“Nikol Paşinyana azadlıq”

“Nikol Paşinyana azadlıq”

Siyasət
19 Noyabr 2019, 17:48 1292
Yerevanda Soros Fondunun qarşısında bu şüarla aksiya keçiriləcək

"Nikolun mifləri puç olur”. Bunu Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov sosial şəbəkədə yazıb. Keçmiş vitse-spiker daha sonra bənd-bənd baş nazirin səsləndirdiyi fikirləri sadalayıb. Onun sözlərinə görə, Paşinyan "böyük uğurla” özü tərəfindən yaradılan "presedentsiz” mifləri puç edir – büdcə onun vəd etdiyi kimi, 800 mln. dollar artmayıb. "Bundan əlavə, Nikola artıq heç kim inanmır. Bütün vədlərinin yalnız və yalnız yalan olduğu bəlli olur - investisiya bumu baş vermədi, presedentsiz miqrasiya axının yaşanacağı barədə vədlər də yerinə yetirilmədi. Ən əsası, Paşinyanın vəd etdiyi kimi 1 mart hadisələrinin üstü də açılmadı. Xüsusilə də, 10 nəfərdən artıq insanın qətlinin araşdırılması baş vermədi. Dağlıq Qarabağ danışıqlar prosesinə tamhüquqlu tərəf kimi tanınmadı. Bəlli oldu ki, sən demə, Nikol Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının, Avrasiya İqtisadi İttifaqının fanatı imiş. Bu qurumlarda üzv kimi qalmaq ona xoş imiş. 2016-cı il Aprel hadisələrinin üstünün açılması ilə bağlı istintaq komitəsinin sadəcə sabun köpüyü olduğu bəlli olur. Bunun əvəzində isə parlamentdə transgenderlərin təbliğatı aparılır. Baş nazir Dağlıq Qarabağda döyüşənlərə qarşı ayrı-seçkilik hallarına yol verir, əvəzində öz cinsini dəyişən qəhrəmanı müdafiə edir”.
Yeri gəlmişkən, Nikol Paşinyan islahatlar əvəzinə, işdən qovmaları davam etdirir. Bu dəfə Müdafiə Nazirliyinin Baş İnspektoru Movses Akopyanı vəzifəsindən azad edib. Bu barədə məlumat Ermənistan Nazirlər Kabinetinin saytında yer alıb. Akopyanla bərabər onun müavinləri Komu Koçunç və Vaçaqan Nersesyan da vəzifələrindən azad edilib.
Qeyd edək ki, M.Akopyanı baş qərargah rəisi vəzifəsinə Serj Sarkisyan təyin edib. Akopyan bu vəzifədən Nikol Paşinyanın hakimiyyətə gəlməsindən dərhal sonra çıxarılmış və baş inspektor təyin edilmişdi. M.Akopyan Qarabağ ermənisidir. O, 2007-2015-ci illər ərzində separatçı rejimin "müdafiə naziri” işləyib. Akopyan Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən Rusiyanın 366-cı motoatıcı alayının komandirlərindən olub. M.Akopyanın da yeni vəzifəyə təyin olunacağı istisna edilmir. O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dayısıdır.
Bütün bunların fonunda Nikola qarşı ittihamlar səngimir. Məsələn, "VETO” erməni ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyan Facebook-da canlı yayımda deyib ki, "Nikol Paşinyan əsir götürülüb. Onu sorosçular əsir götürüblər. Onlar baş nazirə öz iradələrini diktə edir və onu cəfəngiyyat danışmağa vadar edirlər”. Baş nazirin erməni transgender- ağırlıqqaldıran Mel Daluzyanla bağlı dediyi "o, mənim şəxsi nəzarətim altındadır” sözlərinə münasibət bildirən Narek bildirib: "Paşinyanın Daluzyanı kimdən qoruduğu sual doğurur, çünki heç kimin onunla problemi yoxdur. Bütün bunları nəzərə alaraq, Paşinyanın əsir götürüldüyü qənaətinə gəldik”. O, həmçinin bildirib ki, noyabrın 20-də Açıq Cəmiyyət Fondu ofisinin qarşısında "Nikol Paşinyana azadlıq” şüarı altında aksiya keçiriləcək: "Biz onun sərbəst buraxılmasını tələb edəcəyik. Çünki hesab edirik ki, baş naziri Sorosun, xarici kəşfiyyat şəbəkəsinin caynağından qurtarmaq lazımdır. Biz hesab edirik ki, ayıq, adekvat bir insan bu cür açıqlamalar verə bilməz. Sadəcə, alnına silah dirəyir və deyirlər ki, axmaqla, o da danışır”.
Hakimiyyətlə "Daşnaksütyun” arasında gərginlik də artır. Ermənistanda hakim "Mənim addımım” parlament fraksiyası "Daşnaksutyun” Erməni İnqilabi Federasiyasının keçmiş sədr müavini Qrant Markaryanın ittihamlarını rədd edib və bildirib ki, bu partiya "Ermənistan ordusunu qarət edən hökumət koalisiyasının” üzvü olub. "Mənim addımım” fraksiyasının deputatı Ayk Gevorkyan xatırladıb ki, "Daşnaksutyun” Partiyası "milyardları qəsb edən və orduya qurdlu kartof yedizdirən koalisiyanın” üzvü olduğunu unutmamalıdır. "Azatutyun”un yazdığına görə, bundan əvvəl Qrant Markaryan baş nazir Nikol Paşinyanı Qarabağ siyasətinə görə sərt tənqid etmişdi. O demişdi ki, Paşinyan "münaqişə həm Qarabağ, həm Ermənistan, həm də Azərbaycan üçün məqbul şəkildə çözülməlidir” deməklə ondan əvvəlki prezidentlərin getmədiyi güzəştlərə hazır olduğunu bildirmək istəyir. "Daşnaksütyun” nümayəndəsi bunu da demişdi ki, onda Qarabağa dair hər hansı ciddi narahatlıq yaransa, hakimiyyətin getməsi üçün bacardığını edəcək. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan isə "Daşnaksütyun” nümayəndəsinin tənqidinə cavab olaraq bildirib ki, Ermənistan ordusunu məhz bu partiyanın daxil olduğu keçmiş hökumət korrupsiyaya cəlb edib. Paşinyanın "münaqişənin həlli üç tərəf üçün məqbul olmalıdır” bəyanatına gəlincə isə, Andranik Koçaryan deyib ki, "üç tərəfin razılığı olmadan uzunmüddətli və ləyaqətli sülh mümkün deyil”. Koçaryan deyib ki, bu gün Ermənistan, bir-iki il əvvəl, ən azı 2016-cı ildə olduğundan daha möhkəm sülh şəraitindədir: "2016-cı ildə nə olmuşdu? Minsk qrupu onda da var idi. Amma nəsə olmuşdu axı... İstintaq Komissiyasının diqqəti bunun səbəbini aydınlaşdırmağa yönəlib. Bilməliyik ki, bu hibrid müharibəsi niyə olub, amma guya müharibə olmamalıydı axı...” Hakim partiyadan Ayk Gevorkyan isə bildirib ki, keçmiş hakimiyyət indi özünü müxalifət kimi təqdim etməyə çalışır, halbuki ölkəyə yeni müxalifət lazımdır.
 
Azər NURİYEV