• cümə axşamı, 28 mart, 23:14
  • Baku Bakı 13°C

Nitsşe necə dahi oldu?

16.12.19 15:45 1149
Nitsşe necə dahi oldu?
Nə isə baş verəcəksə, bu özünü ya hədsiz xoşbəxtlik hissi, ya da sarsıdıcı ağrı ilə büruzə verəcək. Əgər torpağın altında cücərən toxum varsa, torpağın üstü çatlayacaq. Ruh bədənin bütün maddi vəziyyətlərini tərk edirsə, ya ruhun özündə, ya da onu daşıyan cisimdə bir əlamət olmalıdır. Qalanı taleyin və olacaqların ixtiyarındadır. Əlbəttə, haqqında danışacağımız dahi "tanrını öldürmüş”, ruhuna azadlıq vermiş, ondan əski olan hər şeyi sındırmışdı. Nə qədər anarxist, radikal cəbhədə görünsə də, içindəki mənəviyyatın böyüklüyündən o da qaça bilmədi. Ömrünün sonlarında "Zərdüşt belə deyirdi”, "İnsanca, xeyli insanca...”, "Dəccal” kimi əsərləri niyə yazdığını özünə durmadan sual etdi və gəncliyində ona təsir etmiş müəlliflərdən yola çıxaraq tamamilə başqa təhlillər qələmə aldı. Təbii ki, "Ecce Homo” Nitsşenin özünü və yaradıcılığı inkarı deyil, əksinə, onu daha sivil şəkildə insanlara çatdırma vasitəsidir. Hirsi bir qədər soyumuş, illər əvvəl öldürdüyü tanrıya bir az da təslim olmuşdu. Onun ruhunun bədənini tərk etdiyi zamanlar həm yorğun hal aldı, xəstələndi, həm də keçmişi onu mənən daha fərqli düşüncələrə atdı. O indi dayanmadan anasını, xəstəliyini və yazdıqlarını düşünür, axtardığı üst insanı öz içində tapırdı. Özünə qayıdırdı. Yola çıxdığı ruhun məcrası elə onun mənbəyi idi. Özə qayıdış Nitsşeni bizim bir o qədər yaxşı bələd olmadığımız başqa bir dahiyə çevirirdi və bütün bu prosesləri "Ecce Homo”da yazırdı.
Onu dahi edən şeylərin başında dekadentliyi gəlirdi. Məhz nihilizm də ona bu cür yoluxmuşdu. Öz ölümünün vaxtını müəyyən etmiş, həmin zamandan geriyə sadəcə dekadent ruh halı ilə mübarizəyə başlamışdı. Atası ölən gün Nitsşe öldü və anası ilə bir evdə yaşamağa başladı. Bu cümlə qədər ziddiyyətli bir taleyi. Tənəzzül dövründən sonra Günəş doğmuşdu. Anti-dekadent təsiri bağışlayan üfüqlərdə gənc dahinin anarxist fikirləri boy atırdı. Tolstoyun "Etiraflar”ını xatırladan "Ecce Homo”da yazır ki, bütün səhv qərarlarım və məğlub olduğum anlar məni qalib etdi. O daha yaxşı yolu səhv getdiyi cığırlarla tapır. Nitsşe anlayır ki, əgər biz həqiqətən bu və digər şeyləri bacarmalıyıqsa, istənilən qərarda qalibik. Eqoistlik? Bir neçə il qabaqkı əsərlərində bunu yazsaydı, sizinlə razılaşardım. Amma Nitsşe artıq özünü tapmış və ruh halına qovuşmuş bir düha kimi əllərimizin arasındakı kitabdadır.
"Hamınız məni inkar edəndə sizə geri qayıdacağam”
Görünür, özünü necə qəbul etdirə biləcəyini anlamışdı. Və ya lap əvvəldən ünvanın hara olduğu bilirdi. Əlbəttə, bilirdi. Kimdən? Hötedən.
Dinlərin əmr etdiyi bütün məfhumları sındırmışdı. Onun sənəti bu idi. Bu cür sənətkarlıq nümayiş etdirə bilirdi. Özündən əvvəl nə var idisə, şərtsiz hər birini inkar etməklə. Necə deyərlər, inkar mübarəkdir. Yenilikdir. Və daha azaddır. Nitsşe yazır:
"Mən özümlə mübarizə aparmırdım, kilsə bunu sevmirdi...”
Kilsənin istədiyi "özümlə mübarizə” şübhəsiz insanın nəfsi ilə bağlı əlamətlərdir. Nitsşe bu əlamətlərdən arındığı üçün ona maraqlı deyildi. O, nəfsini tərbiyə etməklə məşğul olmaq istəmirdi. Buna görə allahın inkarını şərtsiz qəbul etdi və oxuduğu müəlliflərin arasında ateist olanları daha diqqətlə araşdırdı. Allahın varlığı və yoxluğu özünə qayıdışda maraqlandıracaqdı – "Ecce Homo”da. Ona qədər isə həqiqətən "bəşəriyyətin rifahını” düşünən üst insanın xarakteristikalarını müəyyən etməli idi. Nitsşe üçün mükəmməllik təlqin edilən dəyərlərin heç biri deyildi. Onun arzuladığı insan bütün hiss instansiyalarından yaxa qurtaran, duyğu selinə atılmayan və sentimentallığın hər növ formasını rədd edəndir. İnsanları unutmaq onlara verdiyimiz ən böyük azadlıqdır. Bunun üçün onları getmək istədikləri yerdəcə qoyub yola davam etmək lazımdır. Nitsşenin fəlsəfəsi acımaq, yazığı gəlmək ifadələrini qəti qəbul etmir. O, şeirin də ən sərt nümunəsini sevir. Fəlsəfənin ən maksimal yanaşan məktəbini seçir. Və ən vacibi, hansı ki bu nüansa yenə qayıdacağıq, bərabərlik və birlikdəlik kimi qulaq bəzəyən, insanı özündən kənarlaşdıran nəsnələri deyil, təkliyi, onun özü ilə gətirdiyi küncləri tərif edir.
Hər halda Nitsşe ilk və son olaraq bu kitabda özünün dahi olduğunu əminliklə qəbul edir və heç də nihilsit olmayan, dekadent təsir bağışlamayan təhkiyə ilə onu ruhi yüksəlişə gətirən çox sadə amilləri yazır.
Qidalanmaq
Nitsşeni Tanrının varlığı və yoxluğu problemindən daha çox qidalanma rejimi narahat edir. Gündəlik prosesi necə idarə etməli ki, həm əxlaqa, həm də ruha yüksəliş versin? Nə ilə qidalanmağımız vacibdir və bizim mətbəximiz heç də kitabxanamızdan sonra gəlməməlidir.
Nitsşe qidalanmaqdan danışarkən alman mətbəxinin üzərində dayanır və onu gah tənqid edir, gah da tərif. Almanların patriort xarakteri və kobudluğu ilə ifadə etdiyi mətbəxin şərabını və suplarını ədəbi müstəvidə həll etməyə çalışır. Şopenhaurun daha əvvəl ortaya qoyduğu təklik halının mənən yüksəlişə kömək etməyini məhz Leypsiqli aşpazlardan öyrəndiyini yazır. Alman mətbəxini sevməsə də, Münhen ədviyyatlarının adını çəkir. Nitsşenin bütün bu mətbəxbazlıqlarının açıqlaması, əlbəttə, var. Alman mətbəxi alman düşüncəsi kimi həzmsizdir. Bağırsaqları korlayır. Narahatlıq yaradır, eynən Şopenhaur kimi. Alman mətbəxi ilə qidalanmağın sonu düşüncə qısıtlığına gətirib çıxara bilər. Nitsşe yeməklər üzərindən xalqları təsnif edirdi. Əslində, məsələ nahardan qabaq şorba içib-içməməkdə deyil. Mətbəx folklorun bir parçası, folklor isə milli düşüncənin, özün bütünüdür. Özə qayıdış milli kimliyə dayanır. Müasir ədəbiyyatda artıq buna dair yüzlərlə sübut-sənədli əsər adı çəkə bilərik. Müəllifin özü və keçmişi ilə təkbətək qalması, milli kodları deşifrə etməsi, fləşbəklər və sair. Əleyhdarları arasında daha çox almanların olmasını Nitsşe yarı zarafat, yarı ciddi alman mətbəxi ilə qarşılaşdırır və istədiyi nəticəni əldə edə bilir. Onu duymayanlar içkidən zövq ala bilməyənlərdir. Bu isə təkcə mətbəxlə yox, həm də iqlimlə, coğrafiya ilə birbaşa bağlıdır.
İqlim
Nitsşe onu dahi edən amillər sırasında coğrafi qüsurları və şəhərlərin nə qədər taleyə təsir edə biləcəyindən danışır. Maddələr mübadiləsinə şəhər atmosferinin təsirini, bu təsirin isə bir dahidə yarada biləcək fövqəl güclərindən yarım səhifə yazıb. Adını çəkdiyi şəhərlər arasında ikisinin üzəridə bir qədər dayanmaq istəyirəm; Paris və Bazel. Niyə Paris? Çünki Nitsşedən əvvəl də, sonra da Paris dünyanın mədəniyyət mərkəzi olaraq qaldı. Və onun nəinki muzeyləri, salonları, rəqs meydanları, hətta gecə barları, yeraltı kafeləri, pabları da tarixə nadir istedadlar gətirdi. Onlar essenin əvvəlində misal çəkdiyimiz toxum kimi yerin altından cücərdilər. Niyə Bazel? Çünki Nitsşenin yaradıcılığının ən durğun dövrü bu şəhərdə yaşandı. O, demək olar ki, heç nə yaza bilmədi bu şəhərdə. Lakin etiraflara yer verdiyi kitablarını da Bazeldən geri dönəndə qələmə almağa başladı.
İstirahət
Növbəti bənddə Nitsşe istirahətindən danışır və bu zaman sadəcə bir feldən istifadə edir: oxumaq. Kimləri oxuduğunu yazacağam, amma öncə gəlin mütaliəyə verdiyi dəyərin nə qədər yüksək olduğunu sübut edən məqamları deyim. Nitsşe bir yazıçı kimi oxumağın daha fərqli bir şey olduğunu vurğulayır. Bir növ yazıçılar yazmayanda belə bu işlə məşğul olduqları kimi. Onun hər şeyə skeptik yanaşması da bununla bağlıdır. Oxumadan əmin olmamaq görmədən inanmamaq kimidir. Nitsşenin dini dünyagörüşü haqqında uzun-uzadı mühazirəyə ehtiyac duyulsaydı, yəqin ki oxuduğu imzaların nə qədər "təhlükəli” olduğunu asanlıqla anlayardıq. Nitsşe özünü dahi adlandırır və bunun təməlində yorulmadan, xüsusi vəhylə oxumağının dayandığını etiraf etməkdən çəkinmir. Onun əbədi dostları da mütaliə prosesində tanış olublar. Məsələn, Stendal.
Şeir
Nitsşenin nənəsi Hötenin mühitinə yaxın biri olub. Hətta onun obrazı gənc şairin gündəliyində Mutqen olaraq çəkilib. Nitsşe şeirlə rəğbətlə yanaşan bir ailədə böyüdü. Və o dövrün ən geniş yayılmış janrlarından öndə gedəni şeir, poetika Nitsşeyə təsir etməyi bacardı. "Ecce Homo”da şairlik haqqında ən yaxşı fikri Henrix Heynedən öyrəndiyini yazır. Onu və özünü "alman dilinin Tanrısı” adlandırmaqdan çəkinmir. Corc Bayron, Höte və başqa dahilərin də şeir menyusunu verən Nitsşe musiqi haqqında danışmağa başlayanda almanların bu sənətdən məhrum olduğunu deyir. Ümumiyyətlə, kitab boyu Nitsşenin alman icmasına qarşı xüsusi nifrəti, acığı hiss olunur. Səbəbini mənim kimi siz də bilirsiniz, ona görə üzərində dayanmıram. Birinci hissəni şairlər haqqında dediyi o möhtəşəm cümlə ilə bitirmək istəyirəm:
"Şairlər öz həqiqətlərini o həqiqətin qarşısında dayanacaq gücü olana qədər çəkirlər, sonra isə təslim olurlar, öz əsərlərinə tab gətirə bilmirlər...”
Rəvan Cavid
banner

Oxşar Xəbərlər