Nuran Abdullayev: “Azərbaycandakı profilaktik tədbirlər alqışa layiqdir”
Tibb elmləri doktoru: "Bu, tədbirlər ölkə
əhalisinin sağlamlığına hesablanıb”
Yeni növ koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri
arasında sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, 2019-cu ilin dekabrında Çində baş qaldırmış COVİD-19
artıq 166 ölkəyə yayılıb. Dünya üzrə
koronavirusa 198 543 nəfər yoluxub (326 yeni yoluxma). Onlardan 7988 nəfər ölüb, 82 779 nəfər isə sağalıb (1 100 yeni
sağalanlar). ÜST tərəfindən koronavirus
infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun
qarşısının alınması istiqamətində sözügedən beynəlxalq təşkilatın tövsiyə və tələblərindən irəli gələrək, Azərbaycan ərazisində də bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə
başlanılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, mühüm
qərarlar qəbul edilib. O cümlədən bir ay
müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət
və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət
etmələri tələb olunur. Ölkəmizdə hazırda
xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv
koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Nazirlər
Kabineti yanında Operativ Qərargahın və Səhiyyə Nazirliyinin yaydığı başqa bir
məlumata görə, Azərbaycan koronavirusla
mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına
malikdir. Dünyada yayılan yeni növ koronavirus
infeksiyası, buna qarşı mübarizə tədbirləri, ölkəmizdəki vəziyyət və sair
məsələlərlə bağlı suallarımızı Almaniya
Azərbaycan Radiologiya və Neyroradiologiya cəmiyyətinin sədri, tibb elmləri
doktoru Nuran Abdullayev cavablandırır.
- Nuran həkim, COVİD-19
infeksiyası bütün dünyada yayılıb. Bu xəstəliyə qarşı bütün ölkələrdə, o
cümlədən Azərbaycanda ciddi mübarizə tədbirləri görülməkdədir. Bununla
bağlı ölkəmizdəki vəziyyəti
necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, Azərbaycan həddindən artıq çox həssas
bir dönəmə daxil olur. Amerika və Avropanın belə çıxılmaz vəziyyətdə qaldığı,
daha doğrusu, inkişaf etmiş ölkələrin belə, nələr baş verəcəyini bilmədiyi bir haldır. Bu
vəziyyətdə səhiyyə sistemləri artıq bu günə qədər
məlum olan təcrübələrdən istifadə edib addımlar atırlar. Hansı ki, o təcrübələr də kifayət qədər deyil. Qeyd etdiyim
addımlara gəlincə, heç bir ölkədə, eləcə də Almaniyada verilən qərarlar və görülən
tədbirlər dəqiq proqnoza əsaslanmır. Çünki həqiqətən virus yenidir və heç kim nə olacağını bilmir. Amma bu, o demək deyil ki, oturub nə olacağını gözləmək
lazımdır. Burada konkret olaraq xəstə və ölüm sayısı çox olan ölkələrin
təcrübələri, daha doğrusu, harada səhvə yol verdikləri təhlil edilir, o səhvlər buraxılmamağa çalışılır. Atılan hər bir addım
ən pis senariyə hesablanmış qərarlardan doğur. Konkret
olaraq təcrübələrə gəldikdə isə onu demək vacibdir ki, ölüm sayı çox olan və
xəstəliyin çox sürətlə yayıldığı ölkələrə baxdıqda, buraxılan bir neçə ortaq səhvlərə rast gəlinir.
- Nədən ibarətdir həmin səhvlər?
- Həmin
səhvlər ilk növbədə bu ölkələrin xəstəliyi zamanında ciddiyə almaması, heç bir tədbir görməməsidir. Yaxud, bu ölkələr ilk başda viruslu xəstələrin rəsmi sayını azaltmağa
çalışıblar. Artıq İtaliyada rəsmi raporlar açıqlanmağa
başlanılır.
Həmin raporları – hesabatları incələdikcə
aydın olur ki, onlar xəstəliyin birdən birə bu qədər sayının artmasını göz
önünə almayıblar. Ölkənin tibbi xidməti öz fəaliyyətinə
normal davam edib, planlı əməliyyatlar və
müayinələrin hamısı icra olunub. Nəticədə viruslu xəstələrin sayı artdıqca
ümumi vəziyyəti ağırlaşan xəstələrin də sayı artıb. Onlara tibbi yardımın göstərilməsi üçün müvafiq
intensiv-reanimasiya şöbələrində xüsusi yerlər məhdudlaşıb və nəticədə ümumi
səhiyyə sistemi yüklənib. Beləliklə də virusa
nəzarət əldən çıxıb, xəstəxana
daxili və xarici virusun əhali arasında çox tez yayılması baş verib. İtaliya təcrübəsindən gələn daha bir vacib məqam odur ki, viruslu
bütün xəstələri xəstəxanalara yığıb ümumi sistemi yükə salmaq düzgün deyil. Burada xəstənin klinik vəziyyəti dəqiq dəyərləndirilib
ona uyğun ev karantini və ya xəstəxanada nəzarət qərarı verilməlidir. Almaniyada da ümumi vəziyyət ən pis ssenariyə hesablanmış tədbirlər və qərarlarla idarə
olunur. Son günlər Azərbaycanda ölkə başçısı cənab İlham
Əliyevin verdiyi qərarlar və onlardan doğan bütün profilaktik tədbirlər
həqiqətən alqışa layiqdir. Bu, birbaşa
Azərbaycan xalqının sağlamlığına və maksimum sağlam qalmasına hesablanmış
qərarlardır.
- ÜST, həmçinin ayrı-ayrı dövlətlər tərəfindən hər
gün koronavirusa yoluxanların, eləcə də bu xəstəlikdən dünyasını dəyişənlərin,
sağalanların statistik sayı açıqlanır. Sizcə, bu statistika reallığı tam ifadə
edirmi? Bunlara nə dərəcədə inanmaq
olar?
- Reallıq
bundan ibarətdir ki, bütün ölkələrdə verilən
rəsmi sayların hamısı doğru ola bilməz. Ən son elmi araşdırmaların gəldiyi qənaətə görə, təxminən 5 viruslu xəstənin 4-də simptomlar o qədər
yüngül olur ki, onlardan hamısı həkimə müraciət edib rəsmi qeydiyyata alınmır. 5 viruslu xəstədən minimum 1 nəfər
qeydə alınır. İndi siz düşünün, belə olduğu
halda nə cür ola bilər ki, bütün rəsmi statistik saylar doğru
olsun?
Buna görə də bütün ölkələrdə fərqli elmi
institutlar müxtəlif ssenarilərə
əsasən statistika hazırlayırlar. Maraqlısı odur ki, bu statistikaları pozacaq
müxtəlif amillər var. Məsələn,
İran İslam Respublikasının Şərif Universitetinin verdiyi statistikaya əsasən, əgər İran bütün tədbirləri maksimum səviyyədə görərsə, o zaman 1 həftə sonra İranda Pandemiya özünün
maksimum səviyyəsinə çatacaq, ölənlərin
sayı 10000 üzərində olacaq. Amma İranda xalqın verilən qərarları sadəcə
görməməzlikdən gəlməsi və karantin tədbirlərini ciddiyə almaması, artıq vəziyyəti kifayət qədər ciddiləşdirir. Bundan
başqa,
buraya dərman və tibbi ləvazımatların
çatışmamazlığı əlavə olunarsa, pandemiya özünün maksimum səviyyəsinə may ayının
sonunda çatmış olacaq. Tehran
alimlərinin fikrincə, bu zaman ölənlərin
sayı 3 milyonun üzərində ola bilər. Hazırda İran rəsmi
rəqəmlərə görə Çin və İtaliyadan sonra üçüncü olsa da qeyri rəsmi saylar rəqəmlərin çox yüksək
olduğunu göstərir. Növbəti misalı İngiltərə ilə əlaqədar çəkmək olar. Beləki, ölkə
siyasəti ilk öncə virusla ona qarşı ön tədbirlər görmədən, yəni yayılmasının
qarşısını almayaraq mübarizə siyasəti
seçmişdi. Ümid edirdi ki, insanlarda
yaranacaq imunitetlə virusa güc gələ biləcəklər. Amma İmperial-College
İtaliyadan olan datalarla apardığı hesablamalara görə bildirdi ki, əgər
İngiltərə və ABŞ mübarizəni bu səviyyədə
aparsa virus İngiltərədə 250.000, Amerikada
1.2 milyon insanın ömrünə son qoyacaq. Artıq dünəndən İngiltərə virusla
siyasətini dəyişib. Xəstəliyin qarşısını
virusu
daha da yayılmağa qoymamaqla aldığına
görə, ölkədə pandemiyanın
maksimum səviyyəsində ola biləcək xəstə sayını iki dəfə azaldıb. Bu da onu
göstərir ki, Azərbaycanın da virusla mübarizədə tutduğu bugünkü strategiya çox
doğru yoldur. Əminəm ki, bu üsul ölkədə pandemiyanın
yayılmasının qarşısını almağa böyük
kömək edəcək.
- Bəzən sosial şəbəkələrdə qeyri-rəsmi məlumatlar
yayılır, süni ajiotaj yaratmağa cəhdlər edilir, koronavirusla mübarizə
tədbirlərinə lağ-lağı yanaşılır. Belə halları necə qiymətləndirirsiniz?
- Statistikanı aparan rəsmi qurumlar və ya institutlar
açıqlamaları, məlumatları insanlara açıq
paylaşmalıdırlar. Əks halda bu, xalqın
zaman-zaman narahatçılığına səbəb ola bilər. Sosial şəbəkələrdə yayılan və doğru olmayan rəqəmlər
milləti təlaşa sala bilər. Düşünürəm burada ən doğru siyasət millətlə açıq
danışmaq, işin ciddiyətini və mahiyyətini hər yenilənən saat onlara hər vasitə
ilə çatdırmaqdır. Hər bir şeyin heç də
qərarlardan deyil, eyni zamanda qərarlar qədər vacib olan şəxsi iradədən də
asılı olduğunu insanlara çatdırmaq lazımdır.
Təxribat xarakterli və eyni zamanda insanları təlaşa salacaq və ya onları təlaşa salmayacaq yalan
məlumatları yayan insanlar indiki mərhələdə
cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu, Avropa ölkələrində də belədir.
Rufik İSMAYILOV