• cümə, 29 Mart, 13:20
  • Baku Bakı 14°C

Nifrətdən yaranan böyük sevgi...- AİLƏ

25.10.19 11:00 8422
Nifrətdən yaranan böyük sevgi...- AİLƏ
Niyaz İlyasoğlu: "Onu bilirəm ki, Könülü çox sevirəm”
Könül Şahbazova: "Xoşbəxtliyim, yoldaşımın məni anlamasıdır”
Onları bir-birinə yaxınlaşdıran, məbəd hesab etdikləri teatrdır. Bir tərəf Məcnun olub, digər tərəf "acılayan”, daim "yox” deyən... Tamaşanın gücü o qədər təsirli olub ki, "mən o insanla heç vaxt ailə qurmaram” deyən qarşı tərəfi Leyliyə çevirib. İndi isə sadəcə sevirlər...
"Ailə” rubrikamızın qonaqları Bakı Uşaq Teatrının aktyorları Könül Şahbazova və Niyaz İlyasoğludur. Cütlüyümüzün 3 yaşında Fatimə adlı qız övladları var.
"Mən heç vaxt aktrisa almaram”
Uzun müddət iş yoldaşı olsalar da, bir-birlərini gec kəşf edib ailə qurublar. Könülün hətta ilk günlər Niyazdan xoşu gəlməyib: "Niyaz teatra məndən sonra gəlib. Təzə gələndə tanışlıq normal insanlar kimi adi idi. Vaxt keçdikcə hiss etdim ki, Niyazın məndən xoşu gəlir. O qədər də önəm vermirdim, çünki insanın insandan xoşu gəlməsini normal hal kimi qəbul etdim. Bir dəfə aktyorlarla yığışıb bir yerdə ordan-burdan danışırdıq. Niyaz dedi ki, mən heç vaxt aktrisa almaram. O sözdən sonra məndə istər-istəməz, ona qarşı "stop” hissi yarandı. Fikirləşdim ki, əgər bu insan belə düşünürsə, bizdə heç vaxt, heç nə alınmayacaq. Mənimlə münasibət qurmaq istədiyini bildirəndə, yenə də o sözü beynimdə fırlanırdı və "yox” deyirdim. Düşünürdüm ki, bu münasibət mümkün olmaz. Sonra bizim teatrda bir tamaşa oldu. Tamaşada iki nəfər ər-arvaddan bəhs edilirdi. Bu rol Niyazla mənə verildi. Niyaza olan sevgim məhz bu tamaşanın məşqlərindən başladı. Onu daha çox tanıdım və necə insan olduğunu gördüm. Münasibətlərimiz istiləşirdi. İstər-istəməz biz bir yerdə oturur, danışır, gedib-gəlirdik. Bir-birimizi anlamaq bizə çətin olmurdu. Mən nəsə deyirdimsə, o, məni yarı sözdən, o, nəsə deyirdisə, mən onu yarı sözdən anlayırdım. Və günlərin bir günü Niyaz mənə dedi ki, sizə elçi göndərirəm. Nə yalan deyim, mənim də ürəyimcə idi, artıq ondan xoşum gəlirdi. Razılaşdıq, ailə qurduq”.
Niyaz deyir ki, Məcnun kimi Könülə görə çox əziyyət çəkib. Çünki Könül uzun müddət Niyazla münasibətə razılıq verməyib.
Könül: Niyazın "mən heç vaxt aktrisa almaram” sözü məndə ona qarşı antipatiya yaratmışdı. Ona deyirdim ki, mən olan yerdə olma, mən oturan yerdə oturma. Ona nifrət etməyə başlamışdım, fürsət düşən kimi Niyazı acılayırdım. Qızların otağına gəlirdi, deyirdim, çıx bizim otaqdan. Açıq-aşkar, hamının yanında bildirirdim ki, Niyaz olan yerdə mən olmamalıyam. Amma Niyaz məni heç vaxt acılamırdı. İndi də sözümüz çəp gələndə, deyir ki, sən deyəndir. Niyazı tanıyandan sonra daha çox sevməyə başladım”.
"Onu bilirəm ki, sevirəm”
Bir-birlərində hansı xüsusiyyətləri bəyəndiklərinə gəldikdə isə Niyaz deyir ki, Könül onun axtardığı qadındır: "İnsan ailə qurmağa hazırlaşarkən ətrafındakı xanımları saf-çürük edir. Hansı ona daha uyğundur, həyat düşüncələri, dünya görüşləri bir-birlərinə nə dərəcədə yaxındır, həmin insanı seçir. Bizim də daxilimiz bir-birinə uyğun gəlir. Könül də sonralar etiraf etdi ki, ilk vaxtlar mən səni bu qədər sevmirdim. Amma ailə qurandan sonra sevməyə başladım. Ona görə də, deyirəm ki, bizim münasibət dəlicəsinə eşq məhəbbət üzərində qurulmayıb. Normal insan düşüncəsi üzərində qurulub və bu gün xoşbəxtik”.
Könül: " Niyaz mənim xətrimə dəyməyi xoşlamır, məni incitmək istəmir. Mən səhv olsam belə, hirslənmir, sonradan başlayır açıqlamağa. Təmkinlidir. Mən o xüsusiyyətini çox sevirəm. Həm də çox ədalətli insandır. Ədalətli, səbirli, təmkinli olduğuna görə, onu çox istədim və qərar verdim ki, mənim yoldaşım ədalətli insan olmalıdır”.
Niyaz: "Bizim baxış bucaqlarımız, həyata baxışımız eynidir. Sevən adam, sadəcə sevir. Düzünü desəm, Könülü nə üçün sevdiyimi bilmirəm. Onu bilirəm ki, sevirəm”.

"Amma bir birimizin əlini buraxmamışıq”
Hər ailədə olduğu kimi, həmsöhbətlərimiz də müəyyən çətinliklərdən, sınaqlardan keçiblər. Bu çətinliklər onları bir-birinə daha çox bağlayıb: "Ailə qurduğumuz ilk il bizim ən böyük sınağımız olub. Çox çətinliklərdən keçdik. Bəlkə də digər ailələr bu çətinlikləri bir-birilərinə öyrəşəndən - 3-5 il, ən azı 2 il sonra yaşayırsa, biz onu ailə quran kimi yaşamağa başladıq. Biz onu bir yerdə keçmişik. İlk övladımızı itirmişik. Dünyaya gəlib, cəmi 15 dəqiqə yaşayıb və sonra rəhmətə gedib. Yenə deyirəm, bu ağrını adlamaqda mənə ən böyük dəstək Niyazdan gəlib. Daha sonra ailələrimiz, anam, qaynanam… Bəlkə də onlar olmasaydı, mən havalana bilərdim”.
Niyaz: "Biz əzab-əziyyəti daha çox maddi baxımdan çəkmişik. İndi daha rahatıq. Amma ailə qurduğumuz ilk vaxtlarda maddi baxımdan çox sıxılmışıq. Elə gün olub ki, işə getməyə pulumuz olmayıb. Bu problemlər hamının həyatında olur. Amma bir birimizin əlini buraxmamışıq”.
Bütün çətinliklərə baxmayaraq, xoşbəxt olduğunuzu vurğulayırsınız. Xoşbəxtlik nədir?
Könül: "Yoldaşım karyeramda ən böyük dəstəkçimdir. Məni başa düşür, anlayır. Bu, ən böyük xoşbəxtlikdir. Bəzi məsələlərdə qadağalar qoyur, amma səhnə ilə bağlı məni dəstəkləyir. Ona görə də, bizim müsbət tərəfimiz odur ki, bir-birimizi anlayırıq. Mən məşqdən gec gələndə, ya o gecikəndə problem yaranmır. Mənim üçün pul, geyim-keçim xoşbəxtlik deyil. Düzdür, əhvalımı qaldırır, adam gözəl olanda ona xoş olur. Mənim xoşbəxtliyim yoldaşımla eyni yerdə işləməyimiz və onun məni anlamasıdır. Yaxud da, tamaşanı oynayan zaman qızım zaldan "ana” və yaxud da atasını görəndə "ata” qışqırır, bax, bu, böyük xoşbəxtlikdir. Bu gün bizim xoşbəxt olmağımız evimiz, övladımız, gün-gündən qalxan maaşımızdır. Məni başa düşən yoldaşım, qayınanam, qayınatam var. Nə mənim tərəfdən, nə də onun tərəfindən aramızı vuranlar yoxdur. Və biz artıq 5-ci ildir ki, ailə qurmuşuq, bu vaxta qədər ciddi, böyük davamız olmayıb. Biz heç vaxt uzun müddət küsülü qalmamışıq. Bir-birini anlamaq da xoşbəxtlikdir”.
Niyaz: "Bu, mücərrəd anlayışdır. Fərdlərə görə dəyişir. Yəqin ki, ailədə xoşbəxtlik maddi və ruhi baxımdan rahat olmaqdır. Hər şey qaydasında olanda insan xoşbəxt olur. Xoşbəxtliyin sirri güzəştdədir. Bir ailədə bir qadın və kişi varsa, iki fərqli düşüncə olmalıdır. Qadın kişiyə tabe olanda, kişi də bezər. Amma fərqli fikirlərlə də münaqişə həddinə çatdırmamaq üçün güzəştə getmək lazımdır. Ailədə güzəşt varsa, xoşbəxtlik də var”.
"Evdə mən püskürə bilərəm, amma çöldə Niyaz ona icazə verməz”
Hər ailədə olduğu kimi, müsahiblərimizin də həyatında müəyyən problemlər ortaya çıxır. Problemlərin həll edilməsində "od” rolunu Könül, "su”yu isə Niyaz ifadə edir.
Könül deyir ki, emosionaldır: "Niyaz sakit insandır. Emosiyalarını üzə verən deyil. Amma hər şeyin meyarı var. Evdə mən püskürə bilərəm, amma çöldə Niyaz ona icazə verməz. Nə qədər sakitdirsə, o qədər də əsəbi insandır. Mən çöldə sakitəm. Niyaz isə əksinə, çöldə daha çox emosionaldır, evdə isə sakitdir”.
Niyaz: "Ailə problemlərini danışaraq həll edirik. Mən özümdən tez çıxan insan olsam da, oturub danışmağı xoşlayıram. Əksər hallarda mən su oluram. Od olsam heç nə həll etmək olmaz. Amma o da bilir ki, mənim od zamanım gəlsə, qarşımda dayanmaq olmaz. Ona görə də, biz nadir hallarda o səviyyəyə çatırıq. Biz də ideal ailə deyilik. Amma bir-birimizi yola verməyə çalışırıq”.
"Tək məqsədimiz azad fikirli övlad böyütməkdir”
Uşaqların tərbiyəsinə gəldikdə, cütlüyümüzün əsas məqsədi övladlarını azad fikirli böyütməkdir.
Könül: "Qızımızın adı Fatimədir. Onu danlayanda, vuranda Niyaz deyir ki, çox əziyyət çəkmə, onsuz da böyüyəndə bizə oxşayacaq. Düzdür, bizim uşağımız hiperaktivdir, dəcəldir. Xüsusilə, nənə-baba yanında ona söz demək qeyri-mümkündür. Uşaq olsa da, bunu hiss edir və onların yanında istədiyini edir. Mən uşağımla hər hansı əyləncə mərkəzinə, mağazaya gedəndə və deyəndə ki, bunu etmək olmaz, uşağım onu anlayırsa, hələ iki yaşı var, özünü yerə çırpıb ağlamırsa, məncə, düzgün istiqamətdəyəm”.
Niyaz: "Övladımızı tərbiyə edərkən ona diqqət edirəm ki hərtərəfli düşünməyi bacarsın. Dünyagörüşlü olsun. Qızımızın 3 yaşı var. Uşağa "yox” kəlməsini izah etmək lazımdır. Mənim də qızım mağazaya girdikdə nəyisə istəyir, amma "olmaz” deyəndə məni başa düşür və yerinə qoyur. Uşağa onu təlqin etmək lazımdır ki, ata ana deyirsə, onun pisliyinə görə demir. Və ən əsası, tək məqsədimiz azad fikirli övlad böyütməkdir”.
"Mənim aləmimdə boşanmaq axırıncı nöqtədir”
Müsahiblərimiz sonda ailə qurarkən gənclərə ən çox diqqət ediləsi məqamlar haqqında da məlumat verdilər.
Könül: "Əgər insan həyatdan nə istədiyini bilmirsə, o, həyat yoldaşına dayaq ola və öz övladını da normal tərbiyə edə bilmir. Bir də ailə qurmağın da bir dövrü var. Deyərdim ki, nə tez, nə də gec ailə qurun. Ortaq məxrəci özünüz üçün təyin edin. Nə vaxt özünüzü hazır hiss etdinizsə, o zaman ailə qurun. Çünki ailə elə bir şey deyil ki, bu gün qurum, sabah boşanım. Mənim aləmimdə boşanmaq axırıncı nöqtədir. Bundan o tərəfi yoxdur. Mən 27 yaşımda ailə qurmuşam. Artıq bilirdim ki, buna hazıram, yoldaşımın nazını çəkə biləcəyəm, yeri gəlsə, onun üçün nələrisə də udacağam, yəni susacağam. Sadəcə, yoldaşımla əvvəlcədən söhbətimiz olub ki, mən öz sənətimi sevirəm və heç vaxt demə ki, bunu etmə. O da demişdi ki, sən nə danışırsan, mən özüm də bu sənətin içindəyəm. Nə qədər ki, mən buradayam, sən də yanımda olacaqsan. Elə də oldu. Çünki ikimiz də elə yaşımızda ailə qurmuşuq ki, biz özümüzü tanıyırdıq və mən bilirdim ki, ailə qurmağa tam hazıram”.
Niyaz: "Qarşı tərəflə olan radiodalğalar eyni səviyyədə olmalıdır. Fərqli olanda anlaşmaq çətin olur. Düşünürəm ki, həyat yoldaşınla danışmağa sözün yoxdursa, yaxud sən dediyini o anlamayacaqsa, o, artıq ailə deyil. Demirəm yalnız məhəbbət uğrunda ailə qurun, xeyr. Bir-birinizi başa düşün, fərqli dünyaların adamları olmayın. Sevgi hər şeyi həll etmir”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər