• cümə axşamı, 28 mart, 14:55
  • Baku Bakı 16°C

O gecə tökülən qanlar

20.01.18 11:30 1303
O gecə tökülən qanlar
Xalqımızın taleyində faciələr silsiləsi az olmayıb. Zaman-zaman işğalçıların təcavüzünə məruz qalmış millətimiz bəzən ki­minsə, kimlərinsə məqsədlərinin həyata keçirilməsinin qur­ban­ına çevrilib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə də xalqımız tarixinin dəhşətli faciələrindən birini yaşadı. Sovet qoşunları torpaqları­mızın bütövlüyü, azadlığı uğrunda sinələrini sipər edən Azər­baycanın mərd oğul və qızlarını tanklar altına qoydu, güllə­baran etdi. Dinc əhaliyə atəş açdılar. Qanlı Yanvar günlə­rin­də Azərbaycanda 132 nəfər qətlə yetirildi, 612 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxla­nıldı. Bir faktı da nəzərdən qaçırmaq olmaz ki, fövqəladə vəziyyət elan edilməsi barədə xəbər səhər saat 7-də elan edilə­nədək hərbçilər 100 nəfərə yaxın Azərbaycan vətəndaşını qətlə ye­tirmişdilər.
Azərbaycanın belə bir mürəkkəb, faciəli, habelə informa­siya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaran­mışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə heç bir təzyiqdən, hətta fiziki cəhətdən məhv edilmək təhlükəsindən qorxmadan Azərbaycanın Moskva­­dakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli liderimiz Heydər Əliyevin xalqımıza başsağlığı və hadisəyə operativ və düzgün qiymət verməsi, imperiyanın mər­kəzində oturub onun iç üzünün açıqlaması tarixdə analoqu ol­mayan hadisədir. "Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nüma­yəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azər­bay­canın Moskvadakı nümayəndəsindən xahiş edirəm ki, mə­nim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqı­na çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm.
...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olun­muş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd he­sab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır...
Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Par­tiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Və­zirov müqəssirdir...
...Azərbaycana kənardan böyük ordu kontingenti ye­ridilmişdir.
...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırıl­malı­dırlar” - deyən ulu öndərin bu qətiyyətli mövqeyi xal­qı­mızın o ağır günlərində totalitar rejimə qarşı sarsıdıcı zərbə ol­­du. Psixoloji sarsıntı içərisində yaşayan azərbaycanlılar 1990-cı il yanvarın 21-də ümummilli liderin qəzəbli və qə­tiy­yətli bəyanatının doğurduğu əks-sədanı eşitdilər. Heydər Əli­yev mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Krem­lin bir addımlığında, həm də bütün dünyanın gözü qarşı­sında ittiham edirdi.
Ümummilli liderimiz sonrakı mərhələdə 20 Yanvar faciə­sinin törədilməsinə qarşı barışmaz mövqeyini daha kəskin şə­kildə nümayiş etdirərək, qətiyyətli addım atdı. Onun Bakıya qoşun ye­ridilməsinə, dinc əhaliyə amansız divan tutulmasına qarşı bəyanat verərək, Kommunist Partiyasının sıralarını tərk etməsi ən ağır anlarda yenə xalqı ilə birlikdə olmasını göstərdi.
Ulu öndərimiz Heydər Əliyevin 20 Yanvar faciəsini törə­dən­lərə qarşı barışmaz mövqeyi sonralar etdiyi bütün çıxışla­rı­nın, bəyanatlarının, imzaladığı sənədlərin əsas leytmotivi ol­muşdur. Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin cid­­di cəzalandırılması məsələsi onun fəaliyyətinin bü­tün son­rakı mərhələlərdə də aktuallığını qoruyub saxlamışdır. Ulu ön­də­rimiz həmişə bu mövqedə olmuşdur ki, xalqa qarşı törədilən hər hansı cinayət cəzasız qalmamalıdır.
Təsadüfi deyil ki, 20 Yanvar hadisələri ilk hüquqi-siyasi qiymətini də Naxçıvan MR Ali Məclisi tərəfindən Heydər Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərarı ilə 1990-cı il 21 noyabr sessiyasında almışdır. Qərarın bu gün də müa­sirlik və tarixilik baxımından aktuallığını nəzərə, alıb onun bəzi bəndlərinin diqqətə çatdırılmasını vacib sayırıq:
1. 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, res­publi­kada gedən demokratik proseslərə qəsd kimi qiymətlən­dirilsin.
2. Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət gös­tər­məyən günahsız adamlara qarşı müasir silahlarla, hərbi tex­nika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qət­lə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi itti­ham edilsin.
3. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciə­lərinə Azərbaycan SSR Ali hakimiyyət orqanları tərəfindən si­yasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi de­putat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, qanlı hadisələrin günahkarlarının aşkara çıxa­rı­lıb qanuni məsuliyyətə verilməməsinə qəti etiraz olunsun. Azər­­baycan SSR Ali Sovetindən tələb edilsin ki, ən qısa müd­dətdə həmin məsələni parlamentin müzakirəsinə çıxarsın.
4. Bu qərar qəbul edilən andan 20 Yanvar günü hər il Nax­çıvan Muxtar Respublikasında Milli Matəm günü kimi qeyd edilsin.
5. Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin ki, 20 Yan­­var günü hər il Azərbaycan SSR-də Milli Matəm günü ki­mi qeyd edilsin.
Bu bir həqiqətdir ki, Qanlı Yanvar faciəsi hərtərəfli, əha­təli və daha dolğun qiymətini məhz Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra müs­təqil Azərbaycana rəhbərlik etdiyi dövrdə aldı.
Ulu öndərimizin 1994-cü il 5 yanvar tarixli sərəncamında faciənin respublika miqyasında geniş araşdırılıb hüquqi-siyasi qiymət verilməsi tövsiyə olunurdu. Həmin il yanvar ayının 12-də Heydər Əliyevin sədrliyi ilə 20 Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə dövlət komissiyasının iclası keçirildi. İclasda çıxış edən ümummilli liderimiz Heydər Əliyev faciəyə tam və hərtərəfli hüquqi-siyasi qiymətin verilməsi vacibliyini önə çəkdi.
Dövlət komissiyasının ciddi fəaliyyəti nəticəsində 1994-cü il mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərarı qəbul etdi. Sənəddə 20 Yanvar faciəsi qabaqcadan şüurlu surətdə planlaş­dı­rılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiy­mətləndirilirdi. Qeyd olunurdu ki, Bakıya qoşun yeridilməsi milli azadlıq hərəkatını boğmaq və kommunist rejimini saxla­maq məqsədinə xidmət edib. Eyni zamanda, əsas məqsəd xalq hərəkatına zərbə vurmaq, istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olub. Qərarda faciənin günahkarları kon­kret adlarla göstərilir, ötən dörd il müddətində respublika hüquq-mühafizə orqanlarının bu ağır cinayətin istintaqı ilə bağ­lı fəaliyyəti yarıtmaz qiymətləndirilirdi.
Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar şəhidləri­nin xatirəsini daim əziz tutmuş, onların adlarının əbədiləşdiril­məsi məqsədilə bir sıra sərəncamlar imzalamışdır. Ulu öndərin 2000-ci il 17 yanvar tarixli fərmanına əsasən, 20 Yanvar təca­vüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına "20 Yanvar şə­hi­di” fəxri adı verilmişdir. Eləcə də "1990-cı il yanvar hadisə­ləri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haq­qında” 2003-cü il 15 yanvar tarixli sərəncamına əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılmışdır. Bakı şəhə­rində şəhidlərin xatirəsinə möhtəşəm xatirə kompleksi ucaldıl­mışdır. Ümummilli liderimiz Heydər Əliyev xalqın qəhrəman­lığını yüksək qiymətləndirərək demişdir: "Bu təcavüz nəticə­sində həlak olanlar xalq qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün, sizlər üçün, ailə üzvləri üçün böyük itkidir, faciədir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların şəhid olması zamanı tökülən qan bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli-azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xal­qı­mızın əsrlər boyu milli-azadlıq, müstəqillik uğrunda tök­düyü qanlara qovuşmuş qanlardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağı­mızın üstündəki qandır”.
Göründüyü kimi, yalnız ümummilli lideri Heydər Əliyevin qətiyyəti, barışmaz mövqeyi nəticəsində 20 Yanvar faciəsinin səbəblərini araşdırmaq, günahkarları aşkar etmək, onlara ob­yek­tiv hüquqi-siyasi qiymət vermək, bu əsasda baş verənlərdən düzgün nəticə çaxarmaq, xalqın qan yaddaşına həkk olunan bu hadisələrdən ibrət dərsi almaq mümkün olmuşdur. Çünki, 1990-cı ilin 20 Yanvarı bizim təkcə faciə günümüz yox, həm də tariximizin şərəfli səhifəsidir. Azərbaycanın milli-azadlıq hərəkatının yüksəliş zirvəsi, xalqın ictimai-siyasi təfəkküründə yaranmış böyük təbəddülatlar günüdür. 1990-cı ilin 20 Yanvarı elə bir şanlı tarixdir ki, əsrlər, qərinələr keçsə də, o heç zaman xalqın yaddaşından silinməyəcək, həmişə yad ediləcək, bu faciənin baş verməsinə rəvac verən səbəbkarlar lənətlənəcək, xalq və dövlət mənafeyini hər şeydən uca tutan ümummilli lide­rimiz Heydər Əliyev isə əbədi olaraq tarixdə yaşayacaqdır.
FİZULİ İBRAHİMZADƏ
Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin Akademiyasının Humanitar fənlər
kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər