“O tamaşanın adını eşidəndə, ayaqlarım əsir” - Fotolar
22
ildir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işləyir. Ömrünün bir
çox ilini isə Rus Dram Teatrında səhnə maşinisti, quruluşçu hissə müdiri kimi
çalışıb. Müsahibimiz istedadlı aktyor, rejissor Elçin İmanovdur. Onunla son
söhbətimiz dostunu - teatrın istedadlı sənətkarı Məhərrəm Qurbanovu itirəndə
olmuşdu. Dost itkisi ona çox təsir etmişdi. Elə indi də həmkarının, dostunun
itkisini qəbul edə bilmir.
- Rus Dram Teatrı və Akademik Musiqili Teatr
həm istiqamət, həm də repertuar baxımından biri-birindən çox fərqlənir. Bunlar
arasında keçid etmək sizə çətin olmadı ki?
- 1989-cu
ildə Rus Dram Teatrında səhnə maşinisti olaraq çalışmağa başladım və pillə-pillə
quruluş hissə müdirinə qədər yüksəldim. Düzdür, teatrda aktyor kimi də
fəaliyyət göstərirdim, ancaq içimdəki yaradıcılıq hissi məni rahat buraxmırdı.
Çünki canlandırdığım obrazları öz doğma dilimdə oynamırdım. Sanki öz yerimdə
deyildim. Səs imkanlarım yaxşı olduğu üçün Rus Dram Teatrının o zamankı baş rejissoru
Aleksandr Yakovleviç Şarovski məndən
Musiqili Teatrda işləmək istəyib-istəmədiyimi soruşdu. Razılıq verdim. O da
məni Hacıbaba Bağırovun yanına göndərdi. H.Bağırovun qəbulunda xalq artisti Emin
Sabitoğlu da var idi. O vaxtlar birdən-birə aktyor ştatına düşmək çox böyük problem
idi. Belə ki, uzun müddət xorda olub, daha sonra aktyor ştatına keçə bilərdin. Emin
Sabitoğlu pianinonun arxasına keçərək mənə "bir şey oxu” dedi. Mən ifamı
bitirdikdən sonra haralı olduğumu soruşdu. Dedim ki, Yardımlıdanam. O isə yarızarafat
"dağlar oğlunda belə səs olar” deyərək Hacıbaba müəllimə məni işə götürməyi
tapşırdı. Beləliklə, 1997-ci ildən rəsmi şəkildə ştata qəbul olundum. 2009-cu ilə
qədər Rus Dram Teatrında işləyirdim. 2009-cu ildən rəsmi olaraq iş yerim indiki
Akademik Musiqili Teatr olub. O ki qaldı sualınıza, iki fərqli ampluada olan
teatrda çalışsam da, hər ikisində eyni proses gedirdi. Yaradıcı insan üçün yerindən
və məkanından asılı olmayaraq, səhnə səhnədir. 2009-cu ildə başa düşdüm ki, mənim
yerim Musiqili Teatrdır.
- Teatrda səhnə maşinistindən tutmuş, quruluşçu
hissə müdirinə qədər pilə-pillə yüksəlmisiniz. Sizin kimi insanlara səhnə tozunu
udaraq formalaşan aktyor da deyirlər.
- Mənim
mayam elə o kulisin tozunun içində yoğrulub. 1989-cu ildə Məlik Dadaşov məni Rus
Dram Teatrına işə götürəndə, 18 yaşım təzə tamam olmuşdu.
- Ömrünüzün yeniyetməlik, gənclik illərini teatrda
keçirmisiniz. Buna görə nə vaxtsa peşman olmusunuzmu?
- Əslinə
qalanda, hər bir insanda belə hisslər olur. Boğazdan yuxarı gözəl sözlər ifadə etmək
istəmirəm. Elə anlarım olub. 1992-93-cü illər teatrın ən çətin illəri idi. Nəinki
teatrın, elə ölkəmizin də. Ölkədə siyasi qarışıqlıq idi. Biz teatrdan çıxa bilmirdik.
İndi şəraitimiz, vəziyyətimiz o vaxta baxanda çox yaxşıdır. O dönəmlərdə 100 manat
maaş alırdıq və səhərdən axşamacan teatrda qalırdıq. Çox çətin günlər idi.
- Bizdən öncəki nəslin nümayəndələri teatrlarımızda
hər zaman anşlaq olduğunu və aktyorların yaxşı maaşa işlədiklərini deyirlər.
- Əslində
elə deyil. Sistem hər zaman belə olub. Misal üçün, mən iki il Türkiyədə
İstanbul Azərbaycan Teatrında çalışmışam. Orada satılan biletlərin əsasında məvacib
alırdıq. Ancaq sovet sistemi tamamilə fərqli idi. Neçə tamaşada oynamağından asılı
olmayaraq, aylıq maaş alırdın. Ay boyu anşlaq da olsa, tamaşaçı gəlməsə də, eyni
maaşı alırdın. Çünki sistem belə idi.
- Türkiyə teatrına necə gedib çıxmışdınız?
- Türkiyədə
İstanbul Azərbaycan Teatrının əsasını qoyduq. Hazırda bu teatr fəaliyyət göstərir.
Teatrı Kəmalə Nəbibəyli yaratdı. O teatrda ilk işimiz Firuz Mustafanın "Müqəvva”
əsəri oldu. İkinci işimiz isə Aygün Həsənoğlunun Xocalı ilə bağlı bir əsəri oldu.
2017-ci ildə bu tamaşa böyük rezonans doğurdu. Daha sonra "Adsız qadın” tamaşasını
hazırladıq.
- Bəs nə üçün orada qalmadınız?
- Çünki
mən ailəmlə birlikdə ora köçməli idim, bu da mümkün olmadı. Türkiyədə
çalışdığım müddətdə Azərbaycanda teatr, yaradıcı mühitin onlardakından qat-qat üstün
olduğunu gördüm.
- Bunu nəyə əsasən deyirsiniz?
- Onlar
üçün teatr adi bir göstərişdir. Teatra böyük sənət kimi baxmırlar. Aktyor necə
istəyirsə, elə də oynayır və əsaslandırmağa çalışır ki, o, tamaşa göstərir.
Əslində isə göstərdiyi tamaşanın nə dramaturji xətti var, nə də bir pyesə
əsaslanır.
- Bu gün dünya teatr cameəsi dramaturji xətdən
və pyesdən imtina edib.
- Son
dönəmlər artıq dünya teatrları bu sistemə geri dönüblər. Teatrda Stanislavski dünyanın
ən güclü sistemlərindən biridir. İndi bütün dünya Stanislavski sisteminə geri
dönür. Əgər aktyor səhnəyə çıxdıqda, rolu özününküləşdirə bilmirsə, tamaşaçını oynadığı
rola inandıra bilmirsə, onun göstərdiyi sənət deyil. Teatr həyatın güzgüsüdür. Bunun
dramaturji, süjet xətti olmalıdır. Monoton həyat insanı tez yorur. Tamaşada isə
hadisələrin başlanğıcı, gedişatı, inkişafı, sonu olmalıdır. Səhnəyə çıxıb heç bir
hərəkət etmədən yalnız söz desən, tamaşaçı səni 10-15 dəqiqə dinlədikdən sonra zalı
yarımçıq tərk edəcək. Ancaq elə tamaşalar var ki, 100 dəfə oynanılıb, yenə də tamaşaçı
onu sevərək izləyir.
- Siz hesab edirsiniz ki, onu maraqlı edən dramaturji
xətdir? Bu gün bütün teatrlarımızın repertuarına nəzər yetirdikdə, hər birində
klassik əsərlərin olduğunu və onlara "klassik olsa da, müasir baxış və müasir səhnə
həlli lazımdır” kimi yanaşmanın olduğunu görürük. Əslində isə bu tamaşaların
tamaşaçısı yoxdur.
- Klassika
hər zaman klassikadır. Rejissorun baxış bucağından çox şey asılıdır. Rejissor mənanı
tamamilə fərqli verə bilər. Misal üçün, "Arşın mal alan” 110 ildir ki, sevilərək
oynanılır. Dünyanın müxtəlif teatrlarında bu əsər nümayiş olunub. Bunun nəyi pisdir?
- Klassik əsərlər təkrar-təkrar səhnələşdirilir,
amma axı baxılmır.
- Hər
tamaşanın öz tamaşaçısı var. Ola bilər ki, siz baxmırsınız. Hər bir tamaşa rejissorun
özündən bir parçadır. Biz tamaşaya baxanda bilirik ki, kimin dəst-xəttidir. "Arşın
mal alan”ın 110 il əvvəl səhnələşdirilən tamaşasına və indikinə baxın. Böyük
fərqlər var. Misal üçün, amerikanlar "Romeo və Cülyetta”nı fərqli formatda nümayiş
etdirirlər.
- Belə bir fikir var ki, tamaşaçıların teatra
sarı getməməyinin əsas səbəbi o teatrdan istədiklərini
görməmələridir. Çünki teatr tamaşaçının istədiyini onlara vermir. Onlar bu gün səhnədə
Fatma xalanın başına gələn macəraları izləmək istəyirlər, nəinki əsrlər öncə Romeo
və Cülyettanın başına gələn müsibətləri.
- Əslində
tamaşaçıya nə verirsənsə, onu qəbul edir. Yəni nə yedizdirsən, onu da yeyir.
İnsanlara əsas təsir edən qüvvə televiziyalardır. Çünki televiziyalar birbaşa olaraq
təsiredici qüvvəyə malikdir. Bu gün televiziyalarımızda verilişlərdən tutmuş, filmlərə
qədər bayağılıq baş alıb gedir. Ona görə də çoxluğun zövqü o yöndə formalaşıb. Səbəbi
burada axtarmaq lazımdır. Nəyə görə bu gün tamaşaçısı yüngül söyüşlərə gülmək istəyir?
Çünki bu gün efirlər həmin söyüşləri təbliğ edir və adına da müasirlik deyirlər.
Mənim evdə övladım böyüyür. O, bayağı verilişlərə baxır və zövqü formalaşır. Beləliklə,
mən artıq bir valideyn kimi narahat olmağa başlayıram. Misal üçün, bazara pomidor
almağa gedirsən, görürsən ki, heç yanda yaxşı pomidor yoxdur. 20 qəpiklik çürük,
əzik pomidor qalıb və sən də onu almağa məcbursan. Bu da onun kimi. Məşhur aktyordan
soruşursan ki, bu seriala niyə çəkilmisən? Axı bu sənin çəkilə biləcəyin səviyyədə
bir film deyil. Deyir ki, nə edim, ailə dolandırıram. Heç kəsi qınamaq olmur. Nə
etməlidir? Ona sanballı film, serial təklifləri gəldi də istəmədimi?Siz
isə deyirsiniz ki, əsrlər öncə olan hadisələr tamaşaçının diqqətini çəkmir. Axı
bu gün Kefli İsgəndərlər, Məstəli şahlar var. O klassik əsərlərin qəhrəmanları bu
gün bizlərin arasında dolaşır. Bu o deməkdir ki, biz yerimizdə addımlamışıq. Bu
günün gəncləri tamam başqa istiqamətə meyllənirlər. Yerindən duran, əlinə bir kamera
alan deyir ki, mən rejissoram, film çəkirəm. 10-15 il bundan əvvəl heç kəs aktyor
olmaq istəmirdi. Seriallar dəbə mindikdən sonra hər kəs aktyor olmağa çalışır. İnsanlar
arasında məşhur olmaq sindromu başlayıb. Rejissorlar da peşəkar aktyorlara pul verməməkdən
ötrü yoldan keçənləri seriala çəkirlər. Bu sənət deyil. Peşəkarlar qalıblar bir
tərəfdə, küçədən keçənlər bu sahədə at oynadırlar, hərəsinin də İnstaqramda bir
fan səhifəsi var. Bizim üçün İnstaqram məşhurları olublar.
- İnstaqramda varsınız?
- Varam,
amma aktiv deyiləm.
- Nə qədər izləyiciniz var?
- Bu
haqda çox da anlayışım yoxdur, onun nə olduğunu bilmirəm. Mənim səhifəmi qardaşımın
oğlu idarə edir. Bu gün filmlərin reytinqini İnstaqram izləyicilərinə görə müəyyən
edirlər. Hər hansı aktrisanı seriala dəvət edəndə, onun İnstaqramdakı
izləyicilərinin sayına baxırlar.
- Sizcə, bu, istedadın göstəricisidirmi?
- Vallah,
yox. Ümumiyyətlə, sənətə aidiyyəti olmayan bir şeydir. İnstaqrama gözəl bir qız
şəkli yerləşdirsəniz, hər kəs onu izləməyə başlayacaq.
- Redaksiyamıza gələndə axsamağınız diqqətimi
çəkdi. Niyə çəliklə gəzirsiniz?
-
Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, eyni zamanda Ceyhun
Hacıbəylinin 125 illik yubileyi şərəfinə yazıçı-dramaturq Əli Əmirlinin "Nuri
didə Ceyhun” əsəri əsasında əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə
tamaşa hazırlamışdı. Orada Üzeyir Hacıbəylinin obrazını canlandırırdım. Tamaşanı oynayanda birdən ayağım sürüşdü. Hiss
etdim ki, ayağıma nəsə oldu. Diz qapağım çıxmışdı və ayağım qırılmışdı. Aktyorlar
məni səhnədən çəkib çıxardılar. Ondan sonra bir ay ayağım gipsdə qaldı. Bir
aydan sonra Az.TV bu tamaşanın çəkilişini aparırdı. Yenidən bu tamaşanı
oynayanda yenə ayağım sürüşdü. Dizimin üstə oturdum və ikinci dəfə ayağım
sındı. İkinci dəfə böyük bir travma aldım və əməliyyat olundum. Bir ildən
çoxdur ki, diz qapaqlığım qatlanmır.
- Bu tamaşa sizin ayaqlarınıza düşmədi...
- (Gülürük)
Bu tamaşa mənə psixoloji olaraq təsir etdi. O tamaşanın adını eşidəndə, ayaqlarım
əsir...
- Bəlkə tamaşada canlandırdığınız Üzeyir
Hacıbəylinin ruhunu incitmisiniz?
-
Doğrudan da tarixdə belə şeylər olub. Dahi şəxsiyyətlərin həyatlarını
oynayanların öz həyatlarında faciəvi nələrsə baş verib. Mən belə qurtarmışamsa,
böyük şeydir (gülürük).
Xəyalə
Rəis