• cümə axşamı, 28 mart, 21:24
  • Baku Bakı 13°C

Nikolun sonu yaxınlaşır

10.12.19 18:21 496
Nikolun sonu yaxınlaşır
İnqilaba dəstək verən siyasi partiyalar artıq baş nazirdən üz döndərməyə başlayırlar

İnqilab dövründə Nikol Paşinyana dəstək verən siyasi partiyalar artıq ondan üz döndərməyə başlayırlar. Bir vaxt baş naziri dəstəkləyən "Milli təhlükəsizlik” Partiyasının sədri Qarnik İsaqulyan hesab edir ki, "indiki hakimiyyətdən nə qədər tez qurtulsalar, bir o qədər yaxşıdır”. Partiya sədri keçirdiyi mətbuat konfransında daxili siyasi gündəlik, üçüncü prezident Serj Sarkisyana qarşı irəli sürülən ittihamlar, qondarma Dağlıq Qarabağ rejiminin təhlükəsizliyi, qondarma qurumda gözlənilən "prezident” seçkilərinə toxunub. Onun qənaətincə, hakimiyyətin bu il yarım müddətində fəaliyyəti göz önündədir. Hansısa bir investisiya yatırımı, sosial dəyişikliklər baş vermir. Ölkə ən əsas məsələ - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində də bir irəliləyiş əldə edilməyib. O ki qaldı qondarma Dağlıq Qarabağ Respublikasına – burada da vəziyyət gərgin olaraq qalır. Hakimiyyət hər vəchlə çalışır ki, separatçı qurumda hakimiyyətə öz adamını gətirsin. Separatçı qurum isə buna qarşı çıxır.
"Qolos Armenii” yazır ki, bütün bu hadisələrin fonunda həyat gərgin mərhələyə qədəm qoyur. Gənclər və ictimai təşkilatlar, ali məktəb tələbələri və müəllimlər küçələrə çıxır, hakimiyyətin ənənəvi milli dəyərlərin məhv edilməsinə yönəlik addımlarına etiraz edirlər. Eyni zamanda, erməni dilinin və kilsəsinin müdafiəsinə qalxırlar. Ölkə boyu ikinci prezident Robert Koçaryanın müdafiəsi üzrə imzatoplama kampaniyasına da start verilib. Elə gün olmur ki, etirazçıların aksiyaları baş verməsin – insanlar küçələri bağlayır, öz etirazlarını ən müxtəlif formada hakimiyyətə çatdırır, problemlərinin ədalətli həllinə çalışırlar.
Nəşr yazır ki, bütün bunların fonunda parlamentdənkənar müxalifət aktivləşməyə başlayır. Bir neçə gün bundan əvvəl "Daşnaksütyun” Partiyası hakimiyyətin yürütdüyü siyasəti kəskin tənqid edib. Partiyanın yaydığı bəyanatda bildirilir ki, xalq hərəkatının məqsədləri ilə hakimiyyətin yürütdüyü siyasət arasında dərin uçurum yaranır. Ermənistan və separatçı Dağlıq Qarabağ Respublikasının danışıqlar prosesində mövqelərinin zəiflədilməsi prosesi baş verir, Ermənistan Silahlı Qüvvələrinə qarşı ayrı-seçkilik halları artır. Xarici siyasətdə uğursuzluqların ardı-arası kəsilmir, strateji proqramların olmaması, hakimiyyətin özünü aparması və dözümsüzlüyü, milli və dövlət maraqlarının xırda maraqlara qurban verilməsi, uğursuz kadr islahatı ölkənin stabil inkişafı üçün ciddi problem yaradıb. Artıq onlara qarşı da hücum başlayıb.
Ermənistan parlamentinin bitərəf deputatı Arman Babacanyan isə Daşnaksütyun Partiyasını dövlətə qarşı partizan müharibəsi aparmaqda ittiham edib. O, baş verənlərə parlamentin lazımi reaksiya verməli olduğunu söyləyib: "Bu qüvvə Ermənistanın müstəqilliyinin ilk günlərindən özünün terrorçu fəaliyyətləri ilə məşhurdur. Hazırda bu qüvvə dövlətə və ayrı-ayrı hakimiyyət strukturlarına qarşı partizan müharibəsi başlatmaq qərarı qəbul edib. Hesab edirəm ki, parlament kənarda qalmamalı, baş verənlərə qiymət verməlidir. Bu proseslərin əsas hədəfi növbədənkənar parlament seçkisidir”.
Onu da qeyd edək ki, "Daşnaksütyun” Partiyasının bəyanatından sonra partiyanın gənclər təşkilatı qondarma DQR-in "baş naziri” Araik Arutunyanın istefası tələbi ilə etiraz aksiyalarına başlayıb. "Daşnaksütyun”la yanaşı, Ermənistan Respublika Partiyası da aktivlik nümayiş etdirir. Onlar ölkənin informasiya cəbhəsində aktiv olmaqda davam edir. Partiyanın Çaxkadzorda üçüncü prezident Serj Sarkisyaın iştirakı ilə keçirilən "Populizm və ənənəvi siyasət: çağırışlar və həllər” mövzusunda konfransda xarici işlər nazirinin istefası tələb olunub. Bu isə o deməkdir ki, artıq siyasi qüvvə sözdən konkret hərəkətə keçir.
İctimai təşkilatlar və aktivlər qəti addımlara hazırlaşdığı vaxt ölkədə mövqe savaşları da start götürüb. Parlament müxalifəti başda "Çiçəklənən Ermənistan” və "İşıqlı Ermənistan” olmaqla qanun layihələrinin müzakirəsində sərt mövqe ortaya qoyurlar. "Qolos Armenii” hətta bunu Birinci Dünya Müharibəsində gedən mövqe savaşlarından da üstün sayır. Məsələn, "Çiçəklənən Ermənistan” Partiyasından olan deputat Şake İsayan parlamentin iclasında deyib ki, ölkə real böhrana doğru sürətlə addımlayır. Parlamentdə gedən müzakirələr zamanı deputat ədliyyə naziri Rustam Badaqsanyana deyib ki, ölkədə Konstitusiya Məhkəməsi ətrafında yalançı böhran vəziyyətinin yarandığını iddia edirlər. "Əgər birdən-birə yeddi hakim vaxtından əvvəl pensiyaya çıxırsa, bu, böhrana gətirib çıxarmırmı? Axı biz real böhrana gedirik. Biz məhz bu yolla getmək istəyirik”, - deyə deputat vurğulayıb. Nazir də cavabında bildirib ki, onun nöqteyi-nəzərini bölüşmür. Əlavə edib ki, əgər üçdən artıq hakim pensiyaya çıxırsa və pensiyaçı olmaq istəyirlərsə, onda Konstitusiya Məhkəməsinin hakimi postuna vakant yerlər uğrunda 15 gün ərzində namizədlər irəli sürülür.
Yeri gəlmişkən, hakimiyyətə qarşı Artur Vaneçyanın timsalında daha bir təhlükəli hərəkat formalaşır. Bir vaxtlar N.Paşunyanın ən yaxın ətrafına daxil olan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Rusiya səfərindən dərhal sonra ölkənin Ədliyyə Nazirliyinə yeni bir fondun qeydiyyata alınması ilə bağlı müraciət edib. Bir neçə gün bundan əvvəl Vaneçyan Rusiyada prezident Vladimir Putinin ən yaxın adamları sırasında olan Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb. Üstündən bir neçə gün keçməmiş isə artıq fond yaratmaq təşəbbüsü ilə çıxış edir. "Qraparak” qəzeti mövzu ilə bağlı geniş məqalə dərc edib. Bildirilir ki, fondun təsisçiləri "Ayrenik” inkişaf təşkilatıdır və rəhbəri də general-mayor Artur Vaneçyandır. Onunla yanaşı, təsisçilər arasında Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının rəhbəri Vardan Voskanyan və həmin universitetin tətbiqi sosiologiya kafedrasının rəhbəri Artur Atanesyan da var. Fondun məqsədi vətəndaş cəmiyyəti prosesinə dəstək olduğu bildirilsə də, onun əsas hədəfi Paşinyan hakimiyyətini devirməyə yönəlib. Elə onun Rusiyada tez-tez görünməsi də bu ehtimalı gücləndirir. Məsələ ondadır ki, Paşinyandan fərqli olaraq Vaneşyan Rusiyaya sıx bağlıdır. Elə onun qəfil işdən azad edilməsi də məhz bununla bağlı idi. Proseslərin gedişi onu deməyə əsas verir ki, yaxın vaxtlarda Paşinyan-Vaneçyan qarşıdurması yeni mərhələyə daxil olacaq.

Azər

banner

Oxşar Xəbərlər