• çərşənbə axşamı, 23 aprel, 12:57
  • Baku Bakı 24°C

Nikbin proqnozlar

22.05.21 09:00 1047
Nikbin proqnozlar
Beynəlxalq agentliyin Azərbaycan iqtisadiyyatı ilə bağlı verdiyi proqnozlar reallığa əsaslanır
Nüfuzlu "Fitç” Reytinq Agentliyinin Azərbaycanla bağlı verdiyi proqnoz ümidvericidir. Pandemiyanın geridə buraxdığı 2020-ci ildən fərqli olaraq bu il Azərbaycanın makro iqtisadi göstəricilərində kifayət qədər irəliləyişlərin olacağı gözlənilir. Belə ki, 2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real artımı 2,1 faiz səviyyəsində proqnozlaşdırılır. Agentliyin hesabatında qeyd olunub ki, bu göstərici 2022-ci ildə 2,9 faizədək artacaq.
Bəs ekspertlər ölkəmizin 2021-ci ildəki iqtisadi göstəricilərini necə proqnozlaşdırırlar? Agentliyin Azərbaycanla bağlı verdiyi proqnoz reallığa uyğundurmu?
"İqtisadi aktivliyin yüksəlməsi sərt karantinin tətbiq edilməməsi ilə əlaqədardır”
Millət vəkili Vüqar Bayramov deyir ki, bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsal olunub: "Azalma daha çox iqtisadiyyatın neft-qaz sektoru ilə bağlı olub. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb. Bu müddətdə isə qeyri neft-qaz sektorunda 4,1 faiz artım qeydə alınıb. Qeyri-neft sektorundakı artım neft sənayesindəki azalmanı xeyli dərəcədə balanslaşdıra bilib”.
Millət vəkili hesab edir ki, qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi ilə bağlıdır: "Son 4 ayda Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin tədbirlərinə getmədən yoluxma sayını optimallaşdıra bilməsi təqdirəlayiq haldır. Qeyd etmək lazımdır ki, əksər ölkələr, o cümlədən qardaş Türkiyə yaz aylarında sərt karantin tətbiq etmək məcburiyyətində qaldılar. Bu baxımdan, real sektorda minimum məhdudiyyətlər ilə Azərbaycanda yoluxma sayının azaldılmasına nail olunması müsbət haldır”.
V.Bayramovun sözlərinə görə, epidemioloji vəziyyətə uyğun olaraq növbəti mərhələlərdə də real sektorda məhdudiyyətlərin sayının azaldılması məqsədəuyğun olardı: " Digər tərəfdən, məhdudiyyətlərin minimumlaşdırılması vaksinasiya səviyyəsindən də asılı olacaq. O baxımdan, daha intensiv vaksinasiya real sektorun daha tez tam açılmasına gətirib çıxara bilər. Vaksin ehtiyatlarımızın çox olduğunu nəzərə alsaq, bu prosesdə hər birimizin fəal iştirakı vacibdir. Azərbaycan iqtisadiyyatının bu ilin birinci rübünü artımla başa vuracağı gözlənilir. Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, məşğulluğun təmini baxımdan da vacibdir. Bu baxımdan yoluxma sayının azalması davam edərsə, o zaman bir sıra məhdudiyyətlərin də aradan qaldırılacağı istisna edilmir”.
"Qarşıdakı 3 il ərzində Azərbaycan iqtisadiyyatı ardıcıl böyüyəcək”
2020-ci ilin iqtisadi mənzərəsini şərh edən iqtisad üzrə fəlsəfə doktoru, ekspert Xalid Kərimli deyir ki, ötən il tək Azərbaycan üçün deyil, dünya iqtisadiyyatı və ticarəti üçün də çox ağır il oldu. Müşahidə olunan böhran milli iqtisadiyyatdan da yan keçməyib. 2020-ci ilin yanvar-noyabr aylarında ölkədə 4,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdu. Bu azalma qeyri-neft və qaz sektorunda 2,9 faiz, neft-qaz sektorunda isə 6,5 faiz daralma şəklində təzahür etmişdi. Neft bazarını tənzimləmək üçün OPEC rəsmi qaydada neft hasilatını azaltdı. Bununla da neft sektorunda geriləmə baş verdi: "İkincisi isə qeyri neft sektoru ilə bağlı idi. Burada əsasən istehlakçı xərclərində azalma baş verdi. İnsanların ümumi gəlirlərinin azalması onların xərclərinə də mənfi təsir etdi. İdxal, ixrac əməliyyatlarının həcmi azaldı. Düzdür, dövlət bu müddətdə xüsusən əhalinin sosial cəhətdən zəif hissəsini dəstəkləmək üçün tədbirlər həyata keçirdi. İş yerlərinin itirilməməsi üçün şirkətlərə yardım edildi. Bu, 2020-ci ildə xüsusən də qeyri neft sektorunun sıradan çıxmaması üçün atılan addımlar idi”.
Ekspert 2021-ci ilin iqtisadi göstəricilərini müsbət qiymətləndirir: "2021-ci ildə dünyada olduqca müsbət proqnozlar mövcuddur. O cümlədən Azərbaycan iqtisadiyyatının da bərpa olunacağı gözlənilir. Biz hazırda inkişaf etmiş ölkələrin, xüsusilə də vaksinasiya prosesində uğur qazanan ölkələrin sürətlə iqtisadiyyatlarının bərpasını müşahidə edirik. Çində ötən ilin birinci rübü ilə müqayisədə 18 faizdən çox artım müşahidə olundu. Təbii ki, ötən il ilin birinci rübü Çin üçün çox ağır olmuşdu. Azərbaycan iqtisadiyyatında da müsbət dinamika müşahidə olunacaq. Qarşıdakı 3 il ərzində Azərbaycan iqtisadiyyatı ardıcıl böyüyəcək. Azərbaycan hökumətinin də 2021-2024-cü ilə olan proqnozu mövcuddur. İqtisadiyyatımızda 2021-ci ildə 3,4 faiz, 2022-də 4,8, 2023-də 3,7, 2024-cü ildə isə 3,1 faiz artım olacağı gözlənilir. Azərbaycanda qarşıdakı 4 il ərzində orta illik iqtisadi artımın 3,75 faiz olacağı proqnozlaşdırılır”.
Müsbət proqnozun əsaslanmasına gəldikdə isə, ekspert hesab edir ki, qarşıdakı illərdə neft qiymətlərində ciddi azalma gözlənilmir: "Xüsusilə də karantin müddətinin bitməsi ilə neftə olan tələbatın artacağı gözlənilir. İlin ilk 4 ayı buna sübutdur. Hazırda dünya neft ehtiyatlarında tədricən azalma var. Bu da neftin qiymətlərinin stabilləşməsinə gətirib çıxarır. Bu çərçivədə də OPEC ölkələrinin hasilatın məhdudlaşdırması tədbirlərinin tədricən yumşaldılması ölkədə neft hasilatının artmasına eyni zamanda ÜDM-nin artmasına müsbət təsir göstərəcək. Həm qiymət, həm də hasilat artacaq. Neft sektorunun ölkə iqtisadiyyatında xüsusi çəkisi 30 faiz ətrafındadır. Qeyri-neft sektorunda da artım müşahidə olunacaq. Bunun əsas mənbələrindən biri dövlət xərcləmələridir. Biz bilirik ki, dövlətin xüsusən də Qarabağın bərpası ilə bağlı proqramı mövcuddur. Orada infrastrukturun bərpası istiqamətində investisiyalar qoyulur, layihələr həyata keçirilir. Bu çərçivədə özəl sektorda da gələcəyə doğru optimist fikirlər formalaşır. Xüsusən ilin ilk 3 ayında ləngimələr olsa da, ikinci rübdən biz iqtisadiyyatın xüsusən də özəl sektor investisiyaların və şəxsi istehlak xərclərinin tədricən bərpa olunacağını gözləyirik. Vaksinasiyanın sürətlənməsi, karantin riskinin azalması ona gətirib çıxarır ki, özəl sektorda artıq yeni investisiya layihələri həyata keçiriləcək, bizneslərin qorunmasına xərcləmələr artırılacaq. Bütün bunlar onu deməyə imkan verir ki, Azərbaycan iqtisadiyyatı 2021-ci ildə böyüyəcək, artacaq. Pozitiv proqnozların xüsusən ilin ikinci yarısından güclənəcəyini gözləyirəm”.
"Artım gözləniləndən daha yüksək ola bilər”
İqtisadçı ekspert Ramin Rəhimov da beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoznuu doğru hesab edir. Hətta deyir ki, bu artım gözləniləndən daha yüksək ola bilər: "Düzdür, pandemiya dövründə iqtisadiyyatda durğunluq yarandı və hətta geriləmə baş verdi. Amma ÜDM-nin artımını şərtləndirən amillər sahibkarlıq subyektlərinin yatırımlarından və investisiya axınından ibarətdir. Biz çətin dövr keçirdik. 44 günlük müharibə şəraiti oldu. Nəticə etibarilə potensial resurs mənbəyi olan torpaqlarımızı geri ala bildik. Bu da o deməkdir ki, həmin regionlarda sosial-iqtisadi inkişafın artımına şərait yaradılacaq. Sahibkarlar tərəfindən real yatırım olacaq və məhsul istehsal olunacaq. Bunun da satışı, ixracı turizm potensialının inkişafı və s var. Bütün bunlar iqtisadi artıma təkan verən amillərdir. Digər tərəfdən, neftin qiymətinin hazırda bazarda artan templə dəyişməsi faktoru var. Biz bilirik ki, ölkəmizin gəlirləri əsasən neft daxilolmalarından formalaşır.
Xarici valyutanın kursunun stabil olaraq qalması, yəni manatın daha da möhkəmlənməsi bizim artan gəlirlərimizin qeyri-neft sektoruna yerləşməsinə şərait yaradacaq. Regionların sosial iqtisadi inkişafı ilə də bağlı dövlət proqramlarının daim təkmilləşdirilməsi də buna əsas verir”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər