• cümə axşamı, 28 mart, 13:08
  • Baku Bakı 16°C

O, öz skripkasını onun qanı ilə rəngləyir

20.05.19 12:30 1895
O, öz skripkasını onun qanı ilə rəngləyir
Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz yazıçı, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlidir. Onun sevdiyi əsər Anton Çexovun "Rotşildin skripkası” hekayəsidir.

– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Anton Çexovun "Rotşildin skripkası” hekayəsi sizin sevdiyiniz əsərdir?
– Onun məzmun və formasının emosiyalara, psixoloji duruma, mənəvi-əxlaqi dəyərlərə təsir etməsinə görə... Əsərdəki obrazlar sisteminin (Yakov-Marfa-Rotşild-Skripka-Tabut-Uşaq və s.) onun ideya və süjetinə uyğunlaşdırılması, onların mənalandırılması, bütünlükdə mətnin istedad, idrak və hissin köməyi ilə ustalıqla "emal edilməsi”nə görə. Bura həm də kompozisiyanın düzgün qurulması və harmoniyası, ifadəlilik, dildən dürüst istifadə etmək, bədii həqiqət deyilən anlayışın ustalıqla çatdırılmasını da aid etmək olar. Ümumiyyətlə, Çexov təkcə bu hekayəni yazsaydı belə, onun yazıçı kimi bədii zövqünün heyranedici olduğunu da deyərdim.
– Yakov daim zərərini hesablayan pessimist obrazdır, yoxsa ölümü "kəşf edib” bütün həlli onda görən ekzistensialist?
– Yakov nə pessimist, – məncə, Yakovda ömrünün sonunda yalnız təəssüf hissi və nostalji duyğular yaranır və bu da hər bir insan üçün təbii ola bilər, – nə də, sadə dillə desək, varlığına ikinci dərəcəli önəm verən obrazdır. Yakov adi insandır, rus kəndlisidir, qarışıq və mürəkkəb xarakterli adamdır. Fikir veribsənsə, yazıçı bircə dəfə ilk abzasda onun tam adını çəkir – Yakov Matveyeviç İvanov, əksər yerlərdə "Bronza”, bəzən də Yakov kimi təqdim edir, bəlkə də, adlara uyğun qarışıq xarakterləri göstərmək üçün! Onda təbiətin verdiyi, anadangəlmə xasiyyətlər, sonradan yaranan xüsusiyyətlər də var. Onun davranış və hərəkətləri də bəzən düşünülmüş olmur, bəzən onun xarakterindən irəli gəlir, bəzən isə tam azad şəkildə meydana çıxır. Hekayənin əsas canlı personajıdır, tabut düzəltməklə məşğul olur. Küçədə onu "Bronza” çağırırlar. Yeri gəlmişkən, yazıçı niyə məhz bu ayamanı seçib? Adların semantikası baxımından "Bronza”nı da təhlil etmək, müxtəlif cür yozmaq olar: məlumdur ki, tunc müxtəlif kimyəvi elementlərin qarışığından yaranan metaldır – qalay, mis, berillium, alüminium, xrom və s... Ən qədim tunc qalaylı tuncdur. İnsan onu tunc dövründə kəşf edib, bizim eramızdan 3 min il əvvəl. Çexov yəqin ki, bilməmiş deyildi, bəlkə də, detallarına bu qədər varmazdı, eyni zamanda, onun əsas qəhrəmanına "Bronza” (Tunc – red) ayamasını təsadüfən verməsi də sadəlövhlük olardı. Ayama assosiasiya doğurur, burda bir məntiq də görmək olar; "Tunc” ayaması insana qədimilik verir, onun möhkəmliyinə işarədir; o, metal növüdür, zaman-zaman yaşıla çalsa da, öz xüsusiyyətini itirmir, ondan memarlıqda istifadə edirlər, kilsə zəngləri ondan hazırlanır, pul, medal, orden, heykəl və s. düzəldirlər... Günəşə tutanda bərq vurur. Görünür, burda insan-zaman, maddiyyat – pul, qızıl... – mənəvi-əxlaqi – kilsə zəngləri, memarlıq, – dəyərlərin əlaqəsi var... Bu əlaqənin bədii şəklini isə elə hekayə başlayandan görmək olar: Yakov qəsəbədəki adamların ölümünü səbirsizliklə gözləyir, əsəbiləşir ki, çox nadir hallarda ölürlər; axı çörək pulu ölülərdən çıxır! O, "yaxşı, möhkəm tabutlar düzəldir” və hesab edir ki, onun həyatının mənası da elə budur. Hekayədə "daim zərərini hesablayan” əsas qəhrəmanın peşə xüsusiyyətləri ilə bağlı çox incə nüanslar da var, azərbaycancaya tərcüməsində oxuyuruq: "Yakov yaxşı və möhkəm tabut düzəldirdi...” Orijinalda isə belədir: "Яков делал гробы хорошие, прочные.” Burada "yaxşı” sözü lə "tabut” arasında qəribə bir müəllif sarkazmı var. Obrazın əxlaqi keyfiyyətləri barədə hələ ki, heç bir söz demir. Sintaksis təhlilə görə, əslində, burada Azərbaycan dilindəki "və” bağlayıcısı artıq görünür, cümlə orijinaldakı kimi vergüllə yazılmalıdır. Çünki həm "yaxşı”, həm də "möhkəm” sözləri tabuta aiddir. Bu sözlər sinonim də deyil, "yaxşı” sözü "möhkəm” demək deyil. "Möhkəm” pis məna da verə bilər. Çexov burada vergül qoyub, hər iki sözə eyni məna verir və biz mətndə buna sinonim kimi baxırıq. Beləliklə, məntiq budur ki, Yakovun yaxşı tabutları möhkəm tabutlardır. Mətndə bu anlayışlarla bağlı müəllifin sarkastik oyunu müşahidə olunur, yazıçı burada Yakovun müəmmalı bacarığına lağ edir, daha doğrusu, müəllifin sarkazmı obrazın əl bacarığına qarşıdır, Yakovun məşğul olduğu işin "qeyri-ciddiliyinə”, "əhəmiyyətsiz” olduğuna işarə vurulduğunu da demək olar... Məncə, yazıçının əsas sarkazm hədəfi Yakovun bir obraz kimi qarışıq xasiyyətləri deyil, onun bir-birinə zidd olan məşğuliyyət və əməlləridir, tabut düzəltmək və musiqi alətində çalmaq, – buna görə də mən bir oxucu kimi Yakova pessimist, yaxud ekzistensialist obraz kimi baxa bilmirəm...
– Bəs Yakovun xanımı ilə münasibətini necə dəyərləndirmək olar? Sizcə, bu münasibətlər o dövrün ailə-məişət problemlərinin ümumi mənzərəsini əks etdirirmi?
- Bütün dövrlərdə və cəmiyyətlərdə qadına qarşı ədalətsiz münasibətlər və haqsızlıqlar olub və indi də var. Çar Rusiyasında da bu amil var idi və Çexov Yakovun xanımına – Marfaya münasibətini də məharətlə, lakonik şəkildə ortaya qoyur. Mətnə diqqət edək: Yakov kişilər və meşşanlar üçün öz boyuna uyğun tabut düzəldir, heç vaxt səhv etmir. Adətə görə, tabutu canlı adamın boyuna görə ölçməzlər, amma Bronza öz boyuna görə görün nə qədər tabut düzəldib! Marfanın öldüyünü görən Yakov onun barəsində heç düşünmür də, əsas diqqətini tabutun keyfiyyətinə yönəldir – təki ucuz və keyfiyyətli olsun. Tabutu hələ arvadının sağlığında düzəldir, sonra da hesab edir ki, dəfn ucuzvari və zərərsiz keçdi, heç kim də incimədi. Diqqət etsək, burda da bir sarkazm var – dövrün mövcud ailə-məişət durumuna... Marfaya münasibət hekayədə birmənalı deyil, həm yazıçı, həm də Yakov onun barəsində fərqli düşünürlər; əvvəla, mənə elə gəlir ki, Çexov hər iki adı İncildən götürüb. İncildə Marfa, Lazar və Mariyanın bacısıdır. Yakov adının mənası da İncilə görə İsa Məsihin əkizidir, "növbəti gələn” deməkdir. Lazar İsa Məsihə qəlbən inanır, ona görə çarmıxa çəkilir. Marfa da öz növbəsində bunun şahidi olur. Bu adın mənası müxtəlif cür yozula bilər: xeyirxahlıq rəmzi kimi, sadə, sakit və iddiasız bir varlıq kimi – doğma evinin, ocağının təəssübünü çəkən qadın. Lakin bütün bunlarla yanaşı, axı o, həm də ev sahibəsidir, xanımdır, tərbiyəçidir; hekayədə ilk baxışdan Marfa öz adının mənasına uyğun ənənəvi varianta münasib kimi görünür. O, ərinə sözsüz tabedir, onun qulluğunda durur, xəstə canıyla bütün ev işlərini də görür, sobaya odun salır, su gətirir, Yakovun bir sözünü iki eləmir. Evə sərxoş gələn ərini çarpayıya uzadır, onun skripkasını divardan asır... Mətndə Marfa cəmi iki dəfə danışır, birinci dəfə deyir: "Yakov! Mən ölürəm!” İkinci dəfə isə "sarışın saçlı uşaq barədə” xatirələrini dilə gətirir. Marfa oxucuda əzabkeş qadın kimi yadda qalır, ölümlə sanki rahatlıq tapır. O, ikinci dərəcəli qəhrəman olsa da, xarakteri tam açılmır, yazıçı onu hekayənin əvvəlində öldürsə də, biz onu hər zaman diri görürük, əzabkeş, qayğıkeş qadın kimi görürük, sanki o da skripka kimi bir açardır, süjetin sonuna yaxın öz rolunu oynayır... Yakovun arvadına qarşı etinasız münasibətini Marfanı xəstəxanaya gətirib feldşerlə danışanda daha aydın görmək olar: "Bağışlayın, sizi narahat edirik, Maksim Nikolaiç, boş-boş şeylərdən ötrü... Mənim övrətim, necə deyərlər, həyat yoldaşım azarlayıb... üzr istəyirəm ifadəmə görə...”. Marfa obrazına adamın yazığı gəlir, bununla belə, onun hekayədə önəmli əhəmiyyətini də görməmək mümkün deyil. Ümumiyyətlə, bu kiçik parça o dövrün miskin ailə-məişət və sosial durumunun ən bariz nümunəsidir...
– Bu hekayəni uğurlu edən nədir? Çexovvari təhkiyə, yoxsa ictimai prosesə sadə, lakonik baxış?
– Hər ikisi var və üstəlik, deyərdim ki, ilk baxışdan sadə görünən mövzuya daha dərin, məntiqli və müdrik baxış var. Əlbəttə, klassik mövzudur: cəmiyyətdə insanın rolu, onun həyatının dəyəri. Hekayənin çox mürəkkəb psixoloji və dərin anlamı var. Bundan başlayım ki, niyə Yakovun yox, məhz "Rotşildin skripkası?”. Axı Yakov əsas obrazdır, skripka da ona məxsusdur, orkestrdə, toylarda çalır, həzin musiqisindən adamlar həzz alır... Bu yerdə Çexovun mövzuya yanaşmasından, onun təhkiyəsindən, usta priyomlarından danışmaq olar. Mənə elə gəlir ki, hekayəni uğurlu edən səbəblərdən biri, bəlkə də, skripkanın rəmzi personaj kimi süjetə gətirilməsidir... Bəli, bəli, Skripka – adi odun parçasından düzəldilən dördsimli musiqi aləti. Mətndə skripka ilə bağlı xatırlamalar çoxdur, skripka bütün süjet boyu əsas canlı personajı, prosesləri personajları və situasiyaları! müşayiət edir, mühüm rolunu isə finalda oynayır. Yakov ölərkən keşişə vəsiyyət edir: "Skripkanı Rotşildə verin!” Nə üçün? Onun elə bütün olan-qalan var-dövləti skripkadır – ruhu idi! Bəlkə, elə Çexov demək istəyir ki, insanın ruhu ölməzdir?! Axı insan o dünyaya ruhunu apara bilmir! Bunu izah etmək üçün bir qəzet səhifəsi də bəs eləməz. Çalışacam qısaca şərh edim: mənim zənnimcə, bəlkə də, Çexov skripkanı mistik tarixə malik olduğuna görə hekayəyə salıb. Məsələ bundadır ki, skripka ilə bağlı çoxlu mistik əfsanə və əlamətlər var. Əvvəla, insanlar ta qədimdən bu alətin həzin səsində qəlblərinə yaxın həmdəm, təskinlik tapırdılar. İkinci bir versiya isə bundan ibarətdir ki, skripkanın səsi Şeytani səsdir, intibah dövründə onu yaradanı şeytan adlandırıblar. Alətə və onun səsinə şeytan əməli deyirdilər. Avropalılar bu alətlə bağlı rəvayətlər də uydurublar: guya Zülmət Allahı Yerdə gözəl bir qız görür və ona vurulur. Lakin qız onun sevgisinə cavab vermir, qəzəblənən şeytan qızı danışmayan skripkaya döndərir; o vaxtdan skripkaya qara qüvvələr havadarlıq edir. İsveçdə skripka ilə bağlı daha bir mistik əfsanə dolaşır: çaylar İlahəsi suyun üstündə gözəl musiqi səsləndirir, adamlar görürlər ki, onun əlində skripka var, həzin və heyranedici səslər çıxarır; bu səslər ən yaşlı qocaları, yeriyə bilməyən, ayaqları tutulan adamları belə vadar edir ki, çaya girsinlər, suyun üstündə rəqs eləsinlər. Deyirlərmiş ki, o gözəl səsə qulaq asmaq istəyənlər mütləq qara bir qoç bəlkə də, adam qurban verməliymiş... Avropada daha bir əfsanə var: guya hansısa skripka ustası arvadının ölümündən bərk sarsılır, o, öz skripkasını onun qanı ilə rəngləyir, nəticədə skripkadan elə sehrli səslər qopur ki, insanlar onu unutmurlar. Daha bir rəvayət isə qırmızı rəngli skripkanın insana bədbəxtlik gətirdiyini, onu yoxsullaşdırdığını və ən sevimli adamını əlindən aldığını deyir, nəhayət, ona əzab və işgəncə dolu ölüm nəsib edir. Misal kimi italyan Paqanininin taleyini göstərmək olar və sair və ilaxır. Görünür, Çexov bütün bunlardan xəbərdar imiş. Belə olmasaydı, süjet boyu skripka və onun səsi ilə bağlı gizli, həm də müdrikcəsinə eyhamlar vurmazdı, alətlə insanın taleyi arasında əlaqəyə məna və çalar qatmazdı. Misal üçün, məhz skripka finalda Yakova anladır ki, o insandır, axı qəlbi, ruhu var, o həyatını boş-boş şeylərə sərf edib, düzgün qurmayıb, mənasız işlərlə məşğul olub, bu yaşda geri qayıtmaq da mümkün deyil və s...
– Yeri gəlmişkən, qeyd edim ki, hekayədə sanki "yaşayaraq dözmək” və "ölərək xilas olmaq” dilemması var. Necə düşünürsünüz, skripka, ya da elə götürək cuhudun fleytasını, bu iki alətin mahiyyəti dilemmanı ifadə edirmi?
– Dəqiq bilmirəm, amma hekayədə süjet, məzmun və ideya həqiqətən çox maraqlı detallar üstündə qurulub. Bir tərəfdən canlı personajlara yazığın gəlir, xoşagəlməz duyğularla yaşayırsan, təəssüflənirsən ki, onlar artıq heç nəyi dəyişə bilmirlər. Xüsusilə Yakov öz həyatını qara pul kimi xərcləyib, onun ömrü qəpiklər barədə düşünməklə bitib, qəpiklər isə heç vaxt olmayıb. Digər tərəfdən də onun həyata baxışları dəyişir – təxmin edə bilərəm ki, bu, ya skripkaya görə, ya da Marfanın ona xatırlatdığı "sarı saçlı uşağ”a görə baş verir, bəlkə də, ayrı atributlar da söyüd ağacı, onun başındakı qarğa yuvası, yaxud axan çay və s... rol oynayır, – mərhəmət və ağrı hissləri oyanır. Diqqət etsək, yazıçı da finalda ona tez-tez Yakov deyir, "Bronza” demir. Canlı personajın üzləşdiyi dilemma, məncə, budur... Amma hekayədə sənin qeyd etdiyin kimi, cansız personajlar – skripka və fleyta kimi musiqi alətləri də var. Bayaq qeyd etdim ki, əsas cansız obraz Skripkadır ki, onun rolu final səhnəsində daha güclü və məntiqli görünür. Nəhayət, biz burda bir cansız, amma rəmzi personaj da görürük: Yaddaş! O, ölməzlik simvolu kimi təqdim edilir. Axı adamlar sonralar skripkada çalınan musiqinin müəllifinin məhz Yakov olduğunu bilmirlər, buna baxmayaraq, onlar o musiqidən – Yakovdan sonra Rotşild məhz onun skripkasında Yakovun tanış musiqisini çalır! – Bronzanın vaxtilə çaldığı musiqidən həzz alırlar. Skripka da, musiqi də sanki ötürülür, ruh kimi əbədi yaşayır... Yakov olan-qalan varidatını cuhuda vəsiyyət edir və bununla da özü haqqında, skripkası və musiqisi haqqında əbədi xatirə yaradır... Əslində, o, ölməklə cismani olaraq əzabdan qurtarsa da, mənən ölmür, yaşayır. Cuhud isə "yaşayaraq dözməlidir”, ayrı çıxış yolu da görünmür, həyat davam edir...
– Və, bəlkə də, skripka Yakovun günahlarını, tənhalığını və sevgisini ifadə edir, yəni, taleyini. Hekayənin sonluğunu bu cür izah etmək mümkündürmü: hər dəfə onu təhqir etdiyi üçün və bu günahını yumaq üçün Yakov Rodşildə öz taleyini – skripkasını vəsiyyət edir?
– Hər kəs onu bir cür başa düşə bilər, təbiidir. Zənnimcə, skripka bütün bunlarla yanaşı, insan ruhunun simvoludur. Burda, məncə, skripka və musiqi ruhun ölməzliyi anlamını daşıyır və bəlkə də, Çexov "insanın bədəni, yoxsa ruhu” dilemmasını qoyub... Heminquey deyir ki, heç kim heç vaxt ölmür. Bu mənada Çexov da eyni şeyi deyir, intəhası, ayrı formada...
– Sizcə, baş qəhrəman hansı aspektdə haqlıdır?
– Mətndə Yakovun sərbəst və qeyri-iradi, düşüncəsiz – bəlkə də, kobud və primitiv! hərəkətləri, özünəməxsus fikirləri var; diqqət veribsinizsə, Yakov arvadını dəfn edəndən sonra yazıçı artıq öz qəhrəmanının daxili aləmində baş verən dəyişikliklərlə "məşğul olur”. Yakov artıq potensial gəlir mənbəyi haqqında xəbərə də etinasızdır, Rotşildə "gələ bilmərəm!” deyir. "İndi onun üçün daha vacib şeylər vardı, maddi zərərlər onu maraqlandırmırdı...” Amma bu da hələ qəhrəmanın haqlı olduğuna sübut ola bilməz. Məncə, Yakovun düşüncələrini, ya da ürəyindən keçənləri ifadə edən yazıçı sualları var. Burda biz yazıçının münasibətini –XIX əsr dünya ədəbiyyatında çox geniş yayılmış üsul idi, hansı yollasa yazıçı hadisəyə, yaxud obrazın durumuna müdaxilə edir, ya da onun dilindən istifadə edirdi, – görürük, o suallarla baş qəhrəmana haqq qazandırmağa çalışır...
– Hekayədə tabut simvolu da var. Bu, axirətə işarədir, yoxsa...
– Fərid, ümumiyyətlə, Çexovun qəhrəmanlarının hərəsi bir cür bədbəxtdir. Deməli, Anton Pavloviçi bütün "bədbəxtlərin yazıçısı” da adlandırmaq olar. O ki qaldı hekayədəki tabut simvoluna, o, həyatdır, bu dünyadır, dörd bucağı – Şimalı, Cənubu, Qərbi və Şərqi olan Yer kürəsinin rəmzidir bəlkə də. Yakov tabutu düzəldən kimi özü tabuta girir. Tabut kimi ağır, yalançı, miskin olan bu metafora sanki qutunu xatırladır, bu qutunun içində də insan həyatı var. Qutudur həyat, dörd bucaqlı bir qutu! Biz də gəlirik və o qutunun içində əzabkeş ömrümüz gedir və elə həmin qutuda da gedirik o biri dünyaya. Bəlkə də Çexov bunu demək istəyib.
– Oskar Uayld "Dorian Qreyin portreti”ndəki sənətə münasibətlə hekayədəki sənətin insana təlqin etdiyi hisslər arasında oxşarlıq varmı?
– Oskar Uayldın öz sözü ilə desək, bütün sənətlər bu və ya digər dərəcədə insana hansısa hissləri təlqin edir, misal üçün, təəssüf hissi, emosionallıq, kədər, sevinc və s. Bu mənada oxşarlıq var. Yadındadırsa, Oskar həmin romanın giriş hissəsində deyir ki, biz insanı faydalı işlər gördüyünə və bundan heç də məmnun qalmadığına görə bağışlaya bilərik. Faydasız iş görən adamı da o zaman bağışlamaq olar ki, o bu işi sevə-sevə, özü də ehtiraslı sevgi ilə görsün... "Rotşildin skripkası”nda baş qəhrəman Yakova da "faydasız işlə” məşğul olan obraz kimi baxa bilərik, amma bütövlükdə axı o, "yaxşı, möhkəm tabutlar” düzəldir və bu işi də əsas məşğuliyyətinə çevirib. Digər tərəfdən isə gözəl skripka çalır və beləliklə, görürük ki, o, insanlara bir tərəfdən kədər və hüzn gətirən tabut düzəldir, digər tərəfdən isə onları öz musiqisi ilə əyləndirir, onlara həzin duyğular bəxş edir. Hər iki halda, Yakov razıdır, sonda isə başa düşür ki, birinci halda yanılıb, bəlkə də, çayda balıq tutub bazara aparsaydı, daha çox pul qazanardı... Göründüyü kimi, burda artıq hisslərdən söhbət getmir, yenə mənfəət və gəlir barədə düşünür... Dorian Qreyin durumu da sənə emosional hisslər təlqin edir, lakin bunların arasında fərqlər var; rəssam Bazil gözəl portret yaradır Dorianın gənclik rəsmini; o, sanki Narsisə oxşayır. Dorian da onu qoruyur, gəncliyini əbədi qorumaq, saxlamaq istəyir. Düşünür ki, o, hər zaman portretdəki kimi cavan qalacaq, insanlara bu gözəlliyi ilə estetik hisslər təlqin edəcək. Finalda nə baş verir? Dorian düşünür ki, "görəsən, doğrudanmı keçmiş ona daim ağır yük olacaq? Bəlkə elə yaxşısı budur etiraf etsin cinayəti? Heç vaxt! Onun əleyhinə işləyən bircə dəlil var, düzdü, çox zəif dəlildir, amma var – o da portretdir! Portreti məhv etmək lazımdı, vəssalam! Axı portreti nə üçün bu qədər saxlayıb, hə?..” Bu səhnədə portret onun keçmişdəki pis əməllərini xatırladır, hətta simvolik olaraq portret eybəcər hala düşür... Bu təəssüf hissi ilə Yakovun keçirdiyi təəssüf hissi əlbəttə ki, ayrı-ayrı situasiyalardır, amma onları birləşdirən, sadəcə, keçmişlə bağlı insanın təəssüf hissləridir...
– Yakovun xarakteri kapitalist sistemin insan xislətinə mənfi təsirdir, yoxsa bu sadəcə xəsislikdir?
– İnsanın xarakteri onunla birgə doğulur, mahiyyətcə, ölənədək dəyişmir. Əlbəttə, ailənin, mühitin, sistemin və s. təkcə kapitalist sistemindən söhbət getmir! onun formalaşmasında rolu olur, amma simiclik, xəsislik insanın təbiəti ilə bağlıdır, o ya olur, ya da olmur. Məgər Hacı Qaraya sistem təsir eləmişdi? Ya da Molyerin yaratdığı xəsis obrazına sistem təsir etmişdi? Məncə, bu elə sadəcə onun qanından gəlir. Çexov bunu çox incə detallarla verə bilib. Yakov ruhani vəziyyəti heç vaxt yaxşı olmayan bir adamdır, fərəhsiz, qaraqabaq bir qoca. Onun özəl xasiyyəti də var – zıqqıdır, simicdir. "Min manatdan çox zərər”ə düşdüyünü hesablayarkən Marfa qəflətən ona bildirir ki, tezliklə öləcək. "Yakov! Mən ölürəm!” Arvadının bu sözlərinə qəhrəman belə reaksiya verir: "O boylanıb arvadına baxdı”. Burda qəhrəmanın heç bir hissi təsvir edilmir. Sadəcə "boylanır”, vəssalam. Hətta təəccüblənmir, diksinmir də. Görünür, Çexov demək istəyir ki, maddi "zərər” olan yerdə mənəvi itki – Marfa yada düşərmi? Burda qəhrəmanın xarakteri hərəkət və davranışlarına görə açılır...
– Yakovun uşaq tabutlarına münasibətinin kökündə hansı məntiq dayanır? Bunu müasir insanın iş, pul müqabilində insani hislərdən, mənəvi ağrılardan aşınması kimi izah eləmək olarmı?
– Mən məsələyə bir qədər ayrı cür yanaşmaq istərdim: Marfa ölüm ayağında Yakova uşağı xatırladır. "Yadındadı, Yakov?” soruşur, sevinclə ona baxır. – Yadındadır, əlli il bundan qabaq Allah bizə bir uşaq vermişdi, sarışın saçlı?” Ümumiyyətlə, hekayədə uşaq obrazı da mühüm obrazdır. Hekayənin əvvəlində uşaqla bağlı bir fraqment var: "Uşaq tabutu üçün sifarişləri Yakov həvəssiz qəbul edirdi, onları birbaşa ölçüsüz edirdi, həqarətlə düzəldirdi, hər dəfə də işə görə pul alanda o deyirdi: – Doğrusu, boş şeylərlə məşğul olmağı xoşlamıram”. İlk anda bizə elə gəlir ki, personajın uşaq tabutuna münasibətini yazıçı elə-belə, xarakteri açmaq üçün salıb. Marfanın xatırlatmasından sonra isə bilirik ki, qəhrəmanın öz uşağı da varmış, ölüb, lakin Yakov yaddaşını silkələsə də "xatırlaya bilmir”. Bu dəhşətli iki "itki” haqqında da danışmaq lazım gəlir – uşaq və onun xatirəsi! Sual olunur: qəhrəman niyə onu xatırlamır? Həyatında baş verən ən dəhşətli itkiyə qarşı nə üçün belə biganədir? Düşünmək olar ki, bu bir yaddaş məsələsidir, unuda bilər, çox illər keçib... Müəllif bu sualı açıq saxlayır. Əlli ildən çox vaxt keçib! Lakin biz Marfanın ikinci və sonuncu monoloqundan öyrənirik ki, o zaman, əlli il bundan qabaq, Allah onlara uşaq verib, onlar birlikdə "çay kənarında oturub mahnı oxuyarmışlar...s öyüd ağacının altında...” Deməli, o zaman həyat varmış! Sadə məntiq də elə budur!
Sualın ikinci hissəsi ilə bağlı bunları əlavə edə bilərəm: insan əzəldən maddiyyatla mənəviyyat arasında çarpışır, həyatını gah bu, gah da o biri üstələyir. Hekayədə Yakov bütün həyatının mənasız ötdüyünü axır ki, anlayır, artıq gecdir...Onun faciəsi də məhz bundadır. Yakovun xarakterindəki meyllərin tədricən dəyişməsi də, məncə, Çexovun qabartmaq istədiyi əsas məqsədlərdən biridir. Mətndə "uşaq” obrazından savayı çox müdrikanə və məntiqli rəmzi personajlar var – Söyüd ağacı, Qarğa yuvası, çay və s... Bunların sistemli qurulmasında, zənnimcə, təkcə yazıçının fəhmi, hissi, istedadı yox, həm də geniş dünyagörüşü, idrakı və fəlsəfi baxışları iştirak edir. İlk öncə, söyüd ağacından başlayaq; Yakov çay kənarında iri gövdəli, köhnə söyüd ağacını görür, başında qarğa yuva salıb. Ağac Yakovun gəncliyinin dostu kimi təqdim edilib –"o, necə də qocalıb!” Görünür, ağac dünyanın, yerin oxu kimi rəmzi məna daşıyır, Göylə Yeri birləşdirən kökdür, insanla onun mənəvi dünyasını birləşdirən kökdür, bu, həyatın dövr edən çarxıdır, ölüm və həyatdır. Slavyanlar ta qədimdən bu ağaca xüsusi duyğu ilə yanaşıblar. Uzun qış fəslindən sonra ağac oyanır, yazın gəlişini xəbər verir, ilk günəş şüalarını qəbul edir, həyatverici, zərif duyğular oyadır – bu ağacda həyat gücü var... Məlumdur ki, xristianlıq yaranandan sonra söyüd ağacı onların həyatında xüsusi önəm daşıdı. Pravoslavların bayramlarında da ən vacib atributlardan biri oldu. Rəvayətə görə, Yerusəlimə gələn İsa Məsihi iudalılar palma budaqları ilə salamlayırdılar. Sonralar isə palmanı söyüd ağacı əvəz elədi. Pasxa bayramı ərəfəsində bu ağacı kilsədə bəzəyirlər. Deməli, söyüd ağacı qəhrəmanın mənəvi oyanışının rəmzi kimi də verilə bilər. Uşaq tabutu kimi! Axar çay kimi!
– Yakov arvadının dəfnindən sonra çay kənarına gəlir və yaşlı söyüd ağacını görür. Marfanın danışdığı hadisələri xatırlayır. Bu onun xatirələrinin ən uzaq nöqtəsidir, yəni gənclik dövrü... İndi yenidən ordadır. Boşuna ötmüş ömrün hesabatını verir , bu anda ağlına fikir gəlir, çayda balıq tutub satsaydı çox pul qazana bilərdi! Bu onun ağlına niyə başqa vaxt gəlməmişdi? Müəllif obrazı yaşlı söyüd ağacının yanına gətirməklə sanki ona yenidən nəfəs verir, onu yenidən diriltmək istəyir, ancaq Yakovun yaşı çoxdur, bu, gecikən bir ümiddir. Yakov orta yaşlarda o söyüd ağacının yanına gəlsəydi, başqa bir taledən danışmaq olardımı? Yaxud deyək ki, əlli ildə bir dəfə də olsun çayın kənarına gəlməyən Yakov çaya kədərlə baxır, çay isə axır – onun həyatı kimi axıb gedir. Yakov ayılır elə bil. Hər şeyi xatırlayır...hətta o "sarışın saçlı uşağı” da. Burada nə kimi paralellər aparmaq olar?
– Marfanın ölümündən sonra Yakov əvvəlki kimi yaşaya bilməzdi. O, dəyişir, amma gecdir. Söyüd ağacının başındakı "qarğa yuvası” isə artıq ölümün yaxınlaşmasından xəbər verir. Və nəhayət, sonda görürük ki, Yakov əlli il qabaq itirdiyi qız övladını yadına salır, yaddaşı sanki qayıdır. Onun ölümünə də münasibəti dəyişir, sanki o, indi skripkasına da uşaq kimi baxır, "skripkanı bağrına basdı, sanki ona layla çalırdı...” O, skripkasını-övladını-uşağını sakitləşdirərək sanki özünü sakitləşdirir. Skripka bu əlli ildə onun üçün böyük rol oynamışdı, Marfa da bunu hiss eləmişdi, buna görə onu hər dəfə ehtiyatla divardan asırdı... İndi ömrünün son günlərində isə Yakovun bircə skripkası qalıb, Yakovun yeganə dostu, onun qəlbinin bütün hisslərini ifadə edən alət. Skripkaya heç nəyi izah eləmək lazım gəlmir, o, özü hər şeyi başa düşür, sözsüz başa düşür, öz dili ilə ötürür... Bu dil – musiqi dilidir... Bu da Yakovun rəmzlərə, ümumiyyətlə, hər şeyə qarşı münasibətinin məntiqi nəticəsi...
– Rotşild də fleytada çox kədərli musiqi ifa edir, eynən Yakov da. Bu iki obraz arasında hansı mənəvi yaxınlıq var?
– Hər ikisi demək olar ki, eyni təbəqəli insanlardır. Milli mənsubiyyətləri fərqli olsa da, sonda onları sənət – musiqi birləşdirir.
– Hekayənin ikinci abzasında Yakovun fiziki göstəricilərindən danışılarkən deyilir: "Hətta həbsxanada da ondan hündür və möhkəm adam yoxdur”. Yazıçının bu müqayisəsi bizə o dövrün Rusiya həbsxanası haqqında məlumat vermək üçün istifadə edilir, yoxsa mətləb daha genişdir? Sizcə, burda dörd divara məhkum olunan məhbəslərlə, öz uğursuzluğuna və kasıblığına məhkum olunan Yakova işarə vurulmur ki?
– Yozumlar müxtəlif ola bilər. Gəl elə bu abzasdakı həmin cümləni orijinaldan oxuyaq: "Для мужиков и мещан он делал их на свой рост и ни разу не ошибся, так как выше и крепче его не было людей нигде, даже в тюремном замке, хотя ему было уже семьдесят лет...” Tərcümədə belə gedir: "O, kəndlilərin və meşşanların tabutlarını öz boyuna görə hazırlardı və heç də yanılmazdı, çünki yetmiş yaşı olsa da, heç yerdə, hətta həbsxanada da ondan hündür və möhkəm adam yox idi...” Burda da bir sarkazm var, təkcə rus həbsxanasına yox, ümumiyyətlə, Yakov kimi "hündür və möhkəm” adamlar üçün dünyanın zindan olduğunu da başa düşmək olar. "Hündür və möhkəm” sözlərini işlətməklə yazıçı bəlkə də Yakovun düşdüyü vəziyyəti lağa qoyur. Yəni, "hündür və möhkəm” adamdırsa, türməyə niyə düşür? Yaxud miskin vəziyyətdə niyə yaşayır? Ya da, məgər Rusiyada məhkumları boyuna və gücünə baxıb zindana salırdılar?...
– Yakovun bədbəxtliyində Rusiya dövlətinin rolu varmı? Çünki o nə polisdən yarayır, nə də həkimdən. Sanki müəllif gizli-gizli Rusiyanın çürüyüb dağılmaqda olan imperiya dəyərlərini daşa tutur, ifşa edir...
– Əlbəttə, var. Elə hekayənin ictimai-siyasi mahiyyətinin kökündə də Rusiyada imperiya dəyərlərinin ifşası durur. Rus adamının, rus həyatının Çexov qədər dəqiq, həm də dolğun təsvirini verən ikinci yazıçı tanımıram. Bunu hətta Tolstoy da etiraf etmişdi...

Söhbətləşdi: Fərid Hüseyn
banner

Oxşar Xəbərlər