cümə, 20 May, 02:39

Baku Bakı 16°C

Nitq probleminin patogenik səbəblərdən biri də uşaqla valideyn arasında ünsiyyət əlaqəsinin zəifliyidir

icon 163 icon 22 yanvar 2022 | 18:00 Nitq probleminin patogenik səbəblərdən biri də uşaqla valideyn arasında ünsiyyət əlaqəsinin zəifliyidir

Danışmaq, ünsiyyət qurmaq sosial həyatda çox vacib rol oynayır. Səlis danışıq, aydın tələffüz hər zaman xoş qarşılanır. Nitqin formalaşması körpəlikdən - altı ayından müəyyən səslər çıxarmaq, bir yaşında sadə sözləri tələffüz etmək, yaş yarımdan isə sərbəst cümlə qurmaqla inkişaf edir. Körpələrin dil açıb danışması valideynləri tərəfindən böyük sevinclə qarşılanır. Ancaq təəssüf ki, bəzi valideynlər dil açmaq ərəfəsində olan uşaqlarının sadəcə susub baxmasını izləyirlər.
Bakı Sağlamlıq Mərkəzinin həkim-nevropatoloqu Sevinc SalamovanınAZƏRTAC-a verdiyi məlumata görə, uşaqlarda nitq ləngiməsinin səbəbləri müxtəlif ola bilər: "Uşaq gec dil açırsa, valideyn ilk növbədə uşaq nevroloquna müraciət etməlidir. Nitqin ləngiməsi mütəxəssis tərəfindən mümkün qədər araşdırılır. Səbəblər müxtəlif ola bilər: hamiləlik dövründə anada olan hər hansı bir narahatlıq, keçirdiyi xəstəlik və infeksiyalar ana bətnində ikən körpənin inkişafına mənfi təsir göstərir. Belə ki, beyin qabığında olan qırışların sayı azalır, onların arasında olan məsafələr qısalır və bu da uşağın nitqində dominant olaraq rol oynayır. Doğuş zamanı hər hansı qansızma, kəllə-beyin travması və ya hansısa digər səbəbdən beynin sol yarımkürəsində narahatlıq yaranması bütöv şəkildə uşağın nitqinə təsir göstərir. Nəticədə uşaqlar vaxtından xeyli gec danışırlar”.
Müsahibimizin dediyinə görə, müasir dövrdə uşaqların gec danışmasının səbəblərindən biri də onların telefon və planşetlərdən çox istifadə etməsidir: "Uşaq cizgi və digər filmlərə baxaraq, televizor və ya planşet qarşısında qalır və demək olar ki, canlı dialoq görmür, istənilən halda o, yalnız dinləyir. Belə olan şəraitdə uşağın danışıq və nitq qabiliyyəti ləngiyir. Valideynlərin uşaqlarla danışmağı və ya az ünsiyyət saxlamağı ağır xəstəliklərə, hətta autizm, mutizm kimi xəstəliklərə və yaxud nitqin çox geri qalmasına və bununla əlaqədar olaraq da əqli inkişafının da geri qalmasına aparıb çıxara bilər”.
Bəzi ailələr isə uşaqlarının gec dil açmasını genetik amillərlə əlaqələndirirlər. Lakin həmin azyaşlıların danışmamasının səbəbi adətən beyində zədə, yaxud da eşitmə problemləri ilə əlaqədar olur. "Dərman preparatları ilə yanaşı həkim-loqopedin də hər uşaq üçün fərdi ağız, dil, xüsusi alətləri olur ki, onunla masaj edirlər. 20 gün davam edən həmin seanslarda daha çox səmərə əldə etmək olur. Bəzən elə hallar olur ki, həmin müalicə kursu bir az da uzanır. Nitq probleminə aparıb çıxaran patogenik səbəblərdən biri də uşaqla valideyn arasında ünsiyyət əlaqəsinin olmaması və ya zəifliyidir. Məsələn, ana hansısa əşyanı uşağa verərkən adını soruşmur və yaxud sözlə ifadəsində ona yardım göstərmir, istiqamət vermir, sözünə düzəliş etmir”, - deyə həkim-nevropatoloq bildirib.
Problemlərin vaxtında aradan qaldırılması ilə gələcəkdə uşaqlarda komplekslərin yaranmasının da qarşısını almaq olar. Uşaqlar dil açmağa başlayarkən önəmsiz sözlər desələr də, onları diqqətlə dinləmək, danışmağa həvəsləndirmək lazımdır. Həmin hallar nitqin inkişafına böyük töhfə verir.