• cümə axşamı, 25 aprel, 17:00
  • Baku Bakı 23°C

Niyə yaxşı kitablar sehrli qapı hesab olunur?

09.09.15 12:29 1488
Niyə yaxşı kitablar sehrli qapı hesab olunur?
Mak Barnet 15 uşaq kitabının müəllifidir. Barnetdə “TED”-in “Yayılmağa dəyər ideyalar” layihəsi çərçivəsində Kaliforniyadakı çıxışında uşaqların ən yaxşı oxucular olması və yetkin insanların onlardan öyrənməli olduqları məsələlər haqqında danışıb.
Salamlar, mən Mak. İşim isə uşaqlara yalan danışmaqdır, amma dürüst yalanlar danışmaq. Mən uşaq ədəbiyyatı nümunələri yazıram və Pablo Pikassonun çox sevdiyim sözünü xatırlatmaq istəyirəm: “İncəsənətin həqiqət olmadığını hamımız bilirik. İncəsənətin yeganə həqiqəti qarşımıza həqiqət adı ilə çıxarılan şeyin fərqinə varmağımızı təmin edən yalandır. “Sənətkar öz yalanlarının həqiqətinə başqalarını necə inandıracağını bilən adamdır”.
Bu fikri ilk dəfə eşidəndə çox balaca idim, baxmayaraq ki, çox sevmişdim, amma mənası ilə bağlı heç bir fikrim yox idi. Mən də bu gün sizlərlə bunları danışmaq üçün bura gəlməli olduğumu düşündüm – həqiqət və yalan, hekayə və həqiqət. Əslində həqiqət də var, yalan da, ikisinin tam ortasında isə kiçik bir yer var. O yerdə isə incəsənət dayanır.
Uşaqlarla işləmək incəsənətin, ən azından hekayə danışmaq sənətinin nə olduğunu anlamağıma çox kömək etdi. Universitet illərində yay düşərgələrində təlimçi kimi işləyirdim və bu sənəti çox sevirdim. Əsasən, 4-6 yaşlı uşaqların qoşulduğu bu yay idman düşərgəsində mənə dörd yaşlı uşaqlarla işləmək tapşırılmışdı. Məncə, bu əla idi. Çünki dörd yaşlı uşaqlarla idman edə bilmirdilər, eynən mənim kimi. Elə mən hələ də dörd yaşlı uşaq qədər idman eləyə bilirəm. Uşaqlar bir az idman edib istidən yorulub ağacın altında otururdular. Mən isə çoxdan özümü ağacların altına verir, onlar üçün hekayələr uydurur, ya da həyatım haqqında əhvalatlar danışırdım. Şənbə-bazar evimə gedib, İngiltərə Kraliçası üçün cəsusluq etdiyimi danışırdım. Bir müddət sonra mənim qrupumdan olmayan uşaqlar yanıma gəlib, maraq dolu gözlərini zilləyib, soruşurdular: “Sən Mak Barnetsən hə? İngiltərə Kraliçası üçün cəsusluq edən adam sənsən?”. Ömür boyu tanımadığım adamların yanıma gəlib, mənə bu sualı ünvanlamasını gözləmişdim. Düzdür, mənim xəyalımda bunu soruşanlar zərif rus xanımları idi, amma Berkeley, Kaliforniyada nə mümkündürsə gərək ona qane olasan.
Sonra yavaş-yavaş danışdığım hekayələrin mənə tanış gəldiyini hiss etməyə başladım, hamısı həqiqət idi və məni həyəcanlandırırdılar. Bununla bağlı yaşadığım ən qəribə, heç unutmayacağım hadisə Riley adlı balaca qızla bağlıdır. Çox balaca və zərif idi, hər gün yediyini qaytarırdı, meyvələri yemir, əli ilə vurub-dağıdırdı. Hər gün anasının qoyduğu yemişləri düşərgəyə çatan kimi çantasından çıxarır və kolluqlara tolazlayırdı. Bütün günü meyvəli jelibon və pudinqlə qidalanırdı. Bir gün Rileyə dedim: “Riley, məncə, meyvələri yeməlisən?”. Riley soruşdu: “Niyə?”. Mən də dedim ki, əgər yemişləri kolluqlara atmağa davam etsən, tezliklə bütün düşərgənin həyətində yemiş kolları bitəcək, hər yeri yemişlər basacaq. Deyəsən, elə buna görə məndən uşaq qidalanma mütəxəssisi yox, uşaq hekayələri danışan çıxdı. Təbii ki, Rileyin cavabı: “Elə şey ola bilməz. Elə olmayacaq” – oldu. Mən də düşərgənin son günündə tezdən oyanıb, marketdən iri bir yemiş aldım və Rileyin yemiş dilimlərinin çürüdüyü kolluqların arasında gizlətdim. Günorta yeməyində Rileyə: “Niyə gedib kolluqlara atdığın yemişlərin necə olduğuna baxmırsan?” – dedim. Riley sürətlə sarmaşıqlara tərəf yollandı, güc-bəla ilə sarmaşıqların arasından keçib kolluqların arasına baxdı. Təəccübdən göz bəbəkləri necə böyümüş halda başından yekə olan yemişi sürüyə-sürüyə çıxardı. Sonra bütün uşaqlar onun ətrafına toplaşdı. Uşaqlardan biri ağıllı olduğunu göstərmək üçün: “Bunun üstündə niyə etiket var?” – dedi. Mən də: “Bax, yenə mən dediyim. Elə buna görə deyirəm ki, etiketlərinizi zibil qutularına atın, təbiətə zərər verirsiniz, o da bu formada tulladıqlarınızı geri qaytarır” – dedim. Riley yemişi bütün gün yanında gəzdirdi, olduqca qürurlu görünürdü.
Riley cəmi yeddi gündə yemiş yetişməyəcəyini bilirdi, eyni zamanda yetişdiyinə də inanmışdı. Rileyin gəldiyi yer qəribədir, amma sadəcə uşaqların gedə biləcəkləri yer deyil. Ədəbiyyat, incəsənət hər insanı belə bir yerə apara bilər. Riley məhz o yuxarıda qeyd etdiyim yerdə, yalanla doğrunun tam ortasında, hekayənin içində, mərkəzində idi. Yaxşı bir hekayə onu buraya gətirmişdi. Siz o yeri nə adlandıracaqsınız bilmirəm, mən “maraq” deyirəm. Maraq - inamsızlığın qəsdən müəyyən yolla əngəllənməsini, ya da poetik bir inancın formalaşmasını, nə qədər qəribə səslənsə də, bir hekayənin həqiqəti əks etdirmiş kimi danışılması və sizin buna inanmış olmağınızı təmin edir. Bu isə sadəcə uşaqlara xas deyil. Yetkinlər də kitablar, hekayələr yolu bu cür dəyişir, inanır, o yerə çatır. Dublində “Bloom günü” turuna qatılaraq, “Uliss”də baş verənləri görməyə ümid edən, ya da Şerlok Holmsun Londonun Beyker prospektindəki “evi”-ni axtarmağa gedənlər olub və olacaq da. Biz bu şah əsərlərin qəhrəmanlarının real insanlar olmadığını bilirik, amma onların bizdə oyatdığı duyğular gerçəkdir. Onların yalan olduğunu bilirik, amma müəllif onları həqiqət kimi qəbul etdirə bilib.
Fərq ondadır ki, uşaqlarda maraq erkən oyanır və bu nöqtəyə yetkinlərdən daha çatırlar. Elə məhz buna görə də mən uşaqlar üçün yazmağı daha çox sevirəm.
Uşaqlıqda içində gizli qapılar olan, o qapıların sehrli dünyalara açıldığı əsərlərin dəlisi idim. Gizli qapıların olduğuna inanır və onları axtarır, içindən keçib, başqa bir dünyaya çıxmaq istəyirdim. Fasiləsiz axtarışda idim.
Tələbəlikdən sonrakı ilk iş yerim Deyv Eqqersin açdığı “balaca, sehrli qapı” oldu. Uşaqlar gəlir, yazmaq, yaradıcılıqla bağlı məsləhətlər alırdılar. Los Ancelosdakı bu yeri mən işlədirdim. Bir də şüarımız var idi: “Siz hansı dövrdəsinizsə, bir çoxdan o dövürdəyik”. Hər dövrdən adamımız var, bu kitabı oxuyanlar robot olacaq, bunu oxuyanlar qorxusuzluğu hiss edəcək. Məkanın bu qədər marağa səbəb olacağını gözləmirdim. Üç aydan bir uşaqların yazdığı hekayələrdən ibarət dərgi yayımlanırdı. Hər gün dərsdən sonra bura axışırdılar, kitab festivalı başlayırdı, tort yeyir, anaları və ya yoldaşları üçün hekayə oxuyur, dəbdəbəli şampan butulkalarında süd içirdilər. İlk baxışdan, qəribə yer idi, əslində isə məxsusi bir yer idi. Mükəmməl bir hekayədə səhv, məntiqsizlik tapa bilmirsiniz və mükəmməl hekayələr sizi hər şeyə inandıra bilər. Burada hər şey məhz bu hekayələrin üzərində qurulmuşdu.
Təsəvvür edin aktyor izləyicilərə baxır və deyir: “Mən aktyoram, sizlər isə sadəcə maniyələrsiniz”. Əslində bu məqamda aktyorun tam dürüstdür, amma inanın ki, orada bir yalan var. Amma həmin an hekayənin və tamaşanın saxta olduğunu göstərir. Mən isə tamamilə tərsini tətbiq etmək yolunu seçdim. Hekayənin sehrli, yalan dünyadan qaçıb həqiqətə qovuşmasını istədim. Yazdığım hər kitabın gizli qapı olmasını və açıldıqdan sonra hekayələrin real həyata yaxınlaşmasına çalışdım.
“Billi Tvitters və Mavi Balina problemi” adlı kitabımda başqa bir problem meydana çıxdı. Kitabın sonunda bir adres qoyduq. Bu adresə məktub göndərənlərin bir mavi balinası olacaqdı. Uşaqlar nə qədər məktub yazdı. Onlara bir firmanın adından cavab məktubları göndərib, balinalarının təhlükəsizlik məqsədi ilə Soqnefjordda qaldıqlarını yazdıq, balinaları ilə danışmaq üçün telefon nömrəsi qoyduq. Onlar zəng vuranda balina şəklinin görünməsini və səsinin gəlməsini təmin etdik. İndi sizə Randolf adını verdiyi balinası üçün zəng edən Nikonun səsini dinlətdirəcəyəm. O, balinası üçün zəng vuran ilk uşaqlardandır.
Niko (ilk zəng): Salam, mənəm Niko. Mən sənin sahibinəm Randolf. Səninlə ilk dəfə indi danışa bilirəm, yenə zəng vuracağam, danışarıq. Hələlik.
Niko: Salam Randolf, mənəm Niko. Çoxdandır danışmırıq, amma deyəsən, şənbə, ya da bazar günü danışmışdıq. Hə, şənbə ya da bazar idi. Salam demək üçün yenidən zəng vurdum. İndi nə edirsən bilmək istəyirəm. Ehtimal ki, yenə zəng vuracam, yəqin ki, sabah, bəlkə də bu gün.
Həqiqətən Niko həmin gün yenə zəng vurdu. Dörd il Randolfa 25-dən çox məktub yazdı, zənglərinin dəqiq sayını bilmirəm. Özündən, nənəsindən, problemlərindən, çıxış yolları haqqında danışdı. Onun bir səs yazısını da dinlətdirmək istəyirəm. Nikonun yeni ildə danışıb:
Niko: Salam, Randolf. Uzun müddətdir zəng vurmadığım üçün bağışla. O qədər məşğulam ki. Bizim dərslərimiz başlayıb, yəqin sənin bundan xəbərin yoxdur. Çünki sən balinasan. Yeni ilini təbrik etmək üçün zəng vurmuşam. Bayramın mübarək, Randolf! Görüşərik!
Niko ən yaxşı oxucuydu. O bütün dürüstlüyü ilə bu hekayəyə inanmışdı, o gizli qapıdan girmişdi. Özümü uşaqlara gizli dünyanın həyəcanını yaşadan kitablar yazmaqdan olduqca xoşbəxtəm. Niko kimi uşaqlar ən yaxşı oxuculardır və belə oxucular yaza biləcəyiniz ən yaxşı hekayələrə layiqdirlər.
Təşəkkürlər.
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər