• cümə, 19 Aprel, 22:48
  • Baku Bakı 24°C

Niyə Strasburqda Qarabağ üçün “ağız tikən” olmadı?

27.01.18 09:14 589
Niyə Strasburqda Qarabağ üçün “ağız tikən” olmadı?
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın işğalçılıq siyasəti və Dağlıq Qarabağ problemi ilə bağlı müxtəlif səpkili məsələlər qaldırılıb. Serj Sarkisyanın çıxışı nəzərə alınaraq Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov tərəfindən Avropa Şurasının binasında qondarma rejimin girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı xüsusi stend də quraşdırılıb. Ə.Şahidov AŞPA-nın qış sessiyasında Ermənistan prezidenti S.Sarkisyanın çıxışı zamanı ona qarşı səssiz etiraz aksiyası da keçirib.
Lakin təəssüflər olsun ki, hələ 2014-cü ildə Azərbaycan prezidenti İlham Əliyevə etiraz edənlər, söz və mətbuat azadlığından ağızdolusu danışanlar, ağızlarını tikən milli dönüklər bu dəfə Sarksiyanın qarşısına cəsarət tapa bilməyiblər. Bəs görəsən niyə onlar bunda maraqlı ola bilmədilər? Onlar üçün Qarabağ məsələsi niyə insan haqları, siyasi məhbus məsələsindən aktual olmadı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirdi ki, uzun illər ərzində Azərbaycanın daxili həyatını analiz edərkən, normal milli dövlətçilik mövqeyindən çıxış edənlərin hamısı o məqama diqqət çəkirdilər ki, qeyri-hökumət təşkilatları bütövlükdə fəaliyyətini bir ölkənin mənafeləri çərçivəsində, ona uyğun qurmalıdırlar: "Əgər həqiqətən xaricdən alınan maliyyə vəsaitləri bunlar üçün xüsusi əlahiddə öhdəliklər yaratmırsa, onları hansısa başqa dövlətlərin maraqlarına qoşmursa, "beşinci kalon” termini ilə məşhurlaşan qüvvələr kimi özlərini digər ölkənin missioneri səviyyəsində aparanlar yoxdursa, onda biz beynəlxalq tədbirlərdə ona şahidlik etməliyik ki, bunlar demokratiya və azadlıq davalarını dövlətin suverenliyi, torpaqların işğaldan azad olunması və s. Məsələlərə də tətbiq etsinlər. Serj Sarkisyanın AŞ PA sessiyasındakı çıxışı zamanı Əhməd Şahidovdan başqa heç bir sıra qeyri-hökumət təşkilatı təmsilçisinin iştirak etməməsi sübut edir ki, bəzi təşkilatlara guya qeyri-siyasi sayılan vəsaitlər iqtidarla mübarizə üçün verilir. Digər bir tərəfdən, bunlar millətin davasını aparmırlar, reallıqda tamam ayrı fəaliyyətləri var. Hesab edirəm ki, bu, bizi düşündürməlidir. Bu adamlar həqiqətən hansı ölkəni təmsil edirlər? Hansı millətə mənsubdurlar? Doğrudanmı, müxalif mövqe bunları o dərəcəyə gətirib çıxarıb ki, Sarksiyanın qarşısına çıxmayacaq dərəcədə zəifdirlər, yaxud da Azərbaycanın qarşısına çıxmağı özlərinə "şərəf işi” hesab edirlər? Bundan böyük rəzillik yoxdur!”
Z.Oruc qeyd etdi ki, bir neçə gün öncə AŞ PA-dakı səhnə həmin təşkilatların, insanların sifəti idi və onların simasını yaxşı əks etdirirdi: "Belələri dərhal deyəcək ki, bizi ora dəvət etməmişdilər, vəsaitimiz yox idi və sair. Hətta AŞ PA-dakı cangüdənlər orada etiraz edən bir azərbaycanlını belə, çox gördülər. Bəs, həmin Avropa Şurası eyni yanaşmanı Azərbaycan dövlət rəhbərinə niyə göstərmirdi? Hərçənd ortada tamamilə fərqli bir reallıq var”.
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, vaxtı ilə Azərbaycan prezidentinin AŞ PA-da çıxışı zamanı ona etiraz edənlər öyrədilib göndərilən insanlar idi: "Bu təşkilatçılığı da ermənilərin PİN təşkilatı həyata keçirmişdi. Həmin təşkilatın rəhbəri də Ermənistana bağlı bir adamdır. Məhz onların maliyyəsi ilə Azərbaycandan bir qrup şəxs ora getmişdi. Əslində bu aksiya çox iyrənc idi. Çünki adətən ölkə əhalisinin dövlət başçısına etirazı olanda belə, bu kimi tədbirlərdə onu üzə vurmurlar. Məsələn, orada Türkiyənin, postsovet ölkələrinin dövlət başçıları da çıxış edib. Həmin ölkələrdə də xeyli insan var ki, ölkə başçısını tənqid edirlər, müxalifətdədirlər. Amma onların heç biri belə aksiyanı keçirməyib. Bu, erməni şəbəkəsi tərəfindən təşkil olunmuş çirkin bir aksiya idi”.
S.Məmmədov qeyd etdi ki, Sarkisyanın AŞ PA-dakı çıxışı zamanı Azərbaycan prezidentinə qarşı iyrənc hərəkət edənlərin heç biri öz etirazını bildirmədi: "Hətta Sarksiyana qəti etiraz edən erməni təşkilatlarını da görə bilmədik. Halbuki onlar müxalifətdə olaraq, ölkədə etiraz aksiyaları keçirirlər”.
AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı vurğuladı ki, Avropada fəallıq edən bəzi "ictimai fəallar”a Sakisyanın çıxışına etiraz etmək sərf etməyib: "Amma bu addımı vaxtı ilə öz dövlət başçılarına qarşı atmışdılar. Bu insanlar Qərbdəki müxtəlif mərkəzlər tərəfindən idarə edilirlər. Həmin mərkəzlər də indi Sarkisyana etiraz etmələrinə imkan vermədi”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər