• çərşənbə axşamı, 23 aprel, 12:42
  • Baku Bakı 24°C

O müəllimə – ikinci yazı

13.05.17 09:45 3694
O müəllimə – ikinci yazı

Bir müddət bundan əvvəl "O müəllimə” adlı birinci yazımda bir xanım müəllimdən bəhs etmişdim. İndi yenə kompüterin klavişlərinin taqqıltısı məni məktəb vaxtlarıma aparır. Bu dəfə daha da uzaqlara - ibtidai sinfə. Bu gün bir universitet bakalavrı ikən, həmin yollarla gələndə, keçdiyim mərhələlər çox uzaq və uzaq olduğu qədər də gözəl xatirələrlə dolu görünür.
İnsanın mənəvi və mədəni cəhətdən formalaşmasında onun ilk müəllimləri çox böyük rol oynayır. Çünki ibtidai sinif şagirdinin olduğu mühit, onun gələcək davranışlarını, hadisələrə baxışını şəkilləndirir. Sevinc müəllimə də məhz "o müəllimələr”dən biri idi. Hər bir şagirdə fərqli qayğı ilə yanaşırdı. Lakin mənimlə bir başqa idi. Müəllim-şagird münasibətindən daha çox, bir qohum, yaxın kimi...
Yazını yazdıqca gözümün önünə Sevinc müəllimə ilə ən xoş xatirələrimiz gəlir. Hələ I sinif şagirdi idim, evimizə telefon təzə çəkilmişdi. Mən isə hər gün təkid edirdim ki, o müəlliməyə zəng edək. O vaxtlar bütün yay tətilimin hər günündə onunla danışmasaq, dərsə həvəsim olmurdu. Həmişə dərslərimə kömək edər, həvəsləndirər, tərifləri, gözəl sözləri ilə uğura gedən yolda addımlamağı öyrədərdi mənə. Sinifdəki şagirdlərə tapşırıq verdikdən sonra mənim dəftərimi götürüb yazıları bəzəyərək, daha gözəl görünüşlü edərək yazmağı hələ də yadımdadır.
Təbii ki, illər keçdi. İbtidai sinif də bitdi. Sevinc müəllimə ilə neçə vaxt əlaqə saxlaya bilmədim. Ən son bir qohumdan, oxuduğum məktəbdə direktor müavini işlədiyini öyrəndim. Çox sevinmişdim onun adına, amma əlaqə vasitəsi olmadığı üçün danışa bilməmişdim. İşlərin, dərslərin çoxluğundan da məktəbə ziyarətə gedə bilmirdim.
Bu yaxınlarda isə o müəlliməni sosial şəbəkədəki hesabından tapdım. Necə deyərlər, şagirdlik dostum müəllimimlə yenidən dostlaşdıq. O gündən bəri yenə də əvvəlki qaydada hər uğuruma öz adı kimi sevincini bildirir, dualar edir, çox dəstəkləyir. Bəlkə də uğurlarımla bağlı paylaşımlarımda həyəcanla, həvəslə ən çox onun rəyini gözləyirəm.
Bəli, illər keçdi, amma o, dəyişmədi. O müəllimə hələ də məni görəndə hamıya tərifləyir, onun da, məktəbin də ən qabiliyyətli şagirdi olduğumu deyir. Mən də bu memuar yazımı ona həsr etmək istədim. O müəlliməyə... Sizə ağıllı, mədəni, gözəl gələcəkli şagirdlər yetişdirməkdə, müqəddəs müəllimlik işinizdə uğurlar arzu edirəm, Sevinc müəllimə!
Nurlan Ağa,
BDU, Jurnalistika fakültəsi

banner

Oxşar Xəbərlər