• cümə, 29 Mart, 17:55
  • Baku Bakı 14°C

Novruzda İrandan gələn turistlərin sayı azala bilər

06.02.19 12:15 749
Novruzda İrandan gələn turistlərin sayı azala bilər
Artıq qış fəslini yavaş-yavaş arxada qoyuruq. Yazın gəlişinə az zaman qalıb. Ölkəmizdə bahar fəslinin gəlişi isə Novruz bayramı ilə qeyd edilir. Hər il olduğu kimi, bu il də bu bayramın ölkəmizdə yüksək səviyyədə qeyd olunacağına heç bir şübhə yoxdur. Bayram ərəfəsində ölkəmizə böyük turist axını da gözlənilir. Bəs görəsən turizm şirkətləri və otellər bayrama necə hazırlaşır? Həmin ərəfədə qonaqlarımızı yüksək səviyyədə qarşılayıb yola sala biləcəyikmi?
"Luna Travel” turizm şirkətinin direktoru Rəhman Quliyev qeyd etdi ki,ənənəvi olaraq bu il də Novruz tətilində ölkəmizə əsasən İrandan turist axını gözlənilir: "Bununla yanaşı, Körfəz ölkələrindən və Avropadan da ölkəmizə gələn turist sayında müəyyən qədər artım tendensiyası müşahidə olunur. Artıq rezervasiyalara başlanılıb və otellərin bir qismi indidən tutulub. Bu mənada biz regionda yerləşən müxtəlif otellərlə danışıqlar aparırıq. Çalışırıq ki, xidmət keyfiyyəti və qiymət baxımından turistlərə sərfəli proqramlar hazırlayaq. Turistləri ən çox maraqlandıran suallarla bağlı onlarla məsləhətləşmələr aparırıq. Otellərdə bayram ərəfəsində hansı tədbirlərin olacağı indidən müzakirə edirik. Milli-mənəvi dəyərlərimizi təbliğ etmək üçün müxtəlif təkliflər irəli sürülüb. Çalışırıq ki, bu il də ölkəmizə bayram ərəfəsində təşrif edən qonaqlarımızın məmnun edə bilək. Azərbaycana gələn hər bir turist bizim reklamımızdır. Turistin dini, irqi və milliyyətinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Onlar hər şeydən əvvəl bizim qonaqlarımızdır. Ona görə də çalışırıq ki, ölkəmizə gələn hər bir ölkənin vətəndaşına xüsusi diqqət ayıraq. Turistlərin maraqları bizim üçün önəmli olduğuna görə göstərdiyimiz xidmətin keyfiyyətini daha da artırmağa cəhd edirik. Bu kimi bütün məqamlar şirkətlər tərəfindən nəzərə alınır. Bayram ərəfəsində ölkə daxili turların qiymətinə də müəyyən endirimlər edilə bilər. Əvvəlki illərlə müqayisədə qiymətlərə bəzi endirimlər etmişik ki, bunun da müxtəlif səbəbləri var. Çünki Yeni il ərəfəsində ölkəyə gələn turist axınındakı artım tendensiyası bizi qane etmədi. Ona görə də şirkətlər bəzi endirimlər edəcək. Əslində turist sayının azalma səbəbləri müxtəlifdir. Ona görə də daha çox turist cəlb etmək üçün mümkün olan bütün vasitələrdən istifadə etmək lazımdır. Hazırda İranda müxtəlif iqtisadi çətinliklər mövcuddur. Bu da ölkənin vətəndaşlarının xaricə çıxışında çətinliklər yaradır. Bu məqam Novruz ərəfəsində ölkəyə gələn turist sayına təsir edə bilər. Qeyd etdiyim kimi, artıq turistlər indidən rezervasiya edir. Biz də onlara öz sərfəli təkliflərimizi göndəririk. Biz artıq indidən bazar araşdırmalarını etməliyik. Marketinq siyasətini daha da gücləndirmək lazımdır. İranlı turistləri kompensasiya etmək üçün qiymət siyasətini yenidən gözdən keçirməliyik. Biz turizm sektoruna biznes kimi yanaşma tərzi sərgiləyə bilmərik. Bu elə bir sahədir ki, bu gün göstərdiyin yaxşı xidmət turisti bizə qazandırır. Yəni, davamlı olaraq turizmi inkişaf etdirmək istəyiriksə, bəzi məqamlara diqqət etməliyik. Bizim əsas məqsədimi Azərbaycanı təbliğ etməkdir. Bu da təqdimatdan asılı olan bir şeydir”
"New ERA Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmovsöylədi ki, hələlik bazarda müəyyən durğunuq var: "Adətən Novruz bayramında ölkəmizə daha çox iranlı turistlər təşrif edir. Son illərin statistik göstəricilərinə baxsaq bunu aydın şəkildə görə bilərik. Məsələ burasındadır ki, İran vətəndaşları ölkədən çıxış edərkən vergi ödəməlidirlər. Bu, sözügedən ölkənin öz daxili siyasətidir. Atılan bu addım Novruz ərəfəsində ölkəmizə gələn turistlərin sayına ciddi təsir edə bilər. Ona görə də bu il ötən illərdə olduğu kimi böyük turist axını gözləmirik. Bayram ərəfəsində mövcud otellər gələn qonaqları qarşılamağa kifayət edəcək. Amma istənilən halda, həmin günlərdə ölkəmizə başqa ölkələrdən turist axını müşahidə ediləcək. Çünki Novruz bir sıra başqa ölkələrdə də qeyd olunan bir bayramdır. Körfəz ölkələrindən də turist axını gözləyirik. Hal-hazırda biz daha çox onlarla danışıqlar aparırıq. Şirkətlər ölkəyə gələn qonaqlara müxtəlif paketlər və xidmətlər təklif edir. Bayram ərəfəsində ölkəmizdə hər il müxtəlif festivallar, yarmarkalar təşkil olunur. Amma hələlik bazarda müəyyən durğunluq olduğuna görə təbliğat işlərini daha da artırmağa çalışırıq. Avropa ölkələrinin turistlərinə gəlincə isə deyə bilərəm ki, biz hələlik Avropa bazarını tam olaraq ələ ala bilməmişik. Çünki bizim rəqiblərimiz çoxdur. Bu istiqamətdə də hazırda müxtəlif işlər görürük. Avropalı turistlər daha çox qış aylarında ölkəmizə gəlir. Asiya ölkələrindən gələn qonaqlar isə daha çox yay aylarında səyahətə üstünlük verir. Ona görə də bazarda yaranan turist qıtlığını aradan qaldırmaq üçün Avropa ölkələrindən ölkəmizə turist cəlb etməliyik. Bunun üçün təkcə turizm şirkətləri deyil, aidiyyatı qurumlar da müvafiq addımlar atmalıdır”.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) nümayəndəsi Müzəffər Ağakərimov hesab edir ki,bu bayramı qeyd edən ölkələrin turistləri üçün ölkəmiz cəlbedici məkana çevrilib: "Novruz bayramı ərəfəsində Azərbaycana müxtəlif ölkələrdən turist axını olur. Çünki Novruz bizim milli bayramımızdır və hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Aydın məsələdir ki, bu ərəfədə daha çox İrandan gələn qonaqlar üstünlük təşkil edir. Bununla yanaşı, Ukrayna, Rusiya, Belarus, Türkmənistan kimi ölkələrin vətəndaşları da Azərbaycan qonaq gəlir. Bu il də Novruz bayramı paytaxtda və regionlarda xüsusi təmtəraqla qeyd olunacaq. Biz Yeni il ərəfəsində olduğu kimi Novruz bayramında da otellərdə bayram abı-havasının yaradılmasını təklif etmişik. Milli atributlarımız, Novruz şirniyyatları qonaqlara təklif edilməlidir. Bakıya gələn turistlərin regionlarımıza səfəri üçün müxtəlif marşrutlar təşkil edilə bilər. Turistlər üçün müxtəlif əyləncəli şou-proqramlara hazırlanmalıdır ki, onlar bu bayramdan həzz ala bilsin. Hər bir regiondan gələn turistin öz maraq dairəsi var. Biz proqramları hazırlayarkən belə məqamlara diqqət etməliyik. Otellər, turizm və nəqliyyat şirkətləri artıq öz hazırlıqlarına başlayıb”.
Şəbnəm
banner

Oxşar Xəbərlər