Nurlu alim ömrünün xatirəmdəki işığı - Yusif Seyidov – 90

Azərbaycan
dilçilik elminin inkişafında müstəsna xidmətləri olan dilçi alimlərimizdən
biri Azərbaycan Dövlət Mükafatı
laureatı, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Yusif
Mirəhməd oğlu Seyidovdur. Həm dilçilik, həm də ədəbiyyatşünaslıq sahəsində tədqiqatlarının genişliyi ilə seçilən görkəmli
alim müraciət etdiyi hər bir mövzunu zəngin faktlarla, inandırıcı mühakimələrlə,
mükəmməl nəticələrlə tamamlamış, bir sıra problemlərin araşdırılmasında son və
konkret fikir yürütmüşdür. O, sistemli şəkildə
qrammatika ilə məşğul olsa da, dilçiliyimizin elə bir sahəsi və qaranlıq məqamı
yoxdur ki, ora müracit etməsin və həlli yollarını göstərməsin. Elmi yaradıcılığı Azərbaycan diçiliyinin böyük bir mərhələsini
təşkil edən professor Yusif Seyidov
dilçilik sahəsində məktəb yaratmış alimlərimizdən biri olmaqla yanaşı,
dilimizin qorunması, onun saflığının qayğısına qalan və bu sahədə təbliğat
aparan böyük vətəndaş-şəxsiyyət
olmuşdur. Azərbaycanda ədəbiyyatşünaslıq və dilçilik problemlərini müntəzəm
olaraq vəhdətdə tədqiq edən alim ömrünün 60 ildən
çoxunu dilçiliyin nəzəri və tətbiqi problemlərinin araşdırılmasına həsr
etmişdir. Alimin bu sahədəki tədqiqatlarının nəticəsi olaraq 200-dən çox elmi əsəri,
o cümlədən 30-dan çox monoqrafiya, kitab, dərslik, dərs vəsaitləri (Azərbaycan
və rus dillərində), onlarla publisistik məqalə, tədrisdə
və kadr hazırlığındakı fəaliyyəti, saysız-hesabsız
yetirmələri, onun uzun ömrünün silinməz izlərini təşkil edir. 1972-ci ildə çap
olunan üçmüəllifli "Müasir Azərbaycan dili” (Sintaksis) dərsliyinin müəlliflərindən
biri olması onun ən məhsuldar işi kimi
yüksək qiymələndirilmiş və dövlət mükafatına layiq görülmüşdür.
Yusif Seyidov 02 may 1929-cu ildə Naxçıvan Muxtar
Respublikası Şərur rayonunun Yengicə kəndində anadan olub. Orta məktəbi də həmin
kənddə 1944-cü ildə bitirib. "Əziz və doğma məktəbim” adlı məqaləsində gənclərin
mütaliə qabliyyətini artırmağı, kitablarla yoldaşlıq etməyi, ən vacibi ana
dilini sevməyi və öyrənməyi, bu dildə rəvan danışmağı, səhvsiz yazmağı, onu
qorumağı, daha da inkişaf etdirməyi
tövsiyə etmişdir. Yusif
Seyidov elmi yaradıcılığa və pedaqoji fəaliyyətə ilk dəfə 1952-ci ildə "Azərbaycan
müəllimi” qəzetində dərc etdirdiyi "Azərbaycan
dilinin qrammatikası haqqında” adlı ilk məqaləsi ilə başladı və böyük nöqtəni də
60 il sonra – 2013-cü ilin noyabr ayının 18-də qoydu. Bu ömrun
60 ili də Bakı Dövlət Universitetinin "Azərbaycan dili və onun tədrisi
metodikası” kafedrasında keçdi. Özünün dili ilə desək, məbədinə çevrilən bu
ocaqda həyatın ictimai pillələri ilə irəlilədikcə keşməkeşli yollardan keçdi.
1955-ci ildə "Müasir Azərbaycan dilində feili bağlama tərkibləri”
mövzusunda namizədlik dissertasiyası, 1965-ci ildə isə "Müasir Azərbaycan
dilində söz birləşmələri” mövzusunda doktorluq dissertasiyası müdafıə etməsi
onu tamamilə qrammatist kimi tanıtmışdı. Amma onun
elmi yaradıcılığı sintaksis cərçivəsində qalmadı, mövzu və mündəricə baxımından
çox geniş miqyası əhatə etdi. Azərbaycan dilçiləri içərisində ən çox əsəri (15
cilddə) olan alim heç vaxt özünü təkrar etmədi.
O, həmişə ilklərə imza atdı.
İlk
dəfə linqvistik təhlilləri bədii nəsr
nümunələri ilə aparmaq ənənəsini Yusif Seyidaov dilçilik elminə gətirdi. Nəzərə
alsaq ki, Yusif müəllim neçə-neçə dərsliyin müəllifi olub, deməli, ədəbiyyat
nümunələrini dil dərsliklərində görən şagird və tələbə buna etinasız yanaşa
bilməz. Yusif müəllimin bütün elmi və
pedaqoji fəaliyyəti milli ruha köklənmişdi. Belə ki, rus və Avropa dilçilik məktəblərinə
yaxından bələd olan alim heç vaxt həmin nəzəriyyələri Azərbaycan dilinə
uyğunlaşdıraraq uydurma dil faktları göstərmir, şablonları Azərbaycan dilinə
yamamır, əksinə, canlı xalq danışığında dil faktını müşahidə edir, həmin faktı ədəbi
dildə axtarır və sonra ona elmi və nəzəri təhlil verərək hökm çıxarırdı. Onun
üçün dil faktının böyüyü və ya kiçiyi yox idi. O, hər bir dil elementinə böyük
problemin bir ünsürü kimi baxır və müzakirə müstəvisinə gətirərək elmi qənaətlərini
ifadə edirdi.
Yusif
Seyidovun B.Çobanzadə, Ə.Dəmirçizadə, İ.Həsənov,
M.Xəlifəzadə, Y.Mirbabayev, M.Şirəliyev, M.Hüseynzadə və digərlərindən bəhs
etdiyi "Azərbaycan dilçilik elmini yaradanlar və inkişaf etdirənlər”, habelə görkəmli dilçi alim Nəsir Məmmədovdan
bəhs edən "Əlli il maarif cəbhəsində”, Afad Qurbanovun "Bədii mətn və
linqvistik təhlil”, Ə.Dəmirçizadənin Füzulinin ədəbi dilimizin tarixində
yeri haqqında apardığı tədqiqatlarından bəhs edən
"Azərbaycan dilinin xəlqi təbiəti və bədii vüsəti”, böyük dilçi alim Səlim Cəfərova
həsr olunan 5 böyük elmi əsəri və s. Azərbaycan
dilçilik elminin inkişafında xidmət göstərən sələflərinə böyük ehtiramın ifadəsi
idi.
Bu
korifey dilçinin, azman şəxsiyyət və ustad
müəllimin yaradıcılığı kifayət qədər monoqrafik material verir. Belə ki,
professor Yusif Seyidovun zəngin və çoxşaxəli elmi yaradıcılığının bir istiqaməti
ilə bağlı "Professor Yusif Seyidovun dilçilik görüşləri (ədəbi dil məsələləri)” mövzusunda Aliyə Əbülfəz qızı Musayeva
dissertasiya yazmış və uğurla müdafiə etmişdir. Azərbaycan dilçiliyində ədəbi dil məsələlərinin tədqiqi müəyyən bir
tarixə malik məsələ olsa da, bu sahədə zəruri nəticələr əldə edilsə də, səthi
yanaşılmış, konkret bir qənaətə gəlinməmiş məsələlər də az deyildir. Yusif
Seyidov ədəbi dil məsələlərini mütəmadi olaraq araşdırmış və silsilə əsərlər
yazmışdır. Azərbaycan ədəbi dilimizə dərindən nüfuzu və yeni, ən yeni dövr ədəbi
prosesini araşdırmalarında ardıcıl izləməsi nəticəsində ortaya qoyduğu 6
monoqrafiya, onlarla elmi əsər və gəldiyi elmi qənaətlər diqqəti cəlb
edir. Onun "Klassik Azərbaycan şairləri
söz haqqında”, "Yazıçı və dil”, "Sözün şöhrəti”, "Sözün qüdrəti”, "Sözün hikməti”
və b. kimi sanballı monoqrafiyalarındakı konkret nümunələrdən gəlinən nəticələrlə
dəqiq faktlar və göstəricilər təqdim etməsi dilçi-ədəbiyyatşünas və tənqidçi
alimin bu kontekstdə min illik (XI-XXI əsrlər)
Azərbaycan yazıçılarının klassik şeir dilinə məxsus yüksəlişi və xalq dilinə məxsus
təbiiliyini təhlil etmiş, söz haqqındakı düşüncələrini, xidmətlərini, fikirlərini sistemə salmış, tarixi
ardıcıllığı izləmiş və salnamə
yaratmışdır. Ədəbi-bədii dil və ədəbiyyata dair onlarla məqaləsi "Ədəbi tənqid
və bədii dil” kitabında toplanmışdır. Y.Seyidov "Yazıçı və dil” probleminin iki istiqamətdə,
yəni yazıçının əsərlərinin dili və dil
haqqındakı görüşlərinin öyrənilməsinin tərafdarı kimi çıxış edirdi.
Professor
Yusif Seyidovun Azərbaycan dili tarixinə dair apardığı səmərəli tədqiqatlar,
habelə "Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi”,
"Dastani-Əhməd Hərami” haqqında bəzi qeydlər”, "Kitabi-Dədə Qorqud”un dilində
sadə cümlə (inkişaf səviyyəsi)”, "Kitabi- Dədə Qorqud” dastanlarının dilində tərkib
və budaq cümlə paralelizmi”, "Dövrün (XII-XIX əsrlər) şeir dilinə ümumi bir nəzər”,
"Ədəbi şəxsiyyət və dil” və s. məqalələri, habelə "Nəsiminin dili”
monoqrafiyası ciddi və ardıcıl müşahidə və axtarışların, dil tariximiz haqqında
dərin və hərtərəfli elmi tədqiqatların məhsuludur.
Xalqımızın
"ana kitabı” olan ""Kitabi-Dədə Qorqud” dastanı haqqında”, ""Dastani-Əhməd Hərami”
haqqında bəzi qeydlər”, Yusif Məddahın
"Vərqa və Gülşa” poeması, klassik ədəbiyyatımızın araşdırılmasından bəhs
olunan "Klassik irs qayğıları” adlı əsəri sarsılmaz özülə malik olan ədəbi irsimizin
araşdırılmasında mühüm qaynaqlardandır.
Məlumdur
ki, Y.Seyidovun elmi yaradıcılığında
ədəbi şəxsiyyətlərə maraq güclü olmuşdur. Professor Yusif Seyidov tədqiqatlarında
Azərbaycan ədəbiyyatı xəzinəsinə böyük incilər bəxş edən ustadlara həsr olunan
araşdırmaları geniş və əhatəli şəkildə yer alır. Alimin XX əsr Azərbaycan şeiri
və nəsrində dil məsələsinə də xüsusi
diqqət göstərmiş və ədəbi prosesi ardıcıl və davamlı olaraq izləmişdir. "Üç
zirvənin fatehi” adlandırdığı Mir Cəlal Paşayev haqqında "Şirin söz ustadı”,
akademik İsa Həbibbəyli haqqında "Akademik İsa Həbibbəyli” , Rəsul Rza, Mirzə İbrahimov yaradıcılığında
dil məsələsi, Səməd Vurğun haqqında yazdığı "Şairin dərdi”, "Xalq yazıçısı
Elçin” adlı monoqrafiyasındakı ədəbi və bədii dil məsələləri öz elmi izahını tapmışdır. Bu əsərlərdə qoyulan məsələlər Azərbaycan dilçiliyi
üçün nə dərəcədə zəruri əhəmiyyət kəsb edirsə, gəlinən nəticələr, əksini tapan
qənaətlər də ədəbiyyatşünaslığımız üçün bir o dərəcədə əhəmiyyət və fayda kəsb
edir.
Fikrimcə,
yazılan hər bir əsərin arxasında onu yazan müəllifin əqli düşüncəsi ilə yanaşı
onun xarakteri də dayanır. Yusif Seyidovun əsərlərindəki polemika, elmi müzakirə
və mübahisələr onun yüksək nəzəriyyəsinin göstəricisidirsə, hər cümlənin
arxasındakı ana dilinə olan sevgi, milli ruha köklənmək, milli dəyərlərə xitab
etmək, axıcılıq, sadəlik isə onun xarakterinin nümayişidir. Bəllidir ki, dilçilik
konkret və fakta söykənən elmdir. Bu cəhətdən Yusif müəllimin dilinin sadəliyi
və axıcılığı onun riyazi dəqiqlik tələb edən dilçilik əsərlərini oxunaqlı
edirdi. Yusif müəllimin mühazirə deyəndə sadə, anlaşıqlı dili səsinin həlim ahəngi
ilə qulağa mirvari kimi süzülürdü. Biz onu dinləməkdən və əsərlərini
oxumaqdan yorulmurduq. O, bizə sadə məsləhətlər
verəndə belə adama elə gəlirdi ki, o, geniş auditoriya qarşısında məruzə edir.
Öyrənməkdən və öyrətməkdən yorulmayan, daima axtarışda olan pedaqoq-alim şəxsi
nümunə, insanlıq mücəssəməsi idi.
Mənim
əziz elmi rəhbərim Yusif müəllimlə bağlı saysız-hesabsız xatirələrim var.
Onlardan birini oxucularımızla bölüşmək istəyirəm: ...indi yaşadağımız əsrin əvvəlləri
idi. Aspiranturaya daxil olanda o vaxt akademik İsa Həbibbəyli Naxçıvan Dövlət
Universitetin rektoru vəzifəsində çalışırdı. O, bizim ən kiçik problemimizlə
yaxından məşğul olur və yerindəcə həll edirdi. İsa müəllim Yusif müəllimdən
xahiş etdi ki, mənə elmi rəhbər olmağa razılıq versin. Yusif müəllim mənə "Azərbaycan
dilində qeyri-təyini ismi birləşmələr” mövzusunda dissertasiya mövzusu verərndə,
Dədə Qorquddan üzü bəri bütün klassiklərin dilindən qeyri-təyini ismi birləşmələrlə
bağlı dil faktlarını toplamağı və işlənmə tezliyinin statistikasını göstərən cədvəl
hazırlamağı tapşırdı. O anda gözümün qarşısına anadilli Azərbaycan ədəbiyyatı gəldi:
mən onların hamısını oxumalıyam və nümunə seçməliyəm... "Bir qalanın sirri”
filmindəki Elşən kimi məni vahimə bürüdü və titrək səslə dedim: "Qeyri-təyini
ismi birləşmələrin 5 forma, 30-a yaxın modeli, növü ilə bağlı nümunələrin
hamısını toplamaq və statistikasını aparmaq çox olmaz?..”. Dedi ki, çox olarsa,
onda ismi birləşmələrlə bağlı dil faktlarını da topla! Əlyazma dəftərlərinə
baxacağam (50-dən çox qalın dəftərlərə yazdığım toplama materiallarım indi də
arxivimdə qalır – Z.İ.). Yusif müəllim nə qədər təvazökar, sadə və mülayim
insan olsa da, bir o qədər də ciddi və tələbkar idi. Mən qısa müddətə
dissertasiyanı yazsam da, nümunələri toplamağım və cədvəl hazırlamağım uzun illər çəkdi. Artıq möhürlü rəyimi
alandan sonra özümdə cəsarət tapıb elmi rəhbər "işgəncə”sinin səbəbini
soruşdum: "Yusif müəllim, axı 170 səhifəlik dissertasiya varkən, bu iki səhifəlik
cədvəl nəyə lazım idi?” Yusif müəllimin səsinin ahəngi dəyişdi. Dedi ki, o
dissertasiya sənə Azərbaycan dili ixtisasında alimlik dərəcəsi qazandıracaq, bu
məzəmmət etdiyin iki səhifəlik cədvəl isə sənə ədəbiyyatı tanıdacaq. Təəssüf
hissiylə sözlərinə davam etdi ki, indiki
gənclik tənbəldi, mütaliəni sevmirsiz.
İşiniz düşməyincə Dədə Qorqudu, Nəsimini, Xətaini, Füzulini, Vaqifi,
Ordubadini, Cəlil Məmmədquluzadəni, Cavidi, Səməd Vurğunu və digər klassikləri oxumursunuz.
Mənim yetirmələrimə bu statistik cədvəli hazırlatmaqda məqsədim nümunə
toplayarkən onları ədəbiyyatla dərindən tanış etməkdir, sizlərə başa salmaq istəyirəm ki, bütövlükdə Azərbaycan
ədəbiyyatına bələd olmadan və özünüzdə bu sevgini yaratmadan yaxşı dilçi alim
olmaq mümkün deyil. Onun iş prinsipinin, iş metodikasının sirri bu idi: Azərbaycan
dilini və ədəbiyyatını sevmək və sonra öyrənmək. Əgər indi mənim Azərbaycan ədəbiyatına
bələdçiliyim varsa, o haqda danışmağa mövzum varsa, əminliklə deyə bilərəm ki,
Yusif müəllimin sayəsindədir. O, yetirmələri üçün həmişə ən yaxşısını
düşünürdü... Təmiz qəlbli, təmənnasız rəhbərimizə Bakıya yolumuz düşəndə "Yusif
müəllim, kənddən könlünüzün çəkdiyi bir şey lazımdırsa, gətirək”- deyəndə,
"Sağ-salamat gəl, əziyyət olmazsa, beş-altı quru təndir lavaşı və bir hörük də
dağ ələyəzi gətir” - deyərdi. Yaşa dolduqca kövrəkləşən müəllimimizi torpaq həsrəti
ağuşuna almışdı. Kəndindən gedən ən kiçik şeylərdən belə illərin arxasından
boylanan uşaqlığının, gəncliyinin qoxsunu alırdı, həmçinin ata-anasının, erkən
dünyadan köçən bacı-qardaşının yatdığı torpağa həsrətini ovudurdu... Bütün bunlar yaşlı vaxtlarında yurd sevgisinin,
torpağa bağlılığının, kənd-kəsəyinin havasına möhtaclığının və gözlərindəki
nigarançılığın ifadəsi idi... O, özünün daxili aləminin portretini belə
cızmışdı: "Allah məndən çox şeyi əsirgəyibdir.
Hər mənzilə daşlı-kəsəkli yollarla getmişəm. Ancaq bunların əvəzində Allah mənə
sevməyi də, nifrət etməyi də bacaran bir ürək veribdir. Hər cür hiylədən, məkrdən
uzaq bir ürək. İnsanlara xidmət eşqi ilə döyünən bir ürək. Nadan sözünü vecinə
almayan, dostun adi laqeydliyindən sınan bir ürək...”. Bu ürək daimə Azərbaycan elminə xidmətlə
alavlandı.
Dilçilik elminin ən görkəmli nümayəndəsi olan
Professor Yusif Seyidovun yetirmələri o məktəbin nümayəndəsi olmağın qürür və fəxarət
duyğusunu, həmçinin məsuliyyət hissini bir ömür boyu çiyinlərində
daşıyacaqdır...
Ruhun
şad olsun, əziz Ustad!
Zülfiyyə İSMAYIL
AMEA Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyat İnstitutunun elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
