Niftulla Əsgərov: “Bu obrazıma görə hətta məni söyürdülər”
Mayın 27-də Prezident İlham Əliyev
mədəniyyət xadimlərinə fəxri adların verilməsi ilə bağlı sərəncam imzaladı.
Həmin gün siyahıda adı olan sənətkarların sevincinin həddi-hüdudu yox idi. Bu
sevincdən Lənkəran Dövlət Dram Teatrına da bir pay düşdü. Teatrın istedadlı aktyoru Niftulla Əsgərov əməkdar artist fəxri adına layiq görüldü. 2014-cü
ildə teatrın inkişafında xidmətlərinə
görə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə
təltif olunub.
1995-ci ildən N. B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışan
Niftulla Əsgərov ömrünü məhz bu teatra həsr edib, çalışdığı müddətdə irili-xırdalı bir çox rollar ifa
edib. O, teatrda S.M.Qənizadənin "Xor-xor”əsərində Seyfulla, İ.Məlikzadənin "Gəl qohum olaq”ında Camal, H.Abbaszadənin "Həzi Aslanov”unda Bekişvilli, Ü.Hacıbəyovun
"Olanlardan-keçənlərdən”ində Atamoğlan əmi, N.B.Vəzirovun "Hacı Qənbər”ində Qıdı Kirvə, E.İsgəndərzadənin "Qalxın
məhkəmə gəlir”ində Bəhruz, H. Mirələmovun "Vicdanın hökmü”ndə Aşot,
B. Nuşiçin "Nazirin xanımı”nda Çeda,
N.Nərimanovun "Nadir şah”nda Əliəşrəf bəy və sair obrazlara səhnə həyatı verib.
Son dövrdə çəkilən "My name is
İntiqam”, "Bayram axşamı”, "Bığ əhvalatı” filmlərində, hazırda isə "Xalxın evi” serialında əsas
obrazlardan birini canlandırır.
- Niftulla müəllim, ilk olaraq sizi
təbrik edirik. Çox istərdik ki, təəssüratlarınızı bizimlə bölüşəsiniz.
- Qismətdə varsa, o gəlib öz sahibini tapır. Bu mənim taleyimdə var imiş
ki, mənə nəsib oldu. Hər şeyin bir məqamı var. Demək ki, məqam bu günə imiş. Yəqin
ki, səlahiyyətli
şəxslər nailiyyətlərimi nəzərə alıb
və məni bu ada təqdim ediblər. Əslində, heç gözləmirdim. Ayın 27-si saat 1-də Xalq artistimiz Qabil Quliyev mənə
zəng edib zarafatcasına bildirdi ki, sən artıq Əməkdar artistsən, bundan sonra hərəkətlərində
daha məsuliyyətli olmalısan. Şok vəziyyətində idim. Mənə qəribə gəlirdi. Düşünürdüm
ki, doğrudanmı mən bu ada layiq görülmüşəm.
- Qabil müəllim demiş, bu işin məsuliyyəti
də ağırdır.
- Onun dediyi söz həqiqətən doğrudur, məsuliyyəti ağırdır. Gərək o məqamları
saxlaya biləsən. Bundan sonra da davamlı olaraq xalqıma, teatrıma xidmət edəcəm.
- 23 ildir ki, Lənkəran Teatrındasınız...
- Elə bilirəm Lənkəran Teatrına dünən gəlmişəm. Bu teatrda müxtəlif obrazlar
yaratmışam. Ancaq oynadığım obrazların əksəriyyətini unutmuşam.
- Bu teatr sizə nə qazandırıb?
- Hər şey. Həyatda yaşamağı, onu dərk etməyi, mehriban kollektivi, yaxşı
dostları...
Lənkəran Teatrı mənə yol göstərib. Teatr mənə insanlarla rəftarı, insanlığı,
insanlara sevgini öyrədib. Teatr məni istiqamətləndirib. Teatr çox ağır ocaqdır.
Teatr səhnəsinə hər kəs çıxıb, ağzına gələni deyə bilməz. Səhnəyə çıxan hər bir
aktyor məsuliyyət hiss etməlidir. Mən hər dəfə səhnəyə çıxanda o məsuliyyəti üzərimdə
hiss edirəm. O aktyor ki, həyəcan keçirərək səhnəyə çıxmadı, o aktyor deyil. Kimliyindən
asılı olmayaraq tamaşaçı ilə üz-üzə duranda heç olmasa o həyəcanı yaşamasa mən o
aktyorun peşəkarlığına şübhə edərəm.
- 23 ildə çoxlu obrazlar
canlandırmısınız. Aktyor
olaraq sizə qarşı qısqanclıq olubmu?
- Teatr canlı sənət ocağıdır. Hər an hər şey ola bilər. Bəzən olub ki, rejissorlarımız
tamaşa hazırlayarkən mənə dublyor yazmayıblar. Fasiləsiz olaraq səhnədə
çalışmışam. Hətta eyni rolu oynamaqdan
tamam yorulmuşam. Ancaq heç vaxt həvəsdən düşməmişəm. Yaratdığım bütün obrazları
sevərək, ondan zövq alaraq oynamışam. Elə rollarım var ki, onlar mənim üçün çox doğmadır. Ancaq ürəyimcə olmayan rollar da canlandırmışam.
- Onlar hansı obrazlardır?
- Elə mənfi obrazlarım olub ki, o obraza nifrət etmişəm. Misal üçün ermənilərin
alçaq sifətlərini yaratmışam. Mən erməni obrazını ürəkdən oynamamışam. Amma deyirlər
ki, sən o obrazı canlandıranda o qədər özündə olmamısan ki, o qəddarlığı çox gözəl
göstərmisən. Hətta bu obrazıma görə məni qiymətləndirdilər də. Düzdür, mən heç
vaxt mənfi obrazları oynamaq istəməmişəm. Ancaq rejissor həvalə edirsə, nə deməli?
Kinolarda, seriallarda da erməni obrazı canlandırmışam. Hətta bir dəfə işdən evə
gedəndə bir tamaşaçı mənə yaxınlaşıb dedi ki, "Utanmır, o boyda erməni
bizim aramızda gəzir. Hələ sən bunun sifətinə bax”. Bu obrazıma görə hətta məni
söyürdülər.
- Belə hallarda aktyor olmağınıza
peşmanlıq hissi keçirmisinizmi?
- Bu mənim taleyimdir. Məktəbdə oxuyan zamanlarda müxtəlif obrazlar canlandırırdım.
Bizim ədəbiyyat müəllimimiz tədbirlər keçirirdi. Mən orada xırda rollar oynayırdım. Müəllimim deyirdi ki, sən gələcəkdə yaxşı aktyor olacaqsan. Nə yalan deyim,
peşman deyiləm. Çünki bu sənət halal sənətdir. İnsanların gözü qarşısında işləyirsən,
gizli çalışmırsan. Burdan qazandığın çörək də halal olur. Biz bu çörəyi alın tərimizlə,
tər tökə-tökə, hiss, həyəcan keçirərək qazanırıq. Mən ikinci dəfə dünyaya gəlsəydim
yenə də aktyor olardım.
- Lənkəranlı tamaşaçılar sizi yaxşı tanısa da paytaxt
tamaşaçıları sizi "My name is İntigam” filmindəki obrazınıza görə tanıdılar.
- Televiziya çox sürətli informasiya yayan bir vasitədir. Bizim teatrımızda
elə sənətkar aktyorlar var ki, ancaq onları üzə çıxarmaq olmur. Bəzən deyirlər ki,
əyalətdə elə gözəl aktyorlarımız var ki, onlar gizlənib. Əslində onlar gizlənməyib,
onları tanıdan, efirlərə dəvət edən yoxdur. Bəzən mənə deyirlər ki, siz indiyə qədər
harada idiniz? Niyə sizi gizlədiblər? Mən həmin filmdən sonra daha da yaxşı tanındım.
Rejissorlar gördülər, seriallara dəvət etdilər. Düzdür, əyalət teatrında baş verəni
ancaq həmin rayon bilir. Bizim də "Cənub” televiziyamız var. Onlar da çalışmalıdılar ki, öz bölgələrinin aktyorlarını
tanıtsınlar. Çünki peyk vasitəsi ilə onlar da izlənilir.
- Ancaq sizin simanızla sanki Azərbaycan komediya filmlərinə,
seriallarına yaşlı ata obrazı gəldi.
- Elə deyirlər. Bizim bu dəqiqə çox istedadlı rejissorlarımız var. Və bunların
çoxu da gənclərdən ibarətdir. Adam onlara baxıb təəccüb edir. Tanınmış teatr rejissoru Bəhram Osmanov deyir ki,
elə bir yaş həddindəsən ki, üz cizgilərində nuranilik və ata obrazı var. Mən elə
bir qoca obrazı gətirmişəm ki, o hər kəsə inanır və onu aldadırlar. "Xalxın evi”
serialına da, "My name is İntiqam” filminə də baxdıqda görərik ki, oradakı ata şorgöz
kimi göstərilir. Ancaq elə deyil. O hər şeyə inanır və onu aldadırlar. Obrazlarım
çox da mənfi tip deyil.
- Bu məşhurluq sizə çox gec gəlmədimi?
Bunu gecikmiş məşhurluq hesab etmək olarmı?
- Canlandırdığım obrazlar yerinə düşdü. Bəlkə də mən gəncliyimdə o rolları
oynaya bilməzdim. İndiki görünüşüm o obrazların ifası üçün daha münasibdir. Allah-təala da mənə belə bir qismət yazıb ki, sən
bu yaşdan sonra ad alıb məşhur olacaqsan. Bəlkə də gənc olsaydım, belə yaxşı obrazlar yarada bilməzdim, sevilməzdim. Demək ki, xalq məni belə
görmək istəyib.
- Bunu təcrübə ilə əlaqələndirirsiniz?
- Təcrübə, təcrübə, təcrübə… Heç kim öz sinəsinə döyə bilməz ki, məşqsiz, təcrübəsiz, oxumadan səhnəyə
çıxa bilərəm. Gərək təcrübən olsun ki, o obrazı ifadə edə biləsən. Zəhmət çəkəsən. Təcrübə ilə istedad birlikdə
vəhdət təşkil etməlidir.
- İndiki komediya serialları əvvəlkilərin
yerini vermir və hətta yeni çəkilənləri uğursuz adlandıranlar da az deyil. Bu mövzu ilə bağlı sizin fikriniz necədir?
- Müqayisə etdikdə hər dövrün öz hökmü var. Hər dövrdə də istedadlı insanlar yaşayıb. İndi
müasir dövrdür, kosmos əsridir. 60-70-ci illərdə çəkilmiş filmi 4-5 ilə çəkirdilər.
Ancaq indi bir filmi ay yarıma çəkirlər. Elə fraqmentlər var ki, gözləyirdilər ki,
günəş çıxsın, ay getsin sonra çəksinlər. İndi isə günəşin batmasını, buludun getməyini
özləri kompyuterlə həll edirlər. Bu onların iki dəqiqəsini alır. Məsələ burasındadır
ki, keçmişdə olan o komediyalar bu dəqiqə də baxılır və adama ləzzət edir. Mən uşaqlıqda
hər zaman onlara baxmışam, indi də baxıram. 1977-ci ildə «Qərib
cinlər diyarında» filminə çəkilmişdim. Orada mən Qara cini oynayırdım. Amaliya xanımla.
O vaxt mənə 77 manat 30 qəpik pul vermişdilər. O pulun qəbzini hələ də saxlayıram. Düzdür, indiki komediyalarla
əvvəlki komediyalar arasında fərq var. Amma gəlin indiki tamaşaçının zövqünü də
nəzərə alaq. Bugünkü tamaşaçının zövqü tamamilə fərqlidir. Misal üçün «Ögey ana»
filmində aktyor deyir ki, mənim bu qara
buluddan gözüm su içmir. Gedim o qara buludun qabağını tutum. İndiki tamaşaçıya
bu sözü deyə bilərsənmi? Tamaşaçını aldatmaq olmaz, ona yalan danışmaq olmaz. Tamaşaçı
həqiqəti, faktı olduğu kimi görmək istəyir. Müasir dövrün komediyalarının da öz tamaşaçısı var. Bizim keçmiş komediya filmlərimizə hörmətimiz var
və biz onlardan öyrənməli, nümunə götürməli, yeni-yeni əsərlər yaratmalıyıq.
- Bölgə teatrlarının aktyorlarının
siması çox az tanınır. Ancaq Lənkəran teatrı bu çərçivələri aşıb. Ötən il Lənkəranda
"Günəşim ol” serialı çəkilirdi. Və teatr heyətinin o serial vasitəsi ilə siması
tanındı. Siz də bu filmlə məşhurlaşdınız. Lənkəran teatrnı bu baxımdan uğurlu və şanslı hesab etmək
olarmı?
- Teatrın rəhbərliyindən çox şey asılıdır. Kiməsə bir vəzifə verilibsə,
vəzifə yalnız o stol demək deyil, o
kresloda müxtəlif xarakterli insanlar əyləşib. Biri var ki, sən o vəzifəni göyə
qaldırasan, bir də var ki, vəzifə səni göyə qaldırsın. Bizim teatrda rəhbərlik həmin o
vəzifəni göyə qaldırır. Bizim gözəl rəhbərliyimiz olub. Teatrımızda münaqişə olmayıb.
Başqa teatrlara baxanda rejissorlarla direktor arasında hər zaman münaqişə olduğunu
görürük. Bizim aktyorlarımız bir-biri ilə mehribandırlar hər zaman. Teatrımızın
bəxti onda gətirib ki, ona aktyorları başa düşən rəhbərlik gəlib. Bu sənəti anlayan,
aktyorların dilindən başa düşən Tofiq Heydərov gəlib. Ondan əvvəl də İslam Həsənov
rəhbərlik edib. O da aktyorlarla yaxşı işləyirdi. Kənardan hansısa başqa bir sahənin
insanını gətirib direktor qoymayıblar.
Xəyalə Rəis