• cümə, 19 Aprel, 13:22
  • Baku Bakı 25°C

Növbədənkənar seçkilərin nəticələri göstərdi ki, erməni xalqı revanşist meyillərə “yox” deyir

21.06.21 21:15 251
Növbədənkənar seçkilərin nəticələri göstərdi ki, erməni xalqı revanşist meyillərə “yox” deyir
İyunun 20-də Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri onu göstərdi ki, erməni xalqı revanşist meyillərə "yox” deyir. Onlar haqsız müharibələrdən beziblər. Aprel döyüşləri zamanı Azərbaycan Ordusuna məğlubiyyət Sarkisyan rejiminin sonu oldu. Ötən il baş verən Vətən müharibəsindəki məğlubiyyət isə revanşistlərin hakimiyyətə qayıdış yolunu birdəfəlik bağladı. "Qarabağ klanı”nın bütün qüvvələrini səfərbər etməsinə, xaricdən dəstək almasına baxmayaraq, o, iflasa uğradı və Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldı. Onların heç bir siyasi perspektivi yoxdur.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında politoloq Zaur Məmmədov söyləyib.
Ermənistanda baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın seçkilərdə qələbəsindən sonra bu ölkənin Qərbə meyillənməsi haqqında danışan Zaur Məmmədov deyib: "Seçkilərin nəticələri həm də Qərbin qələbəsi deməkdir. N.Paşinyanın Qərblə ciddi bağlantılarının olması, həmçinin "Soros” Fondunun diktəsi ilə hərəkət etməsi də sirr deyil. Eyni zamanda, seçkilər Ermənistan cəmiyyətinin Paşinyanla birlikdə Qərbə inteqrasiyanın tərəfdarı olduqlarını göstərdi”.
Seçkilərin nəticələrinin Azərbaycan–Ermənistan əlaqələrinə təsirindən danışan politoloq vurğulayıb: "Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan bəhrələnə və dinc həyatını qura bilər. Ötən gün Ermənistan cəmiyyəti gələcəklə bağlı seçimini etdi. Azərbaycanın uzun illərdir erməni cəmiyyətinə ünvanlandığı çağırışlar seçkinin nəticələri ilə üst-üstə düşdü. Bu, o deməkdir ki, ermənilər revanşizmdən əl çəkməlidirlər. Qarabağa və digər qonşu ölkələrin torpaqlarına göz dikməyin onların faydalarına olmadığını anlamalıdırlar. Ermənistan gələcəyini qurmaq istəyirsə, normal qonşuluq əlaqələrini bərpa etməlidir. Xalqın yekun qərarı onu göstərdi ki, onlar keçmiş canilərin, avtoritar liderlərin, əli qana bulaşmış revanşist və terrorçu şəxslərin hakimiyyətə qayıtmasını istəmirlər. Növbədənkənar parlament seçkiləri erməni cəmiyyətinin Azərbaycanla növbəti mümkün qarşıdurmadan çəkindiyini bir daha sübut etdi. Çünki onlar bilirdilər ki, Robert Köçəryan hakimiyyətə gələrsə, yeni müharibə qaçılmaz olacaq”.
Politoloq bildirib ki, hazırda erməniləri düşündürən birinci dərəcəli məsələ sosial-iqtisadi vəziyyətlə bağlıdır. Onu da qeyd etmək yerinə düşər ki, seçkilər Köçəryana xalqın "şilləsi”dir. Əgər Azərbaycan 44 günlük Vətən müharibəsində Köçəryanı mənəvi cəhətdən, bir şəxsiyyət kimi darmadağın etdisə, bu parlament seçkilərinin nəticəsi deməyə əsas verir ki, bəzi hissəsini çıxmaq şərtilə erməni xalqı faktiki olaraq Köçəryana qapını göstərdi. Əslində isə Köçəryana "rədd ol” demək istədi. Seçkilərdən sonra Azərbaycanla Ermənistan arasında intensiv şəkildə müzakirələrin keçirilməsi, həmçinin demarkasiya məsələlərinə aydınlıq gətirilməsi üçün ciddi addımlar gözləniləndir. Əsas məsələ isə üçtərəfli Bəyanatın tam reallaşması istiqamətində işlərin aparılmasıdır. Ermənistan üçün əsas məsələlərdən olan Türkiyə-Ermənistan sərhədlərinin açılması isə bu ölkənin 10 noyabr tarixli Birgə Bəyanatı yerinə yetirməsindən və Azərbaycanla normal qonşuluq əlaqələri qurmasından asılı olacaq.
banner

Oxşar Xəbərlər