• şənbə, 20 Aprel, 11:37
  • Baku Bakı 14°C

O, həyatdan və səhnədən doymadı - Fotolar

12.03.19 09:30 1242
O, həyatdan və səhnədən doymadı - Fotolar
Tanınmış sovet və rus aktyoru Vladimir Etuş vəfat edib. 97 yaşlı aktyor bir ay əvvəl insult keçirib. Bir neçə həftə xəstəxanada yatdıqdan sonra evə buraxılıb. Lakin iki gün əvvəl vəziyyəti kəskin şəkildə pisləşib və huşunu itirib. Aktyor təcili yardım maşınında Moskva xəstəxanalarından birinə aparılıb. Vladimir Etuş xəstəxanada dünyasını dəyişib. Qızı Raisa aktyorun ürək çatışmazlığından vəfat etdiyini deyib: "Atamın ürəyi imtina etdi...”

Vaxtanqov Teatrının direktoru Kirill Krok «Vladimir Abramoviç xəstəxanada dünyasını dəyişib”- deyə kədərlə jurnalistlərə bildirib.

Rusiya prezidenti Vladimir Putin aktyorun ailəsinə başsağlığı verib. Baş nazir Dmitri Medvedyev "Vladimir Etuş teatr və kinonu izləyən nəslin bütün nümayəndələri tərəfindən sevilirdi. O, parlaq aktyorlardan olub. Onsuz sovet və Rusiya teatr və kinematoqrafiyasını təsəvvür etmək mümkün deyil. Onun istedadı komediyanın dramatik dərinliyi ilə parıltısını birləşdirirdi. Bu itkinin yerini doldurmaq qeyri-mümkündür. Mən aktyorun ailəsinə başsağlığı verirəm» - deyə qeyd edib.

Xalq artisti, yazıçı və rejissor Valentin Qaft dostunun ölümünü Rusiyanın teatr və kino sənəti üçün ağır itki hesab edib: «Valodyanı bütün ölkə tanıyırdı. O, qeyri-adi artist idi. Xalq onu parlaq oyununa, istedadlı komediya aktyoru olmasına görə sevirdi. Onun taleyi də asan olmayıb, müharibədən keçərək səhnəyə gəlib. Az qala yüz ilə yaxın davam edən bir ömür sona çatdı... O, dövrümüzün ən yaxşı aktyorlarından biri kimi tarixə köçdü”.
Qocalmış aktyor
Vladimir Etuş ölüm anına qədər dünyada səhnəni tərk etməyən nadir qoca aktyorlardan biri idi. Bu göstəriciyə görə onu təkcə "Ginnesin rekordlar kitabı”na düşən rus artisti Vladimir Zeldin qabaqlayır. O, 2017-ci ildə 73 il çalışdığı Vaxtanqov Teatrının səhnəsində 95 illiyini qeyd etdi.

Etuş kimi aktyorları peşəkar dildə «xarakter» aktyorları adlandırırlar. O, qrotekst və parodiya ustası idi. Adətən ona gülüş yaradan hiyləgər və tamahkar obrazları oynamağı təklif edirdilər. O, bu ampluada mükəmməllik və şöhrət qazanırdı.

Vladimir Etuşun ən məşhur kino rolları Leonid Qaydayın «Qafqaz əsiri»ndə yoldaş Saaxov və «İvan Vasilyeviç peşəsini dəyişir»də stomatoloq Şpak idi. Təbii ki, sovet dövrünün insanları, xüsusən 40 yaşdan yuxarı olanlar bu filmləri izləməmiş deyil.

«Qafqaz əsiri»nin səs-küylü uğurundan sonra publikaya az tanınan 45 yaşlı aktyor, necə deyərlər, yuxudan məşhur oyandı. Bu roluna görə onun qonorarı 1800 rubl təşkil edirdi. Etuş personajının, qafqazlıların hissiyyatına toxuna biləcəyindən ehtiyat edirdi. Amma onların reaksiyası gözlənilməz oldu.

«Tanışlar "qafqazlılar döyə də bilərlər” deyə xəbərdarlıq etdilər. Bazara gələndə isə onlar az qaldılar ki, məni əlləri üstünə qaldırsınlar. Hər tərəfdən əhatəyə alıb bazarın nemətlərinə qonaq etməyə başladılar. Azərbaycanlılar elə başa düşmüşdülər ki, Saaxov ermənidir. Ermənilər onu azərbaycanlı kimi qəbul etmişdilər. Gürcülər də özlərinki hesab edirdilər. Bir sözlə, personaj hamıya xoş gəlmişdi. Xüsusən mənə...» - deyə aktyor memuarlarında xatırlayırdı.

Etuşun kinoda digər məşhur rolları – «12 stul»da mühəndis Bruns, «Buratinonun macəraları»nda Karabas-Barabas, «31 iyun»da isə hiyləgər ovsunçu Malqrim idi. Vladimir Etuş ümumilikdə kinoda 70-ə yaxın rol oynayıb. 1953-cü ildə çəkilən «Admiral Uşakov» filmindən tutmuş 2017-ci ildə Dostoyevskinin «Yeniyetmə» romanı əsasında çəkilən eyniadlı filmdəki Knyaz Sokolovski roluna qədər... Teatrda isə teletamaşalar və antreprizlər nəzərə alınmadan 59 rolu var idi.
Yoxsulluq, sevgi və müharibə
Vladimir Etuş 1922-ci il mayın 6-da Moskvada doğulub. Özü isə bu tarixdən gülərək danışırdı: "Valideynlərim mənim yaşımı azaltmış və mənə yenidən sənəd düzəltmişdilər ki, əsgərliyə bədənim bərkiyəndən sonra, bir il gec gedim. Sonradan əvvəlki yaşıma qaytarmaq istədikdə, məlum oldu ki, köhnə sənədlər itdiyindən bunu etmək mümkün deyil. Bax, buna görə də yubileylərimi ildə iki dəfə - köhnə və təzə qaydada qeyd edirəm”. Aktyorun atası Belarusdan idi və qalantereya mallarının ticarəti ilə məşğul olurdu. Ölkədəki «böyük dəyişiklik»dən sonra atası həbs olundu. Ailəni çətin vəziyyətdən çıxarmaq üçün anası işləmək məcburiyyətində qaldı və dörd otaqlı mənzilində qonşuları yerləşdirdi.

Vladimir uşaqlıqdan yoldaşları arasında «artist» kimi tanınırdı. O, məktəb özfəaliyyətində iştirak edirdi, incəsənətlə bağlı arzuları erkən yaranmışdı. Rus dramaturgiyasının klassiki Aleksandr Ostrovskinin vaxtilə onların evinin yaxınlığında yaşaması, Volodyada güclü təsir buraxmışdı. Gənc, rejissor olmaq həvəsi ilə yaşayırdı. "Yadımdadır, 7 yaşım olanda atam mənə oyuncaq at bağışladı. At taxtadan idi və bütünlüklə dəri ilə örtülmüşdü. Mən onunla oynamağı xoşlayırdım. Hərdən atın boynuna ip bağlayır və hər iki tərəfinə stul qoyaraq fayton düzəldirdim. Bir dəfə faytonu sürəndə nənəm məni qəfildən öpdü. Mən bərk əsəbiləşdim və göz yaşları içində "faytonçuları öpmürlər” deyərək qışqırdım. Elə o vaxt mənim aktyorluq qabiliyyətim üzə çıxdı. Mən öz hərəkətimlə at qovan kənd kişilərini xatırlatdım...»- deyə aktyor xatırlayırdı. Ancaq Kinematoqrafiya İnstitutunda imtahandan kəsildikdən sonra Vaxtanqov Teatrının nəzdində Boris Şukin adına Teatr Məktəbinə daxil oldu. Bu addımı atmağı isə ona rejissor Ruben Simonov məsləhət gördü. O, rejissorun bacısı qızı ilə platonik macəra yaşamışdı. Müharibə başlayanda gənc tələbə orduya könüllü getmək üçün müraciət etdi. Təhsilli adam kimi hərbi tərcüməçilər kursuna düşsə də, nəticədə ordu hissələrində təsərrüfat işlərinə baxan oldu. Polkda ştab rəisinin müavini vəzifəsinə qədər yüksəldi. Şimali Qafqazda döyüşən zaman yerli ləhcəni və mimikanı mənimsəməsi, gələcək aktyorluq fəaliyyətində dadına çatdı. Sonralar etiraf edirdi ki, məhz bu təcrübəsi Saaxov rolunun üzərində işləməyinə kömək edib.

1943-cü ildə leytenant Etuş Zaparojye şəhəri uğrunda döyüşlər zamanı ağır yaralanır və ikinci dərəcəli əlil kimi tərxis edilir. Bir il sonra Vaxtanqov Teatrında «Mademuazel Nituş» tamaşasında Adsız zabit rolunda debüt edir. O, qələbə gününü Vaxtanqov Teatrının səhnəsində qarşılayır. «Bu, mənim həyatda gördüyüm əsl xoşbəxtlik idi» - deyə Vladimir Abramoviç xatırlayırdı: «Xoşbəxtlik maddi kateqoriya deyil ki, onu əllərinlə tutasan. Həmin günün göz yaşları, günəş, ordenlərin parıltısı, insanların gülər üzləri gözümün qabağındadır. Müharibə haqqında mənim çoxlu xatirələrim var. Mən hər Qələbə günü qədəh qaldırıram».

1957-ci ildə V.Etuş artıq kurs rəhbəri, 1976-cı ildə isə professor idi.

Aktyor müharibədəki iştirakına, mədəniyyətə xidmətinə görə 8 ordenin kavaleri, 10 nüfuzlu mükafatın laureatı, o cümlədən «Qızıl maska» və "Billur Turandot” mükafatlarının sahibi idi. 95 yaşı olanda aktyor həyat və yaradıcılıqdan doymadığını deyirdi: «Baxmayaraq ki, Sovet İttifaqının Xalq artistiyəm, dövlət və digər mükafatların laureatıyam, bununla belə, artist həmişə rol istəyir. Mən hələ oynaya biləcəklərimi oynamamışam. Mənim üçün həmişə yaxşı rolların çatışmazlığı olub».

İki ay bundan əvvəl, yanvarda Etuş doğma teatrın səhnəsinə çıxaraq – «Benefis» tamaşasında oynamışdı. Yaşlı Sofiya İvanovna rolunu oynayan Etuşun obrazı tamamilə benefis idi. Hər dəfə səhnəyə çıxmağın onun üçün nə qədər çətin olduğunu çox az adam sezə bilərdi...
«Bağışla mənim əzizim, səni qoruya bilmədim...»
Aktyor ölümündən bir neçə gün əvvəl həyat yoldaşı ilə evliliyinin növbəti ildönümünü qeyd etmişdi.

Vladimir Etuş və həyat yoldaşı Yelena 20 ilə yaxın idi ki, birlikdə yaşayırdılar. Ona qədər isə Etuş 3 dəfə evlənmişdi. «Mən bəxti gətirənlərdənəm. 95 ildir mövcudam. Qadınlar da bütün həyatım boyu ətrafımda olub. Ola bilər ki, məndə hansısa cazibə var. Nəhayət, mən gözəl oğlanam»- deyə aktyor gülə-gülə deyirdi.
Elə Yelena sarıdan da bəxti gətirmişdi. Qadın, aktyora çox bağlanmışdı. Yelena Etuş ildönümlərini "facebook” səhifəsində qeyd edərək «Demək olar ki, 20 il! Mükəmməl!” – deyə yazmışdı. Aralarındakı 40 ilə yaxın fərq əsl sevgi hissinə mane olmamışdı. Necə deyərlər, ər-arvad ölümdən sonra da ayrılmaq istəməyiblər. Ona görə, onlar bir-birlərinə qeyri-adi hədiyyə ediblər. Onlar Novodeviçye qəbiristanlığında yer seçiblər. Hətta, həmişə bir yerdə olacaqlarına işarət edən qəbirüstü abidə – iki fiqur sifariş ediblər. Heykəltəraşlar bu fərdi eskizi artıq hazırlayıblar. Bu, romantik hadisə olsa da, həqiqətdir.

Vladimir Abramoviç həmin qəbirdə dəfn olunacaq. Artıq Moskva meri də bununla bağlı əmr imzalayıb. Onun anası Raisa Konstantinovna da o məzarlıqda dəfn olunub. Vladimir Etuşla vidalaşma mərasimi 12 martda saat 10-dan başlayaraq Vaxtanqov adına Teatrın əsas səhnəsində keçiriləcək.

Vladimir Abramoviç Yelena üçün həm ər, həm də uşaq idi. İndi o, telefonlara cavab vermir. "Facebook” səhifəsində isə yalnız belə yazıb: «Bağışla mənim əzizim, səni qoruya bilmədim...»
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər