştirakçılarla münsiflər yox, digər səs ustadları məşğul olurlar. Artıq bir gün
içərisində Pərvinin çıxışı izlənmə rekordları qırmağa başlayıb. "Azərbaycanlı
çoban səhnəni inlətdi” başlığı ilə Türkiyə mətbuatında onun haqqında xəbərlər
yazılıb.
Ötən il "O səs
Türkiyə” müsabiqəsinə qatılan iştirakçı Nofəl Aslanov deyir ki, bu müsabiqə
onu Azərbaycanda, Türkiyədə, hətta təhsil aldığı İtaliyanın özündə belə
tanıtdırıb. Gənc ifaçı olaraq bu
müsabiqə onun yaradıcılığında böyük dönüş nöqtəsi olub. O deyir ki, bu
müsabiqənin ona və onun kimi bir çox gənc ifaçılara böyük dəstəyi olub. Ancaq
müsahibimiz deyir ki, ötən il bu müsabiqədə böyük bir uğursuzluq yaşayıb: "Əslində
bu müsabiqə ilə daha da çox tanınmaq imkanı əldə edə bilərdim. Əfsuslar olsun
ki, mənim və bir çox iştirakçılarımızın videoları müsabiqənin rəsmi
səhifələrindən silindi. Bizim sıramızda bəzi xoşagəlməz hadisələrin qurbanı
olduq”.
Oxumaq üçün böyük
meydan
Gənclərin də
dediyi kimi, bu müsabiqə bizim gənclərin tanınmaq üçün ümid yerlərinə çevrilib.
Belə ki, hazırda yerli televiziyalara çıxmaq gənc ifaçılar üçün az qala
qeyri-mümkün bir hala çevrilib. Ona görə də əllərində heç bir büdcəsi olmayan
ifaçılar sosial şəbəkələrə üz tutur. Buradan tamaşaçı dəstəyi yığan kimi isə,
payızın gəlişini səbirsizliklə gözləməyə başlayırlar. Belə ki, məhz payızın ilk
həftəsində "O səs Türkiyə” yarışması başlayır. Bəlkə də bu meydan bizim yerli
ifaçılara daha çox sərf edir, nəinki türk sənətçilərə. Bunun da özünəməxsus
səbəbləri var. İlk növbədə bizim ifaçılarımız orada pulsuz şəkildə çıxış
edirlər. Onların çıxışları nəinki yerli, eyni zamanda Türkiyə mətbuatında da
işıqlandırılır. Onlar ölkəmizdə və Türkiyədə, eləcə də bu verilişə baxan digər
ölkələrdə tanınmaq şansı qazanırlar. Türkiyədə adi bir kanala çıxıb səs
imkanlarını göstərmək üçün külli miqdarda pul ödəmələri lazım olduğu halda, bu
müsabiqə onları böyük bir xərcdən də xilas edir. Beləliklə, qonşu ölkədə
yayımlanan bu müsabiqə bizim gənc ifaçılarımıza tanınmaq və dünyaya açılmaq
imkanı bəxş edir.
Hər il müsabiqəyə
bir çox yerli ifaçılarımızın üz tutduğunun şahidi oluruq. Ötən il isə sözügedən
müsabiqədə xoşagəlməz hadisə yaşanmışdı. Belə ki, bir qrup azərbaycanlı ifaçı
münsif heyətinin üzvü Gökan və Hakanın qrupundan çıxarılmış və onların
videoları "O Səs Türkiyə” yarışmasının səhifəsindən silinmişdi. Əslində bunun
hansı səbəblərdən qaynaqlandığı indiyə qədər də bəlli deyil.
"İfaçılarımız daha
böyük səhnələrdə parlamaq istəyirlər”
Sözügedən
yarışmanın ölkəmizdə nə qədər gündəmdə olduğunu nəzərə alan əməkdar incəsənət
xadimi, bəstəkar Gövhər Həsənzadə də
ifaçılarımızın "O səs Türkiyə” yarışmasına axın etməsini doğru hesab edir.
Bəstəkar Türkiyə arenasının, tamaşaçısının, auditoriyasının daha böyük olduğunu
bildirərək ifaçılarımıza haqq qazandırdı: "İfaçılarımız daha böyük səhnələrdə
parlamaq istəyirlər. Onlar çalışırlar ki, tanınmış studiyalardan iş təklifi
alsınlar, onlarla işləsinlər, kimsə onları görsün, bəyənsin, böyük səhnələrə
yol açılsın. Türkiyə dünyaya daha çox inteqrasiya edib. Türkiyədə bir çox
səsyazma studiyaları sistemli şəkildə ifaçılarla 15-20 illik müqavilələr
bağlayıb, onları məşhur edirlər. Hansısa bir ifaçını götürüb, onu
məşhurlaşdırırlar. Türkiyənin tanınmış müğənnilərinin hamısı prodakşınlarla
çalışıb, onların sayəsində məşhurlaşıblar. Bizim ifaçılar da məhz bu səbəbdən
Türkiyə səhnəsinə çıxmağa çalışırlar. Onlar qalib gəlməsələr belə, həmin
səhnədə çıxış etmək, özlərini tanıtmaq ifaçılarımıza kifayət edir. Bu çox
normal haldır. Ortalığa belə bir sual çıxır: Nə üçün ifaçılarımız Avropaya,
Şərqə deyil, məhz Türkiyəyə gedirlər? Burada əsas məsələ dil baryerinin
olmaması, ifaçılıq, bir də din məsələsidir. Türkiyə səhnəsi dünyaya çıxmaq üçün
ən yaxın yoldur”.
"O səs Türkiyə”
böyük addımlara imza atan bir layihədir
Avropa prodüseri
kimi tanınanSultan Mustafayev isə deyir ki, "O
səs Türkiyə” mahnı yarışması geniş miqyası əhatə edir: "Bu layihə çox maraqlı
və insanları özünə cəlb etməyi bacaran bir layihə oldu. Sözügedən veriliş
yeni-yeni efirdə nümayiş olunanda yerli iştirakçılarımız orada tez-tez
görünməyə başladılar. Onlardan bəziləri finala qədər gəlib çıxdı. Bəziləri isə
elə ilk turlardan ələndilər. Bu layihə onları məşhur etdi. Ancaq bu, sözügedən
yarışmada iştirak edən hər müğənniyə aid deyil. Onlardan çoxları unuduldu,
xatırlanmadı belə. "O səs Türkiyə” böyük addımlara imza atan bir layihədir. Bu
layihənin insanlara necə təsir etməsindən isə danışmaq artıqdır. Çünki adi bir
çobanın çıxıb həmin verilişdə bir dəfə ifa etməsi ilə gündəm dəyişdi. O bir günün
içərisində məşhur oldu. Həqiqətən də bu layihə keyfiyyətli və maraqlı bir
layihədir. Bizdə də belə layihələr olsa, müxtəlif ölkələrdən bizə çoxsaylı
ifaçılar müraciət edəcək”
Xəyalə Rəis