• cümə, 19 Aprel, 19:31
  • Baku Bakı 24°C

Novruz gəlir, turist də gələcəkmi?

12.02.20 11:30 4916
Novruz gəlir, turist də gələcəkmi?
Ekspertlər deyir ki, bayram vaxtı daha çox turist cəlb etmək üçün festivalların sayı və şaxəsi genişləndirilməlidir
Hazırda turizm ölkəmizdə prioritet sahələrdəndir. Bu sahədə görülən işlər nəticəsində ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Ancaq son vaxtlar dünyada baş verən proseslər turizm sektoruna da təsir edir. İranla Amerika arasındakı gərginlik, Çində yayılan koronovirus turizm sahəsinə ciddi təsir göstərir. Onu da nəzərə alaq ki, qarşıdan Novruz bayramı gəlir. Bu bayram ərəfəsində isə turistlərin Azərbaycana həmişə axını olub. Ancaq 30 milyona yaxın azərbaycanlının yaşadığı İrandakı gərginliyin Novruz turizminə təsir edəcəyi də şübhəsizdir. Təbii, turizm sektorunda fəaliyyət göstərənlər də bu durumu nəzərə almaq məcburiyyətindədirlər. İrandan və Çindən gələcək turistlərin sayında azalma olacağı proqnozlaşdırılır. Amma bunu kompensasiya etmək üçün başqa variantlar da olmalıdır axı. Elə biz də bu məsələni araşdırmağa çalışdıq. Öyrənmək istədik ki, turizmçilərin məsələ ilə bağlı hansı variantları var, nələr təklif edirlər.
"Luna Travel” turizm şirkətinin direktoru Rəhman Quliyevinfikrincə, turizm xidmətində ən əsas rol otellərin üzərinə düşür: " Turizm şirkətlərinin əsas vəzifəsi isə turist cəlb etmək və turist axınını təmin etməkdir. Lakin otellər keyfiyyət cəhətdən aşağı xidmət göstərsələr, artıq turizm şirkət və agentliklərinin əməyi boşa getmiş olur. Çünki ən vacib məsələ təkcə turistlərin gəlişini təmin etmək deyil, həmçinin də onları razı salıb ölkədə daha çox qalmalarını və sonralar da gəlmələrini təmin etməkdir. Otellərin yüksək səviyyəli xidmət göstərməsi o qədər əhəmiyyətlidir ki, hətta ölkənin nüfuzuna belə təsir edir. Əgər ölkəmizə gələn hər hansı bir turist otel xidmətlərindən narazı qalsa, həmin ölkədə xidmətin zəif olduğu qənaətinə gələcək və böyük ehtimal, növbəti dəfə gəlməyəcək. Ona görə də, otellər hər bir turistə fərdi yanaşmalıdır. Qarşılarına qoyduqları əsas məqsəd gəlir əldə etmək yox, insanlara yaxşı xidmət göstərmək, oteli başqa regionlara tanıtmaq və ölkənin nüfuzuna müsbət təsir etmək olmalıdır. Belə olan halda, həmin otel və ölkələrdə olmaq turistlərə də maraqlı gələcək və təbii ki, razı da qalacaqlar”.
Koronovirusla bağlı da danışan ekspert bildirdi ki, ümumiyyətlə, təkcə bizim ölkə deyil, bir çox ölkə Çin bazarından olan axını dayandırıb: "Həm də Çin vətəndaşları da ölkədən kənara çıxmırlar. Amma bunu turist axının azalması kimi qiymətləndirmirəm. Bu, sadəcə axını dondurmaqdır və hətta daha əlverişlidir, çünki insan sağlamlığı ön planda olmalıdır. Axın donduğuna görə, dərhal başqa bir bazar axtarışına çıxmaq da məsləhət deyil. Məsələ burasındadır ki, biz virusun başqa hansı bazarlarda ola biləcəyini əvvəlcədən təxmin edə bilmərik. Xüsusilə də, Asiya ölkələrinin çoxunda bu virusa rast gəlmək mümkündür. Ona görə də, Asiyada və ya digər bölgələrdə yeni bazar axtarışına tələsməməliyik. Gələn turistlərə yüksək səviyyəli xidmət göstərmək və əsası, onları razı salmağa çalışmaq, yeni turist axını təmin etməkdən daha yaxşıdır”.
Rəhman Quliyev həm də qarşıdan gələn Novruz bayramı müddətində də turist cəlb etmək üçün bəzi məsləhətlər verdi: "Mənim şəxsi tövsiyəm budur ki, festivalların sayı və şaxəsi genişləndirilsin. Məsələn bizdə nar, xurma, çay kimi festivallar keçirilsə də, onları daha ənənəvi hala salmaq lazımdır. Turistlər gələndə bizim milli qidalarımızla, adət və ənənələrimizlə tanış olsun deyə, bunlar vacibdir. Eləcə də, Novruzla bağlı tədbirlər keçirilməlidir. Məsələn, səməni və tonqal festivallarının bir çox bölgəmizdə qeyd olunması yaxşı olardı. Təbii ki, yenə otellərin üzərinə böyük məsuliyyət düşür, çünki turistlər üçün bu cür tədbirlərin otel ərazilərində keçirilməsi əlverişlidir. Əlavə olaraq, daha çox marağa səbəb olmaq üçün, şou-proqramlar və konsertlərdən ibarət tədbirlər də keçirmək olar. Turistlər belə şeylərə çox önəm verir və qoşulmağa can atır. Son olaraq təklifim budur ki, festivallar bir gün yox, bir neçə gün boyunca davam etsin”.
AzərbaycanTurizmAssosiasiyasının icraçı direktoru Əhməd Qurbanov bildirdi ki, Novruz bayramı Azərbaycanda ənənəvi olaraq keçirilən bayram olduğundan, turizm üçün də hər zaman canlanma yaradıb: "Hər il bu vaxtlar ölkədə turizm axını sürətlənir. Müxtəlif ölkələrdən sırf bu bayramın keçirilməsini izləmək üçün turistlər ölkəmizə gəlir. Bu il də turistlərin kütləvi şəkildə axınını gözləyirik. Turizm şirkətləri ilə danışıqlarımız zamanı da bəlli olur ki, əsasən İrandan gələcək turistlərlə bağlı sifarişlər verilir”.
Ekspert turistləri cəlb etmək üçün lazım olan yeniliklərdən də danışdı: "Hər zaman otellərlə danışıq zamanı onlara bildiririk ki, bayramı ərəfəsində Novruz ab-havasını daha təntənəli şəkildə göstərmək lazımdır. Çünki turistlərin əsasən ən çox gördüyü məkan oteldir. Burada həm Novruz atributlarının sayını artırmaq, eyni zamanda milli folklor oyunları göstərmək olar. Otelin foyesində kosa, keçəl, hətta milli geyimli insanların olması o ab-havanı daha da canlı şəkildə turistlərə yaşada bilər. Bundan başqa, turizm şirkətləri ilə danışıqlarımız zamanı turistlərə bu ab-havanı yaşadacaq məkanlar təşkil etməyə, festivallar keçirməyə, Novruzun tarixi ilə bağlı geniş məlumat verməyə çağırırıq ki, ölkəyə Novruza görə gəlməyən turist belə, bu bayramın möhtəşəmliyini görüb növbəti illərdə də gəlsin. Nəinki İrandan, Avropadan və digər ölkələrdən ölkəmizə gələn turistlərin sayını bu şəkildə artıra bilərik”.
Ə. Qurbanovun sözlərinə görə, digər bir məsələ Novruz, ümumiyyətlə, müxtəlif bayramlar ərəfəsində otellərin qiymətlərində artımın müşahidə edilməsi ilə bağlıdır: "Düzdür, bu, normal bir haldır, bütün dünyada xüsusi günlərdə otellərin qiymətində artım müşahidə edirik. Amma "kəllə-çarx” yox, normal qiymətlərin olmasını tövsiyə edirik. İnanırıq ki, bu il keçən illərə nisbətdə qiymətlərdə müəyyən tənzimləmələr müşahidə edəcəyik”.
Müsahibimiz deyir ki, istər-istəməz, dünyada olan bu gərginlik ölkəmizə də təsir edəcək: "Müəyyən qisim turistlər ümumiyyətlə, öz ölkəsindən kənara çıxmağa qorxduğu üçün düşünürəm ki, turistlərin sayında bir az azalma olacaq. Əsasən biz növbəti beşillikdə Çinli turistlərin ölkəmizə gəlişini prioritet olaraq sayırdıq. Amma son dönəm baş verən hadisə bizi çox məyus etdi. Ona görə, düşünürəm ki, ölkəmizə gələn çinli turistlərin sayı kəskin şəkildə azalacaq. Düşünürəm ki, çinli turistlərin sayında azalma olacağı üçün ümumi turizm canlılığı da aşağı düşəcək. Amma eyni zamanda, Avropadan gələn turistlərin sayında artım olacaq. Bu da turizmin canlanmasına öz töhfəsini verəcək. Ümumi olaraq götürsək, keçən ilə nisbətdə müəyyən qədər də olsa turistlərin sayında azalma müşahidə ediləcək”.
Günel Azadə
banner

Oxşar Xəbərlər