• cümə, 26 Aprel, 23:03
  • Baku Bakı 22°C

“Nur Otan” yenidən Nazarbayevin prezidentliyə namizədliyini irəli sürdü

08.04.15 08:04 872
“Nur Otan” yenidən Nazarbayevin prezidentliyə namizədliyini irəli sürdü
Aprelin 26-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu, ölkədə keçiriləcək sayca beşinci prezident seçkiləri olacaq. 2011-ci ildə növbədənkənar prezident seçkilərində əhalinin mütləq əksəriyyətinin səsini qazanan hazırkı dövlət başçısı Nursultan Nazarbayevin prezidentlik müddəti hələ 2016-cı ildə başa çatır. Lakin görünür dünyada baş verən geosiyasi hadisələr bu prosesi bir qədər sürətləndirib. Belə ki, cari ilin əvvəlində ölkə ictimaiyyətinin nümayəndələri Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair təşəbbüslə çıxış ediblər. Və bu təşəbbüs ölkə vətəndaşlarının mütləq əksəriyyəti, eləcə də parlament tərəfindən dəstəklənib.
Xatırladaq ki, bu yaxınlarda Astanada keçirilən hakim partiyanın XVI qurultayında ölkənin birinci şəxsinin prezidentliyə namizədliyi Qazaxıstanın məşhur alimi, akademik Kenjeqali Saqadiyev tərəfindən irəli sürülüb. “Nursultan Nazarbayev ölkə prezidentliyinə yeganə layiqli namizəddir” - deyə akademik bildirib. Və bununla da ölkənin birinci şəxsi postuna namizədlərin irəli sürülməsi məsələsi praktiki olaraq, öz həllini tapıb. Qurultayda çıxış edən Nursultan Nazarbayev qeyd edib ki, aprelin 26-da ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair bir qədər əvvəl imzaladığı fərman Qazaxıstan Xalqlar Assambleyası tərəfindən irəli sürülən təşəbbüsə bir növ cavab olub. O çıxışında qeyd edib ki, hakimiyyətin əsas vəzifəsi respublikanın inkişafına maneələr törədən xarici neqativ faktorları əngəlləməkdən ibarətdir. “Qarşıda bizi ölkəmizin həyatında tarixi və taleyüklü bir mərhələ gözləyir” - deyən N. Nazarbayev daha sonra əlavə ki, hazırda dünyada çox gərgin bir vəziyyət yaranıb: “Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi nəticəsində, iqtisadi risklər kəskin şəkildə atıb, eyni zamanda dövlət büdcəsinə daxilolmalar da azalıb. Bu çətinliyi təkcə biz deyil, demək olar ki, bütün dünya dövlətləri hiss etməkdədirlər”. Dünyada baş verən iqtisadi təhdid və təhlükələrə cavab olaraq, dövlət başçısı yeni qəbul edilmiş “Nurlu yol” iqtisadi proqramını göstərib, həmçinin, dövlətin əvvəlki tək sosial siyasətinə sadiq qalacağını, bütün sosial öhdəliklərin yerinə yetiriləcəyini vurğulayıb. Bir sözlə, N.Nazarbayev çıxışında dövlətin əvvəlki dəst-xəttinə sadiq qalacaqlarını vəd edib.
“Əgər hər hansı bir vətəndaş öz xalqının xoşbəxt gələcəyini təmin edə biləcək mükəmməl bir proqrama malikdirsə və o qarşısına belə bir məqsəd qoyubsa, düşünürəm ki, mütləq seçkilərdə iştirak etməlidir. Yox, əgər o qarşısına belə bir məqsəd qoymayıbsa və xalqının gələcəyi üçün heç bir məsuliyyət daşımaq istəmirsə, o zaman seçkiyə qatılmağın heç bir mənası yoxdur” - deyə N.Nazarbayev qurultaydakı çıxışında vurğulayıb .
Yerli ekspertlərin qənaətinə görə, 2016-cı ilə planlaşdırılmış prezident seçkilərinin tarixinin cari ilə dəyişdirilməsinin səbəbi, həm də bunun gələn il keçiriləcək parlament seçkiləri ilə üst-üstə düşməsi ilə əlaqədardır. Belə ki, eyni bir ildə iki mühüm siyasi tədbir-prezident və parlament seçkilərinin keçirilməsi ölkə üçün praktiki cəhətdən çox çətindir. Digər tərəfdən isə sual oluna bilər ki, əgər seçkilərin tarixi dəyişdiriləcəkdirsə, nədən o zaman parlament yox, prezident seçkilərinin tarixi daha əvvələ çəkilir? Bu sualın cavabını isə prezident N.Nazarbayev elə sözügedən qurultayda verib. O bildirib ki, seçkilərdən əlavə, bu il həm də, dövlətin siyasi quruluşunda da islahatların aparılacağı gözlənilir. O, çıxışında qeyd edib ki, dövlət qurumlarının rəhbərlərinin xalq qarşısında hesabat vermək, eləcə də, internet vasitəsi ilə əhalinin dövlət strukturlarına sual göndərib, cavab almaları praktikasını da genişləndirmək vacibdir.
“Dövlət orqanlarında və akimatlarda (icra hakimiyyətləri - red) ictimai şuraların rolunu gücləndirmək lazımdır. Bundan yalnız biz hamımız qazanmış olaraq” - deyə, Qazaxıstan prezidenti bildirib. Bundan əlavə, dövlət başçısı qeyd edib ki, vətəndaş cəmiyyətinin nümayəndələri dövlət büdcəsinin müzakirələrində iştirak etməli, onun hazırlanması prosesinə cəlb edilməlidirlər. “Vətəndaşların dövlət qulluqçularının hərəkətlərindən şikayət etmələri üçün geniş imkanlar yaradılmalıdır” - deyə, prezident vurğulayıb. Ekspertlərin qənaətinə görə, nəzərdə tutulan islahatlar cəmiyyətin özünüidarəetmə mexanizminin gücləndirilməsini, dövlət orqanlarının məsuliyyətlərinin azaldılması və onların səlahiyyətlərinin vətəndaş cəmiyyəti institutlarına verilməsini özündə ehtiva edir.
Qazaxıstan prezidenti qurultaydakı çıxışında həmçinin, nəzərdə tutulan siyasi strategiyadan gözləntiləri də açıqlayıb. “Biz, ənənəmizə sadiq qalmaq şərti ilə, ölkədə prezidentin səlahiyyətlərinin parlament və hökumət arasında bölgüsünü nəzərdə tutan mərhələli konstitusiya islahatlarını da həyata keçirməliyik” - deyə dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, N.Nazarbayevin məlum çıxışından sonra yerli KİV-lərdə ölkədə gələcəkdə baş verə biləcək hakimiyyət dəyişiklikləri barədə müxtəlif versiyalar peyda olmağa başlayıb. Bunların sırasında Qazaxıstanın gələcəkdə prezident üsul-idarəsindən, prezident-parlament, hətta parlament respublikasına keçəcəyi də yer alıb. Görünür, gələn il yeni tərkibdə seçiləcək parlament, nəzərdə tutulan islahatların həyata keçirilməsi üçün daha çox çalışmalı olacaq. Belə ki, 2020-ci ildə seçiləcək prezident ölkəni yeni qanunvericiliyə uyğun şəkildə idarə etməli olacaq.
Yerli ekspertlərin qənaətinə görə, gələn il keçirilməsi nəzərdə tutulan seçkilərin bir-birindən “ayrılması” ölkə iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək. Məsələn, Qazaxıstan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun əməkdaşı, iqtisad elmləri doktoru Yesenjol Əliyarovun müəllifi olduğu “İşgüzar zaman” proqramı belə bir nəticəyə gəlib. “Hazırda Qazaxıstanda ən qızğın müzakirə olunan mövzu növbədənkənar prezident seçkiləridir” - deyə, o, vurğulayıb. “Bu, əslində ölkənin Konstitusiyasında da nəzərdə tutulur. Seçkiləri növbədənkənar keçirmək olar, onsuz da, namizədi xalq seçəcək. Yalnız ən çox seçici səsini qazanan namizəd dövlət başçısı olacaq. Gələn il isə parlament seçkilərini keçirmək olar. Seçkilər arasında nə qədər az vaxt olursa, bu, həm ölkə iqtisadiyyatına, həm də dövlət büdcəsinə mənfi təsir edir” - deyə Y.Əliyarov vurğulayıb.
Rusiyalı analitiklər də Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərinin müsbət tərəfləri barədə öz mülahizələrini bölüşüblər. “Aydındır ki, növbədənkənar seçkilərdə prezident Nursultan Nazarbayev iştirak edəcək. Və görünən odur ki, o, qalib gələcəkdir. Belə ki, keçmiş SSRİ-nin süqutundan sonra müasir Qazaxıstanda xalqı öz arxasınca apara biləcək bir siyasi lider yetişməyib və hələ ki, belə bir namizəd də yoxdur” - deyə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Analitik mərkəzinin direktoru, siyasi elmlər doktoru Andrey Kazançev müsahibələrinin birində vurğulayıb. O, daha sonra bildirib ki, seçkidən sonra prezident Nursultan Nazarbayevin səlahiyyətləri daha genişləndiriləcəkdir. “Bu, faktiki olaraq hadisələrin sonrakı inkişafı üçün, hələlik ən real ssenaridir. Nəzərə almaq lazımdır ki, həm daxili, həm də xarici siyasət kursunda manevrlər etməkdə N.Nazarbayevin əlində xalqdan yenicə aldığı mandat olacaqdır. Heç şübhə yoxdur ki, Nazarbayevin xalqdan alacağı səslərin faizi də çox yüksək olacaqdır (75-90%). Burada səslərin hesablanmasında hansısa manipulyasiya edilməsinə də heç ehtiyac qalmayacaq. Seçkilərin nəticələri ədalətli və şəffaf olacaqdır. Çünki N.Nazarbayevin xalqın etibarını qazanmasına artıq heç kimdə şübhə yeri qalmayıb” - deyə, rusiyalı analitik vurğulayıb. Onun sözlərinə görə, 2016-cı ildə dünyada müəyyən böhranların, siyasi risklərin olacağı həqiqətən də gözləniləndir. Bu baxımdan Qazaxıstanda gələn il üçün iki mühüm yüksək səviyyəli seçkinin keçirməsi bir qədər çətinlik yarada bilərdi: “Odur ki, prezident və parlament seçkilərinin keçirilməsi vaxtının dəyişdirilməsi və ölkədə növbədənkənar seçkilərin keçirilməsinə dair qərar verilməsi təqdirəlayiqdir”.
Qazaxıstandakı liberallar isə ölkənin elektoratını hazırkı dövlət başçısına qarşı həddən artıq loyal olmaqda süçlayırlar. Belə ki, 2011-ci ildə keçirilən prezident seçkilərində seçicilərin 95 %-i məhz N.Nazarbayevin lehinə səs vermişdi. Təbii, müxalifət düşərgəsinin təmsilçiləri, ənənəvi olaraq bunu hakimiyyətin guya əlindəki resurslardan istifadə edərək, seçicilərə təsir etməsinin nəticəsi kimi qələmə verməyə çalışırlar.
Amma əksər analitiklərin də qeyd etdikləri kimi, əslində bugünkü reallıq ondan ibarətdir ki, həqiqətən də ölkə vətəndaşlarının böyük əksəriyyəti hazırkı dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəkləyir. Odur ki, qarşıdan gələn prezident seçkilərində də qazax xalqının düzgün seçim edərək, ölkəyə sabitlik gətirən, onu inkişafa aparan hazırkı lider N.Nazarbayevə səs verəcəkləri bir kimsədə şübhə yeri qoymur.
Kamran
banner

Oxşar Xəbərlər