O gün uzaqda deyil - ARAŞDIRMA
Mütəxəssislər deyirlər ki, Azərbaycanda formalaşmış immuniteti olan insanların sayı
kifayət qədərdir. Bu, optimist proqnozlar verməyimiz üçün əsasdır. Yay
aylarında virussuz, daha gözəl mühitdə yaşayacağıq.
Pandemiya ilə bağlı pozitiv xəbərlər gəlməyə
başlayır. Deyəsən, bütün dünyanı qorxuya salan virusu yola salmaq üzrəyik.
Artıq bəzi ölkələr karantin qaydalarını ləğv edir, hətta COVID xəstələri üçün
özünütəcrid tələbi aradan qaldırılır. Bəs Azərbaycan virusla nə vaxt vidalaşacaq?
Ümumiyyətlə, yaxın gələcəkdə COVID tarixə qovuşacaqmı?
Məlumdur ki, ötən aydan etibarən ölkəmizdə COVID-ə
yoluxanların karantin müddəti 14 gündən 7 günə endirilib. Buna səbəb xəstəliyin
həm inkubasiya dövrü, həm də yoluxdurma müddətinin 6-7 gün çəkməsidir. Bəs o 7
gündən nə vaxt imtina edəcəyik?
"Pandemiya artıq eniş mərhələsindədir”
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli"Kaspi”yə
açıqlamasında bildirdi ki, pandemiya artıq eniş mərhələsindədir: "Omikron”
ştammı ilə yoluxmaların analizini, xəstəliyin klinikasını müşahidə etdikdə,
görürük ki, virus daha çox yuxarı tənəffüs yollarındadır və simptomsuz keçən
formalar çoxdur. Proseslərin analizi onu göstərir ki, bir neçə mutasiyalar
keçirmiş virus öz gücünü itirir və xəstəlik yüngülləşir. 2 illik mübarizədən
sonra virus cəmiyyətdə müəyyən adaptasiya prosesi keçib və pandemiya artıq eniş
mərhələsindədir”.
"Pandemiya kabusu”ndan qurtulacağıq”
Həmsöhbətimiz vurğulayır ki, yay aylarında biz də
virusla vidalaşacağıq: "Pandemiyanın sonunu gətirən ən mühüm faktor
vaksinasiyadır. Vaksinasiyanın dünya ölkələrində, xüsusən də, Azərbaycanda
kifayət qədər yüksək templə həyata keçirilməsi və insan sağlamlığına dəyər verən
dövlətlərin bu prosesə ciddi yanaşması, bizi qalibiyyətə aparır. İmmuniteti
olan insanların həm yoluxmalar, həm də vaksinasiya hesabına artmasını müşahidə
edirik. Virusun mutasiyasının da prosesin nisbətən yüngül formada keçən
ştammlara istiqamətlənməsi onu deməyə əsas verir ki, artıq isti aylara doğru "pandemiya
kabusu”ndan qurtulacağıq. Ölkəmizdə vaksinasiyanın ikinci dozasının 70-80
faizlik rəqəmə yaxınlaşması, buster dozada 30-40 faizlik nəticənin əldə
olunması onu göstərir ki, Azərbaycanda formalaşmış
immuniteti olan insanların sayı kifayət qədərdir. Bu, optimist proqnozlar verməyimiz
üçün əsasdır. Yay aylarında virussuz, daha gözəl mühitdə yaşayacağıq”.
"Mövsümi xəstəlik halına keçəcək”
Həkim Elvin Hüseynov deyir ki, artıq virus həkimlər tərəfindən tanınır və
müalicəsi də mövcuddur. Virusun sonu nə vaxtsa gələcəkdi. O gün, artıq uzaqda
deyil: "Pandemiya, görülən tədbirlər ömür boyu davam edə bilməz. Nə vaxtsa sonu
olmalıdır. Sadəcə olaraq, virus yeni olduğu üçün bu addımları ilkin fazalarda
atmaq mümkün deyildi. Amma indi nəzərə almaq lazımdır ki, istər "delta”, istərsə
də "omikron” variantında təsirli dərmanlar mövcuddur. İnkişaf etmiş ölkələrdə risk
qrupuna aid olan insanların xəstəliyi yüngül keçirməsi üçün antiviral, yoluxmuş
və ağır keçirmiş xəstələr üçün isə anticisim kokteylindən istifadə edilir.
Düşünürəm ki, peyvəndləmə prosesində öndə olan ölkələr bu addımları daha tez
atacaqlar və pandemiyaya "yox” deyəcəklər. Koronovirus da ancaq endemik şəkildə
mövcud olacaq. Qrip infeksiyası kimi mövsümi xəstəlik halına keçəcək”.
"Məhdudiyyətlər aradan qaldırıla bilər”
İnfeksionist Mərdan Əliyev də yay aylarında pandemiyanın fəsli infeksiyaya
keçəcəyini düşünür: "Omikron” variantında yoluxma sayı pik həddə çatsa da, səhiyyə
sistemimiz yüklənmədi. Xəstələrin əksəriyyəti ev şəraitində rahat müalicə
olunurlar. Ağırlaşma olmadığı üçün də yoluxma sayı və aktiv xəstə sayı çox olsa
da, müəyyən qapanmalara gedilmədi, hətta bəzi məhdudiyyətlər yumşaldıldı. Pandemiyanın
ləğv olunması ölkəmizdə yaxın vaxtlarda gözlənilir. Artıq yoluxma sayının pik həddindən
sonra enməsi mərhələsindəyik. Vəziyyət belə davam edərsə, aktiv xəstə və
yoluxma sayına baxılacaq, digər ölkələrdə olduğu kimi bizdə də məhdudiyyətlər aradan qaldırılacaq”.
Pandemiyanın əleyhinə, bizim xeyrimizə...
Həkim vurğuladı ki, isti günlərin gəlməsi
pandemiyanın əleyhinə, bizim xeyrimizədir: "Artıq yaz fəsli gəlir. Bu da virusa
qarşıdır və yoluxma sayını azaldacaq. Buna görə də yaxın müddətdə pandemiyanın
bitəcəyini gözləyirik. COVID artıq fəsli infeksiyaya çevriləcək. Yəni qrip kimi
kəskin respirator virus infeksiyalarından biri olacaq. Artıq payız, qış
aylarında xəstəlik epidemiya həddində olmayacaq”.
Aygün ƏZİZ