Niyə həmişə yox, ancaq yubileydən yubileyə?
"Yaşadığımız binanın altında (Biləcəridə) Hüseyn Cavid adına
kitabxana fəaliyyət göstərir. Məni həmin kitabxanaya dəvət etmişdilər. Mərhum
Xalq yazıçısı İsa Muğanna (Hüseynov) ilə bağlı tədbir keçirilirdi. Bu il ölkəmizdə
yazıçının 90 illiyi qeyd olunur. Getdim, çıxış da etdim. Tədbirdə yazıçının oxucuları da iştirak
edirdi. Şükür, bizdə hələ ədəbiyyatı sevən adamlar qalmaqdadır”. Yazıçı dramaturq
Firuz Mustafanın "Facebook” səhifəsində paylaşdığı bu status "nə ucun ədəbiyyat adamlarını daha çox yubileydən
yubileyə xatırlayırlar, ayrı vaxt onlarla bağlı görüşlər, tədbirlər keçirmirlər”
sualını "Kaspi”nin "Müzakirə”si üçün aktual etdi.
"Rəsmilər”ə aid
Sualımızı da elə
öncə Firuz Mustafaya ünvanladıq: "Prezident
bu yubileylə bağlı 1-2 ay əvvəl sərəncam verib. Bizim xalqımızın əksər nümayəndələri
aşağıda oturub, yuxarıdan göstəriş gəlməsini gözləyir. Bu, əlbəttə "rəsmilər”ə
aiddir. Adi oxucu isə göstərişsiz də mütaliə edir, oxuyur. Səbəb budur. Vəssalam”.
Mənəvi dəyərlərə zidd
"Doğrudan da əksər
ədəbiyyat adamlarını, ümumiyyətlə, yaradıcı adamları yalnız yubileylərdə yada
salırlar” deyən yazıçı-tərcüməçi Nəriman
Əbdülrəhmanlı bu müşahidənin həqiqət olduğuna təəssüfləndiyini bildirdi: "Bir
daha təəssüf ki, bu "xalaxətir” diqqət də hamının yox, yalnız müəyyən qisim
adamların payına düşür. Ədəbiyyatımızda elə ləyaqətli simalar var ki, heç
yubileylərində də xatırlanmırlar. Məsələn, bir neçə il əvvəl İsa İsmayılzadənin,
Tofiq Abdinin, Eyvaz Borçalının 75 yaşı tamam oldu, mətbuatda bir-iki yazıdan
başqa kimsə onları xatırlamadı. Ancaq imkanları, havadarları olanların az
qalırlar hər il yubileylərini keçirsinlər. Bu, əlbəttə, mənəvi dəyərlərə zidd
olan hallardır”.
İnformasiya cəmiyyətinin günahı
"Mirzə Fətəli
Axundovun, Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Hüseyn Cavidin, Mirzə Ələkbər
Sabirin və yüzlərlə dərin zəka sahiblərinin arxasında dövlət dayanmasaydı,
onlara diqqət və qayğı göstərilməsəydi, cəmiyyət onları bəlkə də çoxdan
unutmuşdu. Acı da olsa, həqiqətdir” deyən yazıçı-tərçüməçi
Kamran Nəzirli hesab edir ki, ədəbiyyat adamlarına bu cür münasibətin səbəbləri
çoxdur: "Deyəcəklərimin mövzu ilə birbaşa əlaqəsi olmasa da, dolayısı ilə çox
bağlılığı var, hətta deyərdim, daha çox. Hüqodan bir sitat gətirmək istəyirəm:
kitabı yaradan müəllif, müəllifin taleyini yaradan isə cəmiyyətdir. Bu və ya
digər mənada, cəmiyyətdən çox şey asılıdır. Bizim kəskin oxucu problemimiz
olduğu kimi, tamaşaçı, dinləyici problemimiz də var. İnsanlar tədbirlərə,
xüsusilə teatrlara, yaradıcı adamlarla görüşlərə, yazıçı və şairlərlə canlı təmaslara
az maraqlıdır. Ümumiyyətlə, dünyada da bu problem var, amma keçmiş sovet
respublikalarının əksəriyyəti üçün daha çox xarakterikdir, o cümlədən, bizim
üçün də. Bunun da səbəbləri çoxdur”.
Yazıçı keçən günləri ədəbiyyata verilən dəyər
kimi xatırlayır: "Mənim yaşıdlarımın əksəriyyətinin yadında olar: yetmişinci
illərdə Azərbaycanda çox maraqlı, həm də faydalı bir ənənə vardı - şəhər və
rayonlarımızda tez-tez ədəbi görüşlər keçirilərdi, yazıçı və şairlərimiz
camaatla birbaşa təmasda olar, onlara öz kitablarını hədiyyə edərdilər. Bundan
başqa, kitab günləri, bayramları, ədəbiyyat və incəsənət günləri keçirilərdi. Hətta
bu ənənənin Azərbaycandakı təşəbbüskarı və yaradıcısı ulu öndərimiz Heydər
Əliyev rayon və şəhərlərə gedəndə ədəbiyyat və incəsənət adamlarını da
aparardı, onlara sağlığında da, ölümündən sonra da xüsusi diqqət göstərilməsini
tələb edərdi. Ulu öndər özü nümunə göstərirdi, bununla da şəhər və rayonların
katiblərinə, rəhbərlərinə bildirirdi ki, siz xalqın işıqlı zəka sahiblərinə,
elm, mədəniyyət, ədəbiyyat adamlarına xüsusi diqqət göstərməlisiniz, çünki bu
xalqı, bu cəmiyyəti maarifləndirən, onu dünya mədəni ailəsinə qovuşduran, dünya
mədəniyyəti ilə milli mədəniyyət arasında körpü yaradan məhz bu adamlardır. Məncə,
yaxın keçmişimizin müsbət təcrübəsindən yararlanmaq lazımdır”.
K.Nəzirli məsələyə
daha geniş aspektdən yanaşmağa çalışır: "Müasir texnoloji inqilablar insanın həyat-ölüm
mübarizəsində ona lazım olan əsl diqqət və təminatı verə bilirmi? İnsan ətraf
aləmdən təcrid olunmur ki? Reallıq qorxulu vədlər verir. Kompüter, internet,
telekommunikasiya sistemləri insanı robotlaşdıra bilər. Əlbəttə, bu fikrimə
qarşı çıxanlar da ola bilər. Və deyə bilərsiniz ki, bunun mövzu ilə nə əlaqəsi
var? Məncə, var. Bəri başdan deyim ki, bunlar təbii inkişafın amilləri olsa da,
insanı, daha geniş götürsək, cəmiyyəti tənbəlləşdirir, kütləşdirir, onun fəal və
canlı tamasalarını, ünsiyyətlərini sükunətə, ətalətə qərq edir, hətta bu sükunətli
"sms danışıqları" şifahi nitqi belə öldürür, görürsən, uşaqların, tələbələrin,
xüsusilə gənclərin əksəriyyətinin nəinki yazı savadı, heç nitq mədəniyyəti,
cümlə qurmaq, ifadə etmək, incələmək qabiliyyəti də korşalır, onda texnoloji vasitələrə kortəbii, ya da elə
təbii aludəçilik yaradır. Nəticədə həm də o baş verir ki, onun duyğu və hissləri
ölür, laqeydləşir, qəddarlaşır, azğınlaşır, nəhayət, robotlaşır. Buna görə də, bizim
bəh-bəhlə dediyimiz "informasiyalı cəmiyyət"i formalaşdıran və təkmilləşdirən
alətlər - kompüterlər, sosial şəbəkələr, telefonlar həm də təhlükə mənbəyinə
çevrilməkdədir. Məncə, onların kütləvi istehsalını azaltmaq, minimuma endirmək
lazım... Əlbəttə, belə bir şirnikləndirici aludəçilik vasitələri, özü də sənin
evinin içində olursa, insan ədəbiyyat adamının yubiley tədbirinə gələrmi heç?
Yaxud yazıçı, şair, alimlə canlı təmas qurmağa can atarmı? Sizin qaldırdığınız
məsələnin bir tərəfi də məncə, budur. İnsanın sosial-mədəni həyatı ilə onun mənəvi-əxlaqi
dəyərləri arasında məsafələr qısalmaq əvəzinə, daha da uzanır. Bəlkə elə buna
görədir ki, şüurlarda və psixikalarda pozuntular çoxalır”.
Yazıçı hesab edir ki, canlı tədbirlər tez-tez keçirilməlidir: "Televiziya
kanallarında, radio dalğalarında, teatr səhnələrində, mədəniyyət saraylarında,
kitabxana salonlarında ədəbiyyat adamlarının nəinki yubiley tədbirlərini keçirmək,
onlarla xalqın, ictimaiyyət nümayəndələrinin görüşlərini intensiv şəkildə təmin
etmək lazımdır”. Tarixən Azərbaycanda
elm, mədəniyyət, ədəbiyyat, incəsənətin böyük inkişaf yolu keçdiyini və keçməkdə
olduğunu deyən yazıçının fikrincə, bu yolda süni əngəllər törədən amilləri
aradan qaldıra bilsək, sözün həqiqi mənasında daha varlı xalq ola bilərik: "Sonda
bir sitat da Ayzek Əzimovdan gətirmək istərdim (yeri gəlmişkən, "Mət
Robotam", "Həyat və Zaman", "Allahların intiqamı" və
s. kimi məşhur elmi-fantastik romanlar müəllifi Əzimov 1920-ci ildə Belarusun
Petroviçi kəndində doğulub, üç yaşında ABŞ-a köçən yazıçının valideynləri bizim
Quba rayonundandır, dağ yəhudilərindən olub): "Robot, bizim üçün çox qiymətli
olan insanla müqayisəyə belə gələ bilməz, qətiyyən gələ bilməz! Biz robota gözəl
hiss və duyğuları, estetikanı və dini-mənəvi dəyərləri yeridə bilmərik!... Elmə
məlum olmayan anlaşılmaz hadisələr hələ də çoxdur. Gözəllik, sevgi,
xeyirxahlıq, sənət, incəsənət nədir axı? Biz əbədi olaraq bu sahələrin
anlaşılmaz sərhədlərində vurnuxuruq, axtarırıq, anlamağa çalışırıq, amma biz
beynimizin əslində nədən qaynaqlandığını, ya da qidalandığını axıradək
anlamırıq... Bizi insan edən də məhz elə budur!”
Bizdə həmişə gözləyirlər ki...
Yazıçı-dramaturq Seyran Səxavət Yazıçılar Birliyi səviyyəsində yubileylərin
tez-tez qeyd edildiyini deyir: «Hesab edirəm ki, ədəbiyyat adamlarına birlik tərəfindən
diqqətin göstərilməsi mühüm amildir». Yazıçının fikrincə, ədəbiyyat adamlarının
yubileylərinin hər hansı təşkilatlarda və ya müəyyən dairələrdə qeyd olunması
üçün heç də xüsusi göstərişlər gözləmək lazım deyil: «Ancaq bizdə həmişə gözləyirlər
ki, ölkə başçısının sərəncamı olsun və ondan sonra hansısa ədəbiyyat adamının
yubileyini qeyd etməyə başlasınlar. Əslində isə belə olmamalıdır. Cəmiyyətin
sevdiyi yazıçı və şairlərə elə cəmiyyətin özü də diqqət göstərməlidir. Bizdə isə
münasibət fərqlidir. Yalnız dövlətin və hökumətin diqqət göstərdiyi insanlara cəmiyyət
də diqqət göstərir. Azərbaycanda ədəbiyyatın ağırlığı çiynində olan insanlar həmişə
olub və bu gün də var. Onların bəziləri dünyadan köçüb. Bəziləri ümumiyyətlə,
yada düşmürlər, yubileyləri keçirilmir. Buna yalnız təəssüf etmək olar».
Təranə Məhərrəmova