AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Növbədənkənar seçkilər Ermənistanda siyasi böhranı daha da dərinləşdirəcək

Növbədənkənar seçkilər Ermənistanda siyasi böhranı daha da dərinləşdirəcək

Cəmiyyət
05 May 2021, 18:30 580
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərində möhtəşəm Qələbəsi tariximizə qızıl hərflərlə yazıldı. Hazırda erməni cəmiyyəti məğlubiyyətin şokunu yaşayır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayandan sonra ciddi qarşıdurma və xaosun hökm sürdüyü Ermənistanda qeyri-müəyyən vəziyyət davam edir. Paşinyan hakimiyyətinin növbədənkənar parlament seçkiləri keçirməyə razı olması da məğlub ölkədəki siyasi böhranın dərinləşməsinin qarşısını almaq iqtidarında deyil. Əksinə, müxalifət hakim siyasi qüvvələrin seçkiləri saxtalaşdırmaq niyyətində olduğu barədə ittihamlarla xaosun daha da dərinləşməsinə rəvac verir.
Ermənistanın hazırkı ağır durumda olmasının əsas səbəbinin 30 ilə yaxın işğalçı siyasət yürütməsi olduğunu qeyd edən deputat bildirib: "Azərbaycan dövləti hər zaman bəyan edirdi ki, işğalçılıq siyasəti Ermənistana heç bir xeyir gətirməyəcək və buna görə də sülh yolu ilə münaqişə həll olunmalı, qarşı tərəf işğal etdiyi torpaqlarımızı xoşluqla tərk etməlidir. Çünki 30 illik işğal dövrü həqiqətən də Ermənistana heç bir divident qazandırmadı, əksinə, sosial-iqtisadi böhran dərinləşməkdə davam etdi. Bu da ölkədə siyasi böhranın baş verməsi ilə nəticələndi. 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn qüvvələr də münaqişənin həllində konstruktivlik nümayiş etdirmədi. Nəticədə ötən il 44 günlük müharibədə Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad etdi, 10 noyabr Bəyanatı ilə münaqişə başa çatdı. Müharibədəki ağır məğlubiyyət Ermənistanda psixoloji travma yaradıb, bütün sahələr üzrə böhranı daha da dərinləşdirib. Parlament seçkiləri ərəfəsində ölkədaxili gərginlik daha da artıb. Əlbəttə ki, Ermənistanda hazırkı mənzərə məhz işğalçılıq siyasətinin nəticəsidir”.
S.Fətəliyeva qeyd edib ki, Ermənistanın düşdüyü ağır durumdan çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsindədir. 10 noyabr razılaşması regionda kommunikasiyaların bərpasını da nəzərdə tutur. Həmçinin Azərbaycan region ölkələrinin əməkdaşlığını özündə ehtiva edən "altılıq” platformasının təşəbbüskarıdır. Əgər Ermənistan Azərbaycanın bu xoşniyyətli təşəbbüslərinə uyğun davranacaqsa, böhrandan çıxa bilər. Əks halda, bu ölkənin heç bir perspektivi yoxdur.
Deputat vurğulayıb ki, Ermənistanda seçkiqabağı vəziyyəti dəyərləndirən ekspertlər növbədənkənar seçkilərin bu ölkədə siyasi böhranı daha da dərinləşdirəcəyini, seçkilərdən sonra siyasi qarşıdurmanın vətəndaş müharibəsinə çevrilə biləcəyini istisna etmirlər.