NƏZAKƏTİN DÖYÜŞ QƏRARGAHI
Onun döyüş qərargahı yazı masasıdır. Döyüşçüləri də
şeirləri... Müsəlləh olduqları yer könüllər, duyğulu ürəklərdir. Nəzakəti illərdir
tanıyıram. Həmişə də gülərüz, mehriban, səmimi, ədalətli və sədaqətli görmüşəm.
Bəlkə də məni ona bağlayan bu məziyyətləridir. Daxili zənginliyi bütün
yaradıcılığının mayasıdır. Şeirləri də, adi yazıları da, araşdırmaları da məhz
ürəyindən su içdiyi üçün dəyərlidir. Belə insanlarla ən uzun yola çıxmaq, döyüşə
getmək olar. Məni cəlb edən bir cəhəti də məhz söz aşiqliyidir. Həyatım boyu
sözbazları sevməmişəm. Təsadüfən yaxınlıq etsəm də, tanıyan kimi uzaqlaşmışam.
Sözü uca tutmaq qələm əhlinin ilk vəzifəsidir.
Klassik bir deyimlə bildirim ki, xətrini dağlar qədər istədiyim Nəzakət
xanımın mətbəə qoxulu yenı şeirlər kitabını - " Yurd dediyim bu torpaq”ı bir nəfəsə oxudum və ruhum dincəldi:
Yurd dediyim bu
torpaq
Ünvanımdı, adımdı.
Babama, övladıma,
Ulu hesabatımdı.
Kitaba maraqlı mövqedən yanaşan
filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva "Ruhun poetik yaddaşı”
adlı ön sözdə müəllifin şeirlərini milli
düşüncənin işığında təhlilə çəkib. Sona xanımın bu yazısı Nəzakətin ürəyindən
süzülən şeirlərinin mahiyyət və məramının əsil güzgüsünə çevrilib: "Poeziya
milli yaddaşdır... Vətənin yaddaşı-varı-yoxu, olub-qalanı, bütövlükdə
ağrı-acısı ilə birlikdə taleyi poeziyaya köçə bilirsə, o xalqın milli ruh
yaddaşına zaval olmayacaq. Poeziya həm də Tanrı töhfəsidir, Tanrı vergisidir”.
Elə Vətən də bizim nəzərimizdə Tanrı töhfəsidir. Vətən aldığımız hava,
içdiyimiz su, qoynuna sığındığımız ana deməkdir. Bax elə bu məqamda Nəzakətin
misraları-döyüşçüləri içimizin həsrətini, xiffətini, dərdini bir libas kimi
geyinərək əlimiz çatmayan, ünümüz yetməyən, işğalda saralan torpaqlarımızdan
keçir:
Ruhu qan ağlayır
Molla Pənahın,
Şuşanın ağrısı qəbrindən
keçir.
Pozulub dünyanın
haqq tərəzisi,
Ümid qara daşın səbrindən
keçir.
Vətən ünvanlı şeir gülüstanın çiçəkləri
çox zərif, ətirli və solmazdır. Yurd dərdinin çökdüyü bu poetik dünyadan hansı
ləçəyi çəksək Vətənin hüsnünü bürüyən qəmin,
kədərin titrək ahəngindən ağrılarımız, təsəllimiz,
gileylərimiz, ahlarımız boylanır: " Çiçək-çiçək şəhid qanı üzündə xaldımı, Vətən?!”
"Bu dünyanın qəlbi daşdı, sevinc əkən kədər biçir”, " Talan olmuş yurd yerləri ömrümüzə göz
dağıdır,” "Yurd haqqını qaytarmağa qılınca sarılan vaxtdır”, "Bir gün mütləq
uçulacaq, bu dərdin, qəmin hasarı”. Bax onda "Çiçəkləyər bu millətin ümid dolu
arzuları...”
Müəllifin poetik yaddaşının pıçıldadığı
misralarda bir ana laylası, ata əmanəti kimi vəsf olunan torpağımızın həm də
Tanrının bəxş etdiyi haqq, həqiqət kimi dəyərləndirilməsi onun müqəddəsliyini,
toxunulmazlığını bəyan edir. Müəllifin "Mən zabit anasıyam” adlı şerindəki
qürur hissləri də təbii və təsirlidir. Nəzakətin qələm tutan əlləri ucalığa
açılır ki, bu şüküranlığının da səbəbi budur:
Düşmənə "göz
dağı”san, gücümsən, qüvvətimsən,
Ürəyimin təpəri, gərəyim,
köməyimsən.
Vətənin "dar günü”ndə
səsinə hay verənsən,
Bu torpağa, bu elə,
bu Vətənə bağlısan,
Səni Vətənə verdim,
Sən Vətənin oğlusan!
Kitabda müəllifin "Ərdəbilim” adlı
şeiri məni çox uzaqlara apardı. Ürəyimin bir küncündəcə mürgüləyən dərdlərimi tərpətdi.
Ulu babalarımızın uyuduğu torpağın həsrətini qabartdı. Maraqlıdır ki, cib
telefonumda Nəzakətin adından sonra Ərdəbil yazmışam. Həmişə onun səsini o taydan-
Ərdəbildən gələn doğma səda kimi ürəyimə çəkmişəm. Yadıma rəhmətlik Telli
xalamın sözləri düşdü: "Mütləq Ərdəbilə, Qaradağa baş çək, soraqla, axtar orada
bizim doğmalarımız var...” Amma doğulduğum yurdun erməni tapdağında qalması mənim
bütün bənd-bərələrimi kəsdi. Bəlkə də bu bir küskünlükdü, bilmirəm, amma Nəzakətin
şeri ürəyimi tərpətdi:
O tayın da, bu tayın
da adı Vətən,
Qanqalların arasında
gül bitirən,
Bülbülləri ağı üstə
dil-dil ötən,
O da Vətən, bu da Vətən-
Ərdəbilim.
Unudulmaz Cəfər Cabbarlıdan üzü bəri
ana haqqında gözəl şeirlər yazılıb və bu gün də davam edir. Yaşından, başından
asılı olmayaraq anasızlıq insanın duyğularında bir pərişanlıq yaradır. Ana
mövzusu qələm sahiblərimizin əksəriyyətinin yaradıcılığının sarı simidir. Nəzakət də öz nisgilini dilə gətirərək " Bu dünyada dərmanı
tapılmayan dərdimsən” söyləyir. Həqiqətən də bizi böyütmək üçün kirpiyi ilə od
götürən analarımızın yoxluğu çox darıxdırıcıdır. Bütün dərdlərə hazır olan
insan bir Vətən itkisi ilə barışa bilmir, bir
də ana həsrətinə dözmür. Elə bu səbəbdən də Vətənə Ana, Anaya da Vətən
deyirik. İkisininin isti qucağında boy atdığımız o xoşbəxt günlərin həsrəti biz
yaşadıqca canımızdan çəkilməz. Bu müqəddəs hisslər həmişə yaşardı. Əslində bu,
həsrətin mayasında etibar, sədaqət kimi məziyyətlərin olması deməkdir. Ana xiffətilə yuxalan Nəzakətin haqlı sualı
da düşündürücüdür ki, bəs deyirlər hər dərdə məlhəm zamandır? "Bəxtəvər olmuşam səninlə anam, sənsiz keçən
illər boşdur, hədərdir” harayını çəkən Nəzakətimiz! Həqiqətən də ana yoxluğu
bitməz kədərdir! Ruhumuz incisə də, ürəyimiz ağrısa da, gözlərimiz dolsa da hələ
bu göynərtinin dayandığı olmayıb.
Ənənəvi olaraq Nəzakət dünyanın
faniliyinə də poetik münasibətini dilə gətirib: " Həsrətin əlində ruhum göynəyir”;
"Nə deyim mən sənə, amansız dünya”; "Kədəri sevincə möhtac dünyanın”; " Heç
gözü doymayan bu ac dünyanın”; " Arzu dolu qəlbimdə arzularım qəribdi”; " Fələk
mənim bəxtimi yarpaq yarpaq dəribdi”; " Həsrətin qırovu saçlarımdadı"...
Əzizim Nəzakət xanım, sən çox xeyirxah
bir işlə məşğulsan. Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorusan.
Bu məsuliyyətli və şərəfli işi neçə illərdir ki, fədakarlıqla yerinə yetirirsən.
Kövrək ürəyinin hansı ağrılara tab gətirdiyini fikirləşəndə sənə ancaq əhsən
deyirəm. İstər II Dünya müharibəsində, istərsə də Qarabağ savaşında həlak olmuş
igidlərimizin taleyini araşdırmaq, məlumat toplamaq, onlar barəsində
cilid-cilid kitab hazırlamaq həqiqətən çətindi. Amma sən bunu bacardın! Sənin döyüş qərargahın həmişə uğur qazansın,
vuruşa çağıran əsgərlərin- şeirlərin qələbə müjdəli olsun! Bir şeirindəki arzun
həqiqətə çevrilsin:
Baxıb hünərinə
öyünsün Vətən,
Zəfər ünvanısan, Vətən
əsgəri.
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist