• cümə, 29 Mart, 01:23
  • Baku Bakı 7°C

O, elm və ədəbiyyat fədaisi idi

01.08.18 12:45 1196
O, elm və ədəbiyyat fədaisi idi
Cəfər Xəndan kimi tanınan Hacıyev Cəfər Zeynal oğlu ədəbi aləmə gələndə ölkəmizdə ədəbiyyat sahəsinə hakim ideologiyanın diqqət yetirdiyi və ondan mübarizə üsulu kimi yararlandığı zaman idi.
Cəfər 1910-cu ildə Azərbaycanın qədim torpağı olan İrəvanda anadan olub. Atası Zeynal kişi müəllim idi. Cəfərin 8 yaşı olanda ailə Gəncəyə köçür. Amma bu köç ailəyə xoşbəxtlik gətirmir. Cəfər hər iki valideynini itirir. Başsız qalan uşaqlar Gəncə uşaq evinə təhvil verilir. Onlar burada 1925-ci ilə kimi qalırlar. 1925-ci ildə Cəfər Gəncə Pedaqoji Texnikumuna daxil olur. Şerə, ədəbiyyata olan marağı onu Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə gətirir. Görkəmli elm xadimlərindən, sənət adamlarından bədii və elmi yaradıcılığın sirlərini öyrənən Cəfər Xəndan, ömrünü ədəbiyyata, elmə həsr etməyi qərara alır. İnstitutu əla qiymətlərlə bitirən gənc, aspiranturaya daxil olur və burada assistentlikdən rektor vəzifəsinə kimi yüksəlir. O, BDU-nun rektoru olmazdan əvvəl, 1949-50-ci illərdə ADPİ-də rektor vəzifəsində çalışıb.
1939-cu ildə "M.Ə.Sabirin həyat və yaradıcılığı” mövzusunda namizədlik, 1947-ci ildə isə "1906-1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun ədəbiyyatda inikası” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə edən C.Xəndan, elmi aləmindən əvvəl, imzasını ədəbi aləmdə tanıdıb. Yaradıcılığa şeirlə başlayan C.Xəndan, ədəbi mühitdə bir çox vəzifələrdə də çalışıb. Gənc yazar bir müddət Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi və "Ədəbiyyat qəzeti”ndə məsul katib işləmişdir. "Gənc işçi” qəzetində ədəbiyyat şöbəsinə, "Kommunist” qəzetində isə mədəniyyət və məişət şöbəsinə rəhbərlik etmişdir. 1936-cı ildə ilk dəfə "Bəyaz gecələr” adlı şeirlər kitabı ilə oxucularının görüşünə gələn şair, sonrakı illərdə əsasən ədəbi tənqidə meyillənərək, "tənqid qatarının bələdçisi”nə çevrilir. İlk irihəcmli monoqrafiyasını M.Ə.Sabirə həsr edən alim, "Molla Nəsrəddin” ədəbi məktəbinin yetirmələri olan Ə.Qəmküsar, Ə.Nəzmi, Ə.Haqverdiyev və başqalarının həyat və yaradıcılığı haqqında da maraqlı, dəyərli fikirlər söyləmişdir.
1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda, Cəfər Xəndan müharibədə həm sözü, həm silahı ilə vuruşdu. Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı və bir sıra cəbhə qəzetlərinin əməkdaşı, məsul katibi kimi sözünü də dedi. "İlk ayrılıq”, "Cəbhə şeirləri”, "Qafqaz” kitabları həmin ağrılı-acılı günlərin könül çırpıntılarını, hicran yanğısını əks etdirən təəssüratın məhsulu oldu.
Azərbaycan ədəbi mühitində özünəməxsus sözü və yeri olan ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, şair, pedaqoq, Azərbaycan filologiyasına böyük töhfələr verən C.Xəndan, bir necə dərsliklərin, monoqrafiyaların, şeirlər kitabının müəllifidir. Professor Qara Namazovun təbirincə desək, dövrünün ədəbi prosesinin ilk bələdçisi olan, gündəlik ədəbiyyatla yaşayan, nəfəs alan, 1940-50-ci illər ədəbi tənqidinin görkəmli nümayəndəsi olan C.Xəndanın elmi və bədii yaradıcılığı təbii, dövrünün "qayda-qanunları” çərçivəsində, "tələb və təklifləri” sayəsində hasilə gəlib. Odur ki, bu məqalədə XX əsr ədəbiyyatımızın görkəmli mütəxəssisi kimi tanınan ədibin yaradıcılıq dünyasından geniş bəhs etmək fikrində deyilik. Bu məqalədə C.Xəndanın BDU-ya rəhbərlik etdiyi illərdən bəhs olunacaq.
Akademik Fuad Qasımzadənin dediyinə görə, paxıllıq, həsəd kimi hisslərdən uzaq olan Cəfər Xəndan, ətrafındakılara qarşı həmişə xeyirxah olub. Təbii, bu insani keyfiyyətlər rəhbər işçi üçün çox vacibdir. İndi gözdən keçirək, görək 1950-54-cü illərdə BDU-ya rəhbərlik edən C.Xəndanın dövründə universitetdə nələr baş verib?
BDU-ya 1950-ci ilin noyabr ayından rəhbərlik etməyə başlayan Cəfər Xəndan, ədəbiyyatçı olmasına baxmayaraq, universitetin hüquq fakültəsinə daha çox qayğı ilə yanaşıb. 1951-ci il marın 10-da SSRİ ali təhsil nazirinə ünvanladığı məktubda bunun bir daha şahidi oluruq. Rektor məktubunda bildirir ki, ölkədə hüquq təhsilini genişləndirmək və yaxşılaşdırmaq üçün S.M.Kirov adına ADU-nun hüquq fakültəsində əsaslı dəyişikliklər edilib: "Sizdən xahiş edirik ki, hüquq fakültəsinin Elmi Şurasının təşkil edilməsinə, ona mülki və cinayət hüququna dair namizədlik dissertasiyalarının qəbulu və müdafiəsi hüququ verilməsinə icazə verəsiniz” (Tezliklə rektorun istəyi yerinə yetirilib). Hətta rektor 1952-53-cü dərs ilində hüquq fakültəsinə ayrıca tədris binası verilməsinə də nail olub (Müharibədən sonrakı ilk illərdə hüquq fakültəsi orta məktəb binasında yerləşib. Bina kiçik olduğundan fakültədə dərs prosesi ancaq axşamlar aparılıb). Bu zaman BDU-nun tədris binalarının və yataqxanalarının çatışmamağı universitet üçün ən böyük problemi imiş. Bunu Azərbaycan KP MK və Nazirlər Soveti özünün "S.M.Kirov adına ADU-nin vəziyyəti və onun fəaliyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 1954-cü il 19 oktyabr qərarındada təsdiq edirdi.
Bu çətinliklərə baxmayaraq, C.Xəndanın BDU-ya rəhbərliyi dövründə universitet bir çox uğurlara da sahib olub. 1953-54-cü dərs ilində universitetdə 54 kabinet və laboratoriya fəaliyyət göstərib. Universitetdə professorların, doktorların və elmlər namizədlərinin sayı xeyli artıb. 1954-cü ildə universitet 1,2 milyon manat məbləğində avadanlıqla təchiz edilib. 1952-ci ildə geologiya-coğrafiya fakültəsində ilk dəfə "Neft və qaz yataqları kəşfiyyatının geofiziki metodları” ixtisası üzrə qəbul keçirilib. 1953-54-cü dərs ilində bütün fakültələrdə, xüsusilə fizika-riyaziyyat, biologiya, geologiya-coğrafiya fakültələrində müsabiqə olub.
Amma mərkəz, əvvəlki illər də olduğu kimi, BDU-da siyasi-tərbiyə işinə xüsusi diqqət yetirməklə, ənənəvi olaraq, ictimai elmlərin, marksizm-leninizmin əsasları, siyasi iqtisadi fənlərin tədrisini yaxşılaşdırmaq məsələsini inadla tələb edib. C.Xəndan da mərkəzin bu inadlı tələblərinə hərdən məmur kimi yox, şair qəlbli vətənpərvər kimi yanaşıb. Bu yanaşma mərkəzi qane etmədiyi üçün 1954-cü ilin ortalarında C.Xəndan BDU-nun rektoru vəzifəsindən uzaqlaşdırıldı.
Elə həmin vaxtdan ömrünün sonuna kimi (1961) BDU-da Sovet ədəbiyyatı kafedrasına rəhbərlik edən C.Xəndan, cəmi 51 il yaşadı, yaratdı, sevdi, sevildi... Əslində, uşaqlığında da lazım olan sevgini ala bilmədi. Bəlkə də ona görə çox həssas və kövrək idi. Adi tələbəsinə də, aspirantına da qayğı ilə yanaşmaqdan usanmazdı. Çünki uşaqlığında hər kəsdən bunları umsa da, görmədi, duymadı...
Akademik Bəkir Nəbiyev Cəfər Xəndanın bu ağrılı-acılı günləri haqqında yazırdı: "Uşaq evlərində ocaqlar nə qədər gur yansa da, ata məhəbbətinə, ana sığalına həsrət olan uşaqların qəlbini isidə bilmir. Orada işləyən insanlar nə qədər mehriban və qayğıkeş olsalar da, valideyn sevgisini verə bilmirlər. Uşaqlar böyüdükcə, bu həsrət və kədər də onlarla bərabər böyüyür və həyatın sonrakı sevincləri belə, o ağrıları unutdura bilmir”.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər