Növbəti 10 ilin prioritetləri
Və ya Azərbaycanın inkişafında yeni mərhələnin
başlanğıcı
Son 17 ildə dinamik inkişaf
əsasında Azərbaycan iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü
sosial-iqtisadi infrastruktur yaradılıb, pozitiv demoqrafik artım şəraitində
yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Mövcud maliyyə imkanları
tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda
möhkəmlənib. Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf
regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin
təşəbbüskarı olmaq imkanı verib. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq
dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib.
Bütün bunlar Azərbaycanın regionda siyasi, iqtisadi, hərbi rolunu yüksəldib.
Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini
uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə
keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına
möhkəm əsaslar yaradıb. Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və
postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən
strateji mərhələyə daxil olub. Ölkənin ərazi bütövlüyünün bərpası ilə
səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar
hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan
dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması,
azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.
Bütün bunları nəzərə alan Prezident İlham Əliyev fevralın 2-də "Azərbaycan
2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi
haqqında Sərəncam imzalayıb.
Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması
Sözügedən dövlət sənədinin
əhəmiyyətini, ondan irəli gələn vəzifələri "Kaspi” qəzetinə şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycan
Prezidentinin imzaladığı məlum Sərəncamla 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi
inkişafı üzrə Milli Prioritetləri təsdiq edilib. Onun sözlərinə görə, növbəti
10 ildə ölkə iqtisadiyyatı 5 əsas istiqamət üzrə inkişaf edəcək: "Bunlar
dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial
ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar
məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və
"yaşıl artım” ölkəsi olmaq kimi hədəflərdir. Diqqəti çəkən əsas məqamlardan
biri iqtisadi inkişafda inklüzivlik və innovativliyin daha da önə çəkilməsidir.
Sadə dildə desək, inklüziv inkişaf dəyərin yaradılmasında və bölüşdürülməsində
bütün cəmiyyətin daha yaxından iştirak etməsi və gələcək nəsillər üçün dəyər
bir hissəsinin qorunub saxlanılmasıdır. Digər tərəfdən, müasir çağırışlara
uyğun olaraq ümumi dəyərdə innovativ payın daha da artırılmasına nail olmaq
əsas hədəflərdəndir. Ən əsas məqamlardan biri də qələbənin əbədiləşdirilməsi
üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin
olunmasıdır. Növbəti dövr eyni zamanda məcburi köçkünlərin öz doğma yurdlarına
qayıtması və yeni quruculuq dövrü kimi də yadda qalacaq”.
Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı
İqtisadçı millət vəkili
deyib ki, Yeni Milli Prioritetlər ölkəmizin gələcək inkişafı baxımından
müstəsna əhəmiyyətə malikdir: "Sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlərə əsasən, minimum və orta pensiya məbləğlərində də artımlar olacaq.
Prioritetlərin reallaşdırılması müavinət, təqaüd və digər sosial ödəniş
məbləğlərinin də artmasına imkan yaradacaq. Sənədə əsasən, pensiya təminatı
sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli,
pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılacaq. Bu
pensiya islahatların davam etdirilməsi və pensiya məbləği müəyyənləşən zaman
yığımlar üçün mütənasibliyin genişlənəcəyindən xəbər verir”.
Beynəlxalq və regional nəqliyyat-logistika
dəhlizləri
Deputat V.Bayramov
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq
edilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamının icrasının təmin
edilməsi üçün Baş nazir Əli Əsədovun sərəncamı ilə komissiya yaradılmasına da
diqqət çəkib. Vurğulayıb ki, 15 gün müddətində işçi qruplarını formalaşdırmalı
olan komissiya 7 ay ərzində strategiya layihəsini hazırlayıb başa
çatdırmalıdır: "Regionun yeni siyasi-iqtisadi reallığı kontekstində hazırlanacaq
sənəd, eyni zamanda milli prioritetlərin mütləq üstünlüyünü nəzərdə tutacaq.
Strategiya hazırlandıqdan sonra artıq konkret istiqamətlər üzrə fəaliyyətlər də
elan ediləcək. Eyni zamanda həmin fəaliyyətlərin səmərəliyinin ölçülməsi üçün
konkret bençmarkların hazırlanması da məqsədəuyğundur. Vacib məqamlardan biri
də qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi
iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional
nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanaraq iqtisadi inkişafa
təkan verməsidir. Aydındır ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola
bilər. Bu məqsədlə konsepsiya neftdən asılılığın minimumlaşdırılmasını əsas
hədəflərdən biri kimi müəyyənləşdirir. Bu baxımdan da Dövlət Neft Fondundan
transfertin dövlət büdcəsində payının tədricən azaldılması və fiskal qaydaların
tətbiqi vacibdir. Fiskal gəlirlərin əhəmiyyətli hissəsinin qeyri-neft sektoru
hesabına formalaşmasına nail olunmaq iqtisadiyyatın dayanıqlığı baxımdan
mütləqdir. Bu həm də qiymətlərin aşağı və stabil olmasının təmin edilməsinə
imkan yarada bilər. Bütövlükdə, yeni yaradılan komissiya növbəti 5 ildə
Azərbaycanda iqtisadi inkişafın gücləndirilməsi üçün sistemli fəaliyyətlərin
hazırlanmasını həyata keçirməlidir. Bu illərin, həmçinin Böyük Qayıdış dövrü
olacağını nəzərə alsaq, söhbət kifayət qədər strateji müddətdən gedir”.
İxrac potensialının tam reallaşdırılması
Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Aydın
Hüseynov da "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər”in mühüm dövlət konsepsiyası olduğunu söyləyib. O bildirib ki,
burada nəzərdə tutulan tədbirlər həddindən artıq geniş və çoxşaxəli olmaqla bir
çox dövlət orqanları qarşısında mühüm vəzifələr qoyur: "Milli Prioritetlərə
əsasən, müxtəlif proqram və layihələr hazırlanacaqdır.Sənəddə 5 strateji
hədəf və hər hədəfə uyğun alt prioritetlər müəyyən edilib. Birinci hədəf
dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğudur. Həmin hədəfə
uyğun olaraq qarşıdakı 10 il ərzində yüksək iqtisadi artımın və ölkənin davamlı
inkişafının təmin edilməsi üçün möhkəm zəmin yaradılması nəzərdə tutulub.
Burada həm davamlı və yüksək iqtisadi artım, həm də daxili və xarici təsirlərə
dayanıqlıq kimi alt prioritetlər əsas yer tutur. Ümumilikdə, prioritetlərə
əsasən, 2030-cu ilə qədər iqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla
ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunması
proqnozlaşdırılır. Bunun üçün yüksək gəlirli iş yerlərinin yaradılması, həyat
səviyyəsinin ilbəil yaxşılaşdırılması, iqtisadiyyatın dərin şaxələndirilməsi,
mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni
"hərəkətverici qüvvələr”in tapılması, qeyri-neft sektorunun əsas drayver kimi
gücünün artırılması nəzərdə tutulub”.
Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması
Millət vəkili deyib ki,
hazırda neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da,
yaxın on ildə qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevriləcək. Onun
fikrincə, qeyri-neft sektorunun əsas şaxələrinə dövlət dəstəyi ilə bərabər,
özəl sektorun maliyyə dəstəyi də artırılacaq: "Plana əsasən, özəl sektorun,
xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca
mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı,
məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı
alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməli, biznesin
təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük
siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar
yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət
etməlidir. İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi
olan kapital və sığorta bazarının inkişafı da sürətləndirilməlidir. Milli bank
sektorunun dayanıqlığı təmin olunmalı, ona olan etimad yüksəlməli, real
iqtisadiyyatın maliyyələşdirilməsində bankların payı artırılmalı və sahibkarlıq
fəaliyyətinin inkişafına təkan verməlidir. Bank kreditlərinin sahibkarlıq
fəaliyyəti üçün əlçatanlığını təmin edəcək real işlək mexanizmlər hərəkətə
gətirilməli, bank kreditlərinin təminatı məsələlərində bürokratik əngəllər
aradan qaldırılmalıdır”.
İnvestisiyaların səmərəli tənzimlənməsi
İqtisadçı deputat
A.Hüseynov diqqətə çatdırıb ki, plana əsasən ölkə iqtisadiyyatına birbaşa
xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji
investorların cəlb olunması təmin edilməlidir: "Təbii olaraq bu zaman ölkənin
milli maraqlarının qorunması və xarici investorlara rəqabət mühitinin
yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi diqqət mərkəzində
olmalıdır. Dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin
iqtisadi səmərəsi yüksəldilməli, bu sahədə şəffaflıq səviyyəsi artırılmalıdır.
Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri
üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ
idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması
təmin olunmalıdır.Kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq
səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır. İqtisadi idarəetmədə müasir
korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməli və təşviq
olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən
müasir dövlət qulluğu sistemi və etikası formalaşmalıdır”.
Azərbaycanın böyük gələcəyinə tam inteqrasiya
Millət vəkili söyləyib ki,
Milli Prioritetlərin ən mühüm hədəflərindən biri də Böyük Qayıdışa uyğun
proqramların hazırlanması və icrasıdır. Onun sözlərinə görə, bu hədəf üzrə
işlər tamamilə yeni reallıqlar əsasında Azərbaycanın inkişafında yeni bir
mərhələnin başlanması deməkdir: "Qarabağ bölgəsi zəngin iqtisadi sərvətlərə,
istehsal, ixrac üzrə rəqabətqabiliyyətli istehsal drayverlərinə, eyni zamanda,
geoiqtisadi və strateji logistika, nəqliyyat imkanlarına malik bölgədir. Əvvəlki
dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların
təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən
birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün
bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və
dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız
belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam
inteqrasiyasını təmin etmək mümkündür. İşğaldan azad edilmiş ərazilərin ölkənin
iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa ediləcək, bölgə iqtisadi
fəaliyyətin aparıcı həlqələrindən birinə çevriləcək, ölkənin digər regionlarına
uyğun inkişaf səviyyəsinə malik olacaqdır. Nəticədə bu bölgədə yeni beynəlxalq
və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal
bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin
inkişafına əhəmiyyətli təkan verəcəkdir”.
Rufik İSMAYILOV